Ərəblərin Bakıdakı kef məclisləri - Vüsal Bağırlı yazır...

Vüsal Bağırlı

Vüsal Bağırlı

20 fevral 2023
# 11:50

Kulis.az Vüsal Bağırlının "Turistərin Azərbaycanda qeyri-adi sərgüzəştləri" adlı yazısını təqdim edir.

Baş rolda Andrey Mironovun çəkildiyi məşhur sovet filmi var. "İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri”. Komediya janrındadır. Baxmaq istəyənlər filmi internetdə axtarıb tapa bilər. Amma mən mövzunun coğrafiyasını filmə deyil, ölkəmizə transfer etmək istəyirəm.

Filmin adı üzərində redaktə düzəlişi edib, ərəb turistlərin Azərbaycandakı ağlasığmaz macəralarından və sərgüzəştlərindən bəhs edən əsər yazmaq, yaxud daha da irəli gedib, babat film də çəkmək mümkündür.

Düzdür, pandemiya, koronavirus, məhdudiyyətlər dövründə turistlərin sayı əvvəlki illərə nisbətən xeyli azaldı. Lakin son dövrlər vəziyyət dəyişib və statistik göstəriciləri yenə də həndəsi silsiləylə artmaqdadır.

Ümumiyyətlə, bir sıra ölkələrdə ərəblərə münasibət olduqca təzadlıdır, fəqlidir. Məsələn, Norveç Qətərdə keçirilmiş futbol üzrə dünya çempionatı turnirini boykot etməyi təklif etmişdi. Səbəb kimi Qətər stadionlarının tikintisi zamanı insan hüquqlarının kobud pozuntusunu və çoxsaylı insan ölümlərini misal göstərmişdi.

Ruslar çukçaları, özbəkləri, kalmıkları öz lətifələrində həmişə əfəl, avam formada təqdim edirlər. Anadolu türkləri də "anladımsa, arap olayım” məsəli ilə ərəblərə eyni münasibəti göstərir.

Amma söhbət ərəb turistdən düşəndə, biz də həmçinin ağzımızı əyirik, burunaltı deyinir, dodaqaltı mızıldanırıq.

Öz-özümə fikirləşirəm, "dirisiylə rusca, ölüsüylə ərəbcə danışan xalqım”ın ərəb turist görəndə xoşlanmamasının, ağız büzməsinin səbəbi nədir, görəsən? Axı avropalı da eyni üsulla bizi ərəb yerinə qoyur. O da özünü dartıb təkəbbür nərdivanına mindirir və bizə üstdən aşağı baxır. Biz də avropalının gözündə həmin o "ərəb turisti”yik?!

Suala cavab tapmaq üçün araşdırma etmək qərarına gəldim.

"Google”də "ərəblər turistlər Azərbaycanda…” yazıb axtarış düyməsini basım. Ortaya al-əlvan, rəngarəng, bir-birindən maraqlı məlumatlar, cürbəcür ağlasığmaz faktlar çıxdı. İlk əvvəl birinci məlumatın üzərində dayanaq:

"Ərəb turistlərin Azərbaycanda kef məclisləri”.

Məlumatı türklər demiş, “tıklayıb” oxumağa başladım. Məqaləyə əlavə edilmiş fotoşəkil diqqətimi cəlb etdi. Bir dəstə çalmalı, uzunətək ərəb hansısa rayonda, düzənlik ərazidə, təbiət qoynunda əsl bədəvi həyat tərzinə uyğun kef-bardaş süfrəsi qurub, ovladıqları çöl quşları, dovşan, qaşqaldaq və ördəyi elə istirahət etdikləri yerdəcə basmarlayıb yeyirlər. Yağlı əllərini bığlarına çəkir, barmaqlarını ətəklərinə silirlər. Kefləri kök, damaqları çağdır.

İkinci və üçüncü xəbərlər də öz koloriti ilə diqqəti cəlb edir: "Ərəblər Azərbaycanda qoyun ətini bahalaşdırdılar”, "Ərəblər Azərbaycanda qoyun-quzu qoymadılar”.

Beləcə "yeməmisən qaz ətini, nə biləsən ləzzətini” deyimiylə eyş-işrət məclislərində, restoranlarda kabablayıb, şişə çəkdikləri tərəkəmə qoyununu eləcə sürüylə alıb, satmaq üçün başqa yerlərə də aparırlarmış. Bu da son nəticədə ölkədə ət qıtlığına səbəb olur, qiymətləri kəllə-çarxa qaldırırmış. Ərəbinsə nə vecinə, pulu-parası onsuz da tükənmir.

Digər məlumatlar da maraqlıdır.

"Gənc qızların şeyx arzusu”, "Ərəb turist qadına əxlaqsız təklif etdi”, "Ərəb turist təbii ehtiyacını küçənin ortasında ödədi”, "Ərəb turist gecəni bir yerdə keçirdiyi qadının ağuşunda keçindi”.

Gördüyünüz kimi ərəb turistlərin adı heç bir mədəni tədbirdə, kino, teatr, balet, kitab, rəsm, muzey sərgisi kimi xeyirli-uğurlu, intellektual məzmunlu, əhval yüksəldən, pozitiv enerji verən xəbərlərdə çəkilmir.

Məlumatları oxuyub bitirdikdən sonra, oturacağa yayxandım və bir anlıq düşüncəyə daldım. Əslində, ərəblərlə bizim ümumi, oxşar cəhətlərimiz çoxdur. Din birliyini bir kənara qoysaq, məlum olar ki, onlar da dəbdəbəli həyat tərzini sevir, biz də. Onların da tükənməz neft, karbohidrogen ehtiyatları var, bizim də. Onlar da şöhrətpərəstdir, biz də. Onlar da kitab-dəftərdən, mütaliədən uzaqdır, biz də. Onlar da oxuyub yazmaqdan, elmdən qaçaqdır, elə biz də.

Bir tərəfdən oxumağın, təhsilin yaxşı olduğunu guya ki anlayırıq, digər tərəfdən isə pulumuzu kitaba, elmə xərcləməyə heyfimiz gəlir. Ərəblər kimi elə bizim də həyata verdiyimiz qiymət, "həyat qısadır, oxuyum, öyrənim”dən deyil, "dünya beş günlükdür, ye-iç, kef elə”dən keçir.

Bir az da dərindən fikirləşib, öz-özümə sual verdim: tarqovuda, bulvarda, küçədə, tində gördüyümüz ərəb, elə güzgüdəki özümüz deyilikmi? Bizi ərəb ölkələrinə istirahətə göndərsələr, oradakı çimərlikləri, küçə və prospektləri qarpız qapığı, plastik butulkalar, zibil, siqaret kötüyü, tum qabığı ilə doldurmarıqmı? Sadəcə məsələnin nisbi fərqliliyi ondadır ki, ərəblərin pulu-parası, malı-dövləti daha çoxdur və əslində, bizi qıcıqlandıran, əsəbiləşdirib cin atına mindirən əsl səbəb də elə budur.

Vəstamam-şütsalam.

# 2400 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
#
#
# # #