Canavarların böyütdüyü qız - Aqşin Yenisey yazır...

Aqşin Yenisey

Aqşin Yenisey

22 fevral 2023
# 10:30

Kulis.az Aqşin Yeniseyin "Taleyimizin şifrəsi - 3,7,40" adlı yazısını təqdim edir.

Amerikalı sosioloq Robert Makiverə istinadla yazılan belə bir əhvalatı xatırlayıram: 1920-ci ildə Hindistanda bir canavar yuvasından iki hindli uşaq tapılır. İddia bu idi ki, onları canavar ailəsi böyüdüb. İnsanların arasına gətirildikdən bir neçə ay sonra uşaqlardan kiçik olanı ölür, böyük olan qız uşağı isə 1929-cu ilə qədər yaşayır və alimlər üçün əsl təcrübə obyektinə çevrilir.

Bu qızda insani davranışlardan əsər-əlamət yox idi. Dörd pəncə üstdə gəzirdi. Canavar kimi mırıldanmaqdan başqa heç bir nitq bacarığına sahib deyildi. İnsanlardan vəhşi heyvanların ürkdüyü kimi qorxurdu. Ölümündən əvvəl ibtidai insanlara xas olan yemək və geyinmək kimi bəzi adətləri cüzi öyrənə bildi.

Elm adamları bu qız üzərində apardıqları təcrübələr əsasında bir çox məsələyə aydınlıq gətirdilər ki, onlardan da biri totemist düşüncənin tamamilə yanlış olduğu idi. Türklərin "Ergenekon” dastanı, romalıların Rom və Romul qardaşları əfsanəsi, çinlilərin "əjdahanın nəvələri” inancının heç bir elmi gerçəklik payının olmadığı sübut olundu. Heyvanların böyütdüyü insandan nəinki bir etnos, bir şəhər, bir mədəniyyət törəyə bilərdi, əksinə, bütün etnoslar, şəhərlər, mədəniyyətlər yığışıb o insana bir kəlmə söz öyrədə bilməzdilər.

Canavarların böyütdüyü, alimlərin tədqiq etdiyi bu dördayaqlı qız isbata ehtiyacı olmayan bir aksiomun vücud qazanmış halı idi: bir cəmiyyət özündən əvvəlki cəmiyyətin yetirməsidir. Canavarların böyütdüyü uşaqlar böyüyüb canavar olurlar, qoyunların böyütdüyü uşaqlar qoyun.
Bu qız həm də onun sübutu idi ki, milli mənsubiyyət deyə və qanla ötürülən insani bir xüsus yoxdur, bizim hansı millətə məxsus olduğumuzu içində doğulub böyüdüyümüz adət-ənənələr, inanclar təyin edir. Bir azərbaycanlı uşağı doğub maori tayfasına versən, uşaq böyüyüb bir maorili olacaq və sonradan istəsən belə, ondan azərbaycanlı düzəldə bilməyəcəksən.

Hər bir xalqın keçmişində uğurlu və uğursuz, sevincli və kədərli anları olur və o anlar illər keçdikcə xatirələşərək xalqın yaddaşına çevrilir.
Ənənə xalqın milli yaddaşında yaşatdığı keçmiş günlərin xatirələridir. Əgər bir xalqın keçmişində uğursuz, kədərli günlərin sayı çoxdursa, bu keçmiş o xalqın musiqisində, ədəbiyyatında, məişətində də öz əksini tapır. Məsələn, yaxın tarixdən sizə bir nümunə gətirəcəyəm. Salman Rüşdi kitablarının birində, demək olar ki, bütün hind filmi tamaşaçılarını düşündürən "hind rejissorları öz filmlərində nə üçün fantastik gücə sahib hind oğullarından bəhs edirlər” sualına cavab verir.

"Necə olur ki, yetimlik içində böyüyən Cimi adlı arıq bir oğlan uşağı təkbaşına və əliyalın bütün bir mafiyanı məhv edir?” Rüşdi deyir ki, bu "fantastik gücün” arxasında monqol işğallarından sonrakı Hindistanın "gerçək acizlik” tarixi var, o tarix ki, monqol istilasından ta ingilis müstəmləkəçiliyinə uzanan əsrlər boyunca hind xalqını əsarətdən göz açmağa qoymadı. Hind xalqı həmişə onu azad edəcək qəhrəmanın yolunu gözlədi. Tarixindəki qəhrəman qıtlığı hind rejissorları üçün pulun qoxusunun haradan gəldiyini faş edirdi. Hindlilər kinodakı qəhrəmanlıqları ilə tarixdəki qəhrəman boşluğunu doldururdular.

Xalq bu filmlərə əsarətdən, işğaldan, xəracdan qorxmuş gözünü qəhrəmanlıqla doyurmaq üçün baxırdı. Yadınıza gələr, sovet vaxtı Azərbaycan xalqı da hind filmlərinə, deyəsən, o gözlə baxırdı, kəndlərimiz, şəhərlərimiz dolu idi vurağan yerli Vicaylarla. Çünki Azərbaycan xalqı da son iki yüz ildə tarix sarıdan heç də hindlilərdən vərəzan gündə deyildi.

Xalqdan fərdə keçək. Alimlərin canavar yuvasında böyüyən qız üzərində apardıqları müşahidələri mən bir qohumum üzərində aparmışam. Demək, mənim bir qohumum var, hind qurusu kimi boş-boşuna fikir çəkməyi insanlığın ən uca məqamı hesab edir. Onun yanaşmasına görə ən böyük insan odur ki, fikir çəkməkdən dişləri çürüyüb, saçları ağarıb tökülsün, oturduğu yerdə elə ah çəksin ki, vücudu hisə verilmiş şamayka balığı kimi qurusun.

Özü də fikir çəkməkdən kamboca əkinçisinə oxşayır. Onun üçün ən böyük təhqir yanında deyib-gülməkdir, diş həkimi adı eşidəndə qanı qaralır. Adam öz yetimliyinin, kasıblığının, miskinliyinin qədrini elə bilir ki, heç Bill Qeyts öz milyardlarından ötrü o qədər narahatlıq keçirmir. Çünki o öz bədbəxtliyinə onu yetişdirən məktəb kimi baxır. Onun bütün mənəvi-psixoloji sərvəti bu məktəbin məhsuludur.

Bu gün verdiyi hər bir qərarın, ağlına gələn hər bir fikrin arxasında bir bədbəxt əhvalat, miskin bir faciə yatır. Hərdən mənə elə gəlir, inanc tarixində fəlsəfə, müstəmləkəçilik ənənələrində mədəniyyət axtaran ali təhsillilərimiz də mənim qohumumun taylarıdırlar. Onlar da bugünkü kimliklərini bu tarixin faciələrinə, yetimliyinə borclu bilirlər və nə yolla olur-olsun, o ac-yalavac keçmişin qədrini bilməyə tələsirlər.

Xalqın öz əsarət tarixinə nostalji hissi ilə yanaşması, fərddə öz bədbəxtliyinin qeydinə qalması kimi təzahür edir. Bunun da musiqinin, şeirin, qəzəlin, bayatının, yəni mədəniyyətin müşayiəti ilə anılması, xatırlanması daha dərin ekstaz həzzi yaşadır insanlarımıza.

Sənətdə estetikanı, adətən, keçmiş yaradır. Məsələn, Anadolu türklərindən fərqli olaraq, Azərbaycan türklərinin muğama heyranlığı tarixən fars-hind mədəniyyətləri ilə iç-içə yaşamaları ilə yanaşı, həm də muğamın onlara ekstaz həzzi bəxş edən keçmiş bədbəxtlikləri canlı saxlamasıdır.

Bizdən fərqli olaraq, Anadolu türkləri dinə, mistikaya daha dərindən inansalar da, muğama, demək olar ki, qulaq asmırlar, hətta yas mərasimləri də başdansovdu bir rəhmət diləməklə başa çatır. Anadoluda 3,7, 40 deyə bir "yas serialı” yoxdur. Mənim müşahidəmə görə, onların muğama, yasa ehtiyac duymamalarının səbəbi tarixi məğlubluq damarlarının nazik olmasıdır. Tarixi məğlubiyyətlərinə deyil, zəfərlərinə köklənmələri onlarda bədbinliyi çağıran mənəvi ehtiyacı yox edib. Anadolu türklərində kədər bizdən fərqli olaraq, tarixə deyil, taleyə tutulan yasdır.

Biz uzun müddət tarixi tale kimi yaşadığımızdan kədəri romantikləşdirmişik, mənəvi ehtiyaca çevirmişik.

Fransız filosofu Ogüst Kont deyir ki, hər bir cəmiyyət üç mərhələdən keçir. 1. Teoloji mərhələ. 2. Metafizik mərhələ. 3. Pozitivist mərhələ.
Kont teoloji mərhələni cəmiyyətin uşaqlıq, metafizik mərhələni gənclik, pozitivist mərhələni yetkinlik dövrü adlandırır.

Elə cəmiyyətlər var ki, uşaqlıq dövründə ilişib qalır: səbəb allahdır (islam cəmiyyətləri). Elə cəmiyyətlər var ki, metafizik mərhələdə ilişib qalır: səbəb taledir, karmadır (Çin, Hindistan). Elə cəmiyyətlər var ki, pozitivist mərhələyə adlaya bilir: hər bir səbəbin elmi-təcrübi izahı var (Qərb cəmiyyətləri).

Biz daha çox metafizik mərhələdə ilişib qalan xalqlardanıq; hər birimiz öz taleyinin, karmasının vücud bulmuş halıdır.

Bu taleyin şifrəsi isə 3,7,40-dır.

/qaynar.info/

# 3588 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #