Hoteldə vəfat etmiş məşhurun oğlu: “Yazmışdılar ki, Zeynəb Xanlarova ağlaya-ağlaya gəlib” – Müsahibə

Hoteldə vəfat etmiş məşhurun oğlu:  “Yazmışdılar ki, Zeynəb Xanlarova ağlaya-ağlaya gəlib” – Müsahibə
17 yanvar 2024
# 09:00

Kulis.az Ülvi Bahadırın görkəmli kamança ifaçısı Ədalət Vəzirovun oğlu Tural Vəzirovla müsahibəsini təqdim edir.

- Atanızı xatırlayanda ilk yadınıza düşən nə olur?

- Xatirələr çoxdur. O çöldə-bayrıda nə qədər ciddi idisə, evdə bir qədər mülayim idi. Həmişə çalışırdı ki, biz cəmiyyətə layiqli övladlar olaq. Mənim 23, bacımın 21, qardaşımın da 17 yaşı var idi. Həyata hələ təzə atılırdıq. Onun göstərişləri, məsləhətləri bizə elə təsir eləyib ki, bu günə qədər onlardan faydalanırıq. Həm ictimai müstəvidə, həm də məişətdə onun qoyduğu yol ilə gedirik.

- Qardaşınıza da kamança çalmağı məsləhət görməyib...

- Deyirdi ki, hər zaman düz olun. Ən çətin anlarınızda belə haqqı tapdalayıb nahaqqın tərəfinə keçməyin. Sonra da deyirdi, çalışın, insanlara, insanlığa xeyir verin. Ən böyük göstərişi isə bu idi ki, ya bir işi kamil şəkildə görün, ya da görməyin. Bəli, qardaşım kamança çalırdı, ancaq o sənətin dalınca getmədi. Atam ona dedi ki, getmə bu yolla. Sən əgər kamança çalacaqsansa, məndən yaxşı olmalısan. Çünki sabah deyəcəklər ki, Ədalət Vəzirovun oğludur. O qədər olur ki, baxırsan, ata hansısa alətdə çox gözəl ifa edir, oğul da onun yolu ilə gedir, ancaq ortada sənət yoxdur.

- Musiqiçi ailəsində böyümüsünüz. Babanız da musiqiçi olub. O, Ədalət bəyi musiqiyə yönəldib, ancaq o sizi musiqiyə yönəltməyib.

- Bir insan nədəsə xeyir verəcəksə, o sahədə olmalıdır. Bacım musiqiçidir. Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimidir. Qardaşım musiqini bilir, ancaq həkimdir. Mən isə, ümumiyyətlə, kənaram. Bizim nəsil başlayır ta atamın babasından. O da, babam da musiqçi olub. Bizim nəsil haqqında o vaxt film də çəkmişdilər. Atamın orada 12-13 yaşı var. Əmilərim, atam, bibim. Ailə ansamblı ilə birlikdə çəkilən film-jurnal idi. Amma bizə gələndə dedi ki, hiss eləyirəm ki, siz musiqçi deyilsiniz.

Biz gedib ara, toy musiqiçisi ola bilməzdik. Əgər Vəzirov soyadını daşıyırıqsa, bu sənəti ən yüksək səviyyədə bilməliyik. Əmilərim də musiqiçi olub. Kamil Vəzirov mənim böyük əmimdir. Ağarıza Vəzirov. Hamı onu Babək kimi tanıyırdı. Ramiz Vəzirov caz musiqiçisi idi. Cavan rəhmətə getdi. Hamı kamil musiqiçi idi. Ona görə də atamız bizə icazə vermədi.

- Evinizə kimlər gəlib-gedirdi?

- Bizim evimizə hamı gəlib-gedib. Dram teatrının arxasında bir həyətimiz var idi. Bütün musiqçilər ora gəlirdi. İndi o həyət yoxdur. Sökülüb. Park salınıb. Orda çox adam olub. Səhər yeməyindən axşam yeməyinəcən həyət dolu olurdu...

Nənəm onların hamısının qayğısına qalıb. Mən sizə danışıram 70-80-ci illərdən. İndi məşhurlaşan Əməkdar və Xalq artistlərinin hamısı o həyətdə böyüyüb. Asəf Zeynallı adına musiqi kollecində oxuyarkən, Konservatoriyada təhsil alarkən hamı gəlib orda yemək yeyib, məşq eləyib.

- Vəfatından sonra bu gəliş-gedişlər azalmadı ki?

- Yox. Atamın dostları xoş günlərimizdə də, pis günlərimizdə də yanımızda olublar. Əsl dost olublar, bizi öz övladlarından ayırmayıblar. Heç bizim nəsə deməyimizə ehtiyac yox idi. Onlar atamızın olmadığını hiss elətdirməyiblər. Amma təbii ki, ata atadır, dost dostdur. Atanın yerini heç kim verə bilməz.

- Ədalət Vəzirovun ifası təkcə peşəkarlığına görə yox, emosiyasına, enerjisinə görə də digər ifalardan seçilib. Bu enerjinin mənbəyi nə idi?

- Onun ürəyinin içini heç kim bilmirdi. Mən yalandan durub onu tərifləsəm, düzgün olmaz. O, ifa eləyərkən bu dünyada olmurdu. Onun zamanında o səsi kamançadan heç kim çıxara bimirdi. Heç tanımayan, dinləməyən adam gözünü yumub qulaq assa, elə biləcək ki, kamança yox, hansısa Avropa alətidir. Spripka və yaxud bu tip alətlərdən birinin səsi çıxırdı. Muğamlara interpretasiyalar edirdi. Simfonik və kamera orkestri ilə olan konsertlərdəki ifasında tamam başqa hisslər yaşayırdı. “Tekfen” orkestri var idi. “Üç dənizin səsi” deyirdilər o orkestrə. Qara dəniz, Xəzər dənizi və Aralıq dənizi hövzəsindən olan musiqiçilərdən ibarət orkestr idi.

Atam vəfat eləyəndə məni Türkiyəyə dəvət eləmişdilər. Mən vəfat edənin atam olub-olmadığını təsdiq etməliydim. Onlar da həmin vaxt yubiley konsertinə hazırlaşırdılar.

Məni görən kimi ayağa qalxıb alqışladılar ki, bəs sən belə bir sənətkarın oğlusan.

Onun kamançasından çıxan səsi sözlə ifadə etmək mümkün deyil. 20 il əvvəlki ifalarına qulaq asanda belə eyni hissləri keçirir adam.

- Özü bu barədə danışırdı?

- Atam həm musiqiçi olub, həm də pedaqoq. O heç vaxt sənətini, işini bizimlə müzakirə eləmirdi. Biz, - məsələn, oyun oynayırdıqsa, gəlib bizimlə oynayırdı. Yadıma gəlir, 2000-ci illərin əvvəlləri idi. Onda hər evdə kompüter yox idi, ancaq bizdə var idi. Bizimlə kompüter haqqında danışırdı, texnoloji yenilikləri müzakirə edirdik. Tamamilə fərqli mövzulardan danışırdıq. Qardaşımla başqa məsələlər barədə fikir mübadiləsi aparırdı. İstənilən mövzuda istənilən adamla rahat dil tapa bilirdi.

- Heç evdə kamança çalırdı?

- Evdə ancaq səfərdən qabaq ifa eləyirdi. Mark Eliyahu onun tələbəsi idi. Ona tapşırıqlar verirdi. Bir də görürdün, tapşırıq yaddan çıxdı, öz dünyasına qapıldı. Biz də sakitcə qulaq asırdıq.

- Markla bağlı hansı xatirələriniz var?

- Markın 13-14 yaşı var idi. Atası gətirdi ki, uşaq kamança öyrənmək istəyir. Amma ömründə kamança tutmayıb. Atam dedi ki, bu gərək bizdə qalsın. Mən ona təkcə kamançanı öyrətməməliyəm, həm də düşüncəsini dəyişməliyəm ki, milli musiqi aləti nə deməkdir bilsin. Kamança çalmaq üçün azərbaycanlı olmaq lazımdır. Hamı kamança çalır, amma azərbaycanlı ruhunu tapa bilmirlər. Ona görə də o, gərək azərbaycanlı kimi düşünə, millətin düşüncə tərzini mənimsəyə. Beləcə, bizdə qaldı. Bir otaqda yatırdıq. Bütün günü bizimlə idi. Bizim yeməkləri yeyirdi, birgə qohumların evinə gedirdik. Səhər tapşırığını alırdı, gündə 12-13 saat kamança çalırdı. Bir neçə aya bütün muğamları öyrəndi. Evə getmirdi. Ailəsi ilə telefonla xəbərləşirdi.
Markın indiki vəziyyətə gəlib çatmasında o günlərin böyük rolu var.

- Bakıya konsert verməyə gələndə görüşürsünüz?

- Əlbəttə. Nəinki konsert verməyə gələndə, ad günlərində, başqa xoş günlərdə biz onunla danışırıq. O, ailəmizin üzvü olub. Bir yerdə böyümüşük. 3-4 ay bir yerdə yaşamışıq.

- Xarici səfərlərində də dəfələrlə Ədalət bəyin adını çəkib.

- Bəli. Bura gələndə xüsusi vurğulayır. Bura gəlməzdən əvvəl məni İstabul konsertinə dəvət eləmişdi. - Türkiyədə daha çox konsert verir, nəinki Azərbaycanda. - Ailəlikcə iştirak elədik. Bura gələndə də hər dəfə görüşürük. Hətta atamın 70 illiyində görüntülü zəng etmişdi.

- Ədalət bəyi necə razı sala bildi ifası ilə?

- O vaxt hələ uşaq idi, indi kimi məşhur deyildi. Deyirdi ki, mən özüm üçün öyrənirəm. Atası da tar çalırdı. Biz hər dəfə ondan niyə kamança çalmaq istədiyini soruşanda deyirdi ki, mən dünya şöhrətli kamança ifaçısı olacam, baxarsınız. Qarşısına məqsəd qoydu. İndi də göz qabağındadır.

- Ədalət bəy xaraktercə necə bir insan idi?

- Nə qədər sərt olsa da, bir o qədər yumşaq idi.

- Hansınız ona daha çox oxşayırsınız?

- Hərəmizdə nəsə var ondan. Birimiz yumşaqlığını götürmüşük, birimiz sərtliyini.

- Ədalət bəy Zeynəb Xanlarovanın orkestrində olub. O, Ədalət bəyin ölümünü necə qarşıladı?

- Bəzi jurnalistlər bu mövzunu çox şişirdib. Ay Zeynəb xanım ağlaya-ağalaya gəldi, ay elə, ay belə. Zeynəb xanımla uzun müddət işləyib, xarici səfərlərdə olub. Zeynəb xanımın ona xüsusi rəğbəti olub. İndiyə kimi də yad eləyir. Ancaq bu qədər şişirtməyə ehtiyac yoxdur. Elə belə də manşetə çıxarmışdılar e. Yazmışdılar ki, Zeynəb Xanlarova ağlaya-ağlaya gəlib.

Bəli, hamıya pis təsir etmişdi. Vaxtsız itki idi. Amma belə şişirtmələrə lüzum yoxdur. Heç kimə ailəsi qədər pis təsir eləyə bilməz.

O vaxt indiki kimi deyildi. İndi telefonu qoyursan, çəkirsən. Onun bir tələbəsi vardı – Elnur Əhmədov. Onda səs yazıları var idi. Zamanında yazıb saxlamışdı. Bizə də vermişdi.

İndi hər yerindən duran məşhurlaşa bilir. O vaxt məşhurlaşmaq üçün mütləq sənət və xalq sevgisi lazım idi. O, əsas toylarda məşhurlaşmışdı. Heyif, o ifalar yazılmayıb.

Muğama indiki kimi həvəs və diqqət yox idi. Uşaqlar klarnet, qarmon, gitara çalmağı öyrənirdilər. Valideynlər uşaqlarını tar, kamança sinfinə yazdırmırdılar ki, gələcəkdə çətinlik çəkməsinlər.

Atamın kamançası Heydər Əliyev Mərkəzində sərgilənən yeganə kamançadır.

- Habil Əliyev də kamançasını ona bağışlamışdı.

- Bəli. Habil Əliyev onu davamçısı hesab edirdi, elə ona görə də kamançasını bağışlamışdı, ancaq atam ondan əvvəl rəhmətə getdi.

- Xəbəri necə aldınız?

- “Tekfen” Qara dəniz orkestrinin konsertinə getmişdi. Mənə zəng elədilər ki, atanız xəstələnib. Hadisə hoteldə olmuşdu. Vəfat edənin şəxsiyyətini təsdiq etmək lazım idi. Onda 23 yaşım var idi... Tək getdim... Otaqda keçinmişdi. Heç bir xəstəliyi yox idi. Hərdən qan dövranından şikayət eləyirdi. Səbəblərdən biri də tromb olub....


- Ondan sonrakı dövr necə oldu?

- Çox çətin. Ailənin yükü mənim boynumda idi. Universiteti təzə bitirmişdim. İşləməyə təzə başlamışdım. Hər şeyi anamla mən etməli idik. Düzdü, mənəvi dəstək verənlər var idi, ancaq yenə də çətin idi... Çətin idi, amma hər şey öz yoluna düşdü. Hər şey öz yoluna düşdü, amma ata yoxdur...

- Ən çox hansı məqamlarda hiss eləyirsiniz atasızlığı?

- Hərdən elə məqam gəlir ki, böyük məsləhətinə ehtiyac duyursan. Onda hiss eləyirsən ki, nəsə çatmır. Zamanında verdiyi məsləhətləri başa düşmürdük, deyirdik ki, düzünü biz bilirik, ancaq vaxtı çatanda başa düşürsən ki, o düz deyirmiş. Neçə yaşında olursan ol, yenə də ata məsləhətinə ehtiyac var.

- Ədalət bəy dindar adam olub.

- Bəli. Atam içki içməyib. Dindar olub. Bizim həyat tərzimizin formalaşmasında onun böyük rolu olub. Pis vərdişlərdən uzaq olmuşuq. Böyüyə hörmət, vətənə sevgi, yalan danışmamaq... - Bunların hamısı valideyn tərbiyəsinin nəticəsidir.

Atamız strategiyanı müəyyən eləyirdi, taktikanı anamız yerinə yetirirdi. Atamız deyirdi ki, bizim ailədə bunlar olmalıdır. Necə olacağını isə anam həll eləyirdi.

- Dərslərinizlə maraqlanırdı?

- Əlbəttə. Universitet seçimində də dəstək olub.

- Atanız zəhmli idi. Adam ona baxanda qeyri-ixtiyari özünü yığışdırır.

- Eyni şeyi mənə də deyirlər. Deyirlər, çox qaraqabaqsan, heç vaxt gülmürsən. Amma məni yaxından tanıyanlar bilir ki, mən gülürəm də, zarafat da eləyirəm. Bu xüsusiyyət mənə ondan keçib. Böyüklə böyük, kiçiklə kiçik olub. Uşaqlarla oynayırdı. Dostları ilə danışsanız, görərsiniz ki, nə qədər zarafatcıl adam olub.

- Valideynləriniz necə tanış olublar?

- Nənələri əmiqızı olublar. Bizim nəsildə valideynin dediyi qanun olub. Böyüklər məsləhət görüblər ki, evlənsinlər. Onun vəfatı 44 yaşlı anama çox pis təsir etmişdi...

- Atanızı bir sözlə necə ifadə edərdiniz?

- Sənətkar.

​​​​​​

# 11803 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
# # #