Kulis.az Siyasi Repressiya Qurbanları muzeyindən Rəhman Mirzəlizadənin reportajını təqdim edir.
Bura 1925-ci ildən SSRİ-nin əsas repressiv orqanlarının, Fövqəladə Komissiyanın, Daxili İşlər Xalq Komissarlığının və Dövlət Təhlükəsizlik Komitəsinin fəaliyyət göstərdiyi bina olub: "NKVD-nin həbsxanası"...
Digər formada desək, minlərlə alim, yazıçı-şair, ictimai-siyasi xadim və sıravi insanların güllələndiyi, ağır işgəncələr gördüyü "Ölüm Zirzəmisi".
Nəm qoxusu, yarı-qaranlıq, ürpənti…
Muzeydəyəm. İçəri soyuq, nəm qoxulu və yarı-qaranlıqdır. Girişdə məni əlində məhbusların siyahısı olan "NKVD" əsgərinin maketi qarşılayır. 100 ilə yaxın vaxt keçməsinə və təyinatının tam fərqli olmasına baxmayaraq bura öz vahiməsini qoruyur.
Muzey rəhbəri Mir Abbas Məmmədov bizi qarşılayıb bura ilə bağlı məlumat verir:
"Mir Cəfər Bağırovun qohumları ona bəraət verilməsi üçün müraciət etmişdi, lakin bəraət verilmədi..."
Azərbaycanda repressiyaların törədilməsində Stalindən sonra ən çox adı çəkilən Mir Cəfər Bağırovdur. Onun haqqında təzadlı fikirlər var. Muzey rəhbəri bildirir ki, ona bəraət verilməməsi, əslində, özü bir tarixi qiymətdir.
Muzeyin girişindəki ilk otaqda müstəntiqin qarşısında ifadə verən Hüseyn Cavidin maketi var. Otaqdan Stalinin, Leninin şəkilləri və SSRİ bayrağı asılıb.
Mir Abbas bəy bizi muzeyin bir neçə ay əvvəl gələn eksponatı ilə tanış edir: Repressiyaya məruz qalanların həyat yoldaşları, bacılarının sürgün edildiyi Qazaxıstanın Akmola şəhərindəki ALJİR (rus. Akmolinskiy laqerğ jёn izmennikov Rodinı - red.) qadın düşərgəsindən gətirilən torpaq və oradakı qadınların tikdiyi barakların birindən qopan çiy kərpic. Bu həbsxana bağlanandan sonra Qazaxıstan hökuməti düşərgənin yaxınlığında quşçuluq fabriki açmaq istəyib, qazıntılar zamanı yerdən qadın skeletləri çıxıb. Araşdırılıb ki, düşərgədə vəfat etmiş və ya öldürülmüş qadınları gecə gətirib burada dəfn edirdilər. Hazırda həmin yer çəpərlənib və vəfat etmiş qadınların xatirəsinə abidə qoyulub.
Həbsxananın dəhlizə bənzər bu hissəsində kameralar var. Hər kamerada məhbusların divara qandallanmış maketi qoyulub. Kameralarda taxtadan "yataq", vedrədən "ayaqyolu" və zəncirlə divardan asılmış "masa" var. Deyilənə görə, bu yataqları maili şəkildə edirmişlər ki, məhbuslar yata bilməsin. Orada uzananda ancaq əlinlə yatağın baş hissəsindən tutmalıydılar, yoxsa sürüşüb yerə düşərdilər. Və yerə soyuq su vannası qoyulurmuş. Yuxuya gedən məhbusun əlləri boşalır və yataqdan yıxılıb soyuq su vannasına düşürmüş.
Kameraların qapıları həmin dövrdən qalıb. Qapıların açılıb-bağlanan xırda bir nəfəsliyi var. O qədər bağırtılara, işgəncələrə, söyüş-təhqirlərə, təpiklərə şahidlik edən bu qapılara toxunmaq insanı ürpərdir. Muzey rəhbəri deyir ki, Qazaxıstan, Rusiya repressiya muzeylərində də eynilə bu qapılardandır. Standart bir ölçü verilirdi və bütün qapılar ona uyğun hazırlanırdı.
Dəhlizin baş tərəfindəki divarda kamera pəncərəsindən gələn işığa doğru uzanan məhbuslar və onların qarşısını kəsən həbs olunduqları barədə sənədlər əks olunub.
Bura "gedər-gəlməz" hesab olunurdu. Çox nadir adamlar var idi ki, buradan çıxa bilmişdi. Əksəriyyəti ya sürgün edilirdi, ya da güllələnirdi. Bu həbsxanadan çıxan nadir insanlardan biri də o vaxtkı Səhiyyə Naziri Müseyib Hüseynov olub. Günahı sübuta yetirilməyib.
Divarda repressiyaya məruz qalan hərbçilərin guşəsi var. Digər tərəfdə isə yazıçı-şairlər, ədəbiyyatşünasların şəkilləri və ölüm kağızlarının asıldığı guşə var - Əhməd Cavad, Mikayıl Müşfiq, Seyid Hüseyn... Əhməd Cavadın ölüm kağızına baxıram. 13 oktyabr, 1937-ci il. Muzey rəhbəri deyir ki, bu sənəd xüsusi bir kitab var, onun 8-ci cildinin 33-cü səhifəsində qeyd edilib.
- O kitab haradadır?
- Bizdə deyil, böyük ehtimal. O haqda məlumat yoxdur. Bəlkə də, var, "görə bilmirik"... 8-ci cild varsa, demək, 7,6-da olub. Mən inanmıram ki, o kitablar məhv edilsin.
- Yerləri isə məlum deyil...
- Köhnə "KQB" işçiləri danışırdılar ki, 1989, 1990, 1991-ci illərdə xeyli sayda arxiv sənədi Moskvaya daşınıb. Hansı sənədlərdir, kimlər daşıyıb, məlumat yoxdur. Çox təəssüf ki, Rusiyadakı arxivlər də o sənədləri vermirlər. Mənim iki sifarişim var, hələ cavab gəlməyib.
- Mir Cəfər Bağırovun məhkəmədəki çıxışı bizdədir?
- Xeyr, o da Rusiyadadır. Bizə verilmir....
Repressiya dövrü işgəncələri
Tarixən repressiyalar, əsirliklər zamanı verilən işgəncələr araşdırma mövzusu olub. Lakin bura "NKVD" həbsxanası olduğuna görə, faktlar məxfi saxlanılırdı və üzə çıxmırdı deyə, bu haqda konkret məlumat çox azdır. Mövzuyla bağlı repressiya dövrü araşdırmaçısı, dosent Qərənfil Quliyeva ilə əlaqə saxladıq. Qərənfil xanım bildirir ki, məhbusları çılpaq halda soyuq suda saxlayırdılar. Bundan əlavə, Manaf Süleymanlı "Son bahara çatdıq" kitabında bir müstəntiqin məktubu əsasında yazır ki, kamazlarla şüşə qırıqları gətirib yerə tökürdülər. Dustaqları tam soyundurub şüşə qırıqlarının içinə buraxırdılar. Nəzarətçilər isə onları kənardan şallaqlayırdılar. Şallaqdan qaçmaq istəyən dustaqlar yıxılıb qan içində qalırdılar. Ta o vaxta kimi ki, dustaq huşunu itirirdi...
Filologiya üzrə fəlsəfə doktoru Azər Turanla da əlaqə saxladıq. Hüseyn Cavidin qızı Turan Cavid Azər Turana bildirib ki, həftədə bir dəfə məhbuslara paltarlarını dəyişməyə icazə verirdilər. Məhbusların yaxınları onlara yeni paltarlar aparıb köhnələrini təhvil alırdılar. Turan Cavid bildirib ki, məhbusların paltarlarının üstündə bədənlərindən qopmuş ət parçası, qan ləkələri olurdu. Kimin paltarında ət parçası, qan ləkəsi olmurdusa, sevinirdilər... Turan Cavid deyib ki, Cavid Əfəndinin paltarları həmişə təmiz gələrdi. Lakin bu həbsxanada ən çox incidilənlərdən biri Əhməd Cavad olub.
Divardakı dəmir barmaqlıqlar arxasındakı oyuq diqqətimi çəkir. Oyuqda yarıyacan bataqlığa batmış insan heykəlləri var. Muzey rəhbəri izah edir ki, müəllif burada ziyalıları sürgün edilmiş, güllələnmiş xalqın bataqlığa batmasını təsvir edir.
Dəhlizdə yerdən tavana qədər sanki külək sovururmuş kimi səliqəsiz yığılmış çantalar kompozisiyası var. Muzey rəhbəri deyir ki, bu, repressiyaya məruz qalanlar və onların sürgün edilmiş ailələrinin həyatını simvolizə edən bir işdir.
Divarda "Danışan sənədlər" guşəsi var. Lövhədə repressiya ilə bağlı mühüm sənədlər yer alır. 1937-ci il 30 iyul 00447 saylı əmriylə SSRİ-nin tərkibində olan bütün ölkələrə 4 ay ərzində güllələnməli və sürgünə göndərilməli olan insanların sayı ilə bağlı plan qoyulub. Bu plana əsasən, 3700 insan repressiyaya məruz qalmalı idi: Onların 1500-ü güllələnməli, qalan 1200-ü isə sürgün olunmalı idi.
Mircəfər Bağırov Stalinə məktub yazır ki, planı yerinə yetirmişik, lakin bizdə yenə güllələnməli insanlar var. O, Stalindən əlavə olaraq 2 min nəfəri də güllələmək üçün icazə verməyini xahiş edib. Muzey rəhbəri danışır ki, həmin dövrdə xeyli sayda iş var idi ki, məhkəməyə göndərilməli idi. Məhkəməyə göndərilməsin deyə, Bağırov bu xahişi edib. Çünki məhkəmələr bu qədər işin öhdəsindən gələ bilməyəcəkdilər. Buna görə də, üçlük yaradıldı: Sumbatov, Teymur Quliyev, Cahangir Axundzadə - aralarından Sumbatov isə erməni idi. Bu üçlüyün işi hökm çıxarmaq idi. İsmayıllı rayonunda kapitan Şərifov Quşencə və Kürdmaşı kəndlərindən 67 nəfəri həbs edib. Guya bu insanlar Sovet əleyhinə silahlı üsyan hazırlayıblar. Həmin 67 nəfər bu üçlüyün qarşısına çıxarılıb, onlardan 63-ü bu həbsxanada güllələnib, 4-ü isə sürgün edilib.
Stalin düşünürdü ki, SRRİ böyüdükcə onun düşmənləri və onların müqaviməti də artır və düşmənlərə qarşı amansız "mübarizə" aparmaq lazımdır. Siyasi repressiyaların səbəblərindən başlıcası bu düşüncə idi...
Güllələnənlər harada dəfn olunurdular?
Muzey rəhbəri bildirir ki, 1954-cü ildən sonra "NKVD" işçiləri özləri istintaqa cəlb olunurdular. Tağıyev soyadlı biri istintaq zamanı bildirib ki, insanları gecələr güllələyirdik. Güllələnən şəxsləri qayıqlara yığıb dənizin ortasında boyunlarına daş bağlayıb suya atırmışlar. Və bir gün Bakıda yüzlərlə insan zəhərlənib. Bəlli olub ki, həmin insanlar o meyitlərlə qidalanmış balıqları yeyiblər... Ondan sonra isə meyitlərin dənizə tökülməsi qadağan edilib. Daha sonra meyitlər quyulara doldurulub.
- O quyuların yerləri bəllidir?
- Ehtimal olunur ki, o cəsədlər mədənlərdə neft saxlamaq üçün qazılan çalarlara doldurulurdu. Neft kəmərləri çıxandan sonra isə o çalalar bağlanıldı. Mən inanmıram ki, bu barədə sənədlər olmasın. Var, amma bəlkə də, onların arxivdə olması haqqında heç arxivdəkilərin belə xəbəri yoxdur...
Repressiyaya məruz qalan qadınlar...
Repressiyaya məruz qalanların xanımları da sürgün olunublar. Onlara deyirdilər ki, ərin vətənə xəyanət edəndə xəbər verməmisənsə, deməli, sən də xainsən. Komissarlığın 00485 saylı əmrinə görə isə “vətən xainləri”nin həyat yoldaşları heç bir məhkəmə, istintaq olmadan 5-8 il müddətinə sürgün olunmalı idilər. Onlar əsasən Rusiyaya, Qazaxıstana göndərilirdilər. Sürgün olunan qadınların başlarına ən ağır oyunlar açılırdı. Akmoladakı ALJİR düşərgəsi 1938-1950-ci illərdə fəaliyyət göstərib. O düşərgədən ümumi 20 minə yaxın qadın keçib. 15 il ərzində orada atası bəlli olmayan 3 mindən artıq uşaq dünyaya gəlib…
Yuxarıda danışdığımız İsmayıllı məsələsində isə hakimiyyəti silahlı yolla devirməkdə ittiham edilən 67 nəfərin heç birinin evindən silah çıxmayıb. Onların ailələrini, qadınlarını gətirdirlər ora və elə şeylər edirdilər ki... "Get və ərinin silahını gətir..." Bir qadın danışır ki, həyətimdəki inəyi satıb silah aldım və aparıb verdim onlara ki, bəlkə, vəziyyətimiz bir az yüngül olar. Başqa biri deyir ki, xalçamı satıb silah aldım. 8 aylıq əkizə hamilə bir qadın da bura çağırılıb, ona işgəncələr verilib. Buradan çıxandan sonra bətnindəki körpələr də, özü də ölüb...
Xədicə Qayıbova, Mədinə Qiyasbəyli, Nemət Məlikova, Panfiliya Nikolayevna Tanailidi və Ayna Sultanova bu həbsxanada güllələnən qadınlar arasında olub.
Milliyyəti yunan olan Panfiliya Nikolayevna Tanailidi Dram Teatrında aktrisa kimi çalışırdı. Bir gün İrandan onu ziyarətə gələn rəfiqəsi özü ilə birlikdə ətirli siqaret də gətirir. Rəfiqəsi bu siqaretlərdən bir neçəsini Panfiliya xanıma hədiyyə edir. Xanım həmin siqaretləri işə – teatra aparır, oradakı həmkarlarına da verir.
Söhbət əsnasında bu siqaretlərin haradan olduğunu soruşurlar. O isə cavab verir:
"Heç Sovet siqaretində belə ətir olar? İrandan hədiyyə gətiriblər".
Məhz bu sadə və zarafatla deyilmiş sözə görə Panfiliya xanım "antisovet təbliğatı"nda ittiham olunur, həbs edilir və sonradan güllələnir.
Həbsxananın digər hissəsinə keçirik. Bədəninin yarısı divara hörülmüş, əli qandallı insan heykəli var. Bu azadlığın boğulmasını simvolizə edir.
Muzeyin digər hissəsi isə kitabxanadan ibarətdir. Kitabxana tələbələr üçün açıqdır.
Güllələnmə otağına gəlirik. Uzun, tunelvari bir otaqdır. Otağın baş tərəfində Mikayıl Müşfiqin və ona silah doğrultmuş NKVD işçisinin maketi var. Muzey rəhbəri danışır ki, sonradan bura təmizlənəndə 60-70 santimetr qalınlığında qırmızı, yəni qan hopmuş torpaq çıxarılıb.
Həmin torpaq Nargin adasında basdırılıb:
"Mənim özümə danışıblar bunu, 1970-ci illərdə balıqçılar balıq tutmağa çıxanda torlarına baş, qol, ayaq sümükləri çıxırdı. Bunu mənə o işin içində olan bir adam danışıb. Çıxarıb dənizə atırdılar ki, sonra "başımızı ağrıdarlar".
Güllələnmə otağında həkim maketi var. Bu həkim güllələnən insanların, həqiqətən, ölüb-ölmədiyinə baxır və onların ölüm kağızını yazırdı.
Digər kameralara keçirik. Divarlarda zəncirli qandallar var.
Bu kameranın yanında isə "karser" yerləşir. Muzey rəhbəri danışır ki, karserlərə su tökürdülər ki, dustaqlar otura, uzana bilməsinlər:
"Hətta əvvəl 60 santimetr. uzunluğu, 60 santimetr eni olan karserlər var idi. Orada dustaqlar otura bilmirdilər. Günlərlə ayaqüstə qalırdılar. Heç dizlərini qatlaya belə bilmirdilər".
Ziyarətimiz sona çatır.
"Azərbaycanda siyasi qurbanların xatirə günü olmalıdır. Çünki bu günü təsis etməklə ictimaiyyətə çatdırırıq ki, bu bizim ağrılı yerimizdir. 100 minə yaxın insan sürgün edilib və güllələnib. Bunu ona görə etməliyik ki, biz bu rejimdən əziyyət çəkmişik" - Mir Abbas Məmmədov arzusunu bildirir.
Hər ikimiz gördüklərimizdən təsirlənmiş və tutqun halda çıxışa yaxınlaşırıq…
Lent.az
Foto - İlkin Nəbiyev