İranda əsərlərinin çapına qadağa qoyulan Güney azərbaycanlı şair - Araşdırma

İranda əsərlərinin çapına qadağa qoyulan Güney azərbaycanlı şair - Araşdırma
30 yanvar 2025
# 17:30

Kulis.az APA-ya istinadən “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin “Mirzə Ələkbər Sabir yolunun davamçısı – Mirzə Əli Möcüz” yazısını təqdim edir.

Giriş

Mirzə Ələkbər Sabirin şöhrəti hələ sağlığında Çar Rusiyasının sərhədlərini aşmış, təkcə Güney Azərbaycan türkləri arasında deyil, İranın digər xalqları arasında da özünə böyük yer açaraq çoxlu pərəstişkar tapmışdı. Fars satirik poeziyasının bir çox qabaqcılları Sabirdən təsirləndiklərini açıq şəkildə etiraf etmişdilər.

"Mən Sabirdən ilham alıram və bu faktdır. Mən Sabiri uşaqlıq çağımdan tanımışam və bu tanışlıq məni Azərbaycan türkcəsini öyrənməyə yönləndirdi”, - İranın ən görkəmli satirik şairlərindən olan Məhəmməd Əli Əfraştə (1908-1959) etiraf edir.

Ən böyük və əhatəli farsca lüğətin müəllifi Dehxuda şeirlərində və eləcə də yazılarında Sabirdən təsirləndiyini dilə gətirərək onun haqqında deyir: “Sabir başqalarının onun ətrafında pərvanə kimi dolandığı şam idi. Sabir bir gecədə yüz il yol qət edən yeni doğulmuş uşaq idi və dövrünün yazıçılarından neçə əsr qabaqda hərəkət edirdi”.

Əbülqəsim Lahuti, Mirzadə Eşqi, Fərroxi Yəzdi, Məhəmməd Əli Əfrəşte, Nima Yuşic, Aref Qəzvini, Kiyomərs Saberi Fuməni, Əli Əkbər Dehxuda, Seyid Əşrəfəddin Gilani kimi şair və yazıçıların Sabirdən təsirləndikləri məqamları öyrənmək üçün geniş araşdırmalara ehtiyac var. Özünün də Sabirdən təsirləndiyini və Sabir kimi şair olma cəhdini dilə gətirən Ustad Məhəmmədhüseyin Şəhriyar şeirlərinin birində fars şairlərinin Sabirdən təsirlənmələrini belə izah edir:

Fars şairi çox sözlərini bizdən aparmış

Sabir kimi bir süfrəli şair paxıl olmaz.

Amma Sabirdən təsirlənmiş şairlər arasında Möcüzlə eyniləşəcək Azərbaycan şairi olmayıb. Möcüz təkcə şeirləri ilə Sabirin yolunu getməyib, o həyatını da Sabir kimi yaşayıb və Sabir kimi vəfat edib. Başqa sözlə, Sabirlə Möcüz arasındakı münasibət Araz çayının iki sahili ilə Azərbaycan ədəbiyyatı üzərində qurulmuş sütunlarla birləşən mənəvi körpü kimidir. Nisbətən uzun müqəddimədən sonra ən yaxşısı bu Güney Azərbaycan şairinin həyatına və şeirlərinə nəzər salmaqdır.

Mirzə Əli Möcüz (Şəbistərli Möcüz)

Hacı Ağa oğlu Mirzə Əli Möcüz 29 mart 1873-cü ildə Güney Azərbaycanın Şəbistər (Şəbüstər) şəhərində dünyaya göz açmış – 25 sentyabr 1934-cü ildə Xorasan bölgəsinin Şahrud şəhərində bu acı dünyaya göz yummuşdur. İlk təhsilini doğulduğu Şəbistərdəki molla məktəbində alıb. Bu məktəb onun ilk və son təhsil ocağı olub. 16 yaşında ikən atasının vəfatından dolayı yetim qalan Mirzə Əli İstanbulda ticarətlə məşğul olan qardaşlarının yanına gedir, bəzi qaynaqlara görə 16, bəzilərinə görə isə 14 il boyunca - bəzi şeirlərinin məzmununu nəzərə alsaq, 14 ili daha doğru hesab edirik - İstanbulda yaşayaraq, kitab və tədris ləvazimatı satmaqla məşğul olub. Əlbəttə, kitab oxumağa və bilgilənməyə dəyər verən Mirzə Əli heç zaman öyrənməkdən vaz keçməyib. Xüsusən, Möcüzün İstanbula ayaq basması və orada məskunlaşması bu şəhərdə müxtəlif siyasi, ziyalı, ədəbi qrupların fəaliyyətinin gücləndiyi, şəhərin ziyalı mərkəzlərindən birinə çevrildiyi zamana təsadüf edirdi. Deməli, gənc Mirzə Əli şübhəsiz ki, İstanbulda intellektual və modernist ideyalardan təsirlənmişdi. Belə ki, yeni türk ədəbiyyatının təməllərindən sayılan “Sərvət-i Funun” jurnalı ilə yanaşı, Namiq Kamal, Tevfiq Fikrət və Məhməd Akif kimi güclü şairlərin onda buraxdıqları təsirləri danmaq mümkünsüzdür. Bu təsirlər nəticəsində Möcüz ilk dəfə şeir yazmağa İstanbulda başlayıb.

Əlbəttə, gənc qələm adamı kimi onun bir çox şairlərdən təsirlənməsi təbii idi. Yuxarıda qeyd etdiyimiz kimi, Möcüz də xüsusilə yeni Türk ədəbiyyatının qabaqcıllarından öz payını almışdı. Ancaq Möcüzə çox ciddi təsir buraxan və onun bütün ədəbi və mənəvi həyatında dərin izlər qoyan təkcə bir şair var. O da Mirzə Ələkbər Sabirdir. Belə ki, Möcüz təkcə şeir yazmaqda deyil, dünyaya və cəmiyyətə münasibətdə də Mirzə Ələkbər Sabirin davamçısı sayıla biləcək ədəbiyyat adamıdır. Elə bil Güney Azərbaycanda adı Sabir olmasa belə eynən onun kimi bir şair yaşayıb-yaratmışdır.

Xurafata açıq şəkildə qarşı çıxan, yoxsulların və məzlumların səsi olan, zalımlara meydan oxuyan, xalqın dini inanclarından çörək qazananları və xalqı cəhalətdə saxlamaq istəyənləri ifşa edərək ağır tənqid atəşinə tutan Möcüzün şeirlərini oxuduğumuzda sanki Mirzə Ələkbər Sabirin “Hophopnamə”si beynimizdə canlanır. Möcüz öz dövrünün cəmiyyətinə hakim olan geriləmə və xurafata qarşı şiddətlə mübarizə aparırdı və qorxmadan həqiqəti söyləməkdən çəkinmirdi. O, şeirlərində mövhumata, cəhalətə, yersiz dini təhriflərə, bidətlərə hücum edir, ölkəni tərəqqi etmək üçün insanları elm və sivilizasiya işığına çağırırdı. Həqiqətən bu sözləri oxuduqda sanki Möcüzün haqqında deyil, Mirzə Ələkbər Sabirin, yaxud Cəlil Məmmədquluzadənin haqqında yazılmış olan bir yazını oxuyuruq. Gerçəkdən də Möcüz bu nəhəng adamların sadiq davamçısı idi. Möcüz də Sabir kimi geridə qalmış mollaların, dua yazanların, mövhumat yayanların qəzəbinə tuş gəlir. Hətta bu mürtəce ünsürlərin təzyiqi altında sadə insanlar və həmvətənləri ondan uzaqlaşır, onu öz məclislərinə dəvət etmirlər. Elə ki, yalnızlıqdan cana gələn şair öz həmşəhərlilərinə üz tutaraq “Sizə mən neynəmişəm?” deyir:

Başıma zülf qoyub saqqalı qırxdırmamışam

Xalqdan rüşvət alıb kisəmi doldurmamışam

Cəddizin vəqf suyun mülkümə açdırmamışam

Ey Şəbistərli dadaşlar sizə mən neynəmişəm?...

Küfrümə hükm elədiz hansı günahilə mənim?

Cürmümü sabit edin bircə guvahilə mənim

Nə talaq ilə işim var, nə nikahilə mənim

Qızızı hazır edib məclisə dindirməmişəm

Ey Şəbistərli dadaşlar sizə mən neynəmişəm?...

Mən filan kəs deyiləm siğəmə irad edəsən

Get, kəbin kəsmə diyə, üstümə fəryad edəsən

Yıxasan xalqın evin öz evin abad edəsən

Mən hələ heç kəsin qəlbini sındırmamışam

Ey Şəbistərli dadaşlar sizə mən neynəmişəm?...

Ay əmi, çək qılıcın eylə mürəbbayə hücum

Şirbirincə, xamaya həm qara dolmaya hücum

Bicəhət eyləmə çox Möcüz-i şeydayə hücum

Mən məyər ildə beş-on yol sizi güldürməmişəm

Ey Şəbistərli dadaşlar sizə mən neynəmişəm?

Təbii ki, Möcüz verdiyi bu sualın cavabını hər kəsdən daha yaxşı bilir. Cahilliyin hakim olduğu bir cəmiyyətdə o insanları cəhalət pərdələrini yırtmağa, maariflənməyə, xurafatdan qopmağa çağırır və onun bu işi insanları cəhalətdə saxlamağa, insanların cəhalətindən istifadə edib hökm etmək istəyənlərə ağır gəlir. Nəticədə onlar adi, məlumatsız və cahil xalqı ona qarşı təhrik edib xalq düşməni, hətta din düşməni kimi tanıdırdılar, insanları ondan uzaqlaşdırıb düşmən etdilər. Möcüz çox yaxşı bilir ki, cəmiyyətin ən böyük zəifliyi cəhalətdir. Ancaq cəhaləti ortadan qaldırmağa nə qədər səy göstərsə də, nəticəsiz qalır. Axırda Allahdan imdad istəməkdən başqa bir çarə tapmır:

İlahi, ildırım göndər cəhalət pərdəsin yandır

Cəhalətdə qalıbdır xalq, cəhanı bir işıqlandır.

Əlbəttə, Möcüz hər şeyi Allaha həvalə edən, sakit və rahat şair deyil. O, təkcə şeirlərində deyil, ictimai həyatında da cəhaləti aradan qaldırmağa çalışır. Möcüzün çox həssas olduğu məsələlərdən biri də qadınlar və onların maarifləndirilməsi, eləcə də insan haqları məsələsi idi.

Mirzə Əli Möcüz qadınların vətəndaş və mədəni hüquqlarının dirçəldilməsinin öncülüdür. O, şeirlərində qadınların kişilərlə bərabər sosial və hüquqi hüquqlara malik olmasının vacibliyini vurğulayır. Möcüz Şəbistər qızları üçün müasir prinsipli qızlar məktəbi yaratmaq məqsədilə çox çalışır və nəhayət, Şəbistər şəhərində ilk müasir qızlar məktəbini qura bilir. O, bu prinsipə inanırdı ki, yalnız bilikli, anlayışlı, savadlı analar övladlarını düzgün tərbiyə edə bilərlər. Maraqlıdır ki, Osmanlı İmperiyasında Gənc Türklərin və daha sonra İttihad və Tərəqqi Cəmiyyətinin qadınlara münasibəti tam olaraq eynidir. Yəni Möcüzün öz dövründə qadınlara münasibəti çox mütərəqqi olsa da, o, həmin dövrün Osmanlı ziyalıları kimi, qadınların təhsil almalarının zəruriliyinin əsas səbəbini savadlı və bacarıqlı övladlar yetişdirməkdə görürdü. O dövrdə şeirdə qadının adının çəkilməsinə pis baxılsa da, Möcüz şeirlərində həyat yoldaşı Tükəzban xanımın adını tutmaqdan çəkinməyib:

Tükəzbanın cəhli olmasa zail

Oğlu olmaz təməddünə mail

Əlinin poeziyasının və şəxsiyyətinin başqa bir xüsusiyyəti onun Ana dilinə verdiyi önəmdir. İranda fars yazısının təbliğ olunduğu və Güney Azərbaycandan bir çox şairin şeirlərini farsca yazdığı bir dövrdə o, əsərlərini Azərbaycan türkcəsində qələmə alıb. Bu barədə deyir: “Mən mülahizə etdim ki, Azərbaycan əhalisinin ən çoxu türkdillidir və farsca şeirlərdən pay apara bilməyəcəklər. Mənim də məqsədim mətləbi anlatmaq idi ki qadınlar və kişilər başa düşsünlər. Ona görə, şeirlərimi öz ana dilimdə yazdım.”

Necə ki, Ustad Şəhriyarın anası ona “A bala, bu qədər farsca şeir yazdın. Mən onları başa düşmürəm axı” deyə oğlunu Türk dilində şeir yazmağa təşviq edir və Şəhriyar ölməz və unudulmaz şah əsəri “Heydərbabaya salam”ı öz dilində qələmə alır və həmin poemada “Türkü yazdım, oxusunlar özləri” deyir, Möcüz də şeirlərinin xalq arasında oxunulması üçün öz ana dilində şeir yazmağa başlayır.

Son söz:

Şeirlərini oxuduğumuzda dodaqlarımıza zəhər kimi acı bir gülüş qonduran şairin şəxsi həyatı da zəhər kimi acı keçmiş, ömrünün son çağlarını Güney Azərbaycanı tərk edib Xorasana yerləşmək məcburiyyətində qalmışdı. Şəbüstəri elə orada da vəfat edib. Möcüzün şeirləri nə Pəhləvi dövründə, nə də indiki rejim zamanı rəsmi şəkildə çap imkanı qazanıb. Sadəcə 1945-ci ildə Güney Azərbaycanda Azərbaycan Milli Hökumətinin qurulduğu dövrdə Qulam Məmmədlinin təşəbbüsü ilə çap olunub. O səbəbdən 1946-cı ildə Pəhləvi rejiminin Güney Azərbaycana basqını zamanı yandırdığı kitabların içində Möcüzün də kitabları var idi. Heç vaxt rəsmi şəkildə çap olunmasa da, Möcüzün şeirləri hər zaman İranda yayılıb və həmişə populyar olub.

# 111 dəfə oxunub

Oxşar xəbərlər

Xoreoqraf Rüfət Xəlilzadə ilə görüş keçiriləcək

Xoreoqraf Rüfət Xəlilzadə ilə görüş keçiriləcək

17:20 30 yanvar 2025
Ermitaj anonim təhdidlərə görə Qış Sarayını bağladı

Ermitaj anonim təhdidlərə görə Qış Sarayını bağladı

16:53 30 yanvar 2025
İlon Mask “Nobel”ə namizəd oldu

İlon Mask “Nobel”ə namizəd oldu

15:19 30 yanvar 2025
Məşhur cizgi filmi film olur

Məşhur cizgi filmi film olur

14:44 30 yanvar 2025
Niyazi Mehdi əməliyyat edilib, bu gün palataya köçürüləcək

Niyazi Mehdi əməliyyat edilib, bu gün palataya köçürüləcək

13:08 30 yanvar 2025
"Sən döy qapımı" serialının ulduzu Moskvada

"Sən döy qapımı" serialının ulduzu Moskvada

12:28 30 yanvar 2025
# # #