Kəlbəcərli şair Sücaətin qardaşı: “Onun baş daşına ölüm tarixi yazılmayıb” – Müsahibə

Kəlbəcərli şair Sücaətin qardaşı: “Onun baş daşına ölüm tarixi yazılmayıb” – Müsahibə
25 noyabr 2020
# 14:40

Kulis.az Kəlbəcərin qayıdışı ilə əlaqədar şeirləri sosial şəbəkələrdə dolaşan kəlbəcərli el şairi Sücaətin qardaşı, tanınmış jurnalist Hidayət Elvüsalla müsahibəni təqdim edir.

- Hidayət bəy, Kəlbəcərin işğaldan azad olunması münasibətilə sizi təbrik edirik. Gözünüz aydın olsun! Düzdü, artıq məlum bəyanatdan sonra xəbərdar idik, amma hər halda rəsmi xəbər başqadır. Nə hiss elədiniz, hansı duyğuları yaşadınız?

- Düzünü deyim, mən hələ də şokdayam. İnanmadım, yuxu kimi gəldi. Elə bilirəm hələ də yuxudayam. Hələ donum açılmayıb. Bir hafizə donması gedib elə bil beynimdə, bax o don hələ açılmayıb. Yəqin bir qədər sonra don açılacaq və nə qədər möhtəşəm bir şey yaşadığımızın fərqinə bir də varacağıq.

- Hər kəsin beynində bir qayıdış ssenarisi olur. Siz bu ssenarini beyninizdə necə qurmusunuz? Kəlbəcərə qayıdanda, ilk hara gedəcəksiniz, nə edəcəksiniz?

- Atamın qəbrini görmək istəyirəm birinci. Ondan sonra lap ayaqlarım ağrısa da darvazamızdan evimizə qədər sürünəcəm. Videolardan görmüşəm, bağ-bağçamızı dağıdıblar, amma evdi də... Uşaqlığım orda, bütün xatirələrim orda, hər şeyim ordadır...

- Siz həm də mərhum şairimiz, sizin doğma qardaşınız Sücaətin əvəzinə ora qayıdacaqsınız. Sücaət ömür boyu Kəlbəcər həsrəti ilə yanıb-tutuşan bir insan oldu.

- Düzünü deyim, Sücaətin əvəzindən nə edəcəyimi bilmirəm. Etiraf edirəm ki, o, mənim boyumdan çox daha uca bir şeydir.

- Düzdü, bunu demək üçün bir az tezdir hələ, amma bir çox adamlar sosial şəbəkələrdə yazdılar ki, Sücaət və Bəhmənin məzarı Kəlbəcər torpaqlarına aparılmalıdır...

- Bir şey deyim. Sücaətin baş daşında ölüm tarixi yazılmayıb. Doğum ili var, amma ölüm ili yoxdur. Yəni Sücaət orada əmanətdir. Bu, onun oğlunun təşəbbüsüdür. Deyilənləri mən də başa düşürəm. Belə bir fikir var, əlbəttə. Yəqin, yerinə yetirəcəyik.

- Siz tanınmış jurnalistsiniz, xeyli yaş və iş təcrübəniz var. Əgər sizə sentyabrın ortalarında deyilsəydi ki, biz Kəlbəcəri topsuz-tüfəngsiz, bir damla qan axıtmadan alacağıq, reaksiyanız necə olardı?

- Açığı, mən nəinki Kəlbəcərə, ümumiyyətlə, bu hadisələrin başlanmasına inanmazdım. Bu, mənə görə bir əfsanədir. Öz aramızdır, Prezident bunu etdi. Bizə əfsanələr yaşatdı. Azərbaycan öz tarixində ilk dəfə itirdiyi torpaqları geri qaytardı.

- Sizi daha çox kövrəldən, ağladan xəbər hansı oldu bəs?

- Vallah... (Duruxur) Məncə, onu deməyim. Hamısı onsuz da göz yaşıdı. Hamısı! Məsələn, Kəlbəcərin özü hələ yaralıdır. Hələ Kəlbəcəri qabağımıza qoyub bir az ağlamağımız lazımdır.

- Bəs Kəlbəcərdən sonra, ikinci ən sevindiyiniz hansı rayonun azad edilməsi oldu?

- Şuşa oldu. Başımızın tacı getmişdi, başımızın tacını qaytardıq.

- Rus sülhməramlıların Qarabağa gəlməsi ilə bağlı nə düşünürsünüz?

- Bilirsiniz, biz istəməsək də, bunsuz mümkün deyildi. Onda bizim üstümüzə gələnlər daha çox olardı. Rusiya özü də bunu etməklə riskə getdi. Amerikaya, bütün dünyaya qarşı getmiş oldu, əslində. İndi görək də nə olacaq. Hər halda o torpaqlar bizim əlimizdədirsə, çox böyük ümidlərimiz var.

# 5106 dəfə oxunub

Oxşar xəbərlər

Georgi Qospodinov növbəti ədəbiyyat mükafatının qalibi oldu

Georgi Qospodinov növbəti ədəbiyyat mükafatının qalibi oldu

14:41 11 sentyabr 2026
Şahzadə Diananın “Qisas libası” hərraca çıxarılır

Şahzadə Diananın “Qisas libası” hərraca çıxarılır

14:30 11 sentyabr 2026
Xalq artisti Şəfiqə Məmmədova: "İttifaq daxilində bir çox çətinliklər var"

Xalq artisti Şəfiqə Məmmədova: "İttifaq daxilində bir çox çətinliklər var"

13:10 11 sentyabr 2026
Hikmət Hacıyev: "Qarabağdakı mədəni irs Azərbaycan qanunvericiliyi ilə qorunur"

Hikmət Hacıyev: "Qarabağdakı mədəni irs Azərbaycan qanunvericiliyi ilə qorunur"

13:00 11 sentyabr 2026
Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

12:25 11 sentyabr 2026
Akif Əli: "Azərbaycan kinosunun tarixində AKİ-nin öz rolu var"

Akif Əli: "Azərbaycan kinosunun tarixində AKİ-nin öz rolu var"

12:20 11 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər