İradə Tuncay: “Örtüyü qaldırıb əllərini, ayaqlarını öpdüm" - Müsahibə

<span style="color:red;">İradə Tuncay:  “Örtüyü qaldırıb əllərini, ayaqlarını öpdüm" - Müsahibə
14 oktyabr 2023
# 15:00

Bu gün Xalq şairi Məmməd Arazın doğum günüdür.

Kulis.az bu münasibətlə şairin qızı, tanınmış yazıçı-publisist İradə Tuncayla müsahibəni təqdim edir.


- Layihəyə dəvət alanada yada düşən ilk xatirə hansı oldu?

- Ha fikirləşdim müəyyən edə bilmədim. Amma bilirəm ki, lap balaca vaxtımdan atamla anama fərq qoyurdum. Atamı həmişə artıq istəmişəm, indi də elədir. Özü də onun xatirəsi ölmüş adamın xatirəsi deyil, canlıdır, yenidir. Atam mənim yadıma bilirsən necə düşür? O fotoda “vspışka” olur e, yanıb-sönür, bax elə bir şey kimi gəlir gözümün qabağına. Ya bir söz, ya bir qoxu uşaqlığımdakı atamı canlandırır. An da deyil bu, qarşına çıxır və onu xatırlayırsan. Mən çox səfər edən adamam. Xeyli ölkədə olmuşam. Hara getsəm çox qəribədir, düşünürəm ki, atamın bu yerlə bağlı yazdığı nəsə varmı. O, ömrünün böyük hissəsini xəstə olub, gəzə də bilməyib. Bəzi yerlər var ki, mən ora gedəndə mütləq atamı xatırlayıram. Məsələn, Lvova getmişdik. Düşəndə birinci yadıma gələn o oldu ki, Məmməd Arazın “Əsgər qəbri haqqında ballada” poeması var, Lvovda yazıb. Orada böyük bir qəbiristanlıq var. Müharibədə ölən əsgərlərin məzarlığı. Atam həmin qəbiristanlıqda İbrahimov soyadlı (öz soyadı da İbrahimovdur – red.) məzar görüb. Bundan doğan o təəssüratları qələmə alıb. Çox qəribə bir poemadır, janr olaraq maraqlıdır, poemanın dramaturgiyası var.

- Maraqlıdır. Gedə bildiniz ora bəs?

- Mən taksi ilə gedəndə sürücüdən soruşmuşdum ki, burda belə bir qəbiristanlıq varmı? Cavan oğlan idi, dedi, mən tanımıram. Sonra axşam başqa bir taksiyə minəndə gördüm sürücü yaşlı adamdı. Ondan da eyni şeyi soruşanda dedi, da, yest, moqu pokazat. Amma təəssüf... Biz artıq aeroportla qayıdırdıq deyə görə bilmədim.

- Atanız da sizin kimi çoxlu səfərlər edirdi...


- Biz Yasamalda, “Sevil” kinoteatrı tərəfdə yaşayırdıq. İndi həmin kinoteatrın yerində bina tikiblər. Musabəyovun heykəli (indi o da yoxdu) tərəfdə üç balaca “xruşofka” ev var. Axırıncı, 3-cü bizim ev idi. Biz 5-ci mərtəbədə olurduq. Bax o həyətlə bağlı çoxlu təəssüratlar var. Mən həyətdə oynayırdım, o, işdən gəlirdi, məni çağırırdı. Bəzən olurdu, getmirdim evə, bəzən onunla birgə qalxırdım. Çox mehriban və isti adam idi. Qohumlarım vardı, evlərinə gedirdim, görürdüm ki, atası gələnə yaxın evə elə bil bomba düşür. Hazırlaşırlar, qorxurlar, nəyisə gizlədirlər... Mən çox təəccüb eləyirdim. Mən atamın gəlişinə sevinirəm, amma bunlar qorxur. Onun səfərlərdən gətirdiyi çamadanları çox böyük həvəslə gözləyirdim.

- Nələr olurdu çamadanlarda?


- Oyuncaqlar, geyimlər. O vaxt indiki kimi bolluq yox idi. Harasa gedəndə gətirirdilər. Məktəb forması, ayaqqabı burda olmurdu, Moskvadan gətirirdi. Bir dəfə bir oyuncaq almışdı mənə, motosiklet idi. İndi hər cür oyuncaq var. O vaxt elə qəribə bir şey idi ki, deməli qururdun “motosikl” hoppanırdı və düşürdü yerə. Apardım həyətə, uşaqlara göstərmək istəyirdim ki, görün mənə nə gətiriblər. Uşaqlarsa elə ilk gün oğurladılar oyuncağımı (gülür).

- Məmməd Araz evdə ata kimi necə idi?


- Ağır xasiyyəti vardı. Böyüyəndə bunu daha çox hiss elədim. Həmişə deyirəm, mən həbsxana şəraitində yaşamışam. Heç yerə icazə vermirdilər getməyə. Ancaq dərs-ev, ev-dərs.


- Atanız qoymuşdu bu qaydanı?

- Əlbəttə. Nə isə edəndə də mütləq ondan icazə almaq lazım idi. Çox qısqanc adam idi bu mənada. Məni ən çox təəssüfləndirən odur ki, sonradan mənim yetişkin, ağlım kəsən vaxtımda atam danışa bilmirdi. Onla oturub məni maraqlandıran suallara cavab ala bilmədim. Odu məni çox yandıran. İnsan həyatı bir gün qırılır. Labüddür bu, kimi tez, kimi gec. Məni həmişə incidən onun ağır həyatıdır, ölümü yox. Çox böyük təəssüf ki, mən onunla heç nəyi müzakirə edə bilmədim. Ancaq çalışırdıq ki, sağ qalsın.

- İradə xanım, Məmməd Araz həyat yoldaşı ilə necə tanış olub?

- Onun qardaşı APİ-də oxuyurdu. Anam da orada təhsil alırdı. Atam universitetə gedib-gələndə görüb anamı. Kələntər Kələntərli tanış edib onları. Bulvarda gəzəndə anam onun şeirlərini əzbərə deyib. O vaxt adamlar oxumağa çox həvəsli idi axı. “Azərbaycan” jurnalında şeirləri çıxıbmış, 57-58-ci illərdə. Anam Qubadandı, atam Naxçıvandan. Tam fərqli yerlərdi, qohum deyillər, dost deyillər. Beləcə tanış olublar.

- Bayaq dediniz ki, atamı həmişə daha çox sevmişəm, səbəb nə idi?

- Onu o vaxt anlamırdım. Yəqin sonradan düşünmüşəm bunu. Atamla ruhən çox yaxın olmuşuq ki, balaca bir uşağın qəlbində o hiss yaranıb. Ona münasibətim həmişə fərqli olub. Sonradan o zəif, köməyə möhtac halıynan elə bil mənim uşağım idi.

- İki qızı vardı...


- Hə, iki bacı olmuşuq.

- Ən çox sizinlə ünsiyyətdə olub?

- Mən böyüyəm axı. Bacım məndən 7 yaş balacadı. Atam xəstələnəndə bacımın 6 yaşı vardı. Nə görə bilərdi ki? Əsas onun tribunalarda çıxış edən, yaraşıqlı, gur səsli, yerişi ilə lərzəyə gətirən vaxtını mən görmüşəm, bacım görməyib. Və o, həmişə məni özü ilə poeziya gecələrinə aparırdı. O mühitin içində yetişmişəm. Şairlərin, yazıçıların, sözün içində yetişmişəm. Elə bil ki, həyatıma möhürünü vurub. Sanki alnıma yazılmışdı ki, ədəbiyyat adamı olmalısan. Əslində, hamı istəyir qızı həkim olsun, xüsusən də o vaxt lap dəbdə idi. Nəsə istəmədim getdim jurnalistika sahəsinə.

- Sizə onda nə dedi? Jurnalistikanı seçəndə?

- Heç nə demədi, hara istəyirsən ver dedi.

- Bayaq dediniz qısqanc adam idi, sizə də qadağalar qoyurdu. Məsələn, atanızın “olmaz” siyahısında nələr vardı?

- Qısa geyinmək olmaz, saçı belə yığmaq olmaz, diqqət çəkmək olmaz, bərkdən gülmək olmaz və s. O qədər qadağanın içində böyümüşəm, məni qadağalar o qədər yorub ki, indinin özündə də elə bil içimdə “bunu olar, bunu olmaz”, “eləyim eləməyim” kimi şeylər baş verir. Məsələn, telefonla danışıram, on dəqiqədən çox olanda öz-özümə deyirəm, olmaz, mən çox danışdım. Yaxud televizora filan saata qədər baxmaq olar.

- Tutaq ki, birini sevsəydiniz gəlib atanıza deyə bilərdiniz onu?

- Yox, belə münasibətimiz olmayıb. Aqillə (Aqil Abbas – red) tanış olanda, Aqil də bilirdi ailədəki qayda-qanunu.

- Elçilikdə də mübahisə düşüb deyəsən...


- Mən hadisənin birbaşa iştirakçısı olmamışam axı, kənarda olmuşam. Onsuz da atam heç kəslə mübahisə edən deyil, məsələn olurdu nəyisə deyirdi, sən cavab verəndə deyirdi, yox, belə deyil, belədi. Mübahisə eləmirdi. Sonra sən görürdün ki, elə onun dediyi kimidi.

- Füzuli söhbəti olub deyəsən, atanız da deyib ki, bura qız istəməyə gəlmisiniz, mübahisə eləməyə yox.

- İnanmıram elə söz desin, bunlar Aqilin interpretasiyalarıdır.

- İki qızı olub atanızın. Heç oğul dərdi çəkib?

- Şeirlərində var bu arzu. “Qızlarım taleyin ulduz töhfəsi, oğul da görəydim gərək yuxuda”. Belə misraları var. Mənlə bacımın arasında 3 uşaqları ölüb. Uşaqları doğulurlarmış, ölürlərmiş. Məndən sonra bir bacım qalıb. Allah vermirsə nə etmək olar? Özü şeirlərinin birində yazmışdı ki, oğlun yoxdu, sonun yoxdu dedilər. Kimin dediyini demirəm, amma həmin adamın heç özünün övladı olmayıb. İnsan nə qədər naqis biri olsun ki, adama belə bir söz desin. Lap döndü Dədə Qorqudda, “oğlu olanı ağ çadıra, qızı olanı qara çadıra...” Sənin qonağın gəlib apar qonaq kimi yola sal da. Görünür bu xalqın düşüncəsində var.

- İradə xanım, siz atanızı şair kimi nə vaxt tanımışdınız?

- Deyək ki, mənim atam televiziyada çıxış edirdi. O vaxt hər adamın atası televizorda danışmır axı (gülür). Yəni artıq uşaq ağlınla fərqi görürsən. Özü də bircə televiziya vardı. Atam verilişdəydi bir dəfə. Axı əvvəllər ancaq canlı yayım olurdu, “zapislər” hələ gəlməmişdi. İlk dəfə çəkilişdən sonra atamla birgə ona baxanda heyrətdən özümə gələ bilmirdim. Baş çıxara bilmirdim bu necə ola bilər. Həm sənin yanındadır, həm orda göstərirlər. O zaman 5-ci sinifdə oxuyurdum.

- Məmməd Arazdan ən çox sevdiyiniz şeir hansıdır?

- O qədər böyük, qüdrətli poeziyadır ki, seçmək çətindir. Mənə yazdığı “Gül töhfələr” məsələn. Amma ayırmıram heç birini.

- İradə xanım, Məmməd Arazın “Ədəbiyyat qəzetin”dən çıxarılması necə olmuşdu?

- Atam qəzetin baş redaktor müavini idi. Həmin il Nəriman Nərimanovun 100 illiyi tamam olmuşdu. Heykəl qoyulmuşdu, amma açılışı olmamışdı. Nərimanova həsr olunmuş nömrə çap olunmuşdu. Səhifəyə xatirələri, onun haqqında yazılar, açılmamış heykəlin şəklini qoymuşdular. May ayında çap olunub deyəsən. Sonra burdan başlandı donoslar yazılmağa. Deyəsən, Şaumyanın oğlu da şikayət eləmişdi ki, Nərimanov xalq düşmənidir, ona belə şeylər həsr edirlər. Erməni faktorunu qoyuram bir qırağa, bizim öz içimizdə o qədər nadürüst adamlar var ki... Biz həmin vaxt Şimali Qafqazda, Yesentukidə dincəlirdik. Atam bizdən ayrıldı, ezamiyyətə getməli idi, Sibir tərəfə. Biz qaldıq. İndiki kimi telefon yox idi. Şəhərlərarası danışmaq üçün məntəqələr var idi. Bakı ilə danışmaq üçün getdik. Anam danışdı, çıxdı. Dedi ki, bileti qaytarırıq, gedirik. Mən də uşağam da, başa düşmürəm nə olub. Xalam oğlu da bizimlə qalırdı orada. Dedi, nə olub, anam da dedi, bileti qaytar, gedirik, Məmmədi işdən çıxarıblar. Adam özü Bakıda deyil, məzuniyyətdədir və Yazıçılar İttifaqında müzakirə edirlər. Təbii ki, əmr yuxarıdan gəlir. Hə, iclas keçirilir, Məmməd Arazı işdən çıxarırlar, hamı əl qaldırır buna, bircə Sabir Əhmədov etiraz edir ki, adamın özü burda yoxdu, özü haqqında heç nə deyə bilmir, siz onu işdən çıxarırsınız. Yəqin görülməmiş bir şeydi bu. İnsan özü ezamiyyətdə ola-ola, xəbər verilmədən adamı işdən çıxarırlar. Ondan sonra çöndü hər şey. Partiya söhbəti də olmuşdu. Partiyadan da çıxarda bilərdilər. O vaxt qorxulu bir şey idi bu, insanın həyatını söndürərdilər. Amma nə yaxşı ki, partiyadan çıxarmadılar. Ömrü boyu üstündə xalq düşməninin oğlu damğası olub. Və üstəgəl bu da olsaydı...

- Atanız işsiz qaldı...

- Hə. Düz iki il... Deməli, əvvəllər Yazıçılar İttifaqında “Litfond” deyilən təşkilat vardı. Yazıçıların həyatına kömək edirdi. Yardım fondu idi. Ehtiyac içində olana əl uzadırdılar, həm də o fondun xətti ilə yazıçılar rayonlara gedirdi, ədəbi görüşlər keçirirdilər. Ordan böyük qonorarlar alırdılar. Məsələn, kolxozlar varlı idi, işlək təsərrüfat idi. Gedirdin kolxoza. Bir rayonun 5 kolxozunda görüş keçirilirdi. Ordan həmin fondun hesabına pul gəlirdi və həmin puldan qonorar verirdilər. Atam iki il işləmədi. Biz iki il həmin o qonorarın hesabına yaşamışıq.

- Neçə yaşınız vardı?

- 12 yaşım vardı onda. Təbii ki, o auranı, dilxorçuluğu hiss edirdim. Amma onun içinə vara bilmirdim. Mən bunu o vaxt bilə bilməzdim, sadəcə evdəki gərginliyi hiss edirdim. Atam həmişə hər şeyi gizlədən adam idi. Həmin problemi yaşayan adamların hamısını dindirsəniz, onlar heç vaxt heç nəyi açıq danışmaq istəmirlər. Çünki dəhşətli anları görüblər. 37-ci illərin fırtınasından çıxan adamlardı hamısı. Atam da o kişilərdən idi və heç vaxt elə şeyləri evdə danışmırdı. Evdə ancaq ata idi. Böyük kimi evin problemlərini həll edirdi. Sizə deyim məişətdə çox bacarıqsız adam idi. Bir dənə mıx da vura bilmirdi. Elə şeyləri anam həll edirdi. Yəni böyük şair olmaq həm də həyatın bütün sahələrində uğurlu eləmir ki adamı.

- Əksər yaradıcı adamlar elə olur onsuz...

- Ömür boyu yazmaq şəraiti olmadı atamın. Gecələr işləyirdi... Hamı yatandan sonra... Uşaqlar, səs-küy mane olmasın deyə. Biz də digər otaqda yatırdıq ki, ona mane olmayaq. Otaq balacadı deyə yazı stolunu otağın ortasına qoya bilmirdi, yapışdırmışdıq divara. Onun belə şeiri də var: “30 il əyləşdim üzü divara”. İndi başa düşmürlər ki, necə yəni 30 il üzü divara əyləşib. Nomenklatura şairləri, yazıçıları vardı o vaxt, onlara şərait yaradılırdı. Hər yerdə kitabları çıxırdı. Başı sığallı şairlərdən olmayıb atam. Əksinə, vurublar həmişə. Sözün həqiqi mənasında 30 il üzü divara əyləşmişdi.

- Həmin işsizlikdən sonra Məmməd Arazın halı pisləşdi...

- Hə, ondan sonra xəstələndi. Həmin vaxtlar yəhudi əsilli sovet şairi Mixail Svetlovun şeirlərini tərcümə edirdi. İstirahətdə idik. Təbii ki, o, hər yerdə işləyirdi. Qayıtdıq Bakıya. Onda əlində titrəmə başladı. Diaqnoz qoymaq mümkün olmadı. Bizim əyalətdə həkimlər o xəstəliyin adını bilmirdilər. Neçə dəfə halı xarab oldu. Sonra getdi Moskvaya. Orada diaqnoz qoyuldu ki, bu xəstəlik parkinsondu. İndi hamı bilir, çox yayılıb. Sonra xəstəxanalar, həkimlər, ümid, xəyal qırıqlığı...

- Neçə il davam elədi?

- Düz 30 il. Cavan oğlan idi o xəstələnəndə. 41 yaşı vardı. Parkinson beyində bir mərkəzin sıradan çıxmasıdır. Və o mərkəz səni idarə edir. Danışığını, hərəkətlərini, yerişini. Əvvəl-əvvəl bir əlində başlayır, sonra keçir o biri ələ. Dil hərəkət edə bilmir. İflic deyil bu. Bir mərkəzin sıradan çıxmasıdır. Əslində statistikaya görə yaşlı adamlar tutulur bu xəstəliyə. Amma bunda tez oldu. İndi çox gəncləşib bu xəstəlik. Müalicəsi də yoxdur. Xəstəxanada yatanda anam deyirdi, orda elə xəstələr vardı ki, sürünə-sürünə gəzirdilər. Ömrünün son illərində atam tez-tez yıxılırdı, biz qaldırırdıq. Psixoloji bir şey idi bu, həmişə qapının kandarında durub gözləyirdi. Elə bil keçə bilmirdi. Həmin xəstəliyin simptomlarında da var. Kandardan içəriyə addım atmağa qorxmaq. Heç heyi qalmırdı. On addımlıq yolu on dəqiqəyə gedirdi. Çox vaxt oturduğu stulu evin içində sürüşdürüb aparırdıq. Əlil arabası barəsində nəsə danışanda çox əsəbi halda “Özüm gəzirəm” - deyirdi. Amma gəzə bilmirdi. Bəzən bütün bədəni titrəyirdi. Bəzən də körpə uşaqlar əllərini, ayaqlarını idarə edə bilmədiyi kimi o da öz bədənini idarə edə bilmirdi. Düşün ki, beynin səni sakitləşdirəcək mərkəzi sıradan çıxıb. Bütün bədəni tərpənəndə üstünə yıxılırdıq ki, sakitləşsin. Son vaxtlar deyirdi, elə istəyirəm yatım-qalım yazılarımın içində...

- Çətin olacaq bilirəm. Amma ölüm anını necə xatırlayırsınız?

- Anam zəng elədi. Dedi, atanın vəziyyəti pisdi, boğulur. Əynimə nəyi necə keçirdim, nə qədər vaxt keçdi bilmədim. İçəri girəndə anladım ki, bitib artıq. Evdə anama kömək edən qızı gördüm. Yerə çökmüş atamın başını qucağında saxlayırdı. "Nəbzi var" deyirdi. Anam "Təcili yardım çağırdım" - deyib qışqırırdı. Beynim dumanlı olsa da təcili yardımın yardımı olmayacağını anlayacaq durumdaydım. Gözləri açıqdı, əyilib üzümü dodaqlarına yaxınlaşdırdım, nəfəsi qalıbmı deyə. Oğlum gəlib çıxdı. Dumanlı gözlərlə içəri girən oğluma baxdım. Heç bilmədim ona kim xəbər vermişdi. Atamı yerdən qaldırıb divana uzatdıq. Anam qışqırırdı ki, xəstəxanaya aparaq. Maşına düşürdük, başını qucağımda saxlamışdım. Çağırırdım, hay vermirdi. Xəstəxanada xərəyi gətirib içəri salana qədər mənə elə gəldi ki, bir il keçdi. Həkim çox soyuqqanlı yaxınlaşdı. Sonra Məmməd Arazdı dedi, tanıdı. Tələsik nə isə aparatı işə saldı, gözlərinə baxdılar… Sonra həkim başını buladı, üstünə ağ örtük çəkdilər. O biri tərəfdə stolda ağır xəstə var idi, sağ idi. Qorxmasın deyə heç birimiz səsimizi çıxarmırdıq. Mən örtüyü qaldırıb üzünü-gözünü, əllərini, ayaqlarını öpdüm…

Xəstəxananın həyəti adamlarla doldu. Öz-özümə dedim ki, nə tez xəbər tutdular. Hə, bir də dəqiq xatırladığım bir fakt da var. Evə qayıdanda "24 “şirvan” pul ödəməlisiniz" demişdilər. Məmməd Arazın bu xəstəxanada öldüyünü təsdiqləmək üçün…

Həyətdə çox adam vardı, amma yadımda qalan Rəşad Məcidin baxışları idi. Xəbər tutub işdən qaçaraq evə dönən bacıma sarılıb ağladığımı xatırlayıram. Sonralar bacım demişdi ki, sənə paxıllıq eləyirəm, son dəqiqələrində yanında oldun.

# 30671 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
# # #