Gəncləri intihara sürükləyən mərc oyunları...

Gəncləri intihara sürükləyən mərc oyunları...
19 iyun 2025
# 14:00

Kulis.az Rəna Nevzatın "Mərclərin qurbanı gənclər..." adlı yeni yazısını təqdim edir.

Hündürlükdən, yoxsa ümidsizlikdən yıxılanlar?..

Çağdaş dövrün ən təhlükəli sosial problemlərindən biri də yeniyetmələr və gənclər arasında intihar hallarının artmasıdır. İntiharların kökü müxtəlif səbəblərə bağlanır. Və düşünüldüyü kimi təkcə iqtisadi çətinlik, həyat şərtlərinin ağırlığı və yaxud ictimai-mədəni böhranın yaratdığı psixoloji sarsıntılar, depressiyalar səbəbləri ilə yekunlaşmır.

Gənclər arasında intihar hallarının artmasının əsas səbəblərindən biri kimi mərc oyunlarını və bu tipli riskli fəaliyyətləri diqqətdən qaçırmaq olmaz. Bu cür oyunlar sadəcə virtual bir əyləncə və ya şans oyunu deyil, gerçək həyatda real faciələrin baş verməsinə səbəb olan təhlükəli bir alətdir. Son dövrlərdə xüsusilə də mərc, şans oyunları, onlayn qumar platformaları gənc nəslin psixoloji stabilliyini ciddi şəkildə sarsıdır. Gənclik təcrübəsizliyi və cahilliyi ilə bu kimi platformalarda müəyyən miqdarda vəsait uduzan gənclər bəzən ailədə anlayışla qarşılanmayacaqlarını düşünərək çıxış yolu görünməyən mənəvi uçuruma sürüklənirlər, intiharlara əl atırlar.

Əvvəla qeyd etmək lazımdır ki, gənclərin bu cür oyunlara meyil etməsinin əsas səbəbi asan yolla pul, uğur qazanmaq arzularıdır. Gələcək perspektivlərinə olan inamsızlıqları, maddi problemlər, işsizlik, ailə və cəmiyyət təzyiqləri fonunda bir çox gənc mərc oyunlarında öz “qurtuluş”unu axtarmağa çalışır. Bu, çox vaxt həyatlarına nəzarəti itirmələrinə, borclanmalarına və nəticədə dərin depressiyaya düşmələrinə səbəb olur. Depressiya isə məlum olduğu kimi, intihar riskini kəskin şəkildə artırır. Burada bəzən medianın və sosial platformaların məsuliyyətsiz rolu qeyd olunmalıdır. Mərc saytlarının, onlayn qumar platformalarının geniş və cəlbedici reklamları, tanınmış simaların bu oyunları təbliğ etməsi gənclərin şüurunda bu fəaliyyətin “normal” və “qazanc gətirən” bir yol kimi formalaşmasına səbəb olur. Bu cür “kampaniyalar” gəncləri qeyri-real gözləntilərə salır və onların psixoloji dayanıqlılığını pozur.

Bu tipli oyun və mərc sistemləri psixoloji asılılıq yaradır. Mərc oyunları “qazandıqca daha çox qazanmaq istəyini”, uduzduqca isə “itiriləni geri qaytarmaq ümidi”ni stimullaşdıraraq gəncləri çıxılmaz labirintə salır. Mexanizm zəncirvari işləyir, gəncin həyatı kim(lər)dənsə asılı vəziyyətə düşür, ailə və sosial münasibətlərini pozur və nəticədə onu mənəvi tənəzzülə uğradır.

Mərc asılılığı narkotik və alkoqol asılılığı kimi beynin kimyəvi strukturunu dəyişdirən bir prosesdir, gənclər maairflənmədikcə, daha ağır formalarda isə müalicə edilmədikcə “hündürlükdən yıxılmalar”a gətirib çıxarır.

Çıxış yolu isə ailələrin və məktəblərin bu məsələ ilə bağlı kifayət qədər maarifləndirici tədbirlər görməsidir. Ailələr səhv davranan yeniyetmələrə qarşı ciddi təzyiq, sərt kontrol “rejimini” anlayış və qayğı ilə əvəzləməlidir. Eyni zamanda hələ psixologiyası tam formalaşmamış yeniyetmə və gənclərin belə platformalardan uzaq tutulması üçün ciddi hüquqi və inzibati məhdudiyyətlər tətbiq edilməlidir.

Cəmiyyət, ailə, media və dövlət birlikdə bu problemin kökünü kəsmək üçün dərhal tədbir görməlidir. Əgər bu oyunlara çıxış məhdudlaşdırılmasa və gənclərin bu məsələdə hərtərəfli maariflənməsi təmin edilməsə, hündürlükdən yox, “ümidsizlik və çıxılmazlıq” uçurumundan yıxılan balalarımızın sayı çox olacaq... Və hər uduzulan mərc qədər gənc itirəcəyik...

# 1731 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor  vəfat etdi

Məşhur aktyor vəfat etdi

13:47 16 oktyabr 2025
Brüsseldə “Odinin kodu” filmi nümayiş etdirilib

Brüsseldə “Odinin kodu” filmi nümayiş etdirilib

13:10 16 oktyabr 2025
Səhnədə improvizasiya edən bəstəkar - Ramiz Mustafayevin konsertdən öncə ritualı nə idi?

Səhnədə improvizasiya edən bəstəkar - Ramiz Mustafayevin konsertdən öncə ritualı nə idi?

13:00 16 oktyabr 2025
Ramiz Quliyevlə vida mərasimi keçirilir

Ramiz Quliyevlə vida mərasimi keçirilir

12:06 16 oktyabr 2025
"Yasnaya Polyana"  ədəbiyyat mükafatının qalibləri açıqlandı

"Yasnaya Polyana" ədəbiyyat mükafatının qalibləri açıqlandı

11:57 16 oktyabr 2025
Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi

10:50 16 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər