Göy və qırmızı - Anar Şamilin hekayəsi

Göy və qırmızı - Anar Şamilin hekayəsi
4 noyabr 2023
# 16:27

Kulis.az Anar Şamilin "Göy və qırmızı" hekayəsini təqdim edir.

Eşidilən partlayış səsi hamının diqqətini bir nöqtəyə yönəltdi. Hər kəs masasını tərk edərək baş vermiş hadisəni daha yaxşı seyr etmək üçün pəncərə önünə gəldi.

Ofis otağının pəncərəsinin önündən qəsəbəyə aparan əsas yol keçir. Bu səbəbdən daim maşın axınının təsirində olan yol öz taleyi ilə barışaraq, çarəsiz şəkildə maşınların təkərləri altında uzanmışdı. Gözlərini göyə zilləyərək, dayaq nöqtəsi yer olsa da, insan kimi göylərdən nəsə axtarırdı. Yolun kənarında park salınmışdı. Öz gözəlliyi, yaşıllığı və səs-küyü ilə ofisdə kompüter arxasında əyləşən bizlərə sanki acıq verirdi. Hərdən kompüterin arxasından başımı qaldırıb, məqsədsiz şəkildə parkda qaçışan balaca uşaqları seyr edirəm. Sadəcə sərbəst qaça bildiklərinə görə necə sevinirlər. Biz böyüklər uşaqların əlində olandan çoxuna sahibik, amma onlar kimi sevinə bilmirik. Ya da onlar dünyada digər nemətlərin olduğundan xəbərsizdilər. Baxış horizontumu uzaqlaşdırsam, yeni tikilmiş məscidin günbəzləri görünür. Mənə istər kilsədə, istər məsciddə göyə ucalan bir günbəzin olması maraqlı gəlir. Sanki hər hansısa dalğada günbəzlər vasitəsilə Tanrıya məlumat ötürürlər. Məscidə baxdıqda bədənimə və düşüncələrimə sükut çökür, içimdə bir rahatlıq dövriyəyə girir. Kitab üzərindən inanca sahib biri deyiləm, o üzdən hisslərim arasındakı sülh qəribə təsir oyadır.

Pəncərə önündən hadisəni seyr edən həmkarlarım gördükləri haqda fikir bildirməyə başladılar. Deyilən cümlələrdən biri diqqətimi cəlb etdi.
Seyrək qara saçları vardı. Saçlar tökülmək, Rövşən isə onları saxlamaq uğrunda mübarizə aparırdı. Hər dəfə yeni dərman tapdığını deyirdi. Ümidləri və arzuları çox sevirdi. “İnanırsansa, baş verəcək” dilemmasını özü üçün şüara çevirmişdi, amma praktikada bunu göstərə bilmirdi. Ən son xaricdən sifariş verdiyi avtomobilinin məzuniyyətdə olduğu dövrdə gələcəyinə inanırdı. Lakin maşını işə qayıtdıqdan on gün sonra təhvil aldı. Hər bir halda ofisdə ən çox onun mübarizə aparmaq üçün cəsarət və enerjisi vardı. “Məncə, işimizə qayıtsaq, daha yaxşı olar, ayırdığımız vaxta dəyməyən bir hadisəni seyr etməkdənsə, icraatda olan sənədləri azaltmaq lazımdır”, – dedikdən sonra hər kəs onunla razılaşdı.

18:00-dan sonra ofisdəki insanlar bir-bir otağı tərk etməyə başlamışdı. Ən son isə otağı özüm tərk etdim. Kitabı götürmək üçün iş yerimdən uzaqda olmayan və kirayə qaldığım evimə qayıtdım. Rəfdən Orxan Pamukun “Səssiz ev” kitabını götürüb evdən çıxıram. Kofe, səssizlik və kitabdan zövq almaq üçün şəhərin səs-küylü küçələrindən birində yerləşən məkana gedirəm. İndi “Azadlıq” metrosunun pillələri ilə enirəm. Metronun adı xoşuma gəlir, çox gözəl səslənir. “Azadlıq” prospekti... Biz şərqlilər gözəl adlar seçməkdə ustayıq. Uşağın dünyaya gəlməsinə 9 ay qalmış artıq onun adını düşünürük. Amma bu prospektdə olanda insan bütün arzularından azad olsaydı, məkan adının haqqını vermiş olardı. Parkdakı uşaq kimi sadə hadisələrə görə özümüzü xoşbəxt hiss edərdik. Metroda pillələri endikcə sənə doğru bir kütlə qalxır. Özündən asılı olmayaraq qalxan insanların üzünə baxırsan. Onlar isə sənin fərqinə varmırlar. Bu, bəlkə də, qalxanlar və enənlərin psixologiyası ilə bağlıdır. “Həzi Aslanov” istiqamətində gedən qatarın vaqonlarından biri 8 dəqiqəlik ayrılıqdan sonra qarşımda dayanır. Hər vaqon öz adamını seçir. Vaqonlar canlı olsaydı, belə deyərdilər. İçəri daxil olub vaqonun sonundakı oturacaqda əyləşirəm. Qatar tərpəndikdən sonra vaqonun seçdiyi insanlara baxıram. Cavan oğlanlardan biri qızın əlindən bərk-bərk sıxaraq qulağına nələrsə deyir. Qız isə gülümsəyir. Xoş sözlər hər kəsi xoşbəxt edir. Yanlarındakı digər oğlan yorğun halda qapıya söykənərək gözlərini uzaqlara zilləyib. Paltarındakı və ayaqqabısındakı tozu gizlətmək üçün onları su ilə təmizlədiyi hiss olunur. Məndən sol tərəfdəki oturacaqda əyləşən oğlanın önündə xanım dayanmışdı. Qlamur geyimindən gender bərabərliyini önəmsəyən birinə oxşayırdı, buna rəğmən, oturan oğlana baxan gözlərində və həmin andakı simasında “görəsən, bu mədəniyyətsiz mənə yer verəcək?” ifadəsi vardı. Əfsuslar, “mədəniyyətsiz” elə də etdi. Əyləşərkən “sağ ol” belə deməyən xanıma yer verdi. Tam qarşımda əyləşən, 20-25 yaş arası olduğunu düşündüyüm digər xanımın qısa saçları vardı. Gözlərindəki eynək əlində tutduğu kitabdakı sözləri əks etdirirdi. Fikri Devin Nikolsun “Bir gün” kitabının vərəqində olanart xanım mənim ona yönəlmiş baxışlarımı hiss etmirdi. Qarşımda sanki cənnətin qadın formasında təzahürü vardı. Qızılı günəş rəngli saçlar, mavi rəngli, sərin gözlər və kitab oxuyan xanım. Bu, bəlkə də, sevgi dünyamın ən böyük arzusu idi. Ümumiyyətlə, əlində kitab olan qadın gördükdə özümü mənən qidalanmış hiss edirəm. Hərdən kitabı bağlayıb düşünür, sonra yenidən oxumağa davam edirdi. Önündə “i am world” sözləri yazılan səma rəngli köynək, qolunda qırmızı rəngli bilərziyi və oxunulan kitab mənə “sənin həyatında ən gözəl təsadüfəm” deyirdi. Əlimdəki kitabı açıb oxumağa çalışdım. Lakin oxumurdum, gözüm gah kitaba, gah qarşıya baxırdı. Hərdən vərəqin bir hissəsinə çatıb gülümsəyir, yanağında şirin qırış əmələ gəlirdi. Təsəvvürümdə yanağına dodağımın toxunuşunu reallaşdırdım. Gözümün önünə jalənin qırmızı gülün ləçəyinə toxunuş anı gəldi. “İçərişəhər” stansiyası sözləri səsləndikdə hər ikimiz qapının önündə idik. Arxasında dayanmışdım. Sanki “I əməliyyatı və Şurikin digər macəraları” filmindəki səhnəni canlandırırdıq. Qapılar açıldıqda kitabı çantasına qoyub, vaqonu tərk etdi. Bütün kainatı idarə edən cazibə qüvvəsi məni də yönəldirdi. Cəsarətimi toplayıb, özümü ifadə edə biləcək ana qədər onun arxasınca davam edəcəkdim. Metrodan çıxdıqdan bir müddət sonra “Burrito” yazılan kafeyə daxil oldu. Boş yerlərin birində əyləşərək kofe sifariş verdi. Digər boş yerdə əyləşib kitabımı vərəqlədim, lakin sonra öz kofemi götürüb onun stolunda əyləşdim. Bayaqdan sezilməyən sual dolu baxışlarına tuş gəldim.

– Salam, əlinizdəki kitab və gözəlliyiniz məni bu stolda əyləşməyə vadar etdi. Cəsarətim nə qədər zəif olsa da, sizin cazibə qüvvəniz onu üstələdi. Belə, bundan sonra nə deməli olduğumu bilmirəm. Həyəcanlıyam, ilk dəfədir cənnətin qarşısındayam.
– Hətta çox həyəcanlısınız, – gülümsədi. – Adım Aytəndir. Əlinizdə kitab vardı, vərəqləyirdiz. Adı nədir?
–Orxan Pamuk, “Səssiz ev”.
– Gözəl əsərdir, Nurgildən muğayat ol.
Gülümsədim:
– Əlinizdəki kitabı mən hələ oxumamışam. Siz, deyəsən, yekunlaşdırmaq üzrəsiniz.
– Kitabın adına birinci dəfə baxırmış kimi üz qabığını çevirdi.
– Oxuyub bitirdikdən sonra, istəsəniz, sizə verə bilərəm.
– Xoş olar.
– Yaxşı, indi öz yerinizə keçə bilərsiniz. – Bunu necə etdi, bilmirəm, amma ciddi şəkildə gülümsədi. – Belə təəccüblə baxmayın, indi sevdiyim insan gələcək, bu səbəbdən masamı tərk edin. Bir gün bir daha burada rastlaşsaq, mən sizə kitabı verərəm.
– Yaxşı, sağ olun, – deyərək məyus halda masama qayıtdım.

Kofe əlimdə yenidən onu izləyirdim. Daxilimdə oyanan arzular, ümidlər və ona bağlanan bütün digər hisslər sanki aldadılmış halda vurnuxur, özlərini tanımadığı insanların əhatəsinə düşən insan kimi aparırdılar.

Bir müddət sonra kafeyə daxil olan bir oğlan Aytənin önündə əyləşdi. Onun da əlində qırmızı rəngli ipdən bilərzik vardı. Aytən “Sabutay, nə yaxşı ki gəldin” deyərək onu qucaqladı. Gülüşlər, gülümsəmələrlə müşayiət olunan söhbətlər... Qarşımdakı masa sanki xoşbəxtliyi ifadə edən bir enerji ilə əhatə olunmuşdu. Mənim üzümdə isə paxıllıq dolu gülümsəmə və yeməyə atılan duz qədər nifrət vardı. İlk dəfə birinə, ilk dəfə birinin davranışına, ilk dəfə birinin geyiminə, ilk dəfə birinin kitabına aşiq olmuşdum. Qarşı tərəf üçün önəmsiz biri olsam belə. Kitabı vərəqləyir, kitabda yazılan sözlərə rəsm kimi baxır, yenisini çevirirəm. Birdən qarşı stolda hər şey mənim paxıl tərəfimin istədiyi kimi oldu. Sabutay stola əlini vurdu:

– Belə ola bilməz, artıq mən dözəmmirəm. Hər şey buraya qədər.
– Dözə bilmirsənsə, çıx get, sənin bu qədər zəif olduğunu bilməzdim, – Aytən əyləşdiyi məkana yaraşmayacaq şəkildə qışqırdı.

Sabutay məkanı tərk etdikdən sonra Aytən masa arxasında bir nöqtəyə baxaraq donub qalmışdı. Sanki stolun ortasındakı nöqtə boyda ekranda maraqlı bir film göstərirdilər. Hisslərim səssizcə bu cümlələri deyirdi: “Nə oldu, bəs sevdiyin insan gəlirdi? Məni masandan qovdun, mən isə səni heç vaxt acılamazdım. Elə yaxşı oldu, mənim üçün şans yarandı”.

Qarşı masanın üzərinə damcılar düşdü. Gözləri özü qədər soyuqqanlı görünməyi bacarmadı.

Ayağa qalxaraq yenidən masaya yaxınlaşmaq istədim. Aytən gözlərini sildi. Bütün hisslərini boğaraq, bir anlıq mənə baxdı. Baxışlarında heç nə ifadə edilmirdi. Sanki mənə yox, yenidən hansısa boşluğa baxırdı. Çantasını götürüb, kassada ödəniş edərək məkanı tərk etdi. Mən bir müddət baxışların təsirindən çıxa bilmədim. (Kainatdakı boşluğun ən böyük enerji qüvvəsinə malik olduğunu eşitmişdim). Sonra kitabı çantama qoyub çıxmaq istəyərkən,

Aytənin masasını səliqəyə salan oğlan məni səslədi. Əlindəki kitabı uzadaraq:
– Xanımın masasında sizin əyləşdiyinizi görmüşəm, tanıdığınızı düşündüm. Kitab onun stolunda qalıb.
“Yox qardaş, mən yaxından tanımıram, sadəcə adını bilirəm. Sən saxla, bir daha gələndə özünə verərsən” demək istədim, amma deyə bilmədim. Bir xatirə, özünü tapa bilməsəm belə, bir xatirə qalmasını istərdim.
– Hə, əlbəttə, mən ona çatdıraram.

Kitabı götürüb dərhal çölə çıxdım. Gecikmişdim...

Əlimdə tutduğum kitabın üz qabığına baxır, onu yavaşca vərəqləyərək, telefondakı musiqini dinləyirdim. Saat axşam ikini, pəncərədəki qaranlıq isə mənə tənhalığımı göstərirdi. Notlardan başqa heç bir səsin gəlmədiyi boş otaq təsəvvür edin. Birotaqlı evin balaca mətbəxi və hamam otağı var. Üst-üstə yığılmış bulaşıq qablar həsrətlə su kranına baxırdılar. Otaqda yanan lampanın işıq zərrələri sanki qaranlığın qorxusundan çölə çıxa bilmirdilər.. Kitabın üz qabığından gələn gözəl qadın qoxusu vərəqlədikcə daha təsirli olurdu. İlk görüş, evlilikdən əvvəl son görüş, ortancıl görüş, mübahisə edərkən necə dalaşmağımız, hansı üsulla onunla barışmağım, axşamlar kitab üzərindən apardığımız mübahisələr, sahildəki velosiped yürüşlərimiz, restorandakı yemək seçimimiz, çaxır daddıqdan sonrakı rəqsimiz və daha nələr... Hər şeyin bir an içində xəyallarını qurmuşdum. Xəyalların fonunda bir anlıq gözümün önünə Aytənin son baxışı gəldi. Bir boşluq və həmin anda görmədiyim çarəsizlik və kədər vardı o baxışlarda. Sanki onun yaşadığı kədərə və çarəsizliyə görə özümü günahkar hiss etdim. Onun daim xoşbəxt, gülərüz olmasını istədim. Təbii ki, mənimlə birlikdə olmasını istərdim, lakin görünən odur ki, o, Sabutayı çox sevirdi. İş və məişətdən ibarət olan həyatıma bir missiya qatmağı qərara aldım. O oğlanı tapmalı və Aytənin onun üçün necə ağladığını deməli idim.

Səhər açılmaq üzrə idi, Feysbukun axtarış səhifəsində son olaraq “Sabutay” sözü yazılmışdı. Demək olar ki, bütün Sabutaylara baxmışdım, lakin oğlanı tapa bilməmişdim. Səhər güzgü önündə əl-üzümü yuduqdan sonra yeməyimi yeyib, işə tələsdim. Dünənki hadisələr və özümə verdiyim söz fikrimi işə yönətməyə mane olurdu. Belə bir əhvalla işdə qalmağın əhəmiyyəti yox idi. Çünki icra etdiyim sənədlərin əksəriyyəti səhv olacaqdı. Həkimə getməliyəm bəhanəsi ilə nahardan sonra işdən icazə alıb, birbaş sahilə doğru getdim. Nədənsə, dənizi ən yaxın dostum sayırdım. Dənizin səbirlə dinləməyi, fikir bildirməməyi var. Hərdən sərin meh göndərər sahilə doğru, meh üzümə toxunar, “bu qədər düşünmə, hər şey yaxşı olacaq” deyərdi. “28 May” stansiyasından “İçərişəhər” istiqamətinə getmək üçün keçid etdim. (İçərişəhərdən çıxaraq bulvara doğru enməyi xoşlayıram). Qatarı gözləyən digər insanlar kimi telefonumu əlimə alıb sosial şəbəkəni seyr etməyə başladım. Barmağım bir videonun “play” hissəsində donub qaldı. Qatar gəldi, getdi, insanların hərəkəti, səslər hamısı yox olmuşdu, özümü həyəcan, kədər, adrenalinli boş bir fəzada hiss etdim. Feysbuk dostlarımdan biri canlı açmışdı. Videodakı görüntü günümüzdə öyrəşdiyimiz hadisələrdən biri idi, bəlkə də, başqa vaxt bu videoya belə reaksiya verməzdim, lakin obrazlar, qəhrəman, mənfi obraz... Yaxınlarını itirən bir insan kimi özümü bir filmin içində hiss etməyə başladım. Özümə qayıtdıqda tunelin üzərindəki lövhədə “İçərişəhər” yazısını oxudum. Artıq dəniz və dostluq arxaik ideya olaraq kənara atılmışdı. “Həzi Aslanov” istiqamətinə minib, özümü canlı açılan yerə çatdırmalı idim. Qatar yavaş gedirdi. Sanki mənim acığıma, hər dəfə yanından digər qatar keçdikdə dayanıb onunla dərdləşib, sonra davam edirdi. Mən niyə taksi ilə getmədim deyə özümü danladım, yəqin, hisslər coşanda ağıl səssizləşir. 22 dəqiqə çəkən bir saatlıq yolçuluğum “Koroğlu” stansiyasında sona çatdı. Qapı açıldıqda hər kəsi əzərək sürətlə metro pilləkənlərinə qaçdım. Sağda dayanmağı bacarmayan hər kəsi danlayaraq “Misir ehramı”ndan çölə çıxdım və dərhal yol üzərində şütüyən maşınlara baxmayaraq, insanların toplaşdığı körpünün altına doğru qaçdım. Çatdıqda körpünün altında insanların baxdığı yerə baxmağa cəsarət etmədim. Başımı qaldırıb körpünün üzərinə baxdım. Ya onları orada görmək istəyirdim, ya da göyə baxıb dua etmək. “İnsanların diqqət mərkəzindəki şəxslər mənim videoda gördüyüm şəxslər olmasın”. İlk dəfə Tanrıdan bir qardaş kimi nə isə xahiş edirdim. Amma yuxarıda iplərdən sallanan beton hissə və buludsuz göy rəngli bir boşluq vardı. Tanrı da mənim kimi yerdə baş verənləri seyr etməyə məcbur idi. Bir-birinin yanında, asfaltın üzərində açıq-qırmızı bilərzikli iki əl vardı. Mən bir gün ərzində sevən və sevgisinin öldüyünü görən ikinci insan tanımıram. Aytənlə Sabutay qırmızı rəngli bir rəsm çəkmişdilər. Bu nəyin rəsmi idi, böyük bir sevginin, yoxsa nifrətin, bunu dəqiq bilmirdim. Amma bu, missiyamın, ilk dəfə beynimə və ruhuma uyğun qarşılaşdığım bir qadının və ona qarşı olan sevgimin sonu idi. Ani olaraq Aytənin son oxuduğu əsərin adı yadıma düşdü: “Bir gün”. Bir müddət sonra səs-küy artdı, hadisə yerinə intihar edənlərin yaxınları gəlmişdi. Bəlkə, bu iki nəfərin ölümünə bunlar səbəb olub? Standart sevginin intihar səhnəsi... Bu fikirlərlə özümü körpünün dayağına söykənən yerdə gördüm. Cavan oğlan mənə su gətirdi:

– Qardaş, al iç, özünə gəl. Qohumlarındı sənin?

Başımı qaldırıb oğlanın üzünə baxdım. Nə gözlərim, nə də onun yaşları sözümə baxmırdı. Yəqin ki, köhnə kişilər daha möhkəm xarakterli olublar. “Hə, qohumumdu” dedim, əlavə suallara və izahlara halım yox idi. Suyu içib hisslərdən qurtulmağa çalışdım. Ayağa qalxaraq insanların arasından keçib, körpüyə doğru qalxdım. İçimdən bir səs “qalx və onların atladıqları yerdən aşağı bax” deyirdi. Aşağıda balaca insanlar dayanmadan hərəkət edirdilər. Cəsədlər artıq asfaltda deyildi. Təkcə qırmızı ləkə qalmışdı. Görən, bu hündürlük ölmək haqqında qərardan ölümə qədər olan zaman kəsiyində peşmançılıq çəkməyə kifayət edirmi? İnsanlar nədən intihar etmək qərarını verirlər? Ölüm tarixini tezləşdirmək insanlara nə verir? Təklik səni bezdiribsə, getdiyin yerdə cüt olacağına əmin deyilsən axı, sevdiyin birinə qovuşa bilmirsənsə, ölümlə qovuşa biləcək imkanları axtarmaq şansından özünü məhrum edirsən, yaşamaq çətindir deyə intihar edib səni nə gözlədiyini bilmədiyin daha qorxulu bir boşluğa atırsan özünü. Bir çoxu “intihar zəiflərin atdığı son addımdır” deyirlər, bu da mübahisəli fikirdir. Problemləri həll etmək və mübarizə aparmaq əvəzinə intihar etmək cəsarətsizlikdir, lakin özünü öldürmək və hər şeydən özünü məhrum etmək böyük cəsarət tələb edir. Bu fikirlərlə oradan uzaqlaşaraq körpünün kənarı ilə hərəkət etməyə başladım. Baxdığım nöqtədən beş metrlik məsafədə qarşımda qatlanmış yazılı bir vərəq gördüm. Vərəq əzilmişdi. Onu qaldırıb oxumaq istədim. Lakin kənardan gələn səsi eşidib kağızı cibimə qoydum.

– Sən nə gəzirsən orda, düş aşağı, sən də özünü öldürmək istəyirsən?

Arxaya çevrildikdə polis nəfərinin mənə doğru gəldiyini gördüm. “Yox, düşürəm” deyib, sürətlə körpüdən aşağı endim.

Dənizin qırağında dayanaraq kağıza baxmaq cəsarətini toplamadan onun üzərində yazılanları təsəvvür etməyə çalışırdım. Əmin idim ki, kağız Sabutay və Aytəndən bir yadigar idi.

Həmin gün evə gəldikdən sonra, adətim olmasa belə, çay və yemək hazırladım, ardıcıl 4 stəkan çay içdim, bilmirəm nədən, amma kağıza baxmamaq üçün süni maneələr axtarırdım sanki. Sonda kağızı cibimdən çıxardım. Bütün vərəq boyu kiçik hərflərlə eyni söz təkrar-təkrar yazılmışdı.

“Oyan, oyan, oyan” – yeni sözləri oxumağa davam etdikcə sanki bu sözü qulağımın dibində kimsə səsləndirirdi. Və birdən tək adamın alqışına bənzər səslə ətrafımdakı mənzərənin tamamən dəyişdiyini gördüm. Sakit və komfort effekti bəxş edən otaqda, qarşımda yaşlı, saqqallı va saçı ağarmış müsbət enerjili biri əlində bloknot və qələmlə əyləşmişdi.

Son kursun bitməsinə çox az qalmışdı. Havadan əsgərlik qoxusu gəlirdi. Həmin ərəfədə bütün universitet üzrə trenddə başqa bir həyəcan yarandı: magistratura imtahanları. Hər kəs bu imtahanın önəmindən, magistratura diplomunun gələcək işimizdə böyük rolu olacağından danışırdı (Təhsillə bağlı yalanlardan daha biri). Dostumla görüşərkən bizdə bu mövzulara toxunurduq. Aydın 4 il ərzində qazandığım ən dəyərli insanlardan biri idi.

– Sabutay, sən nə fikirləşirsən, bəlkə, biz də imtahan verək, hə? Həm əsgərlikdən qayıtdıqdan sonra qarşımızda bir məqsədimiz olacaq. Təhsil aldığımıza görə iş tapa bildin sualı ilə heç kim narahat etməyəcək..

Aydının dediyində bir həqiqət vardı. Amma gözdən qaçırdığı bir həqiqət daha vardı. Dörd il gecəyarısına qədər işlədikdən sonra səhər dərsdə olmaq kimi günlük həyat sxemindən bezmişdim. Bu mövzuda bədənimdəki bütün sinirlər boyun hissəmdə toplanmışdı. Ətrafdakı insanlarla rəqabət əsnasında filan geyimi geyinmək istəyi ilə geyinmək, onlarla filan məclisdə iştirak etmək istəyi ilə iştirak etmək, filan rayona gəzməyə getmək istəyi ilə getmək arasındakı uçurum məni psixoloji cəhətdən çox yormuşdu. İstəməyərək cəmiyyətin sürüklədiyi rəqabətə tab gətirə bilməmək məni təkliyə aparırdı. Həmin anda tez bir zamanda diplom imtahanını verib kəndə qayıtmaq tək arzu kimi beynimdə formalaşmağa başladı. “Kəndə qayıtmaq? Sabutay, sən kənddəki hadisələrin səndə yaratdığı hissləri unutmusan?” Bu nədir axı, fikrimi hansı səmtə yönəltsəm, orada mənfi aura var. Anlamıram, ya mənim görünən reallığım belədir, ya da reallığımda görmək istədiklərim.

Aydınla birgə hazırlaşdığımız diplom və magistr imtahanı uğurla yekunlaşdı. Magistraturaya daxil olmaqla, ikinci təhsili əminliklə deyə bilmərəm, amma oxuduğumuz ixtisasın gələcəkdə ikinci diplomunu alacaqdıq. Ağacların yarpaqları ilə digər çay evlərindən gizlənməyə çalışan yol qırağı bir çayxanada bunu qeyd edərək, sonrakı olacaqlarla bağlı söhbət edirik.

– Aydın, yadına gəlirmi, son bir il ərzində gördüyüm yuxu nədəni ilə həyəcanla yuxudan oyanırdım? Sən həmişə soruşur, mən isə nə gördüyümü unutduğumu deyirdim.
– Bu nədir axı, mövzunun ortasından mövzuya aid olmayan suallar verirsən. Amma inan, indi sənin yuxun maraqlı deyil mənə, dörd ildi səni tanıyıram, mövzulara bu formada girişinə də, qeyri-adi yuxularına da alışmışam. Yəqin, rəngsiz və qorxulu bir yuxudu. Dörd il ərzində həmişə ətrafında baş verən hər şeydə bir qaranlıq görmüsən. Başına gələn hər hadisəyə mənfi tərəfindən baxıb, çıxılmaz olduğunu deyirdin. Çıxılmaz zənn etdiyin bir vəziyyətə gələndə həmişə hind ideologiyasını xatırlayırdın. “Aydın, indi ölsəm, fərqli bir bədəndə doğula bilərəmmi?” Və sonda yenə öz qapağını qoyurdun: “Bu bəxt varsa, Hindistanda ən aşağı kastada doğulacaqdım. Nədənsə, həmişə problemlə üzləşəndə dünyanı dəyişmək istəmisən (dediyində həqiqət vardı). – Bir anlıq susdu. – Bilirsən mən səndə nəyi sevirəm, Sabutay?
– Nəyi?
– Cəsarətsizliyini... sənin bu gün bu dünyada qalmağının yeganə səbəbidir. Yoxsa çoxdan Hindistanda idin, – güldü.
– İntiharmı, cəsarətmi, bu istəyə qalib gəlməkmi – bunlar mübahisəli mövzulardır. Həm bir gün onsuz da dünyamız dəyişəcək, ən azı bunu öz azad iradəmizlə edək, – gülürəm. – Sən məni danışacağım məsələdən uzaqlaşdırma. Son kursun əvvəlindən, hansı hadisədən sonra baş verir, deyə bilməyəcəm, amma iki gündən bir eyni yuxunu görür və həyəcanla oyanıram. Uzun və dəhşətli bir yuxu gördüyümü anlayıram, lakin oyandıqdan sonra xırda bir səhnəsi yadımda qalır. Körpüdən üzüaşağı baxdıqda asfaltda üzü üstə uzanan qadın və kişi cəsədi görürəm. Ətraflarında bilərziklərinin rəngindəki kimi qan ləkəsi var. Niyə bu yuxunu görürəm, bilmirəm. Yəni həyatımda baş verən hər şeydən əvvəl bu yuxu məni narahat edir. Həm də psixoloji olaraq yuxudan sonrakı hisslər çox incidir.

– Kimya mühəndisliyini bitirən birisi üçün sənin sualına cavab tapmağın çətin olduğunu sən də anlayırsan. Mənim başa düşdüyüm və səni tanıdığım qədər sən tənhasan, mütləq sevəcəyin və sevilə biləcəyin birinə ehtiyacın var. Və əsgərliyə qədər belə birini mütləq tapmalısan, səni sağ görmək istəyirəm. Dörd il ərzində nə kiminlə danışdığını görmüşəm, nə sevgi barədə söhbət etdiyini eşitmişəm. Səninlə bir otaqda yaşamasaydım, hətta başqa nələrsə düşünərdim (gülür). Bunlar mənim verə biləcəyim məsləhətlərdir. – Sanki nəsə xatırlayır: – Son olaraq, indi sənə bir nəfərin saytının linkini göndərəcəm, orada ünvanı, əlaqə vasitələri və qəbul günləri var. Bu psixoloq həkim haqqında bir müharibə iştirakçısı, ehtiyatda olan zabit qohumumuz var, o danışmışdı. Çox peşəkar biridir. Mən fikirləşirəm, sənə köməyi dəyəcək.

Aydınla bu son görüşümüz idi, yəqin ki, mən kəndə getməli idim, oradan isə əsgərliyə. Artıq sağ qayıtsaq, bir daha görüşmə imkanımız olacağını düşünüb sağollaşdıq.

Həyətin darvazasından girdikdə bəlkə də psixoloji gərginliyimə səbəb olan o səhnənin yenə şahidi oldum. Anam hamamdan əli sulu çıxaraq mənə gülümsədi, qucaqlamaq üçün yaxınlaşdı. Həyəcandan hamamın qapısını örtməyi unutmuşdu. Cavabını bildiyim sualı anama niyə verdiyimi anlamadım.
– Necəsən, ana, atam haradadır? – deyərək hamama doğru baxdım.
Atam sürünərək qapını örtməyə çalışdı. Gözlərini aşağı salaraq məni görməzdən gəldi. Anam məyusluqla gülümsədi:
– Sən yuxarı qalx, indi biz atanla yaxınlaşırıq, – deyərək əlil arabasının yanından hamama keçdi.

Çantalarımı qoyub eyvanda pəncərə önündə əyləşdim. Uşaqlıq xatirələrim canlandı. Atam darvazadan içəri girir. Əlində şirin pambıqla məni səsləyir. O vaxt fərqinə varmadığım gözəl bir mənzərənin şahidi olurdum. Atam ayaqları üstə dayanmışdı və məni qucağına alırdı. Gözlərində kainatın ən güclü sevinc enerjisi toplanmışdı sanki. İndi isə gözlərində dünyanın ən dərin quyusunun qaranlığı var. Avtomobil qəzasından sonra zaman-zaman o gözlər ulduz parıltısından quyunun qaranlığına eniş etdi.

– Ana, diplom imtahanını uğurla verdim və magistratura imtahanlarının nəticələri elan edildi. Qəbul olmuşam.

Anam atamı qucağında gətirərək arabaya qoydu.
– Çox sevindim, oğlum, mən bilirdim bizim üzümüzü ağ edəcəksən.

Atamla göz-gözə gəlməmək üçün başımı içəri saldım. O vəziyyətdə görünməsini istəməzdim. Hər iki ayaq amputasiya edilmiş, tamamilə yox olmuşdu.

Onu bu vəziyyətdə gördüyüm ilk anlar, ailəmin bundan sonra düşdüyü maddi vəziyyət intiharla bağlı ilk düşüncələrimin və reallığımda daha çox pis anlarımı görməyimin qida mənbəyi oldu. Bütün bunları mən Aydına izah edə bilməmişdim.

Kəndə gəldiyim gündən imtahan stresindən və şəhər mühitindən uzaq olduğuma görə düşünürdüm ki, o yuxunu bir daha görməyəcəm. Amma belə olmadı, yenidən qışqıraraq oyandım. Yuxu məndən nə istəyir axı, ölən insanlar kimdi, mənası nədir görəsən. Və sonra səhərə qədər özümə gələ bilmirəm. Ürəyim sıxılır, nəfəs almağım çətinləşir, beynim isə ağır yük altındadır, sanki səhərə qədər həll edilməli bir məsələ veriblər, tapmasam, öldürəcəkləri şərtilə.

Səhər yemək arxasında atamla birgə oturmuşdum. Anam atamı yedizdirib, mənim yeməklərimi hazırlayıb bazara getmişdi. Atam yuxuda niyə qışqırdığımı soruşdu. Ona yuxumu izah etdim. Ona Aydına danışdığımı, onun psixoloqla bağlı məsləhətini dedim. Birdən beynimə sual gəldi və artıq atamın cavabını gözləmədən sualımı verdim:

– Bizim nəsildə intihar edən olubmu, ata?
– Nə danışırsan sən, heç kim. O fikir ağlına hardan gəldi? Əgər intihar eləmiş olsaydım, mən edərdim, məndən pis vəziyyətdə olanı olmayıb. – Siqareti dodağından götürüb tüstünü çölə üfürmək istədi, lakin tüstü geri dönərək onun saqqalına yayıldı və gizləndi. – O sözü bir də eşitməyim. Sən, yəqin, gərginsən, imtahanlar filan. Həm mən də qəzadan sonra sənə lazımınca vaxt ayıra bilmədim. Bəlkə, bu da bir səbəbdir. Bilirsən, ayaqlarımın üzərində olarkən mən özümü heç belə təsəvvür etməzdim. Ayaqlarımı möhkəm yerə vuraraq dik dayanardım. Sən indi oğul atasısan, möhkəm dur. “Mən ona yaxşı baxacağam, atamın mənə edə bilmədiyi hər şeyi edəcəm onun üçün” deyirdim. Amma indi gördüyün kimi, ananın qucağında gəzirəm. – Dayandı. Sükut.

Tüstünün yayılıdığı yerə indi yaş damcıları süzülürdü. Dolmaqda olan və çölə çıxmağa çalışan hisslərini dərindən nəfəs alaraq içinə çəkdi. – Səni mənim təqaüdümlə böyütdük. Əvvəl hər şeyin son olduğunu düşündüm. Kəndirim də vardı, bax o ağacı görürsən, o da seçilmişdi. Lakin son anda “yox” dedim. Tanrı məni dünyaya gətirdiyi kimi geri alana qədər sağ qalacam. Sağlamlığımın məni yarımcan etməsi ailəmi yarı yolda qoymağıma haqq vermir. Və təbii ki, bu hadisədə ananın rolu böyükdür. Anan həyatdan tutunma səbəbimdi. O üzdən, sən o yuxunu boş ver. Mənə bax, ayaqsız halda sənin kimi uşaq yetişdirdim, sən gör iki ayağınla nələr edəcəksən. – İkimiz də reallığın necə olduğunu dərk edərək gülümsədik. – Və bir də, Aydın dediyi həkimə get, əsgərliyə qədər baş çək, baxma, bizim bilmədiyimiz işlər ola bilər və yardımı dəyər bəlkə. Anladınmı? Sabutay, bundan sonra mənim ayaqlarım sən olacaqsan...
– Anladım, ata, – deyərək stoldan qalxıb onu qucaqladım, tüstülü, yaşlı qoxusunu içimə çəkdim.

O mənim üçün ayaqsız mübarizə aparıb. Və mən onun dediyi kimi etdim, növbəti gün həkimlə danışıb Bakıya geri yollandım.

Qeyd apardıqdan sonra əlindəki bloknotu yerə qoyub, mənə baxaraq gülümsədi. Gülüşün peşəkarlığı məni valeh etdi. Adamla ilk ünsiyyətim idi, amma gülüşdə ata qayğısı vardı.
– Oyandın, Sabutay, sən jurnalistikanı bitirməmisən ki?
– Yox, kimya mühəndisliyini.
– Amma yuxunu birinə dəlicəsinə aşiq olan kimi şairanə şəkildə danışırdın. Sanki kitabdan sevgi hekayəsi oxuyurdun. Bu, tam olaraq hipnozun gücü deyil, alt beyninin məhsuludur. Güclü sevmək istəyi, sevgini yaşadan güclü bir enerji var səndə. Amma hələ də kimisə dəlicəsinə sevməmisən. O üzdən, yuxularında bir xəyali Leyli yaratmısan. Və ola bilsin ki, mənə danışmadığın müəyyən problemlərlə üzləşmisən həyatda, təbii ki, seansları davam etsən, biz bu məsələləri də müzakirə edərik. Problemlərin çoxluğu və səndəki həll yollarının azlığı səndə bir qorxu yaradır. O üzdən, beynin dərinliyində son çıxış yolu kimi intiharı seçməyə meyillilik yaranıb, bu sənin zəifliyindən irəli gəlir. Qorxundan oyanan kimi yuxunun böyük bir hissəsini unudursan.

Güclü olmaq lazımdır. İstənilən çətinlikdən çıxış yolu var. Çıxış yolunu tapa bilmədiyin çətinlikdən belə ən uğurlu çıxış yolunu seçmək imkanın var.
– Yuxulardan necə qurtulum, həkim? – sözünü yarımçıq qoydum. – Atamla söhbətdən sonra intihar məsələsinə qalib gələcəyimə ümidim vardı, onsuz da.
– Çox səbirsizsən, – gülümsəyir. – Sən aşiq olmalısan. Daha doğrusu, aşiqsən, sadəcə, həmin adamı tapmalısan. Bu qədər. Tənhalıqdan qurtulmalı, sevdiyin insana qovuşmalısan. Və ondan sonra ikiniz daha gözəl həyat yaşayacaqsınız. Yuxusuz həyat...
Həkimin son sözləri atamın anam barədə dediklərini xatırlatdı. Fikrini bitirdikdən sonra telefonunda mənə hipnoz altında danışdıqlarımı dinlətdi. Növbəti seans barədə razılaşdıqdan sonra otaqdan çıxdım.
Həmin gün saat 18:50-də “Azadlıq” metrosunun qarşısında oldum. Qatarda əyləşərək yuxumdakı kimi ətrafıma baxdım. Heç kim kitab oxumurdu, elə mən də yuxudakı kitabı almağı unutmuşdum. “İçərişəhər”ə çatdıqdan sonra birbaşa “Burrito” kafesini telefondakı xəritədə axtardım. Təəccüblənsəm belə, tapılmasına sevindim və dərhal ora yollandım. Kafeyə daxil olub kofe sifariş verdim. Arxadan gələn ofisiantın səsi diqqətimi cəlb etdi.
– Aytən xanım, siz keçən dəfə kitabı kafedə unutmusunuz, bu isə sizin kofeniz.

Gördüyüm yuxu mənə gələcəyimi göstərmişdi. Bu gün alın yazısının olduğuna inandım. İnam dinlə bağlı fikirlərimdə dəyişiklik yaradacaqdı, amma indi bu anı yaşamalı idim. Arxaya çevrildim. Və bu anı maksimum uzatmaq istədim. Qırmızı bilərzikli, şabalıdı qısa saçlı gözəl bir xanım əyləşmişdi. Önündə kofe, əlindəki kitabı vərəqləyərək, deyəsən, son dəfə oxuduğu yeri axtarırdı. Kitabın adının nə olduğuna diqqət yetirmədim, nədənsə, gözlərinə baxmaq istədim. Sanki onu kənardan izlədiyimi dərk edərək başını qaldırıb mənə baxdı. Közün suya düşdüyünü təsəvvür edin. Qəlbimdə çoxdandır qərarlaşan və həmin anda alışmağa başlamış sevgi közü o gözlərin mavi dərinliyində sərinləyirdi.

– Orxan Pamukun “Səssiz ev” kitabı, görürəm, çox diqqətlə baxırsınız, amma adını oxuya bilmirsiniz.

Kofemi götürüb, nəhayət, qəlbimin dərinliyində gizlənən sevginin qarşısında əyləşdim. Hər şey sıfırdan başlayacaqdı və ya yazıldığı kimi davam edəcəkdi...

– Sən alın yazısına inanırsan, Neo?
– Yox.
– Niyə?
– İdarə olunduğumu düşünmək xoş deyil.

# 1089 dəfə oxunub

Oxşar xəbərlər

Serial çəkilişi zamanı qəza baş verdi

Serial çəkilişi zamanı qəza baş verdi

18:45 29 fevral 2024
Müəllimə yol verməyən şagirdlər - Hörüklü saçı qayçılamaq olmur?

Müəllimə yol verməyən şagirdlər - Hörüklü saçı qayçılamaq olmur?

18:30 29 fevral 2024
Sədərək Rayon Mədəniyyət Şöbəsinin müdiri işdən çıxarıldı

Sədərək Rayon Mədəniyyət Şöbəsinin müdiri işdən çıxarıldı

18:30 29 fevral 2024
"Naxçıvan" Universiteti  fəaliyyətini dayandırır?

"Naxçıvan" Universiteti fəaliyyətini dayandırır?

18:00 29 fevral 2024
Azərbaycan Milli İncəsənət Muzeyində növbəti mühazirə

Azərbaycan Milli İncəsənət Muzeyində növbəti mühazirə

17:30 29 fevral 2024
Əməkdar artist:  “Alim Qasımovu qısqanmışam” - Müsahibə

Əməkdar artist: “Alim Qasımovu qısqanmışam” - Müsahibə

17:00 29 fevral 2024
# # #