Erməni generalının dandığı həqiqət

Erməni generalının dandığı həqiqət
23 oktyabr 2023
# 11:50

Kulis.az Nadir Yalçının yazısını təqdim edir.

Oktyabrın 18-də rejissoru və ssenari müəllifi Karan Sinqh olan "Oğul" filmi geniş ictimaiyyətə təqdim edildi, film izləyicilər tərəfindən olduqca maraqla qarşılandı. Film böyük zəhmət, detallı araşdırma, çətinliklər bahasına ərsəyə gəlib. Enriko Sarsinin nəql etdiyi hekayələrdən yola çıxan rejissor üç il Azərbaycan, Ermənistan, İtaliya, Böyük Britaniya, Rusiyada şahidlərlə görüşüb, onların müsahibələri əsasında ssenarini müəyyənləşdirərək lazımi məqamları lentə köçürüb. Ermənistandakı şahidlərin dindirilməsi və onların danışdıqları filmin ən maraqlı hissələrindəndir.

"Oğul" sadəcə sənədlər və faktlar üzərində çəkilməyib, filmdə həm də ağrılı bir tale, ömrün sonuna qədər dəhşətli intizar içində gözləmək ağrısı, çarəsizlik kimi hisslər real faktlara söykənilərək, dəqiqliklə təsvir olunub. Film iki paralel xətt üzrə inkişaf edir: hadisələrin canlı şahidlər tərəfindən nəql edilməsi, nəql olunan hadisələrin oxşar aktyorlar tərəfindən canlandırılması. Film boyunca Natiqin ailə üzvlərinin danışdıqları nə qədər kədərlidirsə, xarici müsahiblər - Tomas de Vaal və Enriko Sarsininin nitqi tarixilik cəhətdən xeyli əhəmiyyətli və maraqlıdır. Bir tərəfdə, ortada çox üzücü sübut və dəlillərin olmasına baxmayaraq, hələ də Natiq Qasımovun yolunu gözləyən ailə, bir tərəfdə qəhrəmanın, bəlkə də, son anlarına şahidlik edən məşhur fotoqrafın xatirələri, digər tərəfdə isə Qarabağ problemini yaxından tədqiq edən və bu məsələyə, bir əsirin başına gətirilənlərə, onun naməlum taleyinə üçüncü göz kimi yanaşan ekspert... Filmin yaradıcılıarının əsas uğurlarından biri bu üç ayrı baxışı baxımlı tərzdə birləşdirmək olub.

Enriko Sarsininin nitqi insanı heyrətləndirir və Natiq Qasımovun necə ürəyə sahib olduğunu sübut edir. Fotoqrafın filmdə verilən bu cümlələrini təsirlənmədən, duyğulanmadan dinləmək mümkünsüzdür: "Oğlanın halına yanırdım. Dili-dodağı qurumuşdu, su vermirdilər. Mən gecənin yarısı getməli oldum... Mən daha bacarmırdım". Bəli, məhz "Mən daha bacarmırdım" cümləsinin arxasında nələrin dayandığını sezmək sarsıdır insanı. Bəlkə, fotoqrafın oradakı işi ilə birgə Natiqin də həyat hekayəsi sonlanacaqdı...

Filmdə N.Qasımovun anası oğlunun əsirlikdə dindirilmə anlarını əks etdirən şəkilləri ilk dəfə görür, onlara baxa-baxa astadan dil deyib ağlayır: "Bu nə zülmdür çəkirsən, ay bala?" İndiki zamanda müraciət edir balasına. Ölməyini ağlının ucundan belə keçirmir. "Neçə gündü o paltar əynindədi?" Görünür, bir ana, aradan illər keçsə də, oğlunun o halına məhz belə yana bilərdi.

General Balasanyan... Filmdə danışdıqlarında qətiyyən səmimi deyildi. Bununla belə, onun kamera qarşısında dilləndirilməyi filmin ən uğurlu cəhətlərindən biridir. Ən maraqlı və qəzəb doğuran məqam isə Balasanyanın o şəkillərdə öz cəllad simasını görsə də, bunu etiraf etməkdən boyun qaçırmasıdır. Rejissorun sənətkarlığı bu situasiyada özünü daha çox büruzə verir. Hadisənin şahidi olan digər ermənilərlə müsahibə zamanı şəkildəki gənc zabitin məhz general Balasanyan olması faktı təsdiqlənir. Balasanyan özünü tanımazlığa vurur, amma film onu tamaşaçıya tanıtmağı bacarır.

Filmin bəzi hissələrinin Azərbaycan dilinə çevrilməsində tərcüməçi Svetlana Turanın, uğurla səsləndirilməsində isə aktyor Azər Aydəmirin xidməti çox dəyərlidir.

Natiq Qasımov kino-texnik olub, daim kinolardan maraqla bəhs edib. İndi onun haqqında maraqlı bir kino işi ərsəyə gəlib. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Böyük Britaniyanın "Broken Pot Media" şirkətinin istehsalı olan "Oğul" sənədli filmi müasir sənədli kinonun ən parlaq nümunələri sırasındadır.

Təqdimatda iştirak edən Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid filmi izlədikdən sonra maraqlı bir arzusunu dilə gətirib: "Britaniyalı rejissor Karan Sinqhin "Oğul" filminin qəhrəmanı, Birinci Qarabağ müharibəsinin əfsanəvi döyüşçülərindən olan Natiq Qasımov Əsgəran yaxınlığındakı məbəddə düşmənlə 5 gün təkbaşına mübarizə aparıb. Düşünürəm ki, azad Qarabağda tezliklə həyata keçirilməli işlərdən biri də yenilməz ruhlu Natiq Qasımovun 1992-ci ilin qışında günlərlə mühasirədə qalıb düşmənlə vuruşduğu o məbədi təmir edib muzeyə çevirmək olacaq. Ziyarətə gələnlər məbəd-muzeyin içərisində "Oğul" filminə baxa və divarlarda o məşum hadisəni əks etdirən şəkilləri görə biləcəklər".

# 1663 dəfə oxunub

Oxşar xəbərlər

Cennifer Lopesin yeni sevgilisi

Cennifer Lopesin yeni sevgilisi

10:53 22 noyabr 2024
Tanınmış xanəndə vəfat etdi

Tanınmış xanəndə vəfat etdi

10:10 22 noyabr 2024
Bu televiziya kanalları ilə bağlı tədbir görüldü

Bu televiziya kanalları ilə bağlı tədbir görüldü

09:27 22 noyabr 2024
Daha bir serial final edir

Daha bir serial final edir

09:19 22 noyabr 2024
"Vətəndaş A"nın səs rejissoru:  "Çıxarılan o səhnələrə rejissora etiraz edəcək qədər heyfim gəlir" - Müsahibə

"Vətəndaş A"nın səs rejissoru: "Çıxarılan o səhnələrə rejissora etiraz edəcək qədər heyfim gəlir" - Müsahibə

09:00 22 noyabr 2024
Alfred Şnitkeyə həsr olunmuş gecə keçiriləcək

Alfred Şnitkeyə həsr olunmuş gecə keçiriləcək

18:40 21 noyabr 2024
# # #