Elmin Bədəlov: “Küçədə rəqs edərkən mənə təcavüz etdilər” – Müsahibə

Elmin Bədəlov, rejissor, aktyor, performer

Elmin Bədəlov, rejissor, aktyor, performer

3 iyun 2022
# 15:00

Kulis.az rejissor, aktyor, performer Elmin Bədəlovla müsahibəni təqdim edir.

– Elmin, ölkənin ilk müstəqil teatrlarından biri olan “Oda” – sonra “ADO” teatrının yaradıcısı və rejissorusan. “Oda” və “ADO” müxtəlif illərdə maraqlı, fərqli, ajiotaj doğuran tamaşalarla çıxış elədi. Sonra elə bil sıralarınız azaldı... Nə baş verdi?

– ADO teatrının menecment işlərini görən yoxdur. Bu səbəbdən teatrın mütəmadi fəaliyyəti dayanıb. Pandemiya dönəmində teatr məkanını itirəndə direktor olmaqdan imtina etdim. Ancaq teatrın yaradıcı işlərini davam etdirirdim. Düşünürəm ki, 9 il texniki və yaradıcı tərəfləri etdim, indi isə yalnız yaradıcılıqla məşğul olmalıyam, fikrimdə də qalıram. O vaxt hüquqşünas Xalid Bağırov mənə yazdı və teatrın texniki tərəflərini idarə etməyi təklif etdi, razılaşdım. Zamanla teatrın yaradıcı istiqamətlərinə, xüsusən də, mənim fikirlərimə müdaxilə etməyə başladı və aramızda mübahisə yarandı. İş yarımçıq qaldı. Daha sonra Salaam Cinemada fəaliyyət göstərən gənclər teatrı icma formasında inkişaf etdirəcəklərini dedilər və bu yanaşma da heç 2 ay çəkmədi. Dedilər ki, Azərbaycanda icma formalı fəaliyyət çətindir, alınmır, hətta Salaam Cinema icma quruluşlu tanınsa da orada da əslində bu format tamlığı ilə işləmir və.s. Bir də xəbər tutdum ki, ADO işləmir deyib əşyaların bəzilərini Salaamda yeni fəaliyyətə başlayan teatr laboratoriyasına aparıblar. Məkanın da icarə haqqını ödəyə bilmədikləri üçün yer sahibi də bəzi əşyaları girov saxlayıb. Bir sözlə, mən direktorluqdan gedəndən sonra teatrın fəaliyyəti loru dillə desəm, nala-mıxa vurdu. Hələ də teatrın texniki istiqamətlərini aparacaq şəxs olmadığına görə ADO mütəmadi fəaliyyətini bərpa edə bilmir. Mən isə yenidən direktor olmayacam, çünki texniki istiqamət mənə maraqlı deyil, məcburiyyətdən 9 il etmişəm, artıq yalnız yaradıcı işlərə vaxt ayırıram, texniki istiqamət üçün vaxtım və istəyim yoxdur.

Нет описания фото.

– Ümumiyyətlə, deyəsən, indi ADO teatrı ilə tamamilə yollarını uzaqlaşdırmısan. Bu nə ilə bağlıdır? Tiflisə getmisən və hazırda Tiflisdə fəaliyyət göstərən Open Space Sənədli Teatrı ilə 4 illik əməkdaşlığa başlamısan.

– Open Space ilə əməkdaşlığa başlayanda digər proyektlərimin olduğunu onlara bildirmişəm və bu teatr mənə paralel olaraq digər layihələr etməyə də icazə verir. Yəni vaxtımın hamısını bu proyektə xərcləmirəm. Küçə performansları oynayıram, Berlinari Festspiel-ə qatıldım və 23 gün Berlində Beynəlxalq Forumda iştirak etdim, müxtəlif məkanlarda kitab oxunuşu, rəqs və.s. Bir sözlə, geniş şaxəli fəaliyyətimi davam etdirirəm. Dediyim kimi, ADO sadəcə direktorsuz qalıb və texniki istiqamətini yerbəyer edən yoxdur. Əgər bu problemlər aradan qalxsa, əlbəttə ki, ADO teatrında da böyük məmnuniyyətlə tamaşalar quraram. Bunlar dediyiniz məsələlərin detallarıdır. Lakin mənə görə, harada fəaliyyət göstərmək yox, nə göstərdiyin önəmlidir. Gəncədə də tamaşa qurmuşdum, vizualı qadın vaginasında mayalanma prosesini xatırladan, həyatdan parçlar göstərən bir oyun idi. Və yaxud xarici proyektlərdə gördüyüm işlər olsun. Əsas, sənin nə təqdim etməyindir. Mənim işlərim hər zaman maraqlı çıxır və birmənalı qarşılanmır. Buna şadam.

Нет описания фото.

– Elmin, əvvəllər də sənin proqressiv, etiraz dolu tamaşaların olurdu. O tamaşalardakı açıq-saçıq səhnələrə, müəyyən məsələlərə tənqidi münasibətlərə, qeyri-adi, fərqli görüntülərə reaksiyalar birmənalı deyildi. Səncə, o eksperimentlər uğurlu idimi? Keçmişdə etdiyin tamaşaları nə qədər fundamental hesab edirsən?

– İşlərimin, demək olar ki, əksəriyyətinin müəllifi özüməm. Yəni hansısa əsəri götürüb hazırlamaqdan çox, öz əsərimi yaratmağı və qurmağı sevirəm. Çünki özümə, hekayətlərimə baxanda görürəm ki, çox maraqlıdır və bunları realizə etmək olar. Hətta Yarat-da hazırladığım tamaşaları misal gətirə bilərəm. Yarat məşhur İtaliyan rəssamları Bakıya gətirmişdi, onların əsərlərindən çıxarış edib tamaşa hazırlamağımı istəyirdilər. Əsərlərdə mənim uşaqlığımda baş verən hadisələrlə uzlaşmalar var idi. Dekonstruksiya etdim, hekayətləri tamaşaya çevirdim. Yəni ya əvvəl, ya indi, fərqi yoxdur, mən yaradıcılıqda özümü, hekayətlərimi realizə edirəm, əsərlərimdə, tamaşalarımda mən varam. Və bu “mən” o qədər dəyişkən, çoxşaxəlidir ki, kənardan nə isə axtarmağa ehtiyac qalmır, hansı “mən”i istəsəm səhnəyə qoya bilirəm. Hamısı da doğma və maraqlıdır. Bəli, çox vaxt işlərimin texniki tərəfləri məni qane etmir, yaşadığımız ölkə, maliyyə çatışmazlığı kimi hallar olur. Bu tərəfləri nəzərdə tutmuram. Ancaq digər tərəflər dediyim kimi hər zaman mənə maraqlı olub.

Нет описания фото.

– O vaxtı sizin Azərbaycana gəlmiş aktrisa Elsa Furtado ilə tandeminiz olan “MimOda” tamaşası da xeyli reaksiya doğurmuşdu. Səhnədəki öpüşmə səhnəsini əksəriyyət tənqid atəşinə tutmuşdu. Sənə açıq bir sual vermək istəyirəm: necə düşünürsən, açıq-saçıq səhnələrin olması bir tamaşanın sənət olduğunu göstərən əsas komponentdirmi?

– Xeyr. Filan şey varsa sənətdir, filan şey yoxdursa, sənət deyil kimi yanaşmalar yanlışdır. Mən sənətşünas deyiləm, oynadığım, qurduğum işlər haqda çox danışmaq istəmirəm. Ancaq “MimOda”ya gəldikdə, deyə bilərəm ki, o tamaşanın mövzusu çox banal idi. Və yaxud tamaşanın xüsusi diqqət çəkən dekorasiyaları, işıqları və.s. yox idi. İnsanlar sadəcə aktyor oyununa görə bu tamaşanı çox sevdilər və illərlə nümayiş olunmasına baxmayaraq, bu tamaşa hər zaman anşlaq olurdu. Düzdür, tamaşada açıq-saçıq səhnələrin olması da tamaşaçı sayına təsir edirdi. Ancaq tamaşaçılar bu tamaşanı çox sevir, yaxınlaşıb hər zaman bizə fikirlərini deyir, hər tamaşada emosionallaşan, ağlayıb-gülən tamaşaçılar bunu deməyə əsas verir. Elsa Furtado ilə yaşadığımız həyatdakı sevgi də səhnədə tamaşaya təsir edirdi və bu tamaşanın gücü real sevgi idi. Məncə, “MimOda”nın sənət olduğunu göstərən əsas komponent məhz budur. Həyatda yaşadığımız sevgi olmasaydı bu tamaşa da doğulmayacaqdı. Bu Elsa ilə mənim tamaşamdır, onu yaşadıq.

Нет описания фото.

– Səni hətta sənətçi deyil, sırf bu cür “hay-küyçü” hesab edənlər də var. Necə düşünürsən? Səncə, Elmin Bədəlov sənətçidirmi?

– İçimdəki çoxlu Elminlərdən söhbət gedir. Bəziləri performer Elmini, bəziləri rejissor Elmini, bəziləri aktyor, dəli, hay-küyçü, rəqqas və.s. Elmini sevir, sevmir. Ancaq ümumiləşdirəndə Elmin Bədəlov tanrıdır.

Возможно, это изображение 5 человек, люди стоят и на открытом воздухе

– Filmlərdə də rol almısan... Rejissorluq fəaliyyətin də var. Özünü aktyor, rejissor kimi necə görürsən?

– Neft Akademiyasında da oxumuşam, Yastıq zavodunda da işləmişəm… Bir sözlə həyatım zəngin keçir. Ona görə də özümü zəngin aktyor və rejissor kimi görürəm.

Нет описания фото.

– Teatr, performans, rəqs... Əvvəllər də jurnalistika ilə məşğul oldun. Bilmirəm, bu sənin axtarışlarındır, özünü hardasa tapmaqmı istəyirsən, yoxsa sadəcə konkret bir sahəyə aid olmaq arzusunda deyilsən?

– Özümü axtarmıram, çünki özümə baxmaq üçün özümə icazə verirəm. Və sadaladığınız sahələrin hamısına özümdən götürüb qoymuşam. Çox maraqlı və qəribə xassəm var. Hansı sahəyə qoysam ayrı bir forma alır. Hansı sahəylə məşğul olmağım yox, özümlə hansı əməliyyatlar aparmağım mənə daha maraqlıdır.

Возможно, это изображение 1 человек, стоит и улица

– Elmin, sənin Bakıda küçə performanslarına başlamağın bir etiraz forması kimi üzə çıxdı. Mədəniyyət Nazirliyinə müraciət etmişdin və yaxşı nəticə əldə olunmamışdı. Ondan sonra səni üstünə rənglər dağılmış köynəkdə yolun ortasında rəqs edən gördük. Qəribə bir mənzərə yaranmışdı orda: qarovulçu kobudluqla səni ordan uzaqlaşdırmaq istəyir, sən isə performansı dayandırmırdın. Hamı sənə “başı xarab”, “narkoman”, “dəli” kimi baxdı, başlarını bulayıb getdilər. O performansda bir sənətmi göstərirdin, yaxud küçə tamaşalarına icazə verməyən nazirliyə mesajmı göndərirdin?

Mədəniyyət Nazirliyi ilə məhkəməyə çıxan direktor Elmin idi. Həmin küçə performansı və dağılmış rənglər haqqında bir neçə ay qabaq Facebook profilimdə yazmışdım. Orada rəqs edən isə “Emişqa” idi. Mən uşaq olanda anamın uzun paltarlarını geyinib rəqs etməyi sevirdim, hamı da mənə “Emişqa” deyirdi. Uşaq idim, küçədə rəqs edirdim və insanlar alqışlayırdı, hər dəfə oynamağımı xahiş edirdilər, mən də onları qırmırdım, rəqs edirdim. Sonra yaşım artdıqca həmin küçədəki insanlar qəribə baxmağa, lağa qoymağa, hətta mənə qarşı cinsi təcavüz etməyə də əl atdılar. Həmin rənglər o kütlənin içimdəki dağıtdığı rəngləri göstərirdi. Ancaq bütün küçə performanslarımla Azərbaycanda küçə incəsənətinin formalaşması, bizim də ölkəmizdə bunun normal qarşılanması üçün çalışıram həm də. “MimOda”nı 4 ilə yaxın oynadıq. İlk başlayanda bu tamaşaya qarşı çox kəskin reaksiyalar var idi. İllər sonra müəyyən qədər fikirlər dəyişilmişdi. Eyni ilə indi, artıq küçələrimizdə musiqi, performans var. Bir neçə il qabaq mən bunun üçün mübarizə aparanda, məhkəmələrdə, məhkəmə binalarının qarşısında qollarımı bağlayıb, başıma qəfəs qoyub etiraz edəndə küçələrdə mərmərlərə baxıb özümüzü görməkdən başqa çarəmiz yox idi. İndi isə küçələrimiz xeyli rənglənib. İstədiyim nəticələri alıram.

Возможно, это черно-белое изображение (3 человека, люди стоят и в помещении)

– İkinci dəfə “Qış parkı”nda həmin performansı təkrarladın. Yenə də eyni münasibəti gördün. Mədəni aksiyadakı fotolarına, videolarına ürəkağrısıyla baxırdıq. Bu münasibət səni ümidsizliyə aparmırmı?

– Uşaqlıqdan mübarizə aparıram, Biləsuvarda küçədə mənə zorakılıq edənlərdən tutmuş, proseslərimin qarşısına çıxan ailəmə, cəmiyyətə, polisə və.s. qarşı. Odur ki, bu münasibətlər məni qəti olaraq ümidsizliyə aparmır, əksinə, mənə daha çox işimin olduğunu göstərir. Bu münasibətləri görəndə onlara qarşı içimdə yeni tanrılar formalaşır. Bu mənim missiyamdır, kim verib, hardan mənə düşüb, bilmirəm. Mən belə doğulmuşamsa, necə ümidsizliyə düşə bilərəm ki?!

Нет описания фото.

– Budəfəki küçə performansın da yenə sosial şəbəkələrdə sərt reaksiyalarla qarşılandı. Bu küçə performansının ayrı bir maraqlı cəhəti vardı. Şəhərdə gözdən-könüldən uzaq qalan, heç kimin diqqətində olmayan yerləri performansla göstərməyə çalışmısan. Səncə, bu cür performanslar işə yarayacaqmı? Nə vaxtsa, insanlar bu performansları normal qarşılayacaqlarmı?

– Əlbəttə. Bunun üçün zaman gələcək. Bu bizim işləməyimizdən, tempimizdən və təsir gücümüzdən asılıdır. Ancaq mütləq o zaman gələcək. Necə ki, çəkdiyim başqa misallar kimi. “MimOda”nın zamanla insanlar tərəfindən necə qarşılanması. Yaxud bir neçə il qabaq küçə incəsənətinin olmaması. Artıq indi var. Zamanla bizim cəmiyyət də inkişaf edəcək. Bu həm də missionerlərdən də asılıdır.

Возможно, это изображение 2 человека, люди стоят, телефон и на открытом воздухе

– Ümumiyyətlə, çoxları sənin sənət yaratmadığını, yalnız diqqət mərkəzində qalmağın üçün bunları etdiyini deyirlər.

- Əlbəttə ki, kütlə ilə razı deyiləm. Yoxsa 30 il qabaq, uşaq olanda, Biləsuvarda küçədə rəqs edərkən mənə olan zorakılıqlardan sonra kütləyə qoşulardım.

Возможно, это изображение 2 человека и на открытом воздухе

Nə qədər razısan onlarla?

– Bilmirəm, mən kütlədən deyiləm.

– Son olaraq, Elmin. Nə yenilik var? Tiflisdən qayıdandan sonra hansı planların var?

– Yayı Tbilisidə və Balkanlarda keçirməyi düşünürəm. Bu müddətdə planlarıma təkrar baxmaq istəyirəm. Odur ki, indidən konkret nələrsə demək istəmirəm. Ümumi olaraq deyə bilərəm ki, Oktyabrda Bakıda Open Space ilə bir proyektimizi planlayırıq, xarici layihələr, digər ölkələrdə küçə performansları və tamaşalar. Detallı olaraq isə zamanla bölüşəcəyəm.

# 11248 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #