Bu gün sovet yazıçısı İlya Erenburqun doğum günüdür.
Kulis.az professor Asif Hacılının tərcüməsində və təqdimatında onun “İnsanlar, illər, həyat” kitabından bir hissəni təqdim edir.
XX əsrin ədəbi salnaməsi
Ədəbi proses əslində, yalnız yazılmış və rəsmən təsbitləşmiş əsərlərdən deyil, həm də şəxsiyyətlərin canlı ünsiyyət və münasibətindən ibarətdir. Ali həqiqət axtarışları, "anlamaq dərdi" daim sənətkarları bu "dərdi" bölüşməyə həmdərd tapmağa sövq etmiş və bir çox parlaq fikirlər, fəlsəfi-bədii tapıntılar məhz məhrəm müzakirələrdə ortaya çıxmışdır. Ədiblərin yazdıqları ilə bərabər, xatirələrdə yaşayan mülahizələri də ədəbiyyata xidmət etmiş və bəzən ədəbi prosesə müəyyən istiqamət vermişdir. Ədəbiyyat xadimlərinin taleyinə, ədəbi mühitin bəzən başqalarına qapalı olan iç dünyasına diqqət buna görə də təbii görünməlidir.
Bu baxımdan görkəmli rus yazıçısı İlya Erenburqun (1891-1967) təxminən 60 illik ədəbi fəaliyyətini, bir çox məqamda bütövlükdə XX əsrin estetik-mənəvi axtarışlarını əks etdirən "İnsanlar, illər, həyat. Xatirələr" adlı 3 cilddən, 7 kitabdan ibarət əsəri böyük maraq doğurur.
İstedad və taleyin vəhdəti elə gətirmişdir ki, bu kitab həm müəllifin özü, həm də bütövlükdə XX əsr haqqında ədəbi salnamə kimi alınmışdır. Kitabın ən böyük dəyəri onun arxasında dayanan şəxsiyyətin bütövlüyüdür. Yüzdən çox kitab müəllifi olan İ.Erenburqun bütün əsərlərində personaj, situasiya və üslub oxşarlığı, əslində, eyniyyəti izlənir. Ədəbiyyata mədəniyyət fenomeni kimi yanaşan yazıçı hətta müharibə dövrünün publisistik əsərlərində, cəbhəçilərə ünvanladığı oçerklərdə də klassik və müasir ədəbi-mədəni konteksti canlandırır. Dante, Şekspir, Rasin, Nyuton, Qaliley, Renuar, Matiss, Eynşteyn, Heminquey kimi adlar sadəcə səslənmir, xüsusi fəal fon yaradır, hər bir fikrə, müşahidəyə bəşəri-humanist məzmun aşılayır. Dövrün demək olar ki, əksər nəhəng simaları ilə – Lenindən, Trotskidən, Buxarindən tutmuş Şaqala, Pikassoya, Meyerxolda, Konçalovskiyə, Eyzenşteynə, Tvardovskiyə, hətta general Vlasova qədər – təmasda olmuş İlya Erenburq hər bir hadisəyə fərdi mövqedən baxıb.
Bir tərəfdən, hələ on dörd yaşında 1905-ci il dekabr barrikadalarında iştirak, 1917-ci il inqilabını vəcdlə qəbul, artıq 1918-ci ildə isə Oktyabr çevrilişindən doğan təəssüf və köhnə Rusun vəsfi. Vətənində subyektivizimdə günahlandırılması, ifşalar, tənqid, təhdid, digər tərəfdən mühacirlərin onu yeganə «sovet pasportlu» emiqrant sayması. Sov.İKP MK katiblərinin sərt ittihamları və həm də Hitlerin 1945-ci il 1 yanvar əmrində onu «rayxın» ən təhlükəli düşməni adlandırılması. «Həkimlərin işi» ilə bağlı antisemit məktuba bir çox yəhudi xadimlərinin, o cümlədən V.S.Qrossmanın imza atdığı halda, Erenburqun Stalinə etiraz məktubu yazması, digər tərəfdən isə Stalin haqda təhqiramiz ifadələrə yol verməməsi, onun ağıl və iradəsini qeyd etməsi.
İlya Erenburq bütün dövrlərdə və bütün məsələlərdə həqiqəti deməyə çalışıb. "İnsanlar, illər, həyat" kitabı hər şeydən əvvəl ədəbi əsərdir, görkəmli ədibin hər hansı "izm" dən yüksəkdə duran etiraf, düşüncə, axtarışları, mövqeyidir. Eyni zamanda bu kitabın dəyəri ədəbiyyata dar milli çərçivədən deyil, böyük ədəbiyyat kimi yanaşmasıdr. Onun Maksimilian Voloşin tərəfindən verilmiş portreti əslində bu bəşəri – dərvişanə insanın ədəbi simasını səciyyələndirir – Monparnas Erenburqsuz təsəvvür edilmr, xəstəhal görkəmi, uzun, hamar saçları, donqar beli, əyri ayaqları, tozlu göy gödəkçəsi, tütün iyi ilə "bu dəqiqə döşəmə yuyulmuş adam" təsiri bağışlayan bu qəribə şəxsin Paris küçələrində zühuru adamları həyəcanlandırır və narahat edir, qarışıqlıq salırdı…
Erenburqun kitabından təqdim etdiyimiz təfriqələr böyük bir dövrün ədəbiyyatında daim qarışıqlıq salmış bir insanın axtarışlarını və eyni zamanda keçən əsrin əvvəllərindən formalaşmağa başlayan bir çox ədəbi cərəyanların ictimai, mədəni, ədəbi mühiti, ədiblər çevrəsi, görkəmli sənətkarların portret cizgilərini, bütövlükdə dövrün ədəbi təbəddülatını əks etdirir…
İlya Erenburq
“İnsanlar, illər, həyat. Xatirələr”
Mən çoxdan həyatda qarşılaşdığım bəzi insanlar, iştirakçısı və ya şahidi olduğum bəzi hadisələr haqqında yazmaq istəyirdim; ancaq dəfələrlə işi kənara qoyurdum: ya şərait imkan vermirdi, ya da tərəddüd – insanın, səhnənin illərlə solğunlaşmış obrazını yarada bilərəmmi, yaddaşa arxalanmaq olarmı. İndi isə mən axır ki bu kitabı başladım – artıq sonraya saxlamaq olmaz…
…Şahidlər susanda əfsanələr yaranır. Biz bəzən "bastiliyalara həmlə" deyirik, halbuki Bastiliyaya heç kim həmlə etməyib – 1789-cu ilin 14 iyulu Fransa inqilabının bir epizodu olub; parislilər asanca türməyə daxil oldular, burada isə çox az məhbus aşkarlandı. Lakin məhz Bastiliyanın alınması Respublikanın milli bayramı oldu.
Yazıçıların sonrakı nəsillərə çatmış obrazları şərtidir, bəzən də gerçəkliyə tam ziddir. Yaxın vaxtlara qədər Stendal oxuculara eqoist görünürdü, yəni öz şəxsi hisslərinə mübtəla olmuş insan kimi. Əslində isə o, ünsiyyətcil idi və eqoizmə nifrət edirdi. Belə qəbul olunub ki, Turgenev Fransanı sevirdi, axı orada çox vaxt keçirmiş, Floberlə dostluq etmişdi; əslində isə o fransızları anlamır və sevmirdi. Bəziləri Zolyanı hər cür ləzzəti dadmış adam sayır, - "Nana"nın müəllifi kimi; başqaları, Dreyfusun müdafiəsində rolunu xatırlayaraq, onda ictimai xadim, ehtiraslı tribun görür; həqiqətdə isə bu, az-az rast gəlinən ailəcanlı şəxs son dərəcə ədəbli, həyatının axır illərini saymasaq, Fransanı sarsıdan vətəndaş fırtınalarından uzaq bir adam idi…
…Mən keçmiş haqqında rabitəli danışmaq istəmirəm – gerçəkliklə təxəyyülü qarışdırmaqdan acığım gəlir; eyni zamanda mən çoxlu roman yazmışam, bunlarda şəxsi xatirələr müxtəlif uydurmalar üçün material olub. Mən xatirələrlə keçmiş haqqında fikirlərimi qarışdıraraq ayrı-ayrı insanlar, müxtəlif illər haqqında danışacağam. Yəqin ki, bu, dövr haqqında deyil, özüm haqqında kitabdır. Əlbəttə, mən tanıdığım bir çox adamlar - siyasi xadimlər, yazıçılar, rəssamlar, xəyalpərəstlər, avantüristlər haqqında danışacağam; bəzilərinin adı hamıya tanışdır; lakin mən biganə salnaməçi deyiləm və bunlar yalnız portret cəhdləri olacaq. Elə hadisələri də, irili-xırdalı, tarixi ardıcıllıqla deyil, mənim kiçik taleyimlə, bugünkü fikirlərimlə əlaqədar təsvir etməyə çalışacağam…
…Mən Parisdə Migel Unaminonu xatırlayıram – o, Primo de Rivera dövrünün mühacirlərindən idi; «Rotonda» kafesində oturur və kağızdan əcdahalar və öküzlər kəsirdi; sonra onun masası arxasına insanlar əyləşir və Unamuno onlara deyirdi ki, Fransada Qüssəli Cəngavər Obrazı (O özü Don Kixota oxşayırdı) yoxdur, olmayıb və heç vaxt olmayacaq. Londonda dumandan və riyakarlıqdan boğulan Ernst Tolleri xatırlayıram; o, didərginliyə dözmədi və intihar etdi. Can Rişar Blok müharibə illərini Moskvada keçirdi; böyük iradəli bu insan xiffətini gizlətməyə çalışırdı, ancaq Fransadan danışanda onun qüssəli gözləri daha da kədərli olurdu; "Nasional" mehmanxanasının otağının divarında çoxdan çəkilmiş fransız siqaretlərinin büküldüyü mavi kağız asılmışdı.
Pablo Neruda Praqa mehmanxanasının otağında, iri və hərəkətsiz, qədim astek tanrısı kimi otururdu; ancaq Sakit okean sahillərinin balıqqulaqlarından danışan kimi sifəti canlanırdı; o, Çili diktatorlarından birinin oyunlarından hiddətlə danışırdı – hiddət və eyni zamanda nəvazişlə: hər halda diktator çilili idi. 1946-cı ildə, Parisda olarkən, mən ağır xəstə, üç qat qalmış A.M.Remizova baş çəkmək qərarına gəldim. O, tənha idi, xiffət və səfalətdə yaşayırdı. O, niyə mühacirətə düşdü? Çətin ki, özü də bunu izah edəydi. Deyirdi ki, yuxuda Rusiyanı, köhnə dostları, tələbəlik dövrünün Peterburqunu görür. Otaqda isə rus rəsmləri, rus heyvancıqları və əlbəttə ki, rus şeytancığları asılmışdı…
…Paris mənim xoşuma gəlirdi, ancaq mən kimin yanına gedəcəyimi bilmirdim. Mən sərgiyə getdim və dəhşətə gəldim. Rəssamlıq haqqında mənim heç bir təsəvvürüm yox idi; mənim Moskvadakı otağımda divardan "Nə böyük məkan" və "Ölülər adası" açıqcaları asılmışdı. Mən fikirləşirdim ki, rəsm mürəkkəb sücetli olmalıdır, burada isə rəssamlar ev, ağac, daha pisi – almalar təsvir edirdilər.
"Fransız komediyası" teatrında məhşur aktyor Mune-Syulli çar Edipi oynayırdı. Mən yalnız Bədii Teatrı qəbul edirdim; hesab edirdim ki, səhnədə hər şey həyatdakı kimi olmalıdır. Mune-Syulli yerində donub qalır, sonra irəli bir neçə addım atır, yenə dayanır və yaralı aslan kimi nərə çəkirdi: "O, bizim həyat necə zülmətdir!..". Bir neçə il sonra mən anladım ki, o böyük aktyor imiş, ancan həmin vaxt mən sənətin nə olduğunu bilmirdim və dözməyib bərkdən güldüm. Mən qalerkada əsil teatrallar arasında oturmuşdum və özümə gəlməmiş əzilmiş böyürlərimlə küçəyə atıldım…
* * *
… Mən indi 1949-cu ili xatırladım. O vaxt bəziləri məni «kosmopolit» adlandırırdı. Həqiqətən, bundan yaxşı hədəf tapmaq olmazdı: hər şeydən əvvəl mən uzun müddət Parisdə yaşamışdım – həm zərurətdən, həm də könüllü. O vaxtlar bir çoxları "pasportsuz avaralar"dan danışmağı xoşlayırdı, qeydiyyat haqqında arayış az qala həlledici idi. Bəs axı vətən hissi məhz qürbətdə güclənir; həm də çox şeyi daha yaxşı görürsən. Heyne "Qış nağılı"nı Parisdə yaratmışdı; Turgenev də orada "Atalar və oğullar"ı yazıb; Qoqol "Ölü canlar" üzərində Romada işləyib; Tütçev Münxendə Rusiyadan yazıb, Romen Rollan İsveçrədə Fransa haqqında, İbsen Almaniyada Norveçdən, Strindberq Parisdə İsveçdən; "Artamonovların işi" İtaliyada yazılıb; və sairə…
***
… İlk dəfə Verlenin cildi əlimə düşdü; onun nəğməkar istedadı, kədərli və qəribə taleyi məni həyəcanlandırdı. Sen-Mişel bulvarında kafedə ofisiant mənə ehtiramla əzik divan göstərdi: «Burda həmişə cənab Verlen əyləşib…"Mən «zavallı Lelian" haqqında yazmışdım (Verleni qocalıqda belə adlandırırdılar):
Za svoim absentom, molça, temnoy noçğö
On dosijival do utrenney zvezdı,
İ torçali v besporədke kloçğə
Pereputannoy i qrəznoy borodı…
(Qaranlıq gecədə, sakitcə, absenti ilə
Dan ulduzuna qədər əyləşərdi
Və qarışıq, çirkli saqqalının lopaları pırtlaşardı...)
Yenə də yad şer alınırdı, mən onlarda öz səsimi eşitməzdim.
***
Mən şair Fransis Jammın kitabını oxudum: o kənd həyatından, ağaclardan, kiçik Pireney ulaqlarından, insan bədəninin hərarətindən yazardı. Onun katolikliyi asketizm və xudbinlikdən uzaq idi: o, deyək ki, cənnətə ulaqlarla birlikdə düşmək istərdi. Mən onun şerlərini çevirdim və onu təqlidə başladım: panteizm mənə çıxış yolu kimi göründü. Mən şəhərdə böyümüşdüm, ancaq yeniyetməlikdən küçələrin labirintində sıxılırdım, yalnız təbiətlə üz-üzə özümü azad hiss edirdim. Qısa müddətə məni Jammın fəlsəfəsi cəlb etdi – o həm göyərçin və həm də qırğıya haqq qazandırırdı. (Mən quşlardan danışıram, cəmiyyətdəki siniflərdən yox). Məni çoxdan belə bir məsələ düşündürürdü: şər haradan gəlir? Dualizm məndə ikrah doğururdu; mən əvvəlki kimi burjuaziyanı qəbul etmirdim, ancaq mən artıq bilirdim ki, bütün məsələlər istehsal vasitələrinin ictimailəşməsi ilə həll oluna bilməz. Mən ağacların və ulaqların tanrısından yapışdım. Fransis Jamm onunla görüşə icazə verdi; o Ortezdə yaşayırdı. İspan sərhəddi yaxınlığında. Onun səliqəli saqqalı və mehriban səsi var idi; məni ata kimi qəbul etdi, rusca şer oxumağımı xahiş elədi, ev şərabına qonaq etdi və Parisdə yeni başlayan istedadlı yazıçı – Fransua Moriakla görüşməyimi məsləhət bildi. Mən nəsihət gözləyirdim, Jamm isə özünü mehriban, sayqılı göstərdi. O mənim xoşuma gəldi, ancaq anladım ki, o, Assizli Fransisk və Zosima ata deyil, yalnız şair və xeyirxah insandır; oradan mən ürəksiz qayıtdım.
Mən Jamma "Uşaq üçün" şerlər məcmuəsi həsr etdim; Ortezdə keçirdiyim günü xatırlayırdım:
Zimnee solnüe skvozğ okna svetit,
Na polu iqraöt vaşi deti.
U kamina staraə sobaka, qreəsğ, spit i qromko dışit.
V kamine trehat elovıe şişki.
Vı qovorite, a ə sluşaö i dumaö –
Otkuda v vas stolğko pokoə,
Dumaö o tom, çto menə jdet doroqa uqrömaə,
Vokzal i propaxşiy dımom poezd…
(Qış günəşi pəncərədən düşür,
Döşəmədə uşaqlarınız oynayır.
Soba yanında qoca it qızınaraq
yatır və bərk nəfəs alır.
Sobada şam qozaları çırtıldayır.
Siz danışırsız, mən dinləyir və fikirləşirəm –
Bu qədər rahatlıq sizdə haradan,
Düşünürəm ki, məni boz yol gözləyir
Vağzal və tüstü hopmuş qatar…)
Beləcə həyat müəllimini deyil, kənddəki əziz dayını xatırlayırlar….
***
Uşaqlaşmam tezliklə məni bezdirdi. Mən Giyom Apollineri təqlidə başladım. (Əlbəttə mən kimisə təqlid edəndə, bunu görmürdüm, həmişə elə gəlirdi ki, keçən il həqiqətən kimisə yamsılamışam, indi isə öz səsimi tapmışam).
Arabir mənim şerlərimi "Hamı üçün yeni jurnal", "Rus sərvəti", "Hamı üçün həyat", "Rus fikri" dərc edirdi. Mən V.Q.Korolenkodan14 qısa, ancaq səmimi məktub almışdım. Mənim bütün arxivim itmişdi. Mən Korolenkonun məktublar kitabında A.Q.Qornfeldə15 məktubunu tapdım; Vladimir Qalaktionoviç 1913-cü ilin baharında mənim iki şerim haqqında yazırdı: "Məncə, ilk sətirlər çox yaxşı və dövrə uyğundur:
Znaçit, snova meçtı o Rossii
Lişğ naprasno prisnivşiysə son.
Znaçit, snova – doroqi çujie…
İ po nim ə idti obreçen»
(Deməli, yenə Rusiya haqqında arzular
Əbəs gördüyümüz yuxudur.
Deməli, yenə yad yollar….
Və bu yollarla getməyə məhkumam.)
***
Mən Senanın sahillərini dolaşır, köhnə kitablar olan qutuları eşələyirdim. Bukinistlər mənə dəri və ya perqament üzlü cildlərdən daha qədim görünürüdü. Orada mən hərdən bukinistə oxşar yaşlı adamla rastlaşırdım; o, kitabı, bağban armudu götürdüyü kimi əlinə alırdı – şövqlə və eyni zamanda işgüzar; bu, Anatol Frans idi (sonradan mən heç vaxt onu görmədim; 1924-cü ildə onun dəfnində oldum – bu köhnə epikürçü və kommunistin tabutunu senatorlar və fəhlələr, akademiklər və yeniyetmələr müşayiət edirdi. 1946-cı ildə Anatol Fransın nəvəsi mənə babasının Tur yaxınlığında, Lya-Başellerdəki evini göstərirdi – mən gördüm ki, bü epikürçü kitabpərəst, estet deyilmiş, o canlı insan imiş: ev kolleksiyalarla yox, həyatın illəri, səyahətlər, ehtiraslar, görüşlərin nişanələri ilə dolu idi. Rəfdə yəqin ki, Anatol Fransın mənim yanımda Sena sahillərində aldığı kitablardan da var idi).
***
Bir dəfə necəsə köhnə psaltır və pastorallar arasında əlimə Baratınskinin "Eda" sı düşdü. Titul vərəqində "Prosper Merimeyə, bizim böyük Puşkinin tərcüməçisinə. Yevgeniy Baratınski" yazılmışdı. Mən kitab üçün altı su ödədim və elə oradaca oxumağa başladım. Sena ağır-ağır yırğalanır, barjada ətli-canlı pişik yatırdı. Qarşıda ölüxana var idi, səhər alatorandan ora hallı parislilər gəlirdi – intihar etmişlərin meyitlərinə baxmağa. Notr-Dam kilsəsi göyümtül dumanda daş bağa oxşayırdı. Baratınski yazırdı:
Prişleü ispolnen smutnoy dumı:
Ne mira lğ davneqo lejat
Pred nim razvalinı uqrömı?
(Qərib qarışıq fikirlərlə dolu:
qarşısındakı
qədim dünyanın boz xarabalıqları deyilmi?)
Xarabalıqlar, yeri gəlmişkən, bəzən çox uzunömürlüdür: Afina Akropolu iyirmi beş əsr ciddi cəhdlə onu dağıdan insanların məskənlərini tək mənən yox, həm də maddi cəhətdən ötüb keçib.
***
Parisdə keçmiş indiylə qovuşur. Bu, qəribə şəhərdir – o, planla tikilməyib, meşə kimi artıb. Uçuq evin ədəbsiz yazılar, sevgi etirafları, seçkiqabağı söyüşlərlə dolu, zavallıların daldalandığı divarlarının yoldan keçənlərin riqqətli baxışlarına, dövlətin himayəsinə tam haqqı çatır.
Dünənki və sabahkı günün harda olduğunu anlamaq mənim üçün çətin idi: Parisin öz təqvimi vardı. Sosial inqilabdan danışarkən Jores antik miflərə istinad edir, Mune-Syulle Edip rolunda olduğu kimi çığıırır və əl-ayaq edirdi. Kilsələrdə mən tez-tez tələbələri görürdüm – həkimləri, fizikləri – onlar alınlarını müqəddəs su ilə isladır və zəng çalınanda birgə diz çökürdülər.
Şair Şarl Pegi Janna d'Ark haqqında yazır və katolik hesab olunurdu. Onun şerləri xoşuma gəlirdi: yüz dəfə eyni şeyi təkrarlayır və hər dəfə əvvəlkindən kənara çıxırdı… Bir dəfə "Kaye de lya kenzen" redaksiyasında onunla söhbət edirdik. Fikirləşdim ki, din, Berqson, messianlıq haqqında danışacaq, ancaq Rusiyadan söz saldı: "Mən sizin yazıçıları bir qədər tanıyıram. Bəlkə də, pul hökmranlığını ilk dəfə ruslar yıxacaq…"
Mən Fransua Viyonun şerlərini oxudum; XV əsrdə yaşayıb, oğru və quldur olub:
Ot jajdı umiraö nad ruçğem.
Smeösğ skvozğ slezı i trujusğ iqraə.
Kuda bı ni poşel, vezde moy dom,
Çujbina mne – strana moə rodnaə.
Ə znaö vse, ə niçeqo ne znaö
(Çeşmə başında susuzluqdan ölürəm,
Gözü yaşlı gülürəm, oynayaraq çalışıram.
Hara getsəm, hər yerdə evim var
Qürbət – doğma yurdumdur,
Mən hər şeyi bilirəm, mən heç nə bilmirəm.)
Bundan əvvəl isə yeni poeziyanın banilərindən sayılan Mallarmenin şerlərini çevirmişdim. Anladım ki, Fransua Viyon mənə "Favnın nahardan sonrakı istirahəti" müəllifindən daha yaxındır. "Qırmızı və qara"nı dönə-dönə oxuyurdum; çətin təsəvvür etmək olurdu ki, bu romanın səksən yaşı var. Ətrafımda hamı deyirdi ki, müasirliyi açan yazıçı Andre Ciddir; onun "Dar qapı" romanını əldə etdim. Mənə elə gəldi ki, bu kitab XVIII əsrdə yazılıb, müəllifin sağ olması haqda fikirləşəndə gülümsədim – onu "Vye kolombye" teatrında görmüşdüm.
***
Hər şey gözlənilməz görünür və hər şey mümkün olurdu. Mən Klişi meydanı ilə gedir, şeir qoşurdum, qəfil meydan adamlarla doldu. Adamlar çığırır, polis səddini keçməyə və ispan səfirliyinə yaxınlaşmağa çalışırdılar: anarxist Ferreronun edamına etiraz edirdilər. Atəş açıldı, həmin an barrikadalar quruldu; omnibusları aşırdılar, fanarları yıxdılar. Yanan qaz fontanları aləmi bürüdü. Mən dəqiq bilmirdim, Ferrero kim olub və onu niyə edam ediblər; anjaq hamıyla birgə qışqırırdım. Elə gəlirdi ki, bu, inqilabdır. Bir neçə saat sonra Klişi meydanında adamlar sakitjə kofe və ya pivə içirdi…
Parisi o vaxt "dünyanın paytaxtı" adlandırırdılar və həqiqətən, burada yüzlərlə müxtəlif ölkənin nümayəndələri yaşayırdı. Makedoniyalılar səs-küylü mitinqlər keçirirdi. Çinli tələbələr respublika elan olunmasını bayram edirdilər. Polyak və portuqal, fin və ərəb, yəhudi və çex qəzetləri çıxırdı. Parislilər Stravinskinin "Müqəddəs bahar"ını, italyan futuristi Marinettini, d'Annunsionun misteriyasını səhnələşdirmiş İda Rubinşteyni alqışlayırdılar. "Dünyanın paytaxtı" eyni zamanda dərin əyalət idi. Paris məhəllələrə bölünürdü; hər birinin öz dükanları, kiçik teatrları, rəqsləri olan baş küçə var idi. Hamı bir-birini tanıyırdı, küçələrdə qeybət qırır, bulkaçıdan, mexanik Canın arvadının ona buynuz qoymasından danışırdılar…
***
…Kafeyə tanışlarla görüşmək, siyasətdən danışmaq, qeybət etmək üçün gedirdilər. Müxtəlif peşə sahiblərinin öz kafeləri var idi: vəkillərin, mal-qara alverçilərinin, rəssamların, cokeylərin, aktyorların, senatorların, sutenyorların, yazıçıların, xəzçilərin...
Coresin tərəfdarlarının getdiyi kafeyə Gedın tərəfdarları getməzdi. Şahmatçıların yığışdığı kafelər var idi – burada Lasker və Kapablankanın tarixi partiyaları oynanılırdı…
Mən "Klozern de lily" kafesinə gedərdim – rusja "Yasəmənli xutor" deməkdir; burada heç bir yasəmən yox idi; ancaq bir stəkan kofe sifariş verib, kağız xahiş etmək və beş-altı saat yazmaq olardı ( kağız pulsuz idi). Çərşənbə axşamları "Klozern de lilya"ya fransız yazıçıları, əsasən, şairlər toplaşardı…
* * *
Sənət məni getdikcə daha çox özünə çəkirdi. Şeirlər yalnız bifşteksləri deyil, "Darıxdırıcı əhvalat"ın qəhrəmanının və onunla bahəm Çexovun xiffətində olduğu "ümumi ideya"nı da əvəz edirdi. Yox, xiffət qalırdı: mən sənətdə rahatlıq yox, ehtiraslı hisslər axtarırdım. Mən rəssamlarla dostlaşdım, sərgilərə getməyə başladım. Hər ay şairlər və rəssamlar müxtəlif bədii manifestlər bəyanlayır, hər şeyi və hamını alt-üst edir, ancaq hər şey elə yerində qalırdı…
… Paris mənə çox şeyi öyrətdi, mənim dünyamı genişləndirdi. Çox vaxt bu şəhər şənliklə bağlanır; fikrimcə, Paris kədərlə gülümsəməyi bacarır – onun evləri, şairləri, qızlarının gözləri belədir; kədərdə sevincli, sevincdə kədərli olmaq xisləti onu gah qanadlandırır, gah da qanadlarını qırır…
… Paris məni öyrədir, zənginləşdirir, ayağa qaldırır və yıxırdı. Bu, qaydasında olan bir şey idi: insan nəsə qazananda eyni zamanda nəyisə itirir – irəli gedir və dünən sənin həyatını təşkil edən sevinc və kədərlə əbədi vidalaşırsan…