Kulis.az Elmir Həsənin Xalq yazıçısı Anara həsr etdiyi "Anarın ədəbi-tənqidi görüşlərində mövzu dəyişikliyi, fəlsəfi yük və sevgi ekspansiyası" yazısını təqdim edir.
Filologiya elmləri doktoru Cahangir Məmmədli “"Anar dünyası"na elmi-publisistik səyahət” adlı məqaləsində yazır:
“Azərbaycan və eləcə də dünya ədəbiyyatının klassik nümayəndələri sırasına qoyula biləcək yazıçı Anarın yaradıcılıq dünyası polifonik formatda olub təkcə bədii sözə marağı olan kəslər üçün deyil, habelə elm adamları, filosoflar və digər elitar zümrə üçün də ciddi əhəmiyyət kəsb edir”.
Bu mənadan yanaşsaq, demək çətin deyil ki, Anarın həm çoxcəhətli yaradıcılığına daxil olan ədəbi-tənqidi görüşlərində, həm də bədii yaradıcılığında yazdığı əsərlərdə mövzu intibahı yaşanır. Onun əsərlərinə yalnız bir mövzu hakim deyil, bir əsərin daxilində müxtəlif mövzularla qarşılaşırsan və heç bir halda cümlələrin zəncirvari əlaqəsi hansısa hissədə uyğunsuzluq ucbatından kəsilmir. Əsərlərin mövzu zənginliyi iyerarxik istiqamətdə inkişaf edir. Məhəbbət, eşqdən doğan xatirələr, mənəvi zəiflik, xarakter melanxoliyası xüsusən də 60-cı illər əsərləri üçün üstünlük daşıyan mövzulardır. "Mən, sən, o və telefon" əsərinin ideya başlanğıcı da bu kontekstdə epik təxribatdan çox uzaqdır.
"Dünən sənin telefonun öldü. Ölən yalnız adamlar olmur ki... Telefon nömrələri də ölür. Ömrün boyu çox rəqəmləri unudacaqsan: pasportunun nömrəsini, axırıncı işində aldığın maaşını, dostunun avtomobilinin nömrəsini, aya qədər olan məsafəni, yaşadığın şəhərin əhalisinin sayını. Başqa rəqəmləri. Hamsını unudacaqsan".(S 331. ANAR. əsərlər. I cild, Nurlan, Bakı, 2003, 578 səh)
Ümumiyyətlə, Anar yaradıcılığında zaman məfhumu önəmli faktordur. İnsan həyatının başladığı andan, yəni cismin ana bətnində formalaşmağa başladığı müqəddəm günlərdən zaman ən yüksək mərtəbəyə yüksəlir. "Taksi və vaxt" hekayəsində də bu məqamlar geniş şəkildə ortaya qoyulur. Ancaq burada vaxt əsas detal deyil və məqsəd də bir başqadır.(I Fəsildə əsaslandırılıb)
"Mən, sən, o və telefon" hekayəsində telefon maraqlı detal olaraq qoyulub. Telefon əsərdə, həm də gələcəyin futuristik elementidir. Əlaqənin şəxsi simvolu kimi telefon hər birimizin ünsiyyət vasitəsinə, həyatın nəfəs qədər vacibiyyət, müasirlik xüsusuna çevrilmişdir. Telefon eyni zamanda sevginin simvolu sayıla bilər. Anar bu məqamı çox gözəl duyur. Onun üçün də telefonu adi bir zarafatdan başlayan və mənəvi məhəbbətə gedən yolun poetik təfərrüatı kimi qoyur.
Həyatda ən ideal, yadda qalan məqamlar təsadüflərin nəticəsidir. Məhz Seymur da Mədinə ilə belə təsadüflərin birində tanış olmuşdu. Amma bu tanışlıq əvvəlindən-axırına qədər telefon arxasındaca asılı qalmışdı.
Baxırsan ki, o qədər də önəmli, adamyandıran hadisə deyil, amma pərakəndə fikirlər şüurun qaranlıq bir küncündə oturuşub adamı hər hansı qarşılaşmada, yatanda, oyananda məşğul edir.
Mərhum şairimiz Vaqif Səmədoğlu ""Dantenin yubileyi" haqqında düşüncələr" məqaləsində yazırdı:
"Anarın yazdığı hər mətndə çox böyük biliklər ehtiyatı və ümidlər zənginliyi toplanır. O, bilmədiklərini bilmək ehtirasıyla və artıq bildiklərini, təcrübəsini bölüşmək həvəsiylə yaşayır, yazır. Bir sözlə, bayaq söylədiyim kimi, qabında nələr varsa səxavətlə xərcləyir".
Qeyd etmək lazımdır ki, Anarın Azərbaycan ədəbiyyatı üçün yaradıcılığı şübhəsiz ədəbi struktura təşkil edir. Onun əsərlərini oxuyan oxucunun düşüncəsində fikir zənginliyi yaranır. Ədəbiyyatda müəllifin üzərinə düşən əsas məsuliyyət oxucunu düşündürməklə bərabər, həmçinin dilini zənginləşdirməkdir. Anar bunu ideal müəllif olaraq ilk növbədə nəzərində cəmləşdirir.
Anarın duyğusal ruhi aləmi yalnız onun şəxsi temperamenti deyil, eyni zamanda bu sentimental duyğular onun öz dilindən də açıq-aydın sezilir.
"Mən qəhrəmanlarıma canlı insanlar tək yanaşıram” deyən müəllif üçün qəhrəmanları reallıq hissindən həyatın heç bir kələ-kötür dönəmində məhrum deyillər. Yazıçıya görə, onlar ömrün müxtəlif zamanlarında sevə, sevilə, sevinə, kədərlənə də bilərlər, olur ki, əzab çəkirlər və bəzən də zamanından lap əvvəl, vaxtsız həyatdan köçürlər".
Anar üçün yaratdıqları obrazlar, onlara bəxş etdikləri həyat hadisələri bəzən onun özünü də incidir: “Qəribə görünsə də, mən bir müəllif kimi bəzən özümü personajlarım qarşısında günahkar hiss edirəm. Bu hissi izah da edə bilmirəm". Hər bir müəllif öz əsərinin Tanrısıdır. Ancaq həm də incəsənət – mədəniyyət və ədəbiyyat insanları Tanrının ən böyük təqlidçisidir. Tanrını bu sirli, ideal dünyamızda yalnız təqlid etmək mümkündür.
“Dantenin yubileyi” əsərində öz işini sevən, müştaq, saf, səmimi ruh sərgiləyən Feyzulla Kəbirlinskinin təsvirini verən yazıçı, həm də bütöv bir teatr ab-havasının real güzəranını təsvir obyekti halına gətirir. Feyzulla aktyorluq peşəsinə nə qədər can atsa da, bir o qədər bacarıqsızlığı var. " – Bu gecə bu qoca bu ocaq" ifadəsini doğru-düzgün intonasiya ilə deyə bilməyən Kəbirlinski həm də insanlığın məhzun görkəmidir. Əslində onun həyat meyarı saflıqla halallığın xəmirindən yoğrulub. Xarakterlərin mürəkkəbləşdiyi, düşüncələrin, ağlın yöndəmsiz formada bəsitləşdiyi dönəmlərdə insanlar arasında saflığa yer olmur. Dağlar yalnız quruda üzərində deyil, okean altında nə qədər dağlar uzanır - nə çox uzanır, dənizlər dağların da ucalığını əlindər alar gün gələr. Kəbirlinskinin qəlbindəki saflığı onu kənardakı yoldaşlarının gülüş obyektinə çevirir. O, özünü heç kimsədən üstün tutmur, amma bircə istəyi odur ki, çəkdiyi az-çox zəhmətinin dəyərini görməyin sevincini yaşasın, bu, həm də onu evdəkilərin gözündə gözükölgəli olmaqdan xilas edəcək. Atasının bacarıqsızlığı, təti olması oğlu Eldarı da qəzəbləndirir, məyus edir. Eldar rejissor köməkçisidir. Məcid onun atasını məsxərəyə qoyması ona xoş getmir. Ümumiyyətlə, Feyzullanın həyat yoldaşı Həcər də ona qarşı gileyli yanaşır. Evdə məzəmmətlə üzləşməsi onu mənəvi cəhətdən daha da sıxır. Xüsusilə də kənar təsirlərin qadına yansıması, (oxşar mövzuları Cəlil Məmmədquluzadənin “Şəhər və kənd”, Teodor Trayzerin “Kerri bacı” romanında da görmək mümkündür) bunun da ailənin daxili mahiyyətində fəsad yaratması ayrı bir faciədir.
Anarın yaradıcılığını geniş formada tədqiq edən yazıçı Pərvin Nurəliyeva “Anar dünyası” kitabında onun yaradıcılığının ilkin dövrlərinə daxil olan hekayələrini aşağıdakı kimi təhlil edir:
“Anarın əsas “tədqiqat” obyekti insandır. Və o, elə ilk hekayələrindən başlayaraq insana məxsus ən müxtəlif cəhətləri, cizgiləri qələmə alıb”.(82 səh)
O, daha sonra qeyd edir ki, yazıçının sonrakı illərdə qələmə aldığı əsərlərində daha aydın, açıq-aşkar görünən bir sıra fərqliliklərin və fərdi üslubunun əsası, fundamentallığı məhz ilk əsərlərində - hekayələrində qoyulub. Bu, həqiqətən də belədir. Belə ki, onun ilk əsərləri sabit mövzulardan daha çox, əsasən dəyişkən mövzularla əhatələnir. Publisistikası isə daha çox tənqidi görüşlər və milli-mədəni mövzuları özündə ehtiva edir.
60-ci illərin sonlarında isə ədəbiyyatda yenilikçi mövzuları, modernist üslubu ilə seçilən Anar yalnız ədəbi yenilik axtarışında deyildi, o, həm də dövrün real tərəflərini əsərlərində, məqalələrində ən çox qabardan yazıçılardan idi. Amma hər şeydən öncə qeyd etmək lazımdır ki, Anarı digər yazıçılardan fərqləndirən cəhət onun əsərlərinin aktuallıq dərəcəsinin daim keçərli olmasıdır.
Hekayə və povestlərində qoyulan problemlər günün bu günündə də yenidir. Yazıçı, publisist, ədəbiyyatşünas Məti Osmanoğlu bu əsərə bir qədər fərqli yöndən yanaşır, belə ki, onun yanaşmasına görə Feyzulla Kəbirlinski Cəlil Məmmədquluzadənin nadan insan kütləsinin şəklini "Ölülər", "Dəli yığıncağı" əsərlərində canlandırdığı formada təqdim etməsi ilə Anarın "Dantenin yubileyi" əsərindəki Feyzulla obrazını həmin əsərlərdəki ümumi insan kütləsi ilə eyniləşdirir. Ancaq digər tərəfdən baxanda nadanlığın, istedadsızlığın tənqidini yalnız Feyzullanın üzərində cəmləşdirməli deyilik. Çünki nadanlıq istedadsızlıqdan daha böyük faciədir, nəyinki qabiliyyətsizlik. Bununla bağlı bir əhvalatı xatırlayaraq, fikirlərinizi aydınlaşdırmaq istəyirəm:
"ABŞ ixtiraçısı Tomas Edisonun adı çoxuna tanışdır. Onun uşaqlığında baş vermiş hadisə də sosial şəbəkələrdə tez-tez paylaşıldığından kifayət qədər məşhurdur. Hadisənin məzmunu aşağıdakı kimidir.
Bir gün balaca Tomas məktəbdən qayıdarkən müəlliminin yazdığı məktubu anasına verir. Məktuba nəzər salan Nensi xanımın gözləri dolur. Sonra yüksək səslə oğluna oxumağa başlayır: “Sizin oğlunuz dahidir. Bu məktəb onun üçün çox kiçikdir və burada ona nəyisə öyrətməyə qadir müəllimlər yoxdur. Lütfən, onu özünüz öyrədin”.
Uzun illər sonra, artıq anası həyatda olmayanda, özü isə tanınmış ixtiraçı və iş adamı olan zaman Edison təsadüfən həmin məktubu tapır və oxuyur. Gerçəklikdə məktubda bu sözlər yazılmışdı:
“Sizin övladınız məhdud zəkalıdır. Biz ona digər şagirdlərlə birlikdə dərs keçə bilmərik. Ona görə də evdə müstəqil dərs keçmənizi tövsiyə edirik”.
Deyilənə görə, Edison kabinetinə çəkilərək bir neçə saat ərzində ağlayır. Daha sonra öz gündəliyində yazır:
“Tomas Alva Edison əqli cəhətdən məhdud uşaq idi. Lakin anasının qəhrəmanlığı sayəsində öz əsrinin ən böyük dahilərindən birinə çevrildi”.
Bəli, əsərdə də əsas faciə Feyzulla Kəbirlinskinin üzərində deyil. Ən böyük problem bacarıqsız insanın ətrafdakılar tərəfindən məsxərə obyektinə çevrilməsidir. Və Məti Osmanoğlunun qeyd etdiyi "Feyzulla Kəbirlinski də elə həmin kütlənin bir parçasıdır: istedadsız parçası!" fikrinin fərqli tərəfindən yanaşaraq anlamaq çətin deyil ki, məhz həmin kütlə kimilərin üzündən Feyzulla bu durumdadır. Çünki Feyzulla işini sevir, nə qədər uğursuz olsa da, canında-qanında, ruhunda mübarizlik əzmi var. Ancaq onun əlini soyudan, həvəsdən salan məhz kütlə təzyiqdir. Ümumilikdə Kəbirlinskinin yanında yoldaşları çox cahil görünürlər. Amma müəllif çox aydın göstərir ki, bu tipli insanların arasında saf, qəlbiyumşaq olmaq ayrı cür bəladır.
Anarın istər hekayə, romanlarında, istərsə də məqalələrində sevgi və sevginin tərzində fəlsəfi düşüncələr hakimdir. Qədim Yunan mifologiyasında gözəl, gözəgəlimli İlahə Afrodita dünyada hökmranlıq etdiyi zamanlarda Zevs kimi İldırımsaçan İlah onun elçisi idi. Afroditanın oğlu dəcəl, şən, qəddar, həm də hiyləgər Erot idi. Erot cəsarət, dəqiqlik, sürət sahibi kimi maraqlı xislət daşıyırdı. Erot məhəbbət ilahsəi kimi yalnız xoşbəxtliyin təntənəsini təmsil edir. O, həm də iztirab, mənəvi əziyyətin, nigaranlığın tərənnümçüsüdür. Erotun əlində kiçik qızıl yay, çiynində ox qabı, Erot hədəfi dəqiq vurur, amma bu hədəfin istinadgahı həmişə sevgi üçbucağı olmur. Afroditanın oğlu həm də gözəlliyin simvoludur. Gəncdir, hərəkətlidir. Amma onun hədəfi yer üzünə xoşbəxtlik, eyni zamanda şər, bədbəxtlik də ola bilir. Erotun daxili aləmi, həm də ziddiyyət üzərində qurulub ki, həm də bu ziddiyyətlər insan həyatının balansını təşkil edir. “Erotika” sözü də məhz Yunan ilahəsi Erotun adından götürülüb. Düşünməliyik ki, sevgi yalnız mənəvi baxımdan olmur, həm də fiziki tərəfdən də sevgi olur. Mənəvi sevgiləri fiziki sevgilərlə qarışdırmaq olmaz. Mənəvi sevgilərin xəmirində daha az məqsəd dayanır, ya da heç dayanmır. Bu cür sevgilərdən geriyə xoş xatirələr qalır. Ruhani sevgilərdə bir başqa niyyət olur, daxili aləm saflığın, təmizliyin, gözəlliyin, əxlaqın etik təsiri altında olur. “Gürcü familyası” hekayəsi Anarın gənclik duyğularının ifadəsidir. Əsərin mərkəz xəttində 2 nəfər – Oqtayla, Əsmər dayanır. Oqtay əsasən həssas qəlbə sahibdir. Onun dünyası çox gəncin daxili aləmi kimi ört-basdır halındadır; gəncliyində məhəbbət həyatı əslində yetəri qədər məna dolu ötüşüb. Bəzən həyatın hazırkı faktında çox çevrələrin diktəsi əlimizdə olsa da, zamanla hər şey dəyişir, fatalistlərin yanaşması göz önündə canlanır. Sonda bütün cərəyanların nəticəsi bədbinliyə söykənir. Fatalistlər belə düşünür ki, hadisələr tale tərəfindən əvvəlcədən müəyyən edildiyi üçün insanların onları dəyişdirmək üçün çalışmaları belə mənasızdır. Tanınmış yazıçı Albert Kamyu yazdığı “Yad” romanı ilə göstərdi ki, insan əvvəldən axıra qədər öz ölümünün kölgəsini izləyir; amma dünyada gəlib-keçmiş bütün insanlara heç də ölümün kölgəsinə yetişmək qismət olmur. Ölümün kölgəsinə günəşin qürubunda yetişmək isə fani insanların şüuruna xoşbəxtlik kimi hopur. Kamyunun qəhrəmanı isə öz taleyini bütün ömür pərişanlığına rəğmən çox adi halla yaşayır. Hətta anasının həyatdan köçdüyünü eşidəndə belə onun üçün heçnə dəyişmir, həyat bir insan üçün öz qeyri-adiliyini itirən zaman dünyada görülən şeylər insan şüurunda sonun bir hissəciyi kimi tamamlanır.
Fatalizm həyatın müxtəlif tərəflərində görünə bilər. Məsələn, əksər insanlar həyat vəziyyətlərini dəyişdirmək üçün heç nə edə bilməyəcəklərinə inanaraq, işlərinə fatalist münasibət bəsləyə bilərlər. Bu, onların yaşamın müxtəlif dövrlərində özünü bədbəxt hiss etməsinə və həvəsdən düşməsinə səbəb olur. Ona görə də insanın fərdi, özünəmənsub keyfiyyətlərini pozitivə yükləmək prosesində determinik xüsusiyyətlər məlumluq qazanır. Təbii ki, bu insanın fərdi xarakterikasının fəlsəfi tərəfləridir. Oqtay üçün də məhz bu cür bədbinliyin səbəbi zamanın insafsız keçişidir. Zaman insan üçün xatirələr arxivi yaradır. Yaşadıqca, zamanla xatirələr yaşanmışların “nekroloq”una çevrilir.
“- Bilirsən Moskvayla Bakının fərqi nədədir? Bakı dənizə dirənir, qatar son dayanacağa dirənən kimi. Bakı dənizdə qurtarır, bitir, necə başa salım səni, belə elə bil ki, dənizə tökülür, dənizə aşır, bax bu sahil evlərinin, ağaclarının əksiylə birlikdə suya düşür. Amma Moskva... Moskva qurtarmır, bitmir, yavaş-yavaş yoxa çıxır, kənarlarında əriyib gedir... - Bəlkə də sən düz deyirsən. Moskva tez–tez mənim yuxuma girir, istəyirəm hər şeyi atıb minəm təyyarəyə, lap sənin kimi, uçub gedəm. —Belə çıxır ki adam həmişə hardansa harasa getmək istəyir”.
İnsan həyatında yaşanmış məhəbbətin yeri dolmur, bu bəlli məsələ ətrafında dolanmaq heç bir nəticə verməz.
- Bir adamnan gəzib eləyirsən - deyə o, qəfilcə soruşdu. - Yox, - deyə mən ani cavab, verdim, sonra düşünüb tələsik: - "hə" demək istəyirdim, - dedim. Gördüm ki, çox gic çıxdı və dərhal zarafata saldım,
- Mən bəzən "hə" yerinə "yox" deyirəm. Əsmər sakitcəsinə: - Olur, - dedi. - Mən də ömrümdə bir dəfə “yox” əvəzinə “hə” demişəm"
Anar üçün zərif mövzular bütün dövrlərdə aparıcı olmuşdur. Onun yazıçı aləmi böyük zövq, vəcdlə yoğrulmuş məkanı xatırladır. Onun “Yaşamaq zamanı, sevmək, ölmək zamanı” yazısı Remarkın 1960-cı ildə 125 illiyi münasibətilə diplom işinin bir hissəsi kimi yazılıb. Həmin yazıda çox maraqlı ifadə yer alıb. Ernest Heminqueyin “ Əlvida, silah” romanından sitat gətirir: “Sevgilisi Henriyə müraciətlə Ketrin deyir: “Sən başqa bir qadınla mənimlə olduğun kimi olmayacaqsan, eləmi, bizim sözlərimizi deməyəcəksən ona”. Əsərdən gətirilən hissə sevginin acı uğursuzluğunun, bəzən insanı müxtəlif əzablara düçar etməsinin ağrısını duymaq üçün çox təsirlidir. Həmçinin, Anar üçün də adi bir ifadə deyil.
Məhəbbət – keçmiş və gələcək kimi insan təfəkküründə hörüklənmiş qəmqəribə bir hissdir. Məhəbbətin bu günü – indisi yoxdur. O, yalnız keçmiş və gələcəkdən ibarətdir. Müxtəlif leksik mənaları özündə konsentrasiya edən ən məsuliyyətli ifadədir. Amma bu anlayış qədər nisbi ikinci anlayış tapılmaz.
Qərb və Şərq fəlsəfəsində məhəbbət anlayışı daha ferqli ölçülərdə dayanır. Şərqdə məhəbbətin mənası fəlsəfə, din, Ədəbiyyat üçbucağında dövr edir. Daosizm fəlsəfəsi də bu sıranı təmsil edir. Daosizm fəlsəfəsində məhəbbət barəsində barədə hələ e.ə mühakimə irəli sürülmüşdür. Məhəbbət insanın ruhi aləminin Tanrı pilləsinə ucaldığı ilahi mərhələdir və əbədi deyil. Daosizmə görə, hər hansı bir şey həddindən ziya yüksələndə zidd-reaksiya verir. Misal kimi xoşbəxtliyin bədbəxtliyə çevrilməsi, bədbəxtliyin xoşbəxtliyə çevrilməsi əsasında qurulur.
“Həddindən artıq xoşbəxtlik kədərə çevrilir, Həddindən artıq bədbəxtlik sevincə çevrilir. Deməli, nəsə bir qüvvə mövcuddur ki, nəsə öz təbii sərhədlərindən kənara çıxdıqda, ifratçılıq (hybris) təntənə çaldıqda, nizam bərpa olur, olmalıdır və ya olacaqdır”. (fəlsəfə tarixi-Qunnar Skirbekk Nils gilye. səh 41)
Məna odur ki, məhəbbətin yeri sabitdir. Onun mənasının dayandığı məkan fədakaflığın ötəsində deyil. Məhəbbətdə fədakar olmamaq da mümkündür. Platonik sevgilər qəlbin qaranlıq küncündə torpağa qarışıb dünyanın sirli arxivinə düşür.