Həbsxana, anoreksiya və... - Fenomen Nihal Candanın faciəvi ölümünün səbəbi nə idi?

Həbsxana, anoreksiya və... - Fenomen Nihal Candanın faciəvi ölümünün səbəbi nə idi?
21 iyun 2025
# 16:10

Kulis.az Sahilə Yayanın “Sənin yaşamaq stilin” adlı yeni yazısını təqdim edir.

Məhkumları həbsxananın içində də cəzalandırırlar. Həbsxana qaydalarına uyğun davranmayan məhkumları hamıdan uzaqlaşdırıb tək kameralara salırlar. İnsan ancaq özü ilə qalır. İnsanın uzun müddət özü ilə tək qalması olduqca ağır cəzadır.

Türkiyənin sosial media fenomeni Nihal Candanın anoreksiyadan dünyasını dəyişməsinə üzüldüm. Qəhrəmanı bulimiyadan əziyyət çəkən roman üzərində çalışdığımdan, xəstəxanada olduğu müddətdə haqqında çıxan xəbərləri oxuyurdum, müsahibələrinə baxırdım. Eyni zamanda, o, mənə 2024-cü ildə Nobel almış Cənubi Koreya yazıçısı Han Kanqın “Vegeterian” əsərinin qəhrəmanını xatırladırdı. Yanına gəlib rils çəkən özü kimi fenomen dostları ona hansısa tərəvəzi yedirməyə çalışırdı, əti ümumiyyətlə yaxına qoymurdu. Tərəvəzlərə də dərin kədərlə baxırdı, sanki istehza edirdi: siz məni yaşatmaq üçün burdasız?

Bir neçə il öncə “İşte benim stilim” verilişi ilə tanınan Nihal o proqramda gözəlliyi, geyim üslubu, eyni zamanda kifayət qədər lovğa, digər iştirakçıları aşağılayan tərzi ilə tanındı. Daha sonra eyni verilişə bacısı da qatıldı və şou böyüdü.

Əsas ssenarisi qızları bir-birinin üstünə hücum etdirən bu tip verilişlər həm iştirakçılarda, həm tamaşaçılarda asılılıq yaradır, verilişin, konfliktin davamını görmək istəyirsən. Sosial şəbəkə isə hamıya bu davada tərəf saxlamaq, istədiyini aşağılamaq, sərt tənqid və təhqir etmək imkanı yaradır və hamımız bu anormal qurmanın, qarmaşanın iştirakçısına çevrilirik.

Kütlənin içində qəddar davranmağı, şəxsən tanımadığın adama zülm etməyi, başqasının diktəsi ilə diktatora çevrilməyi təhlil edən xeyli sosial psixoloji təcrübə var: Milqram təcrübəsi, Zimbardo həbsxana təcrübəsi və s.

Bu təcrübələrin əksəriyyəti bir nəticəyə gətirib çıxarır – sən öz adınla, başqasının təsiri və təzyiqi ilə şəkillənməyən kimliyinlə yaşasan, daha yaxşı insan ola bilərsən. Kütlənin içində görünməz olanda, şəxsini nikneymin arxasında itirəndə qorxulu varlığa dönə bilərsən.

Məqsədim, kimisə günahlandırmaq deyil, istəyim fərqindəlik yaratmaqdır. Bəzən, hətta çox vaxt öz yaşamaq üslubumuz olmur, başqasının ssenarisində istəmədiyimiz rolu oynayırıq. Demək istəyirəm ki, bu yazı elə də səliqəli yazı deyil, amma bu şəkildə olması anlaşılandır. Çünki dünya elə asan yer, insanlar sadə varlıqlar deyil. Ona görə insanları ittiham etməzdən, fərqli daxıllara yığıb ad qoymazdan öncə onları yaxından tanımalıyıq. Tanıyana qədər isə susmağı bacaraq. Bəlkə də, tanıdığımız zaman anlayacaq, mərhəmət duyacaq və sevəcəyik.

2023-cü ildə Nihal bacısı ilə birlikdə çirkli pulların dövriyyəsində iştirak və mafia birləşməsi ilə əlaqə ittihamı ilə həbs olunmuşdu. Həbsinin dördüncü ayında anoreksiya diaqnozu səbəbindən azadlığa çıxan qız müsahibəsində azadlıqdan məhrum olduğu müddəti təsvir edəndə qorxu və təlaşa düşür.

Qırıq-qırıq da olsa həbsxanadakı ilk gününü belə təsvir edir:

“Hər şeyimizi aldılar, bizə aid bircə ədyalımız da yox idi. Sanki bir illüziyanın içində idik. Hər şeydən qopduq”.

Nihal sosial media fenomeni olduğu müddətdə özü ilə bütün bağları qopmuş durumda idi. Həbsxanada isə onun əynindən hər şeyi soyundururlar: qızıl-zinyət əşyalarını, çox sevdiyi paltarları. Daha onu sevən və ittiham edən, tərifləyən və söyən kütlə də yoxdur. Artıq təkcə özü ilə qalmaq məcburiyyəti var. Bu, Nihala qorxuducu gəlir. Belə yaşamaq o qədər dözülməzdir ki, yaşamamaq daha rahat görünür. Özünün dediyinə görə, adı intihar olmayan yoxoluşu seçir, yaşam üçün zəruri funksiyalarını dayandırır, yemir, içmir.

Nihal həbsxanadan çıxandan sonra verdiyi müsahibədə olduqca yetkindir, nə yaşadığının fərqindədir. Müsahibə boyu dolayısı ilə iki şeydən – insanlardan və özündən qorxduğunu anlayırsan.

Ailəmizdə hər kəs alfa xarakterlidir, hamı öz həyatının ağasıdır, amma bir-birimizə sevgi ilə bağlıyıq. Alfa-lider xarakterli adamlar istəklərini basdırmırlar, məntiqlə daha az təşviş problemi yaşamalıdırlar. Lakin belə deyil – bu tip insanlar idarə edə bilmədikləri durumlarda dəhşətə gəlirlər. Nihal həbsxanaya düşənə qədər bütün durumları özü idarə etdiyini düşünürdü, azad olduğundan əmin idi, orada isə hər şeyi özü dizaynlayıb canlandıra bilməyəcəyini anladı. Dediyinə görə, yeganə təsəlli tapdığı məqam namaz qıldığı və yoqa ilə məşğul olduğu vaxtlar idi. Bu zaman kimliyinin fövqündə bir varlıq olduğuna inanırsan, ona tabe olursan, idarə və hökm etməyə çalışmırsan, bu dəfə təslimçilik rahatlıq gətirir.

Digər tərəfdən, alfa xarakterli insanlar çətinlikləri ilə həmən üzləşmirlər. Bunu da bacaracağam lozunqu ilə həyatlarına davam edirlər. Beyin isə qapalı və çox geniş yerdir, bütün sevinc və zədələri depolayır. Özümüzə belə açmadığımız sirrlər beynimizdə yer tutur, yüklənirik. Belə dolu beyində sevincə, azadlığa və rahatlığa yer qalmır. Onlar həyatımıza girən kimi dərhal çıxır, eyni zamanda daima onlara ehtiyac duyuruq, onları axtarırıq.

Nihal müsahibəsində çətinliklərin üzərində dayanmadığını, daim növbəti günə adladığını deyir. Bildirir ki, həbsxanadan çıxandan sonra yas saxlamır, həmən salona gedib saçını düzəltdirir, gündəlik rutininə qayıdır. Qəsdən olmasa da, yenə kütlənin yemi olur, onu arsızlıqda ittiham edirlər. Sağ qalmaq üçün sosial media hesablarını dondurur, uşaq tamaşalarında rollar oynamağa başlayır. “Uşaqlar olduqları kimidirlər, onlar məni rahatladır” deyir. Amma bu dəfə də rollar oynayaraq özündən qaçır. Beynini təmizləməli idi. Qəribədir ki, sirrlər danışılaraq yükdən azad olur, kədər onu çəkərək əriyib gedir.

“Bəzən axmaq rolu oynayırdım, əslində, medianın tanıdığı kimlik deyiləm” – deyir. Şərhləri oxuyuram, şəxsən tanıyanlar həqiqətən onun ekranlardan göründüyü kimi olmadığını yazır. Təəssüf ki, haqlıdır, müasir dövrdə öz kimliyinlə adamlara maraqlı deyilsən, çox vaxt axmaq versiyanla daha arzulanansan.

Nihalın faciəvi ölümü “Vegeterian”-ın sonuna bənzəyir. Bu şəkildə anoreksiya intihardır. Əsərin qəhrəmanı patriarxal cəmiyyətdə başqa cür mübarizə apara bilməyib, üsyanın bu şəklini seçir: “siz məni hər şeyə məcbur edə bilərsiniz, amma bədənim üzərində hakimiyyəti əlimdən ala bilməzsiniz”.

Anoreksiyanın bu şəkli hamı kimi olmamaq, yoxa çıxmaq, imtina, üsyan etməkdir. Nihal müsahibəsində dəfələrlə yorulduğunu deyir. Onu yoran kütlənin şousuna çevrilməsi, fərqli rolların içində var olması, həmişə, hər zaman özündən qaçmasıdır.

Sosial şəbəkədə minlərlə belə fenomen var. Əsl kimlikəri gizli, özləri üçün belə əlçatmaz, uzaq. Biz onları obrazları vasitəsilə görürük. Ünvanlarına yazdığımız sözlər onları incitməz sanırıq. İncidir. Nihalın ölümü o obrazların içində ətdən, sümükdən adamlar olduğunu bir daha göstərdi. Hamımızın çox vaxt özümüzün belə çata bilməyəcəyimiz uzaqlıqda uşaqca, məsum, məğlub ruhumuz var. Fərqi yoxdu harada – onlayn, ya oflayn, daşı həmişə o ruha atdığınızı bilin. Yaşamaq üslubunuzu bir də nəzərdən keçirin.

# 471 dəfə oxunub

Oxşar xəbərlər

"Məscid tikəcəyik" deyib pul yığanlar – Quldurları niyə sevirik?

"Məscid tikəcəyik" deyib pul yığanlar – Quldurları niyə sevirik?

18:50 21 iyun 2025
Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə tədbir keçirildi

Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə tədbir keçirildi

18:20 21 iyun 2025
Caz səhnəsinin pioneri vəfat edib

Caz səhnəsinin pioneri vəfat edib

17:20 21 iyun 2025
Polşa muzeyləri təxliyə edəcək  – Rusiya ilə müharibə olarsa...

Polşa muzeyləri təxliyə edəcək – Rusiya ilə müharibə olarsa...

16:15 21 iyun 2025
“Başlıbel: mühasirə gündəliyi”  filminin premyerası keçiriləcək

“Başlıbel: mühasirə gündəliyi” filminin premyerası keçiriləcək

15:53 21 iyun 2025
Çap və onlayn media ilə bağlı müsabiqənin nəticələri açıqlandı

Çap və onlayn media ilə bağlı müsabiqənin nəticələri açıqlandı

15:07 21 iyun 2025
# # #