Kinofestivallarda baş vermiş qalmaqallar

Kinofestivallarda baş vermiş qalmaqallar
10 may 2022
# 17:00

Kulis.az müxtəlif illərdə nüfuzlu kinofestivallarda, kinomərasimlərdə baş vermiş səs-küylü hadisələri təqdim edir.

1974-cü ildə Oskar mükafatının təqdimat mərasimi zamanı səhnədə qəfildən bir kişi çılpaq peyda olur. Bu, fotoqraf Robert Opel idi. Bu zaman özünü itirməyən aparıcı, britaniyalı aktyor Devid Niven hadisəni belə şərh edir: “İnsanları güldürmək üçün bəzilərinin yeganə vasitə kimi soyunaraq öz qüsurlarını göstərməsi gözəl deyilmi?” Bəzi jurnalistlərin fikrincə, bunu şounun prodüseri Cek Heyli fənd kimi düşünüb və planlı şəkildə həyata keçirib. Digər mülahizələrə görə isə, Opel məşhurlaşmaq üçün səhnəyə çılpaq çıxıb.

“Xaç atası” filmindəki Don Korleone roluna görə Oskar mükafatına layiq görülən Marlon Brando 1973-cü ildə mərasimə qatılmır. O, mükafatı almaq üçün özünun yerinə hindli aktivist Saşin Littllfizeri göndərir. Mərasimdə çıxış eləyən qadın bildirir ki, Brando bununla da Amerika hakimiyyətinin yerli sakinlərə (hindilərə) ədalətsiz münasibətinə qarşı etiraz edir.

***

2017-ci il Oskar mükafatının təqdimat mərasimində aparıcılar Uorren Bitti və Fey Danauey “ən yaxşı film” nominasiyasında qalib kimi öncə “La-La Lend” filmini elan elədilər. Demyen Şazelin müzikli favorit olduğundan kiminsə onun qalib gələcəyinə şübhəsi yoxuydu. Prodüserlər mükafata görə təşəkkür çıxışı edəndə məlum oldu ki, aparıcılar, zərfləri səhv salıblar. Bundan sonra “La La Lend”in prodüserlərindən biri Cordan Horovits mikrofona yaxınlaşaraq, əslində ilin “ən yaxşl filmi” nominasiyasında “Ay işığı”nın qalib gəldiyini dedi.

***

2009-cu ildə Venesiya kinofestivalında rumın rejissoru Bobbi Pauneskunun nümayiş olunan “Françeska” bədii filmi narazılıq yaratdı. Filmin qəhrəmanı İtaliyaya mühacirətə hazırlaşır və burda rumın mühacirlərinin uşaqları üçün bağça açmağı planlaşdırır. Filmdə səslənən iki fikir italyanların xətrinə dəyir: “Verona murdar şəhərdir” və Avropa Parlamentinin deputatı Alessandra Mussoliniyə ünvanlanmış “rumınları öldürmək istəyən fahişə” ifadəsi. Mussolininin nəvəsi əsəbiləşərək filmin nümayişini dayandırmağı tələb edib. Veronanın meri isə filmin İtaliyada qadağan olunmasını istəyib. Filmin prodüseri bildirib ki, o zaman Verona ilə bağlı fikri çıxardacaq, “fahişə” isə sözünü “müqəddəs qadın”la əvəz edəcəklər. Məsələ ondadır ki, Alessandra Mussolini 2007-ci ildə Avropa Parlamentində “bütün rumınlar cinayəkardır” fikrini işlətmişdi

***

Venesiya festivalında daha bir qalmaqal 2010-cu ildə münsiflər heyətinin sədri Kventin Tarantino olanda baş vermişdi. Bəzi italyan jurnalistlərinin fikrincə, Tarantino mükafatları tanışlarına verib, nəticədə layiq olmayanlar qalib olublar. “Qızıl Şir”i Tarantinonun keçmiş sevgilisi Sofiya Koppola (“Hardasa, başqa bir yerdə”), “Gümüş Ayı” nı isə dostu Aleks de İqlesia (“Truba üçün kədərli ballada”) alıb. Tənqidçilərin fikrincə, bu filmlər sadəcə maraqlıdır, amma mükafata layiq deyillər. İttihamlara gülüşlə cavab verən Tarantinoya görə, onun digər münsiflərin fikrinə təsir etmək imkanı yoxuydu.

Avstriya rejissoru Ulrix Zaydlın “Cənnət: İnam” filminin Venesiyada nümayişi radikal katolik və vəkil Pyetro Querinin qəzəbinə səbəb olmuşdu. O, Venesiya prokurorluğuna şikayətində filmin inanclı insanların hisslərini təhqir elədiyini bildirmişdi. Vəkilin iddiasına görə, filmin istehsalında iştirak edənlərin hamısı İtaliyanın cinayət məcəlləsini pozub. Çünki filmdə dini fanat olan qəhrəman qadın çarmıx vasitəsilə masturbasiya eləyir. Zaydl buna görə katoliklərdən üzr istəmədi: “Üzr istəməyim üçün səbəb yoxdur. Əgər kimin üçünsə bu səhnə tabudursa, o demək deyil ki, mənim onu filmə salmaq hüququm yoxdur”. Rejissor izah edib ki, Querinin irad tutdğu səhnə əslində tamamilə əsaslandırlıb, yəni qadının İsa Məsihə sevgisi, dini fanatizmi tədricən qeyri sağlam forma alaraq, seksual istəyə çevrilir.

1957-cı ildə Kann festivalında o dövr üçün blokbaster sayılan “80 gün dünya ətrafında” (rejissor Maykl Anderson) filmi nümayiş olunur. Filmin prodüseri, amerikalı Maykl Todd Kann festivalında qonaqlarda dərin təəssürat oyatmaq üçün qırmızı xalçaya pələngləri çıxarır. Adam çoxluğundan, kameraların işığından aqressivləşən pələnglər qonaqlara cumur. Hadisənin qarşısı tez alınır və ciddi xəsarət alan olmur.

***

2002-ci ildə Kann festivalında fransız və argentinalı rejissor Qaspar Noenin “Dönməzlik” filmi də qalmaqala səbəb olur. Filmdə Monika Beluççinin oynadığı qəhrəmanın uzunmüddətli zorlanması səhnəsi tamaşaçılarda şok effekti yaradır. Bəziləri zaldan çıxır, bəziləri isə huşunu itirir.

***

Kann kinofestivalının ən qalmaqallı hadisəsi yəqin ki, 2011 ci ildə Lars fon Trierin çıxışıdır. “Melanxoliya” filminin premyerası ilə bağlı keçirilən mətbuat konfransında rejissorun Hitleri anladığını, sonra zarafatla “Bəli, mən nasistəm” deməsi səs-küy yaratdı. Təşkilatçılar rejissora bu yumorunu bağışlamadılar və o, festival üçün “persona non qrata” elan edildi. Yalnız 2018-ci ildə onun “Cekin tikdiyi ev” festivalda müsabiqədən kənar göstərildi.

***

2015-ci ildə isə britaniyalı aktrisa Emili Blantı, protokola uyğun olaraq, hündürdaban ayaqqabı geyməməsi səbəbindən Kann festivalına buraxmadılar. Festivalın direktoru Tyerri Fremo üzr istəsə də, bu hadisə xeyli müzakirə olundu. Və 2016-cı ildə Culiya Roberts etiraz əlaməti olaraq Kann festivalına ayaqyalın gəldi.

***

Kann festivalının ən yaddaqalan hadisələrindən biri heç şübhəsiz ki, 1968-ci ildə Parisdəki tələbə etirazları ilə bağlı festivalın baş tutmaması idi. O zaman Yeni dalğanın nümayəndələri Qodar və Trüffo bir filmin baxışı zamanı səhnəyə daxil olaraq, nümayişi dayandırmışdılar. Nəticədə festival işini yarımçıq qoymuşdu.

2019-cu ildə isə Kannda Alen Delona kinodakı xidmətlərinə görə fəxri mükafatın verilməsi aktivistlərin etirazı ilə qarşılanmışdı. Onlar aktyoru seksizmdə və homofobiyada ittiham edirdilər. Çünki Delon eynicinslilərin nikahına və övladlığa uşaq götürülməsinə qarşıdır. Buna baxmayaraq, festival rəhbərliyi fikrindən daşınmır: “Biz onu hər halda Nobel mükafatı ilə təltif etmirik”.

Berlin festivalında isə unudulmayan haidsələrdən biri 1970-ci ildə alman rejissoru Mixael Ferxövenin “O.K” filminin nümayişi zamanı baş vermişdi. Real hadisəyə əsaslanan film amerika əsgərlərinin vyetnamlı qızı zorlayaraq öldürməsindən bəhs edir.

“Qızıl Ayı” nominasiyasına irəli sürülən bu filmi, münsiflər heyətinin sədri amerikalı rejissor Corc Stivens Amerikaya qarşı akt hesab edərək, onun müsabiqədən kənarlaşdırılmasına nail oldu.

Münsiflərdən biri, yuqoslaviyalı Duşan Makaveev qərarla razılaşmayaraq onu senzura kimi qiymətləndirdi. Makaveevi braziliyalı ssenarst Devid Neves və isveçrəli jurnalist Qunnar Oldin dəstəklədi. Festival iştrakçılarının da etiraza qatılması nəticəsində festival işini dayandırdı. Festivalın rəhbəri Alfred Bauer isə istefa verdi.

Amma 15 il sonra amerikalı kinematoqrafçılar bu süjetə müraciət etdilər: Brayan de Palma “Hərbi itikilər”, Oliver Stoun isə “Taqım” filmlərini çəkdilər.


# 2153 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #