Elza Seyidcahan: "Şeir yazmağın daşını atacam" - Müsahibə

Elza Seyidcahan, bəstəkar, müğənni

Elza Seyidcahan, bəstəkar, müğənni

29 avqust 2022
# 09:00

Kulis.az Əməkdar artist, bəstəkar Elza Seyidcahanla müsahibəni təqdim edir.

– Başlayaq, Elza xanım?

– Gözləyin, tacımı taxım, başlayaq (gülüşmə).

– Elza xanım, şeir yazmağınıza görə sizi həmişə tənqid edirlər, ironiya hədəfinə çevirirlər. Niyə? Nə istəyirlər sizdən? Niyə şeir yazmağınız insanlarda bu qədər qıcıq doğurur?

– Mən, açığı, xalqın içində olduğum üçün bu ironiyanın olduğunu hiss etmirəm. Çünki mənim şeirlərim azdan-çoxdan həyatda öz təsdiqini tapıb.

– Bəlkə də, sizi daha çox bəstəkar, müğənni kimi qəbul etdiklərindən şair kimi görmək istəmirlər. Və siz şeir yazanda yaman qəzəblənirlər. Bu qəzəbin səbəbi nədir?

– Biz – incəsənət adamları hər dəfə insanları sağaldırıq. Onların ruhunu təzələyirik. Bu mahnı da ola bilər, şeir də, rəsm də. Çünki hər bir insanın buna ehtiyacı var. Burda söhbət savadsızlıqdan sağaltmaqdan gedir. Biz – incəsənət adamları insanları savadsızlıqdan sağaldırıq.

– Tək xalq deyil, Elza xanım. Sizin sənət dostlarınız da şeirlərinizi ironiya hədəfi edir, onları tənqid edir. Məsələn, Rafael İskəndərov bir verilişdə sizin şeir deməyinizi lağa qoymuşdu...

– Rafaelin lağa qoyması mənə təsir etmir.

– Niyə?

– Çünki Rafael və onun kimi aktyorlar bunu camaatın adından deyirlər. Yəni o verilişdə Rafael bəsit camaatın dilindən lağ edirdi mənə.

– “Biz də səy-səy qulaq asırıq” deyəndə bəsit camaatın dilindən deyirdi?

– Bəli. Çünki onlar aktyordular və aktyorlar da xalqın, camaatın ifadəçiləridir.

– Yəni Rafaelin sizin şeirlərinizə münasibəti bu cür deyil?

– Əlbəttə, öz düşüncəsi deyil. Onlar mənim ən yaxın dostlarımdı. Onlar mənim şəxsiyyətimi də, yaradıcılığımı da sevirlər. Bilirsiniz, bəyənməmək başqadır, başa düşməmək ayrıdır. Bəzən görürsən ki, biri həyatda bir işə yaramayıb, savadsızın biridir, deyir: “Mən səni bəyənmirəm”. Savadsızın biridir, məni bəyənmir. Deyir, bəstəkarlığını bəyənirəm, şeirlərini isə yox. Ona deyirəm ki, sən iki vur iki neçə eləyir, bilmirsən, sən necə məni bəyənə bilərsən ki. Sən məni sadəcə başa düşməyə bilərsən. Başa düşməyin üçün isə elzaseyidcahanların gəlib keçdiyi teatrlara getməlisən, rejissorlarla işləməlisən, Elza Seyidcahanın keçdiyi yolu heç olmasa yarılamalısan ki, biləsən mən burda nə demək istəmişəm. Ancaq mən o mənada xoşbəxtəm ki, yazdığım ən qəliz şeirdə belə istədiyim mesajı tuta bilirlər.

– Sizin haqda bu cür də fikir var: deyirlər, Elza xanım o şeirləri yazmaqla xalqın damarını yoxlayır.

– Mənim şeirlərimdə hər cür insanın səviyyəsinə uyğun söz var. Yeddi təbəqə insanlar üçün o şeirlərdə mesajlar var. Hərə öz payı qədər ordan söz götürə bilir. Orda bir söz var ki, o sözü mən bir mənada demirəm, ancaq insanların çoxusu onu elə bir məna ilə başa düşürlər.

– Bu mənada sizin bir üslub yaratdığınızı da deyirlər. Hətta bəzi şairlərin şeirlərini də oxuyanda deyirlər ki, bu şair Elzavari yazıb. Bəzi yerlərdə sizi postmodernist kimi də qələmə verirlər.

– Elə adamlar var, nəsə eləyəndə, deyirlər, qoy elə eləyim ki, seçilim. Bir az ondan, bir az bundan oğurlayırlar, ortaya nəsə qoyurlar, amma baxırsan ki, heç nə deyil. Bəzən olur ki, bir şeirdə bir sözü yazım, ya yazmayım deyə tərəddüd edirəm. Sonra qərar verirəm ki, yazım. Çünki bu söz müzakirələrə səbəb olsa da, axır-əvvəl hamını yaxşı yerlərə aparacaq.

– Siz bir dəfə maraqlı bir eksperiment etmişdiniz: Nəsiminin şeirini öz şeiriniz kimi paylaşmışdınız.

– Bu yaxınlarda Zəlimxan Yaqubun da bir şeirini öz şeirim kimi paylaşmışdım. Yenə gördüm ki, hamı yazır: “Nolar, siz şeir yazmayın da”. İnsanlar necə bəsitdir! Necə yazıqdırlar!

– Sanki sizə qadağa qoyurlar: siz şeir yazmayın.

– Başları çatmır da. Deyirəm də, yazıqdılar. Yazıq! O bir yana. Məni “Xalqın şair”i müsabiqəsinə münsif kimi dəvət etmişdilər. Orda iştirak edənlər mənə sonradan deyirdilər: “Elza xanım, orda ən düzgün qiyməti bizə siz verirdiniz”. Hətta onlar təəccüblənmişdilər ki, Elza xanım necə bu şeiri duya bilər, təhlil, analiz edə bilər. Orda münsiflərdən biri 60 yaşlı qadına demişdilər ki, sən şeir yazma. Bizim, ümumiyyətlə, heç kimə “şeir yazma” qadağası qoymağa ixtiyarımız yoxdur. O şeir yazır da. Gəlib cibinə girmir ki? Allah insanları yaradıb, biri tez-tez danışır, biri aram-aram, biri də qırıq-qırıq. Biz necə onlara deyə bilərik ki, sən danış, sən danışma? Ona görə də mən bu cür məsələlərə həmişə kəskin münasibət göstərirəm. Sizin şeir xoşunuza gəlməyə bilər, ancaq qadağa qoya bilməzsiniz.

– Nə vaxtsa şeir yazmağın başını buraxa bilərsiniz?

– Bəzən mənə deyirlər ki, Elza xanım, bəlkə, şeir yazmayasınız. Mən də onlara deyirəm: “Ağlıma gələndə, oturub yazıram”. Ola bilsin ki, nə vaxtsa, şeir yazmağın daşını atacam. Amma mən şeiri uşaqlıqdan yazmışam.

– Şeir yazmayın deyəndə sizi incidir bu? Bəlkə, buna görə deyirsiniz ki, nə vaxtsa şeir yazmağın daşını atacam.

– Mən “yazacam”, yaxud da “yazmayacam” deyə bilmirəm ki. O mənə bir an kimi gəlir. Elə bilirsiniz, “oturum şeir yazım” deyib yazıram? Yox. Hərdən mənə elə gəlir ki, mən heç vaxt şeir yaza bilməmişəm. Amma bir də görürəm ki, alınır. Onda deyirəm, yaza bilmişəm.

– Həmişə geyiminizlə də fərqlənirsiniz. Bu da bir üslubdur?

– Bəli. Yeri gəlmişkən, bugünkü geyimim Nuhun gəmisi adlanır.

– O gəmiyə kimlər qəbul olunacaq?

– Doğrudan da, ilk günlər mənim sənətimə dəstək olanlar. Məni həvəsləndirənlər, tənqidini də, tərifini də üzümə deyənlər, çətin gündə, yaxşı gündə yanımda olanlar. Bu geyimdə həm də əsl istedadların çağırışı var. Onlar da bu gəmiyə qəbul olunanlardır. Çox şeyləri bilməsəm də, bildiyimiz az şey budur: kim kimdir, yaxşı bilirəm.

– Bu yaxınlarda üzv olmaq üçün Yazıçılar Birliyinə müraciət etmişdiniz, Anar müəllim də müsbət cavab verdi...

– İnşallah, yaxşı xəbərlər gələcək.

– Üzv olmaq fikriniz dəqiqdi?

– Mənim üçün üzv olmaq o qədər maraqlı deyil. Ancaq mənim ora üzv olmağımı gözləyənlər üçün maraqlıdır. Mənə tez-tez deyirlər: “Elza xanım, sizin nəfis kitabınız da var, AYB-yə üzv olmaq istəmirsiniz?” Bilirəm ki, AYB-də bizim yaxşı-yaxşı şairlərimiz, yaxşı insanlarımız var, mən də ora qatılaraq o quruma rəngarənglik qatacağıma inanıram. Uşaq vaxtı anam məni şeir dərnəyinə aparırdı. Orda çox maraqlı günlərim olub. Şeirlərimi oxuyurdum və bəyənirdilər. Sonra Namiq Abdullayev – fantast yazıçı. O mənə çox kömək edib. Həm də Namiq Abdullayev mənim qohumumdur. Maraqlı insan idi. Bizim nəsildə görürsünüz də, maraqlı insanlar olub. Allah rəhmət eləsin, Namiq Abdullayevə. Hər dəfə onu görəndə baxırdım ki, bütün cibləri qəzet parçaları ilə doludur. O, atamgilə deyirdi ki, uşağın yazılarını qoruyun. Çoxlu kitab oxusun, mütaliə eləsin, özünü inkişaf etdirsin.

– Elza xanım, bir Azad Yazarlar Ocağı var. Yazıçılar Birliyinə alternativ qurumdu. İndi o qədər də fəaliyyətdə olmasalar da, hələ də düşüncə olaraq qalıblar. Ora toplaşanlar daha çox azad, heç yerdən asılı olmayan yazıçılardı. Bu mənada çoxları düşünürdü ki, Elza xanım ora getsə daha yaxşı olar. Çünki estetika olaraq da onlara yaxınsınız.

– Bilirsiniz, mən nə qədər azad yazsam da, çərçivələri qoruyub saxlayıram. Əslində, mənim mahnılarım da şeirlərimə bənzəyir. Mənim şeirlərim prelyuda formasındadır, elə mahnılarım kimidir.

– Təklif gəlsə, razılaşarsınız?

– Məni Qırğızıstan Bəstəkarlar İttifaqına üzv seçdilər. Heç xəbərim olmadan. Nə bilmək olar, Azərbaycan Yazıçılar Birliyinə üzv olmadan əvvəl, məni xarici ölkələr öz birliklərinə üzv edəcəklər.

– Yazıçılar Birliyinin bu yaxınlarda qurultayı olacaq. Sədr seçilmək istəməzdiniz? Vaxtında üzv olub qurultayda sədrliyə namizədliyinizi verə bilərdiniz...

– Mən, onsuz da, öz dünyamda həm sədr, həm də xadiməyəm. O söz var e, deyir, bu xanım evin həm xanımı, həm qulluqçusudur. Mən də bu xalqın həm xanımı, həm də qulluqçusuyam. Ona görə də bizim yaşlı yazıçılarımıza nə gəlib ki? Onlar sədr seçilsinlər. Allah Anar müəllimə can sağlığı versin! Yadımdadır ki, mən Yuğ teatrında işləyəndə Anar müəllim məni qəbul etmişdi. Onda mənə Rəsul Rza və Nigar Rəfibəylinin həyat və yaradıcılığına aid kitab, bir də “Rənglər” silsiləsini verdi. Onda Anar müəllim demişdi ki, “Rənglər” silsiləsinə Azərbaycanda sizdən yaxşı musiqi yazan olmaz.

– Yazdınız?

– Yazmışam. İnşallah, işıq üzü görəcək. Mənim tək şeiriyyatım deyil, bir çox layihələrim həmişə maraqla qarşılanıb. Özü də mən özümə şair demirəm. Cızma-qaraçı deyirəm. Ona görə də çox şeirdən, şairlərdən danışmaq istəmirəm. Məsələn, biz qoyun qığıyla bağlı bir konsert eləmək istəyirik.

– Siz hətta “Qoyunçuluğun təbliği və iqtisadiyyatda rolu mövzusunu kütləvi şəkildə təbliğinə görə" diplomla da təltif olunmusunuz...

– Sözün düzü, bu qoyun qığı layihəsi bacımdan gəldi. O dedi ki, istəyirəm sənə qoyun qığından paltar tikdirim. Mən tərəddüd keçirdim. Deməli, bacım qoyun qığını dedi. İdeyasını, fəlsəfəsini isə mən tapmalıydım. Qoyun yeganə heyvandır ki, onun hər şeyindən istifadə olunur. Qoyun qığının da bir çox üstünlükləri var. ondan yanacaq kimi istifadə edirlər. Və qoyun qığından insan zərər çəkmir, əksinə onun bronxları üçün xeyirlidir. Əslində, mən bu layihəni Qarabağ qaçqınlarına ithaf etdim. Çünki orda hadisələr başlayanda insanlarımıza ən çox təsir edən heyvanlarının orda, işğal altında qalmağıdır. Hətta öz heyvanlarını yuxuda görənlər də olurdu, biri deyirdi ki, yuxuda gördüm, inəyim xəstələnib. Heyvanlar da həsrət çəkmişdilər, öz sahiblərindən aralı düşmüşdülər. Və mən bu layihəni də 30 il həsrətdə qalan heyvanlarımıza həsr edəcəm.

– Niyə qoyun? Axı orda başqa heyvanlar da qalıb.

– Qoyun mesajdır. Elə insanlar var ki, qoyundan da aşağıdır.

– Ramiz Rövşənin də şeiri var: “Qoyun olmaq çətin imiş...”

– Bəli, bəli. Mənim də qoyunlara ithaf etdiyim şeir də var. Bir dəqiqə (kitabı açır və o şeiri oxuyur).

– Elza xanım, bizim gənc yazarları izləyirsinizmi?

– Mən çox sevinirəm ki, bizim bu qədər istedadlı gənc yazarlarımız var. Şeiri təhlil edirlər, başa düşürlər. Bu yaxınlarda Orxan Bahadursoy adlı bir şair mənim bir şeirimi təhlil etmişdi. Hətta o demişdi ki, Elza xanımın bir şeirindən bir kitab yazmaq olar. Özü də belə bir şey də yazmışdı ki, mən zamanında Elza xanımı tənqid etmişdim, sonra isə onun yaradıcılığı ilə tanış oldum və onu başa düşdüm, səhv etdiyimi anladım. Mənim haqqımda tez-tez gənc yazarlar köşə yazıları da yazır. Təəssüfləndiyim bir şey var ki, onları yaxından tanımıram. Bu da vaxt azlığı ilə bağlıdır. Ancaq inşallah, mənim gənc yazarlarla bağlı bir layihəm olacaq.

– Nə layihəsidir?

– Onu hələlik açıqlamıram. Siz məni qabaqlandınız (gülür).

– Təxmini də olsa, qırağından-bucağından deyin...

– Mənim bir işim var, o alınsa, həmin layihə də həyata keçəcək. Amma narahat olmasınlar, yaxında gənc yazarları sevindirəcəm.

– Elza xanım, bəzi yazarlar müğənnilərin daha imkanlı olduğunu qeyd edərək onların yazarlara maddi dəstək olmalarını istəyirlər. Buna messenantlıq deyirlər. Yəni yaradıcı adamlara təmənnasız maddi yardım göstərmək. Siz necə düşünürsünüz bu haqda?

– Mən yazarlara ancaq belə dəstək oluram: toylarına çağırırlar, gedib pulsuz oxuyuram. Əlimdən gələn odur. Mənim kitabım da 25 min manata başa gəlib.

– "Mən dəlinin rəssamı” adlı şeir kitabı 25 minə başa gəlib? Niyə elə baha? Camaat o pula ev tikir...

– Onun dizaynı, rəssamlığı, tərtibatı. Bir baxın (kitabı göstərir), görün necə keyfiyyətli çıxardılıb. Mən hələ özüm də mətbəəyə borcluyam. Hələ tam ödəyib bitirə bilməmişəm. Az-az, əlimə düşdükcə ödəyirəm.

– Nə qədər qalıb?

– Hardasa, iki min, üç min qalıb. Mənim maddi vəziyyətim yaxşı deyil. Yoxsa mən sevə-sevə gənc yazarlara kömək edərdim. Onlara görə kimlərəsə ağız aça bilərəm. İndi görürsən ki, varlı adamların çoxusu başqalarına kömək etmək əvəzinə özlərinə çoxlu evlər, bahalı maşınlar alırlar. Heyf ki... Ona görə də müğənnilərdən daha çox, iş adamlarından bu dəstəyi gözləmək lazımdır. Amma mən özüm həmişə kitabı dəstəkləmişəm. Həmişə efirlərdə insanlara kitab oxumağın faydasından danışmışam.

– Bir dəfə Türkiyədəki hansısa bir nəşriyyatın illik sorğusu üzə çıxmışdı. Məlum olmuşdu ki, ən çox kitab alan adam Yıldız Tilbedir. Sezen Aksu da Mövlanəni oxumadığına görə Tarkana mahnı vermədiyini eşitmişdim. Bizdə isə bu kimi hallarla rastlaşmırıq.

– Bilirsiniz, Türkiyədə o müğənnilərin qonorarı bizdən çox yüksəkdir. Əgər biz o ki yerlər var, ordan qonorarlarımızı ala bilsək, biz də bu cür dəstək göstərərik. Tutaq ki, Ayxan Avazın kitabından 10 ədəd alıb dostlarımıza paylayarıq. Bunu etmək olar. Ancaq bizdə müğənnilərin özünə kömək lazımdı. Bəzi müğənnilərdən gedir söhbət. Söhbət sənət üçün ifa edənlərdən gedir. Məsələn, mən bəstəkaram, amma toylara gedirəm ki, nəsə qazanım. Qazanım ki, layihələrimi eləyə bilim. Mənim problemlərim olmasa, gəlib evə görməsəm ki, işığımı, qazımı kəsiblər, oturub yazaram, bəstələyərəm.

– Elza xanım, yeni kitabınız olacaqmı?

– Bəli, bəli. İkinci şeir kitabımı çapa hazırlayıram.

– Bu nə səpkidə olacaq?

– Bu da, yəqin ki, o siz dediyiniz postmodern formada...

– Nə vaxt oxuya bilərik?

– 1 ilə hazır olar. İnşallah, görək...

– 1 il? Niyə bu qədər uzun?

– Çünki çox fərqli kitab olacaq.


# 4212 dəfə oxunub

Oxşar xəbərlər

Daha bir serial yekunlaşır

Daha bir serial yekunlaşır

18:00 19 aprel 2024
Spilberqin yeni filminin mövzusu açıqlandı

Spilberqin yeni filminin mövzusu açıqlandı

17:40 19 aprel 2024
“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar”  mövzusunda ictimai müzakirə təşkil edildi

“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edildi

16:30 19 aprel 2024
Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

16:00 19 aprel 2024
“Sazlı, sözlü kəlağayı günləri”  silsilə tədbirlərlə davam edir

“Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edir

15:30 19 aprel 2024
Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

15:00 19 aprel 2024
#
#
# # #