Kulis.az Larisa Dostorovanın "Elfrida Yelinek: Avstriyanın vicdanı" yazısını təqdim edir.
Payız ədəbi mükafatlar mövsümüdür. Londonda “Buker”, Parisdə “Qonkur”, Stokholmda “Nobel” mükafatı sahiblərinə çatır. Adı çəkilən son mükafat 1901-ci ildən etibarən hər il dekabrın 10-da 1896-cı ildə vəfat etmiş Alfred Nobelin – təsisçinin – ölüm günündə verilir. Stokholm ratuşasının Mavi zalında keçən mərasimə və banketə həmin ilin Nobel laureatları, kral ailəsinin üzvləri, dəvətlilər, ötən illərin qalibləri toplanır. Bu ilin ədəbiyyat üzrə Nobel mükafatını Avstriya yazıçısı Elfrida Yelinek qazanıb.
Tamaşaçıların çoxu 2001-ci ildə Kannda “Palma budağı”na layiq görülmüş “Pianoçu” filminə baxıb. Yazıçının eyni adlı romanı əsasında çəkilmiş filmin müəllifi alman rejissor Mixael Hanekedir. Əsas rolları isə İzabel Yupper və Anni Jirardo ifa ediblər. Əgər bu gün üç il əvvəl ekrana çıxmış film barədə danışıramsa, bunun yeganə səbəbi onun yazıçının ən məşhur əsərlərindən biri əsasında çəkilməsi və onun məşhurlaşmasında həlledici rol oynamasıdır. Film çıxdıqdan sonra bütün dünya Elfrida Yelineki tanıdı. Ona qədər əsasən öz vətənində və Almaniyada tanınırdı. Lakin qalmaqallı film yazıçıya da qalmaqallı populyarlıq gətirdi. Yelinek reaksiyanı yumşaltmaq üçün heç bir tədbir görmədi. O, əvvəllər də demişdi, indi də deyir ki, bu film avtobioqrafik xarakter daşıyır. Bu cür açıqlamalar vermək cəsarət tələb edir, xüsusilə, filmin süjetini nəzərə alanda. Ana ilə qızı, kişi ilə qadın arasındakı mürəkkəb, aqressiv sevgi münasibətləri, baş qəhrəmanın frigidliyi, seksdən zövq ala bilməməsi, xəyali rəqibinə zərər verməsi – bunların hamısı avtobioqrafik məqamlardır?
Yazıçı nadir müsahibələrindən birində öz ailəsindəki ağır, kədərli vəziyyət barədə danışmışdı. O, belə deyirdi: “Məni özünüməhvdən yaradıcılıq xilas etdi”.
Yazıçı həyatın qaranlıq üçbucağını, üç insan – əsas qəhrəman Erika, onun anası və Erikaya aşiq tələbə – arasındakı münasibətləri səciyyələndirən cəhətləri araşdırır. Bu üçbucaqda vampirizm, sadomazoxizm, zorakılıq və sevgi bir-birinə qarışıb. Çətin, əzablı münasibətlər kompromissiz təsvir olunub. Əsas qəhrəman gündüzləri Vyana konservatoriyasında musiqi dərsi verir, axşamlar isə pornoqrafik filmlərin nümayiş olunduğu pip-şou-butikləri gəzir. Evdə onu həm sevdiyi, həm də nifrət etdiyi anası gözləyir. Tələbə Valter ona vurulur və Erika özünə nəzarəti itirir. Erika anasının ayıq-sayıq himayəsindən azad olanda partlayış baş verir. Lakin, o, bu dünyada yenidir, sevginin öhdəsindən gələ bilməz. Həyatda hər şey pornofilmlərdən fərqlənir. Yazıçı romanda qəhrəmanının həyatını soyuq, uzaq, hətta qəddar və emosiyasız şəkildə nəql edir, film isə məhvolmanın ekstazını tərənnüm edir. Filmin sonunda Erika özünü bıçaqlayıb küçəyə qaçır, bu vaxt konsert zalında onu dinləyiciləri gözləyir. “Pianoçu” romanı 20 il əvvəl çap olunsa da, rus dilində 2001-ci ildə çıxıb. Ola bilsin, artıq yazıçının digər əsərləri də tərcümə olunur.
Elfrida Yelinek 1946-cı ildə Avstriyanın Ştiriya əyalətində doğulub, lakin ailəsi tezliklə yazıçının böyüdüyü, təhsil aldığı və hazırda yaşadığı Vyanaya köçüb. O, ailəsi barədə belə deyib: “Ailəm keçmiş çoxmillətli və çoxmədəniyyətli imperiyanın qalığıdır. Atam – çex yəhudisi, kimya mühəndisi, anam varlı vyanalı ailənin nümayəndəsi idi”. Yelinek Vyana konservatoriyasında musiqi təhsili alıb, orqan sinfini bitirib. Universitetdə teatr və incəsənət tarixini də öyrənib. O, hələ universitetdə olarkən üsyankar xasiyyətini nümayiş etdirmişdi. Tələbə hərəkatının iştirakçısı idi. 1971-ci ildə Avstriya kommunist partiyasına daxil oldu və on beş il orada qaldı. Sonra üzvlükdən çıxdı. Yazmağa erkən yaşlarda başlayıb və çox yazıb. Ən məşhur müasir avstriyalı yazıçı hesab olunur.
Elfrida Yelinek şeir, nəsr, pyes, esse, radiopyes, film ssenariləri və opera librettoları yazır, ingilis və fransız dillərindən pyeslər, poeziya nümunələri tərcümə edir. Nobel mükafatına isə “Pianoçu”ya və ya daha sonrakı əsərlərinə görə yox, ümumilikdə yaradıcılığına görə layiq görülüb. O, cəmi 25 kitab nəşr etdirib, onlardan 10-u dünyanın bir çox dillərinə tərcümə edilmiş romanlarıdır. Avstriya və Almaniyada 20 ədəbi mükafat qazanıb. Yəni demək olar ki, əsərlərinin heç biri diqqətsiz ötməyib. İlk ədəbi mükafatını 1969-cu ildə, 23 yaşı olanda alıb. Nobelə qədər aldığı ən prestijli mükafat isə Henrix Böll adına Köln mükafatı idi. Bu, 1986-cı ilə təsadüf edir.
Yelinek sol dünya görüşü ilə məşhur aktiv polemikaçıdır. O, öz saytında cari siyasi və ədəbi məsələlərlə bağlı fikirlərini yayımlayır. Nadir halda insan arasına çıxır və müsahibə verir. Bunun əvəzində dünya ilə internet vasitəsilə əlaqə qurmağa üstün tutur.
Avstriyada Elfrida Yelinekin Nobel mükafatı qazanması xüsusi həyəcanla qarşılanmadı. Yazıçı ziddiyyətli fiqurdur. Onun adı gələndə avstriyalılar adətən üzlərini turşudurlar. O, sakitliyi pozan adamlardandır. O, özünü miflərin dağıdıcısı adlandırır. Yazıçı kimi təyinatını bunda görür. 1993-cü ildə dilə gətirdiyi fikir də bunu sübut edir: “Mənim mətnlərin miflərin dağılmasıdır. Mən əşyalara öz tarixlərini və öz həqiqətlərini qaytarmaq istəyirəm”.
Elfrida Yelinek elə əvvəldən naqolay mövzular və süjetlər seçirdi. Onun üçün tabu yoxdur. O, gözəl fasadların o tayına keçib orada gizlənənləri, insanların necə yaşadığını, özlərinə və digərlərinə necə əzab verdiklərini göstərməyi sevir. O, ən güclünün qalib gəldiyi ailə münasibətlərindəki qəddarlığı və sadizmi faşizmin davamı hesab edir. Onun vətəni ilə münasibətləri də mürəkkəbdir, bu, sevgi-nifrət münasibətləridir. Avstriyalılar da buna qarşılıqlı münasibət göstərirlər. Ona mükafatlar verirlər, lakin pyeslərini səhnədə görmək istəmirlər. Ona görə də pyesləri belə çox çap olunur və az səhnələşdirilir. Ancaq romanları böyük tirajlarla satılır.
Siyasi, sosial ədalətsizlik, nasizm irsi, qadınlara, uşaqlara qarşı qəddar, immiqrantlara qarşı xoşagəlməz münasibət, Avstriyanın iqtisadi möcüzəsi və Avstriya əyalətlərinin idilliya içindəki həyatı barədə uydurulmuş miflər və bütün bunların tənqidi – onun mövzuları belədir.
Özünü heç vaxt feminist adlandırmasa da, Elfrida Yelinekin romanlarında zəruri qurbanlar qadınlardır. Bir halda ki, qadınlar məzlumdur (hamısında olmasa da, əksər romanlarında), deməli, onların öz səsi yoxdur. Onlar danışmır. Yazıçının fikrincə, qadınlar yalnız danışanda yaşayırlar. Odur ki, təhkiyəsində qəsdən vasitəsiz nitqdən və qadınların monoloqlarından istifadə etmir.
Son illərdə, o, kişilərin qadınlar üzərində zorakılığından, seks industriyasından yazır. Məsələ belə qoyulur: bir qadın bədəni var, bir də bu bədənin sahibi – kişi. Bu, cəlladla qurban münasibətləridir. Kişi cəllad, qadın isə qurbandır. Bəzən onlar yer dəyişdirir. Lakin Xilaskar çatışmır. Əjdahanı öldürüb qurbanı – şahzadəni xilas edən Müqəddəs Mixail və ya Müzəffər Georq yoxdur.
Yelinek qadın üzərində seksual zorakılığı standart, müasir cəmiyyətin və mədəniyyətin göstəricisi hesab edir və əyləncə dünyasının yaydığı klişe buna vasitəçi olur. Qəribə səslənir, elə deyil? Lakin onun gətirdiyi misallar inandırıcıdır. Yelinekin dünyası dəhşətli, ağır, işıqdan və ümiddən məhrumdur. Onun özü də pessimistdir. Bunu gizlətmir və bəzəmir. Bu, Elfrida Yelinek yaradıcılığının başlanğıc postulatıdır.
Onun bir neçə romanı barədə bir qədər ətraflı danışmaq istəyirəm. 1975-ci ildə çap olunmuş “Məşuqələr” romanı onun ilk əsərlərindəndir və Avstriyada böyük rezonans doğurmuşdu. Yazıçı qadın alt paltarı hazırlayan əyalət fabrikinin iki gənc işçisinin taleyindən bəhs edir. Bir-birinə qarışmayan iki tale, iki səs. Hadisələr 1970-ci illərdə mənzərəli Alp kəndində baş verir. Yeni dövr yetişsə də, qadın üçün firavanlığa aparan ən qısa yol hələ də uğurlu ər seçimidir. Qəhrəmanlardan biri – Bricit – öz duyğularını ağlına tabe edir və uğurla zirvəyə doğru addımlayan kök, gənc biznesmenə ərə gedir. O, “düzgün seçim” edir və kiçik əyalət cəmiyyətinin mötəbər üzvlərindən olur. Digər qəhrəman – Paula – yaraşıqlı meşəbəyinə aşiq olur və ona ərə gedir. Onun əri içkini sevir. Nəticədə işdən qovulur və gənc ailə kişinin anasının evinə sığınmalı olur. Kişi inanır ki, bütün dünya ondan üz çevirib. O, dünyanın özünə olan münasibətini arvadı ilə münasibətində əks etdirir, kiçik də olsa, hakimiyyət əldə etməyin zövqünü yaşayır. O, arvadına müxtəlif qadağalar qoya bilər: rəfiqəsi ilə görüşməmək, qonşu kənddəki şənliyə getməmək. O, bunlarla özünü razı salır. Romanın faciəvi bitdiyini demək artıqdır. “Paula taleyin hərəkəti zamanı dayanacaqda düşdü. İndi həyat hələ də bəzən onun yolunun üstündən keçəndə Paula həyatla danışmaq istəmir. O, daha danışmağı sevmir. Bax, Paula, həyat hərəkət edir! Bizim Paula hələ maşının açarlarını tapmalıdır. Əlvida, Paula, yaxşı yol!”
Bu əsər Avstriyanı şoka salmışdı. Oradakı təsvir avstriyalıların vətənlərini gördükləri kimi deyil, fərqlidir. Avstriyalılar öz dağlarını, meşələrini və çəmənliklərini insanların xoşbəxtlik axtarışında axın etdikləri və əlbəttə ki, onu tapdıqları cənnət məkan kimi təqdim edirlər. Bu roman müəllifin qadınların ideal kişi tapmaq cəhdlərini izlədiyi sentimental romanlara parodiyadır. Bir qadının taleyi o birininkində güzgüdəki kimi əks olunur, lakin bu güzgü görüntünü təhrif etmir. Müəllif həyatı satira kimi görür, amma qadınların taleyinin satirik təsvirinə keçmir. Yəqin ki, bu, daha çox kədərli, həqiqətə uyğun və pessimistik təhkiyədir. Bu, insanların Avstriya əyalətindəki həyatının yox, əyalət həyatı haqqında dövlətin çəkdirdiyi reklam filmlərinin satirasıdır.
“Şəhvət” Avstriya əyalətlərindəki həyata həsr olunmuş romandır. Tənqidçilər onu ilk pornoqrafik qadın romanı adlandırırlar. Müəllif rahat burjua evinin mötəbərliyini əri, arvadı və uşağı özünə çəkən qapalı aqressiya dairəsi ilə qarşı-qarşıya gətirir. Kağız fabrikinin müdiri QİÇS-ə yoluxmaqdan qorxur. O, fahişə yanına getməyin daşını atır və əvvəllər fahişəxanalarda çıxardığı hoqqaları evdə arvadı ilə etməyə başlayır.
Elfrida Yelinek tənqidçilərin pornoqrafiya suçlamalarına belə cavab verir: “Mən pornoqrafik roman yazmaq istədim, lakin anladım ki, bu, mümkün deyil. Pornoqrafiya kişi işidir, qadın həmişə kişi nəzərinin dilsiz predmetidir”.
Yelinek üçün pornoqrafiya adətən dram, faciə və qanla vəhdət təşkil edir. O yazır: “Mən müasir quldarlığı açmağa çalışmışam. Şübhəsiz, mən gizli moralistəm. Lakin Markiz de Sadın da moralist olduğunu düşünürəm. Onun erotik səhnələri bir moralistin təsviridir, zadəganların, yepiskopların, vəkillərin insanları ət parçası kimi istifadə edib kənara tulladığı dünyanın əxlaqi mənzərəsidir”.
Roman faciəvi səhnə ilə bitir: uşaq sürüşüb dağ çayına düşür və yavaş-yavaş boğulur. “Xizəkçilər dağ yamacları ilə şığıyır. Belə gətirdi ki, bu ailənin ən gənc üzvü əbədiyyətlə birinci görüşdü. Ana nə etməlidir: öz uşaqlarını göbəkbağı kimi udmalı və bu yolla onları əzab-əziyyətdən azad etməlidir?”
Yelinekin digər məşhur romanlarını – “Camaşır fabriki” (1988) , “Gözəl, gözəl vaxtlar” (1987), “İstisna olunmuşlar” (1980) – janr etibarilə sentimental, əxlaqi və kriminal romanların parodiyası kimi səciyyələndirmək olar. Məsələn, “Cəmiyyətdən kənar” romanı detektiv kimi başlayır. O, real hadisələrə əsaslanır, hətta qəhrəmanların adları da dəyişdirilməyib. “Bir gecə Vyana parklarının birində dörd gənc piyadaya hücum etdi…”. Bu gənclər – orta sinfin nümayəndələri, tələbələr – gündüzlər Sartr, Kamyu oxuyur, gecələr isə cinayət törədirlər. Onlar bunu pul xatirinə yox, hamıya nifrət etdikləri üçün edirlər. Onlar hətta bunu niyə etdiklərini, cəmiyyətə və ailəyə qarşı ikrahın səbəblərini özlərinə izah etməyə çalışırlar. Necə ki, başqaları tennis və ya bric məşqləri edir, onlar da cinayətlərlə məşğul olurlar. Ta ki, başçıları – qrupun düşünən beyni – çox yaxın münasibətdə olduğu əkiz bacısı da daxil olmaqla bütün ailə üzvlərini soyuqqanlılıqla qətlə yetirənədək. “Rayner bu absurd aktı yerinə yetirərək anlayır ki, qeyri-adi bir şeyə nail olub”.
Gənclər sosial və iqtisadi möcüzəyə inanan Vyanaya hücum etmişdilər, çünki onların öz taleyi bunu sübut etmirdi. Onlar Vyanadan intiqam alırdılar. Elfrida Yelinek cəmiyyətin hansı mexanizmlərlə hərəkət etdiyini, keçmişin rolunu anlamaq istəyir. O, baş verənləri xatırlayır: “1965-ci ildə mən tələbə idim və prosesi izləyirdim. Artıq bu barədə yazmaq istədiyimi bilirdim. Raynerin 17 yaşı var idi, ailəsindəki vəziyyət qorxunc idi. O, ağlını itirmişdi. Məhkəmədə dediyi son söz belə idi: “İndi siz hər şeyi bilirsiniz, indi mənimlə istədiyiniz kimi rəftar edə bilərsiniz”, O, həbs edildi, elə orada da təhsilini tamamladı. Həbs müddəti bitdikdən sonra çıxıb Cənubi Amerikaya yollandı və yeni həyata başladı. O, birtəhər canını qurtardı”.
Avstriyalılar öz vətənlərini və gənclərini belə təsəvvür etmirlər. Amma Elfrida Yelinek izah edir. Bunun üçün o, daha bir mifi – siyasi mifi ifşa edir. Avstriya nasizmin ilk qurbanıdır. 1943-cü ildə Moskvada tərəfdaş ölkələrin xarici işlər nazirlərinin konfransı baş tutmuşdu. Əsas məqsəd, Avstriya da daxil olmaqla, alman təsiri altındakı ölkələrdə antinasist hərəkatın güclənməsinə kömək etmək idi. Həmin vaxtdan bu ifadə dillərə düşdü: “Avstriya nasizmin ilk qurbanıdır”. Lakin Yelinek deyir ki, Avstriyada sakinlərin payına düşən nasist miqdarı Almaniyadakından çox idi və Hitler Almaniyaya gələndə artıq tam formalaşmış siyasi xadim idi. Antifaşist hərəkatın iştirakçıları ancaq kommunistlər idi. Görünür, Yelinekin gələcəkdə Avstriya Kommunist Partiyasına üzv olmağının səbəbi bu idi.
Müharibə bitmişdi. Avstriya katolik ölkədir. O, günahlarını boynuna almış və bağışlanmışdı. Hər şey unudulmuşdu. Lakin ölkədə Almaniyadakı kimi denasifikasiya prosesi getmirdi. “Bir də heç vaxt” sözləri səslənməmişdi. Avstriyanın nasizmin ilk qurbanı olması haqqında əfsanə hələ də yaşayır. Və aqressiya varlığını ailə münasibətlərində davam etdirir.
Elfrida Yelinek deyir: “Biz müharibədən sonra doğulmuş uşaqlar əlimizdən gələni etməliyik ki, faşizm cinayətləri yenidən yuxudan ayılmasın. Denasifikasiyanın olmaması pisdir. Aqressiya 1945-ci ildən sonra elə-belə yoxa çıxa bilməz. O, özünü haradasa biruzə verəcək”.
Yəqin bir çox ölkələrin belə yazıçıya ehtiyacı var. Ölkəmizdə belə müəllifin olmamasına yalnız təəssüflənmək olar. Düşərgələr haqqında çoxlu xatirələr çap olunub, şahidlərin danışdıqları məlumdur, hələ də səslərini çatdırmağa çalışan qurbanlar sağdır. Lakin cinayətkarlar da sağdır. Biz onların tövbəkar səslərini eşitmirik. Millət Almaniya nümunəsinəki kimi tövbə etməyib.
Yelinek mətnlərinin təbiətini və üslubunu müəyyənləşdirmək çətindir. Yazıçı nəsrdən nəzmə keçidi axıcı, təbii şəkildə gerçəkləşdirir, tez-tez ritmik nəsrdən, teatr tamaşalarından, film səhnələrindən istifadə edir. Elfrida Yelinek deyir: “Mənim dilim ədəbiyyatdan çox musiqiyə yaxındır. Söz əsasdır, balaca daşdır və mən onu tədqiq edirəm”. Onun yaradıcılığına linqvistik virtuozluq, çox aydın və anlaşılan nəql forması xasdır. Geniş mətn qammasında – Bekket üslubunda eksperimental mətnlərdən demək olar ki, ənənəvi təhkiyəyədək – vasitəsiz nitq istisna edilib. Çoxsəslilik dolayı yolla verilir. Qəhrəmanlar dillə müəyyənləşir, lakin klassik mənada yox. Öz şərtlərini diktə edənlər danışır, məzlumlar, qurbanlar isə susur. Onların əvəzinə yazıçı danışır. Təhkiyə səslərdən və kontrsəslərdən tərtib olunmuş musiqi axını kimidir.
İstər roman, istər pyes və ya esse olsun, dil formal əlamətlərə əsasən fərqlənir. Bəzi romanlarda baş hərflər, durğu işarələri iştirak etmir, belə çıxır ki, onlara ehtiyac yoxdur. İstehzanın hökm sürdüyü qısa, qırıq-qırıq cümlələr əsərin məzmununu ötürür. Digər – demək olar ki, klassik – mətnlərdə təhkiyə axıcı, dialoqsuz şəkildə davam edir. Lakin bu cür təhkiyə hədsiz kədərlidir.
2005
Tərcümə etdi: İlahə Əkbər