Kitabı mətbəədə yandırılan şairimiz - Ona niyə edam hökmü kəsilmişdi?

Kitabı mətbəədə yandırılan şairimiz - Ona niyə edam hökmü kəsilmişdi?
24 yanvar 2025
# 12:00

Kulis.az şair, yazıçı, siyasi mühacir Əli Tudə haqqında Ülvi Bahadırın tərtib etdiyi maraqlı faktları təqdim edir.

Əslən Ərdəbilin Çanaxbulaq kəndindən olan atası Qulu və anası Şahbəyim Şimali Azərbaycana köçüb və Əli 1924-cü il yanvarın 31-də Bakıda anadan olub.

Atası Qulu neft mədənində fəhləlik edib, daha sonra isə buruq ustası vəzifəsinədək yüksəlib. Əli 1 yaşında olarkən atası, 5 yaşında olarkən isə anası dünyasını dəyişib və o, nənəsi Qəribin himayəsində böyüyüb.

***

150 saylı orta məktəbdə oxuyub. Bu dövrdə Bakı Pionerlər Sarayının nəzdində Osman Sarıvəllinin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin fəal üzvü olub. Artıq 13 yaşında ikən ilk şeirləri Heydər Rzazadə imzası ilə "Kommunist", "Yeni yol" qəzetlərində çap olunub, radioda səslənib. Ancaq bu sevincin ömrü də uzun çəkməyib. 30-cu illərdən başlayan qanlı repressiyalar onların da həyatını dəyişib.

Əli Tudə-100: Buludsuz göylərin ağ ulduzları... - Haqqında deyilən  fikirlərdən seçmələr | Edebiyyatqazeti.az

***

1938-ci ildə repressiya dövründə 7-ci sinifdə oxuyarkən o, Cənubi Azərbaycandan olduğuna görə nənəsi ilə birlikdə İrana sürgün olunub.

Cənubdakı həyatı da rahat keçməyib. Ata yurdu Savalan dağının ətəyindəki Çanaxbulaq kəndində təsərrüfat işləri ilə məşğul olub. Sonra bir müddət Ərdəbildə fəhləlilik edib, vaxt tapan kimi isə yaşadıqlarını yazıya köçürüb:

Sən ey baxıb neçə yerə,
Nəsə xəbər alan dünya!
Heç demirsən bircə kərə,
Nə təhərdi balan, dünya!

O, Miyanə-Zəncan dəmiryolunda fəhləliyə başlayıb və bir müddət sonra oradakı işindən çıxıb.

Əli Tudə, Mədinə Gülgün və Səhənd

***

Əli Tudə sonradan Astara-Ənzəli şosse çəkilişində iştirak edib.

1940-cı illərdə Cənubi Azərbaycanda başlanan milli azadlıq hərəkatı onun da taleyindən yan keçmir:

Nə qədər döyüş var, mübarizə var,
Bayrağım vətəndir, silahım qələm.

Silahı və qələmi ilə mübarizə aparıb. 1944-cü ildə "Hizbitudeyi-İran" partiyasına daxil olub. Ərdəbil vilayət partiya komitəsində Əliyə partiya bileti təqdim olunarkən ona "Tudə" ("Xalq") təxəllüsü verilib:

Tudə təxəllüsünü
Xalq özü verdi mənə.
Mərd, fədai olmağı
Məsləhət gördü mənə.

***

1944-cü ildə "Vətən yolunda" qəzetində Əli Tudə imzası ilə şeirləri çap olunub. 1944–1946-cı illərdə Ərdəbildə çıxan "Ziddi faşist", "Cövdət" qəzetlərində, ədəbi almanaxlarda, Təbrizdə çıxan "Vətən yolunda", "Azərbaycan" qəzetlərində, "Şəfəq", "Azərbaycan" məcmuələrində, "Şairlər məclisi" almanaxlarında şeirləri müntəzəm çap olunub.

***

1945-ci il sentyabrın 3-də Təbrizdə yaranan Azərbaycan Demokrat Firqəsinin sıralarına qoşulub. 1944–1945-ci illərdə İran xalq partiyası Ərdəbil vilayət komitəsində təbliğatçı, Milli hökumət yarandıqdan sonra 1945–1946-cı illərdə Təbrizdə Maarif Nazirliyində tədris şöbəsinin müdiri işləyib.

***

Məktəbdə tədris üçün nəzərdə tutulmuş "Ana dili" kitabının tərtibi və çap olunmasında xüsusi rol oynayıb. Doğrudan da, çox böyük tarixi hadisə olan anadilli kitablarımızın nəşr edilməsi, çoxlu sayda qəzet və jurnalların işıq üzü görməsi, dövlət idarələrində doğma dilimizdə olan qanunların işləməsi şah rejiminin azərbaycandilli məktəbləri bağlamasına, ictimai yerlərdə bu dildə danışmağın belə qadağan edilməsinə tutarlı cavab idi.

***

Daha sonra İran tarixində ilk dəfə olaraq Təbrizdə Milli filarmoniya yaradıb, onun ilk və son müdiri olub. Filarmoniyanı təşkil etmək üçün bölgələri gəzərək istedadları bura cəlb edib. 22 yaşında ikən Azərbaycan Milli hökuməti tərəfindən "21 Azər" medalı ilə təltif edilib.

***

“Öz gözlərimlə” kitabında Əli Tudə yazır:

“Bu təkcə Təbrizdə deyil, bütün İranda açılan ilk filarmoniya idi. Salondakılar intizarla səhnəyə baxır, əllərindəki konsert proqramını dönə-dönə oxuyurdular. Ancaq proqramda yazılmamış bir çıxış da vardı. Bu da konsert başlamazdan əvvəl milli hökumətin lideri Seyid Cəfər Pişəvərinin edəcəyi nitq idi. Bunu yalnız filarmoniyanın müdiriyyəti bilirdi”.

***

Azərbaycan Milli Hökuməti süquta uğradıldıqdan sonra Ə.Tudənin çapa hazırlanan üsyankar ruhlu şeirlər kitabı mətbəədə yandırılıb.
Şah Əli Tudənin tutulduğu anda məhkəməsiz öldürülməsi haqqında fərman verib. Təbrizi tərk etməyə məcbur qalan şair, 1946-cı il dekabrın 12-də sərhədi keçərkən "Mən nə gətirdim" şeirini yazıb.

***

Əli Tudə barədə şahın xüsusi fərmanı belə idi:

“Tutulduğu anda məhkəməsiz-filansız qətlə yetirilsin!”.

***

Cənubi Azərbaycan mühacir ədəbiyyatının ilk nümunəsi olan bu şeir sonradan öz doğma torpaqlarını tərk etməyə məcbur olan minlərlə mühacirin manifestinə döndü və dillər əzbərinə çevrildi.

***

Bakıya mühacirət etdikdən sonra "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi vəzifəsində işləməyə başlayıb.

***

1947-ci ildə BDU-nun filologiya fakültəsinə daxil olub və 1952-ci ildə buranı fərqlənmə diplomu ilə bitirib. Ali məktəbi bitirdikdən sonra “Azərnəşr”ə redaktor vəzifəsinə təyinat alıb. 1952-ci ildən 1962-ci ilə qədər Azərbaycan Demokrat Firqəsinin orqanı olan "Azərbaycan" qəzetində ədəbi-şöbə müdiri olub. Bakı Ali Partiya Məktəbində müdavim və 1958-ci ildən Azərbaycan və SSRİ Yazıçılar İttifaqının üzvü olub. Sonra bütün həyatını bədii yaradıcılığa həsr edib.

***

Əli Tudə Cənubi Azərbaycan demokratik ədəbiyyatının yaradıcılarından biridir. Vətən mövzusunda çoxsaylı şeirlərin müəllifidir. "Cənub nəğmələri" adlı ilk şeirlər kitabını 1950-ci ildə çap etdirib. Bu kitabda o, 1945–1949-cu illərdə yazdığı şeirləri toplayıb.] Ümumittifaq tədbirlərində: Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə, Tbilisidə SSRİ Yazıçılar İttifaqının plenumunda iştirak edib. 1959-cu ildə "Əməkdə fərqlənməyə görə" medalı ilə mükafatlandırılıb.
1984-cü ildə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub. 1960-cı ildən 1996-cı ilə qədər Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü olub.]1986-cı ildə Əmək veteranı, 1987-ci ildə Əməkdar incəsənət xadimi adına layiq görülüb.

***

Əli Tudə bədii tərcümə ilə də məşğul olub, 1962-ci ildə Vilyam Şekspirin, 1963-cü ildə isə Rabindranat Taqorun “Seçilmiş əsərləri”ni dilimizə tərcümə edib. O, müxtəlif illərdə fars şairi Jalənin, gürcü şairi Revaz Marqnaninin, türkmən şairi Ata Atacanovun, qırğız şairi Birikul Alıbayevin şeirlərini də doğma dilimizə tərcümə edib.
Şairin “Mən səni görsəydim” şeiri Təbrizə ünvanlanıb. Gülüstan bağının, Şişəgər meydanının, Əmirbazarının, Kəcil qapısının gözlərinin önündən çəkilmədiyi doğma şəhərindən uzaq düşən vətənpərvər söz ustadı gəncliyini keçirdiyi yerlərin xiffətini çəkib:

- Təbriz! - söyləməkdən dilim

doymadı,

Uzatdım, çatmadı əlim qoynuna.

Sən məni çağırdın... Kimsə qoymadı

Ana nisgiliylə gəlim qoynuna.

***

“Türklər” poeması onun yaradıcılığının əsas nümunələrindədir.

Əsərdə müəllif üzünü bəzi tarixçilərə tutaraq deyir:

Mən türklərin içində
Azərbaycan türküyəm.

Şair “Hardan başlanır vətən?” sualına belə cavab verir:

Əli Tudə coğrafi koordinatları şeirə gətirərək sanki Azərbaycanın xəritəsini çəkir:

Bir ucu Dərbənddədir,
Bir ucu Həmədanda.
Bir ucu Kərkükdədir,
Bir ucu İrəvanda.
Bir ucu Göyçədədir,
Bir ucu Borçalıda.
Bir ucu Mehridədir,
Bir ucu Xocalıda.
Bir ucu Dilcandadır,
Bir ucu Zəngəzurda.
Bir ucu Makudadır,
Bir ucu Dəstəfurda.


Dostu Nəriman Həsənzadə onun haqqında deyir:

"Biz Əli Tudəni vaxtsız itirdik. 36-dan çox kitabın müəllifi olan şairin ölməz əsərləri bu gün də, sabah da heç vaxt öz aktuallığını itirməyəcək. O, təkcə qələmlə silaha sarılmayıb, həm də Cənubi Azərbaycanda Pişəvəri hərəkatına qoşularaq Milli Dirçəliş uğrunda mübarizə aparıb, səngərlərdə döyüşüb. Azərbaycan üçün yazıb-yaradan, xalqını sevən vətənpərvər bir şair idi. O, bir insan kimi dostluğa da sədaqətli idi. Onunla uzun müddət dostluq etmişdim. Onun ailəsi ilə bu gün də dostluq, qonşuluq əlaqələrimiz kəsilməyib. Oğlu Natiq, qızları Pərvanə, Rəna o gözəl ailənin, gözəl övladları kimi atalarının xatirəsini əziz tuturlar. Onun kitablarını təkrar çapa hazırlayırlar. Ölkə Prezidenti İlham Əliyevin belə ölməz şair və yazıçıların yubileylərinin keçirilməsi ilə bağlı sərəncamları xalqımız tərəfindən böyük sevgi ilə qarşılanır. Ölməz sənətkarımız Əli Tudənin xatirəsi mənim üçün əzizdir. Onun xatirəsi daim yad ediləcək”.

***

Əli Tudə ömrü boyu siyasi mühacir olaraq qalıb, Sovet İttifaqının pasportunu daşımayıb. Bir çox yüksək titul və mükafatlardan məhrum olub.

O, 1996-cı ilin fevral 26-da Bakıda vəfat edib və İkinci Fəxri Xiyabanda dəfn olunub.

# 937 dəfə oxunub

Oxşar xəbərlər

Həmin qadınlara “şeytan” demək... - Aysel Əlizadə

Həmin qadınlara “şeytan” demək... - Aysel Əlizadə

17:08 24 yanvar 2025
“Anası gəzən ağacı, balası budaq-budaq gəzər" - Aysunun boşanmasının dərdinə düşənlər

“Anası gəzən ağacı, balası budaq-budaq gəzər" - Aysunun boşanmasının dərdinə düşənlər

17:02 24 yanvar 2025
Dolunay Soysert və Halit Ergenç dindiriləcək

Dolunay Soysert və Halit Ergenç dindiriləcək

16:28 24 yanvar 2025
"Ermitaj"  muzeyi təxliyə olundu

"Ermitaj" muzeyi təxliyə olundu

15:57 24 yanvar 2025
Bu suala cavabı biz yox, Fəxri Xiyaban verir – SORĞU

Bu suala cavabı biz yox, Fəxri Xiyaban verir – SORĞU

15:00 24 yanvar 2025
Tanınmış jurnalist vəfat etdi

Tanınmış jurnalist vəfat etdi

14:23 24 yanvar 2025
#
#
# # #