Ehtiyacın qəhrəmanı qul etdiyi dövr

Aqşin Yenisey

Aqşin Yenisey

27 fevral 2023
# 12:40

Kulis.az Aqşin Yeniseyin yazısını təqdim edir.

Əslində, üçrəngli bayrağımız Cəlil Məmmədquluzadənin "Anamın kitabı” əsərinin rəmzləşdirilmiş şəklidir. "Anamın kitabın”da yola getməyən milli, mədəni, dini kimliklərimiz bayrağımızın üstündə "dondurulmuş münaqişə” halına salınıb.

Görünür, atalarımız yeganə çıxış yolunu belə görüblər.

Ərəb-farspərəstlərimiz dini kimliklərini, ruspərəstlərimiz mədəni kimliklərini, qərbpərəstlərimiz bəşəri kimliklərini milli kimliklərindən üstün tuturlar. Yunan şairi Kavafisin bu misraları yadıma düşür: "xəbərdarlıq etmədən, dünyanın çölünə həbs etdilər məni". Bizim bu "pərəst"lərimiz də Azərbaycanın çölünə həbs olunanlardır. "Platonun mağarası" onlar üçün vətənin çölündədir.

Gerçəklik budur ki, bu gün Azərbaycanda yuxarılar rus, aşağılar ərəb, fars, ortalıqda qalanlar isə Qərb mentalitetinin mənsimsədikləri dəyərlərinin mühafizəkarlarıdır. Çünki yuxarıların çörəyi mədəni, aşağıdakıların çörəyi dini, ortaqlıqda qalanların çörəyi isə demokratik kimliklərindən çıxır. Milli kimlik hələ ki, çörək gətirmədiyi, hətta ac qoyduğu üçün insanlarımız mədəni dini, bəşəri kimliklərini milli kimliklərindən üstün tuturlar. Ehtiyacın qəhrəmanı qul etdiyi bir mənzərə ilə üz-üzəyik. Və bu mənzərənin müəllifi birmənalı olaraq müstəmləkə siyasətidir.

Aşağı-yuxarı bütün xalqların həyatında bu cür davranışlar olub. Məsələn, dili bu gün qlobal ünsiyyət vasitəsi olan ingilislər min il əvvəl çörək qazanmaq üçün fransızca danışmağa üstünlük verirdilər. Fransızca danışmayan, danışa bilməyən ingilisə Londonda "çuşka” kimi baxırdılar. Fransız dilini bilməyən ingilisləri paytaxtdan kəndlərə qovurdular ki, gəlib şəhər mədəniyyətini məhv etməsinlər. Çünki bütün İngiltərə fransızların işğalı altında idi. Bu işğalı dolanışıq fürsətinə çevirən ingilislər isə paytaxtı İngiltərənin digər yerlərindən ayırıb özləri üçün yağ-bal içində yaşaya biləcəkləri elit bir məkana çevirmişdilər.

Eynən son yüz ilin Bakısı kimi.

Öz qüsurlarımızdan yazanda kütləvi narsisizm xəstəliyinə yoluxmuş bəzi oxucularımız cin eşşəyinə minirlər, ona görə, gəlin topu gavur yurduna ataq.

Məsələn, bu suala cavab verək; Nə üçün milli ruh baxımından fransızlar daha çox bəşəri, almanlar daha çox irqçi dəyərlərin daşıyıcılarıdırlar?

Fransızlar nə latındırlar, nə də german; latın və german xalqlarının qarışığından yaranmış, üstünə də din və vətən həmrəyliyi əlavə etmiş bir xalqdırlar. Fransızlar üçün millət deyilən homogen kütlə o ölkədə yaşayan və bu mədəni təsirləri özündə ifadə edənlərdir. Fransız üçün kimlik məsələsi milli deyil, coğrafi mənşəlidir. Yəni fransızlar bir-birilərinə qan və ürəklə deyil, beyin və düşüncə ilə bağlıdırlar. Bu formul ABŞ toplumu üçün də keçərlidir. Qan bağlılığı zəif olduğu üçün fransız dünyaya milli ölçülərlə deyil, bəşəri ölçülərlə yanaşmağa məhkumdur.

Amma almanlar özlərini birə-bir germanların varisi hesab edirlər, onlar üçün kimlik milli məsələdir, qan və ruh məsələsidir, yəni bir alman əvvəlcə almandır, sonra Almaniya. Ona görə də milli dövlətin ən radikalını Avropada almanlar yaratdılar. Və bu milli radikalizmi, az qala, inanc səviyyəsinə yüksəldən alman fəlsəfəsi Hitler kimi milli bir yırtıcı doğdu.

Milli bağ zəif olduğu üçün fransızın bəşəri düşünə bilməsi asanlaşır, alman isə bu fransız "zəifliyinin" yerinə "dəmir və qan"ı qoyur. Alman hətta bəşəri düşünəndə də mərkəzdə özünü görür.

Ona görə də bizim də millət olaraq hansı kimliyə üstünlük verməyimiz çox önəmlidir; millimi, dinimi, mədənimi? Bu kimliklərin hansı biri bizi uğurlu gəlcəyə apara bilər?

Bayrağımızın üç rəngi bizə kimliklər kokteyli təklif edir.

Milli kimliklə mədəni, dini kimlik fərqli ola bilər. Məsələn, Azərbaycanda çoxluğun milli kimliyi türkdür, mədəni kimliklər əksərən rus, dini kimlik ərəb mentalitetnin daşıyıcısıdır. İbrani dinlər içərisində yalnız xristianlıqda millətçilik damarı yoxdur, çünki çoxmillətli Roma imperiyasının dini inancı kimi formalaşıb. Milli ayrıseçkiliyə zəmin yaratsaydı bəri başdan özünü məhv edəcəkdi. Musəvilik və islam isə millətçi dinlərdir. Musəvilik yəhudiləri "seçilmiş xalq” olaraq digər xalqlardan ayırır və üstə qoyur. Quran isə bir çox surə və ayələrində Məkkə və ətrafındakı ərəb xaqı üçün göndərildiyini elan edir. Bu göndərişin nəticəsidir ki, ərəblər Qurana əsaslanıb hökmdarı peyğəmbər olan milli dövlət qurdular, sonra bu dövləti xilafətə çevirdilər.

Bu gün bir zənci musəviliyi qəbul etsə yəhudi millətçisi olmaqdan başqa çıxış yolu yoxdur. Eynilə bir müsəlman da dünyanın harasında yaşamasından asılı olmayaraq ilk növbədə ərəb millətçisi kimi davranmağa məhkumdur. Məsələn, siz uzaq Banqladeşdə İmam Hüseyni tərifləsəniz bu sünni qonşunuzun acığına gələcək və siz məcbur qalıb bu məğrur ərəb sərkərdəsinə görə ən azı qonşunuzla mübahisə etməli, fanatsınızsa onunla əlbəyaxa olmalı olacaqsınız. Eynən bizdə olduğu kimi. Bu elə din pərdəsi altında gizlədilmiş ərəb millətçiliyidir.

Yaxud rusların milli kimliyi slavyandı, mədəni kimlikləri Avropa xalqlarının həftəbecəri. Adətən, tarixlə problemləri olan xalqlar mədəni kimliklərini milli kimliklərinin qulluqçusu, əsgəri kimi görürlər. Məsələn, erməni, gürcü harda olur-olsun, hansı mədəni kimliyi daşıyır-daşısın milli kimliyinə sadiqdir, onu mədəni kimliyinə güzəştə getmir. Kim Qardaşyan özünün mədəni ABŞ kimliyini milli kimliyinin yolunda geyşa kimi işlədir. Biz belə deyilik; öz ölkəmizdə belə mədəni, dini kimliyimizi milli kimliyimizdən uca tuturuq. Çünki bizə uzun illər çörəyi buna görə veriblər. Mədəni, dini kimliyə heyranlıq bizdə artıq şərti refleks kimidir. Bilirik ki, milli kimliyimizi dansaq bizə nəsə verəcəklər. Xaricdə böyüyən, yaşayan çox az azərbaycanlı tapmaq olar ki, milli kimliyini mədəni kimliyinə qurban verməsin. Hətta mənə elə gəlir ki, biz fərdi azadlığımızı milli kimlikdən qurtuluş kimi başa düşürük. Bu, gizli və milli xəyanətlərə rahatlıqla yol açan və haqq qazandıran bir düşüncədir.

Milli kimlikdən imtina bir azərbaycanlı üçün havayı xoşbəxtlik deməkdir. Milli kimliyimizin məhvinə çalışan müstəmləkə düşüncəsi bu gün Bakını, şəhəri kəndə qarşı qoymaqla, əslində, qarın davası edir. Bakı uzun illər milli siması olmayan kosmopolit bir şəhər olub. İnsanlar burada məhz milli kimliklərini danaraq firavan həyat yaşayıblar. Müstəqillik illərində Bakının etnoqrafik şəkli dəyişdi, kosmopolit elitanın yerini az-çox milli kimlik daşıyıcısı olan kənddən gələnlər tutdu. Müstəmləkə firavanlığı yox oldu. Yəhudilərin, ermənilərin Bakını tərk etməsini Bakının mədəni simasının "barbarlaşması” kimi dəyərləndirən ziyalılarımız məhz milli kimlikdən imtinanın verdiyi fərdi xoşbəxtliklərini itirdikləri üçün yanırdılar. Çünki o yox olan mədəni kimlik milli azadlığını fərdi rahatlığına qurban verənlər üçün şan-şöhrət, gəlir mənbəyi idi.

qaynarinfo.az

# 3004 dəfə oxunub

Oxşar xəbərlər

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olundu

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olundu

10:15 20 aprel 2024
"Qəribə uşaqların evi" - Orxan Adıgözəl

"Qəribə uşaqların evi" - Orxan Adıgözəl

10:00 20 aprel 2024
Daha bir serial yekunlaşır

Daha bir serial yekunlaşır

18:00 19 aprel 2024
Spilberqin yeni filminin mövzusu açıqlandı

Spilberqin yeni filminin mövzusu açıqlandı

17:40 19 aprel 2024
“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar”  mövzusunda ictimai müzakirə təşkil edildi

“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edildi

16:30 19 aprel 2024
Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

16:00 19 aprel 2024
# # #