Evini tərk etməyən sakin, polisə düşən köşk sahibi, merin məktubu - Sökülən məhəllənin "bazarkom"u

Evini tərk etməyən sakin, polisə düşən köşk sahibi, merin məktubu - Sökülən məhəllənin "bazarkom"u
10 yanvar 2024
# 13:06

Kulis.az Elşən Əzimin "Qarğabazar etüdləri" adlı yazısını təqdim edir.

95-ci ildən məcburi köçkün kimi məskunlaşdığım küçəylə kəsişən, binamın böyründən iynə kimi ötüb prospektimə sancılan küçə, 30 il yaşadığım məhəllə sökülür.

Sökülsün. Lap əla. Qəzalı binalarda yaşayan adamlar yeni tikiliyə köçürülür. Bu da lap əla. Oralar qəzalı olduğundan mən bir az aralıda yaşamağa 4 il əvvəl qərar vermişəm, rəsmi ünvanım orda olsa da, bütün əşyalarım, evim növbəti söküləcək binanın içində olsa da, bu yazını öz şəxsi məqsədim üçün yazmıram. Hər halda mənim rəsmi ünvanım olan bina yerindədir, bir çöpünə də toxunulmayıb.

Bayramdan əvvəl, toran qarışanda evə gəldim. Eşitdim ki, bəs bizim köhnə məhlənin adamları köçürülüb, məhlə sökülür. Yorğun olsam da, tənbəllik eləmədim, yaşadığım yer ora yaxın olduğundan payi-piyada yola düşdüm və o küçədən keçmək istədim. Ağlıma "Gün keçdi" filmindən və Seyran Səxavətin "Daş evlər" romanından epizodlar gəldi. Düşündüm ki, görüm burada mən hansı mövzunu görə bilirəm. Bu yolçuluğa bir qələm adamı kimi çıxdım.

Elə ilk təəssüratlarım da şair romantikasına, yazıçı fantaziyasına bağlandı. Qaranlığın vahiməsi yarpaqsız budaqları əyib yerə sallanmışdı. Ay görünmürdü, küçə fanarlarının təkəmseyrək yanan işıqları isə yolu görməyimə yardımçı olurdu. 30 ildir o yan- bu yana milyon dəfə keçdiyim, qışı da, yayı da səs-küylü olan küçə susmuşdu. Pəncərələrdən işıq axmırdı. Yox, bir neçə saatın içərisində pəncərələr göz kimi tökülmüşdü, kor olmuşdu, sökülmüşdü...

İlk dəfə küçə fənərləriylə yoldaşlıq elədim. İllərdi ki, bu küçədə fənərlərin işıq saçdığını görməmişdim. Bəlkə də, pəncərələrdən yola sallanan işıqlar bu dar küçədə fənərlərin də olduğunu nəzərimdən qaçırmışdı. Ara- sıra yanan fənərlər kölgəmlə məzələnirdi. Elə bil fənərdən damcılayan işıq mənə dəyərək kölgəmi yaxalayıb asfaltın üstünə çırpırdı.

Məsələn, fənəri yanan işıq dirəyinə tərəf gedəndə kölgəm ardımca sürünür, dirəyin yanından, fənərin altından keçəndə kölgəm yanıma düşüb mənimlə yoldaşlıq edir, dirəkdən ötəndən sonra isə kölgəm fayton atı kimi qabağıma düşüb məni dartırdı. Bu zülmətdə kölgəmdən başqa heç kimi görməyib evə qayıtdım.

Səhəri gün... Kölgə deyilən şey yoxdur.. Göyün üzündə günəş var, ancaq onun işığndan kölgə şəkli çəkən bir dirək belə qalmamalıdır. Qərar belədir.
Məhəllə sakinlərindən heç kim gözümə dəymir. Sakinlər köçlərini yığlb təzə binaya daşınıblar. Məhəllə isə axşamkı kimi sükut içində deyil, bəlkə də yarandığı gündən bəri ən böyük qələbəliyini yaşayır. Məhəllə ikinci əl tikinti materiallarının satıldığı böyük bir bazara çevrilib.

"Bazarkom" kimdir? Bilən yoxdur. İsmipünhan "bazarkom"un baqqalları meydan sulayır. Kaş doğrudan da meydanı sözün həqiqi mənasında sulayaydılar. Çünki söküntülərin tozu göz yaşrdır, ciyər daraldır. El arasında belə satış yerlərinə "Qarğa bazarı", "Quş bazarı", hətta "Bit bazarı" da deyirlər. Mənim fantaziyama "Qarğa bazarı" daha çox uyğun gəlir. Olsun. Adını mən verdim, bazarlarını tanrı versin.

Köhnə taxta, pəncərə, qapı, dəmir darvaza, çən, dəmir köşk alıcıları növbəyə dayanıb, satıcılar isə bu "məhsullar" uğrunda cəngi-cidala çıxıblar. Biri deyir, bu mənzilin materiallarını mən almışam, digəri qanını qaşığa qoyur ki, yox bura mənimdi. Biri özünü oda-közə vurur ki, bu dəmir köşkü sahibindən almışam, doğratdırıb satacam, qəfildən dəmir köşkün əsl sahibi ortaya çıxır, köşk sahibiylə alıcı yaxalaşır. Polisə düşürlər, çıxırlar... Sonra da razılaşıb məhəllə kafesində araq içirlər...

Üç-dörd nəfər fəhlə irəli çıxarılmış beton balkonu sökür, külünglərin səsi, sökülən eyvanın çığırtısı ətrafa yayılır.

Birinci mərtəbədə yaşayan, verilən evin sahəsiylə razılaşmayıb binanı tərk etmək istəməyən sakin darvazasından çıxıb fəhlələrə təpinir, mənim qapımı zibilləməyin deyir.
İsmipünhan "bazarkomun" baqqalları və o baqqalların fəhlələri durmadan çalışırlar.

Məhəllə kafesinin pəncərələrindən çıxan siqaret tüstüsündən başqa hamı fikirlidir. Biri evinin əvəzinin ödənilmədiyini düşünür, digəri evinin söküləcəyinə razı olmayacağını, sonuna qədər mübarizə aparacağını fikirləşir, bir ayrısı taxtanı, dəmiri ucuz satdığına, aldandığına görə peşmanlıq çəkir, başqa biri ev sakinlərini yaxşı hərifləyə bilmədiyinin, bir az da dirəşsə, daha çox qazana biləcəyinin qayğısını yaşayır. Beləcə mənzillər əriyir, binalar buxarlanır.

Binanı tərk etmək istəməyən, birinci mərtəbədə yaşayan, illər ərzində dişiylə-dırnağıyla binadakı üç otağından başqa binaya bitişik əlavə dörd otaq tikən, həmin otaqların da qanuni, rəsmi sənədlərini əldə edən sakin ona verilən evin sahəsiylə razılaşmayıb, bölgünün ədalətsiz olduğunu düşünüb Dövlət Başçısına, Nazirlər Kabinetinə, Milli Məclisə şəhər merinə və digər rəsmi qurumlara müraciət edir. Yuxarıda nəql etdiyim hekayətin tragikomik epiloqu isə şəhər merindən gələn məktub olur.

Məktubda binanın qəzalı vəziyyətdə, yaşayış üçün təhlükəli olduğu bildirilsə də, mülkiyyət hüququnu tələb edən sakinə həmin binada yaşamaq məsləhət bilinir.

Mənzillər əriyir, bina buxarlanır, tavanı sökülür, damı uçulur, icra başçısı isə sakinə həmin binada əbədi yaşamaq hüququnun olduğunu bildirir.

Beləliklə QARĞA BAZARInın ismipünhan bazarkomu son monoloqunu və bu yazının epiloqunu söyləyir.

# 1217 dəfə oxunub

Oxşar xəbərlər

Şair Cəlil Cavanşir Sivva ilə klipə çəkildi

Şair Cəlil Cavanşir Sivva ilə klipə çəkildi

16:28 29 noyabr 2024
Rusiyada Yeni ildə ən çox onları səhnədə görmək istəyirlər

Rusiyada Yeni ildə ən çox onları səhnədə görmək istəyirlər

16:20 29 noyabr 2024
6.2 milyon dollarlıq "Divara yapışdırılmış banan" mətbuat konfransında yeyildi

6.2 milyon dollarlıq "Divara yapışdırılmış banan" mətbuat konfransında yeyildi

15:30 29 noyabr 2024
"Bizi telefon pozmayıb, əvvəldən belə olmuşuq" - Ulucay Akif

"Bizi telefon pozmayıb, əvvəldən belə olmuşuq" - Ulucay Akif

15:00 29 noyabr 2024
Bi­zi sonsuz xəyallara qərq edən qüvvə - Sərgərdan və məzəli həyatın sonu

Bi­zi sonsuz xəyallara qərq edən qüvvə - Sərgərdan və məzəli həyatın sonu

13:30 29 noyabr 2024
Hamı "pıxa"dı, biz mələk - Bizə zarımağı öyrədiblər

Hamı "pıxa"dı, biz mələk - Bizə zarımağı öyrədiblər

13:00 29 noyabr 2024
#
#
# # #