Filipp Ekozyants – bu ad artıq uzun müddətdir, millətçi ermənilər üçün kabusa çevrilib. Ukraynada doğulub Rusiyada yaşayan Ekozyants ermənilərin dırnaqarası qədim tarixini araşdırmaqla məşğuldur. Onun arxivlərdən əldə etdiyi tarixi faktlar bu gün dünyada “erməni məsələsi”nin, “erməni soyqırımı” ideyasının haradan qaynaqlandığını və nə məqsədlə ortaya atıldığını dəlillərlə sübut edir.
Kulis.az Filipp Ekozyantsın APA-nın Moskva müxbiri Fərid Əkbərova müsahibəsini təqdim edirik.
– Filipp Vartanoviç, siz erməni tarixini obyektiv araşdıran milliyyətcə erməni olan nadir mütəxəssislərdən birisiniz. Ona görə də sizin qondarma “erməni soyqırımı” haqqında fikirlərinizi eşitmək istəyərdik. Sizcə, 1915-ci il hadisələri ermənilərin iddia etdikləri kimi baş verib?
– Mən qondarma “erməni soyqırımı” haqqında çox danışmışam. Bunun kimlərə sərf etdiyini demişəm. İzah etmişəm ki, nəyə görə buna “soyqırımı” demək olmaz. Çünki “soyqırımı” termin kimi beynəlxalq hüquqda XX əsrin 40-cı illərində peyda olub. “Soyqırımı” beynəlxalq hüquqda bulanıq anlayışdır. Heç kəs hələ dəqiq olaraq bu anlayışın tam izahını verə bilməyib.
Ermənilərin soyqırımı ilə bağlı səsləndirdiyi rəqəmlər də yalandır. Nə qədər çox yalan olsa, ona bir o qədər tez inanırlar. İddia edirlər ki, 1,5 milyon erməni öldürülüb. Birincisi, o qədər erməni heç vaxt olmayıb. XVII əsrdə üç qitədə yerləşən Osmanlı imperiyasında cəmi 20 min erməni evi olub. Ümumi götürsək, bu təqribən 100 min nəfər erməni deməkdir. Əsas kütləsi tam yoxsul şəraitdə yaşayan ermənilərin iki əsr ərzində 10 dəfədən çox artması mümkün deyil. Onlar heç vaxt bir neçə milyona çevrilə bilməzdilər, hansı ki guya onların da 1,5 milyon nəfəri soyqırımına məruz qalıb. Bütün bunlar, təəssüflər olsun ki, bu xalqları düşmən eləmək üçün bir oyundur. Bu oyun alınıb, xalqlar düşmən olub. Hərə öz milli mənzillərinə çəkilib və bir-birilərinə nifrət edirlər.
Mən Türkiyədə olmuşam. 2004-cü ildə İstanbulda çalışmışam. Düzünü deyim, orada heç zaman erməniyə qarşı nifrət görməmişəm.
– Sizcə, ”erməni soyqırımı” məsələsini daim gündəlikdə saxlamaq kimlərə və nəyə görə lazımdır?
– Anlaşılandır ki, “soyqırımı” məsələsi nəyə görə şişirdilir. Bunun məqsədləri var və bu məqsədlər arasında xalqların və sadə insanların firavanlığı yoxdur. Məqsəd manipulyasiyadır, nifrət edən insanı manipulyasiya etmək, idarə etmək daha asandır. Türkiyədə 1918-1919-cu illərdə 1915-ci ilin hadisələrində insanların ölümündə günahkar olanlar barəsində məhkəmə keçirilib. Türkiyə hökuməti həmin günahkarları edam edib. Türkiyə hökumətinin fikrincə, həmin adamlar konkret olaraq cinayətdə ittiham olunublar, özü də təkcə ermənilərə qarşı deyil... Bilirsiniz ki, həmin dövrdə Türkiyədə həm də vətəndaş müharibəsi gedirdi. Bu dövr Türkiyə üçün çox ağrılı idi. Belə ki, Türkiyə iki cəbhədə müharibə aparırdı, həm də daxildə vətəndaş müharibəsi... Rusiyada da vətəndaş müharibəsi gedirdi, lakin Türkiyədən fərqli olaraq, Avropa Rusiyaya hücum etmirdi. Türkiyəyə isə zərbə hər tərəfdən dəyirdi. Çox sayda erməni o zaman Türkiyədə qaldı. Türkiyənin vətənpərvəri oldu və bu gün həmin ermənilər Ermənistan Respublikasının tutduğu mövqe ilə razılaşmırlar. Mən bir daha deyirəm, bu elə məsələdir ki, nəyin nədən başladığını göstərmək lazımdır. Mənim fikrimcə, bütün bu proses məhz “İsrael Ori” hekayəsindən qaynaqlanıb. Bütün iltihab bundan başlayıb. Daha sonra o, müalicə olunmayıb, iltihab prosesi sürətlənib. O ki qaldı, rəqəmlərin şişirdilməsinə, bu artıq marketinq yanaşmasıdır: rəqəmlər, dəhşətlər... Ermənilər tez-tez şəkillər göstərirlər: baxın öldürülmüş ermənilərdir. Mən onlardan soruşuram: siz öldürülənlərin kim olduğunu haradan bilirsiniz? Kimdir axı bu fotolardakılar? Onların müsəlman və ya xristian olduğunu necə anlayırsınız? Necə yəni? Əlbəttə ki, xristianlardır. Necə bilmirsən, sənin baban da axı oradan olub. Mən cavab verirəm ki, bilmirəm. Bəlkə, fotoladakılar başqa dövrdə, başqa məkanda çəkilib, əks olunan ölülər başqa xalqa məxsusdur. Onların erməni olduqlarını necə müəyyən etmək olar axı?!
“Soyqırımı məsələsi ermənilər üçün, əslində, bataqlıqdır”
– Görünən odur ki, qondarma “erməni soyqırımı” məsələsini daha çox erməni diasporu şişirtməkdə maraqlıdır. Sizcə, ermənilərin, xüsusilə də Ermənistan Respublikasının bu məsələdə mövqeyi necə olmalıdır?
– Bu gün müasir Ermənistan dövlətinin və erməni diasporunun tutduğu mövqe mənim nə deməyimdən asılı olmayaraq, hər şeyi siyasi müstəviyə çıxarmaqdan ibarətdir. Erməni məsələsində baxılası bir şey yoxdur. Əslində, tarixə diqqət yetirmək bəs edir. Əgər diqqətlə araşdırılsa, bunun soyqırımı olmadığını ermənilər özləri də müəyyən edəcəklər. Soyqırımı məsələsi ermənilər üçün, əslində, bataqlıqdır. Mən bunu ermənilərə deyirəm. İndi bu bataqlığa girməyin mənası yoxdur. Bu bataqlığı əvvəlcə qurutmaq lazımdır. Çünki həmin bataqlığa girsək, biz sadəcə oralarda batacağıq. Bu bataqlıq saxta, qəsdən dəyişdirilmiş termin və anlayışlardan ibarətdir. Erməni anlayışının özü kimi... Ermənilər əvvəlcə kiçik icma olublar, sonra isə guya birdən Kiçik Asiyanın əhalisinin yarısını təşkil ediblər. Bütün bunlar kağız üzərində edilir, necə ki bu gün televiziyalar bunu edir.
“Tarixdə heç vaxt Ermənistan adında dövlət olmayıb”
– Siz çox maraqlı bir məqama toxundunuz: “erməni” və “Ermənistan” anlayışı... Bu anlayışlar barədə sizin fikirlərinizi bilmək maraqlı olardı. Ermənilər qədim xalq olduqlarını, dillərinin, əlifbalarının qədim olduğunu iddia edirlər. Əslində, ermənilər kimdir?
– Ermənilər nə deməkdir? Bu anlayış nə vaxt meydana gəlib? Bu o vaxt meydana gəlib ki, müəyyən bir qrup insanı adlandırmaq lazım olub. Bu kimə lazım idi? Bu kosmoqrafiyanı tərtib edənlərə lazım idi. Ermənistan coğrafi məkanın adı olub. Tarixdə heç vaxt Ermənistan adında dövlət olmayıb. Bilirsiniz, bunun haqqında çox danışmaq olar.
Ermənilər çox vaxt deyirlər ki, onlar dini icma deyil, xalq olublar. Əslində, belə deyil. Ermənilər iddia edirlər ki, guya onların öz dilləri və əlifbası olub. Erməni dili ilə məsələ aydındır. XVI əsrə qədər erməni dilinin mövcudluğu barədə heç bir tarixi fakt mövcud deyil. Bunun üçün müasir müəllifləri deyil, orta əsrlərdə yaşayan insanları, tədqiqatçıları oxumaq lazımdır. Onların hamısı belə bir yekun qərara gəliblər ki, erməni dili şifahi götürüldükdə türk dili ilə eynidir. Yəni ki, Kiçik Asiyanın müsəlmanları ilə xristianları eyni dildə danışıblar. Sadəcə olaraq, bir sıra müəlliflər coğrafi regionun adına uyğun olaraq həmin dili erməni dili kimi qələmə veriblər. XVII əsrin müəllifləri bir ağızla ermənilərin xalq deyil, dini sekta olduğunu bildirirlər.
İkinci məsələ əlifbadır. Dünyada elə bir əlifba yoxdur ki, o, hansısa xalqa məxsus olsun. Bircə, ermənilər iddia edirlər ki, onların öz əlifbası var. Fransa, İtaliya və digər ölkələrin arxivləri göstərir ki, Avropa və Ön Asiyada o dövrdə heç bir xalqın əlifbası olmayıb. Əlifbalar ancaq dini icmalara, sektalara məxsus olub. Osmanlı və Səfəvi imperiyaları ərazisində yaşayan xristian icmalarının əlifbaları olub. Məhz həmin əlifbalardan biri də ermənilərin bu gün istifadə etdikləri əlifbadır. Əlifba xalq üçün marker deyil, lakin ermənilər bunun əksini fikirləşirlər. Elə bu da onların yalanını üzə çıxarır. Əlifba məhz xalqlara deyil, dini icmalara məxsus olub. Ermənilərin istifadə etdiyi əlifba da dini icmaya məxsus olub və mən sübut edirəm ki, bu əlifba XVI əsrdə yaradılıb. Erməni icması diaskoritskiy icmasının tərkibində olub. Bu icmanın tərkibində olan yakovitlərin də öz əlifbaları olub. Bu, tarixi faktdır. Digər xristian icması olan nesteryanilərin da öz əlifbaları olub. Bir sözlə, Kiçik Asiyada yaşayan bütün xristian icmaların öz əlifbaları olub.
“Bugünkü ermənilər nesteryanilərin, melxitlərin və bu arealda yaşayan digər xristian icmalarının törəmələridirlər”
– I Pyotrun Səfəvi şahina yazdığı məktubda guya ermənilər haqqında qeydin olması barədə nə deyə bilərsiniz?
– O ki qaldı ermənilərin azadlığı məsələsinə, burada söhbət, əslində, ermənilərdən deyil, xristian icması olan nesteryanilərdən gedir. Rus imperatoru I Pyotrun Səfəvi şahına yazdığı guya “erməniləri qorumaq lazımdır” məzmunlu məktubunda da erməni sözü, əslində, yoxdur. Həmin məktubun rus versiyasında Pyotr “xristian” kəlməsindən istifadə edib. Səfəvilər hökmdarı isə “nesteryani” kəlməsindən. Lakin nədənsə bu tarixə Pyotrun ermənilərin müdafiəsinə qalxdığı kimi qələmə verilir. Bir sözlə, böyük bir nesteryanilər icması tarixə erməni adı altında düşüb. Bu tarixdə əsas fiqur İsrael Ori və Vardapet Minasdır. Hansıları ki İran imperiyasında yaşayan məliklər onları özlərinin elçisi təyin etmişdilər. Bir sözlə, dünyada erməni adında xalq olmayıb. Bugünkü ermənilər nesteryanilərin, melxitlərin və bu arealda yaşayan digər xristian icmalarının törəmələridirlər.
“Erməni tarixi”, “erməni irqi” – əslində, bunlar hamısı absurd şeylərdir. Mən bu sözləri eşidəndə utanc hissi keçirirəm. Əslində, bunlar avam ictimaiyyətə hesablanmış şeylərdir.
Fikrimcə, azərbaycanlılar, türklər, ermənilər bir xəmirdən yoğrulanlardır. Sadəcə olaraq, coğrafi mühit onları fərqləndirib. 2018-ci ildə oğlumla birlikdə babamızın kəndində, Ərzurum yaxınlığında, İspirdən bir az uzaqda yerləşən Çikataya kəndində olduq. Əvvəllər bu kəndin adı Çinaçur olub. Biz babamızın yaşadığı evdə olduq, evin divarlarına, daşlarına toxunduq. Babam Türkiyədən 1915-1916-cı illərdə getmişdi. Onlar qorxmuşdular ki, Rusiyanın Osmanlı İmperiyasına hücumu zamanı türklər xristian əhaliyə zərər yetirə bilərlər. Kimlərsə bu şayiəni bilərəkdən yaymışdı. Babam və digər doğmalarım, ümumilikdə, 25 ailə kəndi tərk etmək qərarına gəlmişdi. Babam danışırdı ki, həmin vaxt heç kəsi qəsdən öldürməmişdilər. Bir çox insan köç zamanı yolda ölmüşdü. Lakin kənddən heç də bütün ermənilər getməmişdi. Demək olar, onların yarıdan çoxu kənddə qalıb və hazırda da orada yaşayırlar. Heç kəs onlara toxunmayıb. Günü bu gün də ermənilər orada türklərlə birlikdə yaşayır...