Azərbaycandan sürgün edildi, ona görə yoldaşı işdən qovuldu, bəstələdiyi mahnı başına bəla oldu - “Ayrılığ”ı yazan bəstəkarın həyatı

Azərbaycandan sürgün edildi, ona görə yoldaşı işdən qovuldu, bəstələdiyi mahnı başına bəla oldu  - “Ayrılığ”ı yazan bəstəkarın həyatı
22 aprel 2022
# 12:30

Bu gün bəstəkar Əli Səliminin anım günüdür. Kulis.az bu münasibətlə bəstəkar haqqında maraqlı faktları təqdim edir.

Əli Zöhrab oğlu Səlimi 1922-ci ildə Bakının Kubinka məhəlləsində dünyaya göz açıb. Onun atası əslən Ərdəbil yaxınlığındakı Mehmandost kəndindən, anası Məşədi Cəvahir isə pirşağılı idi.

***

O, Xalq artisti, görkəmli tarzən Əhməd Bakıxanovun sinfində tar məktəbini bitirib. 1930-cu illərinin əvvəlində Əhməd Bakıxanov bu istedadlı şagirdinin yolunu Azərbaycanın orkestr və ansambllarına açır.

Stalin repressiyası Səlimilər ailəsindən də yan keçmir. İran təbəələri kimi bu ailə də 1938-ci ildə sürgün edilirlər. 16 yaşına kimi Bakıda yaşayan Səlimi ailəsi ilə birlikdə atasının vətəni Ərdəbilə qayıdır.

***

O, həmkarı Fatimeh Qannadi ilə evlənir. Sevilya adlı qızı, Yaşar adlı oğlu dünyaya gəlir.

***

Əli Səlimi musiqi fəaliyyətinə İranda davam etməli olur. 1961-ci ilin sonu və 1962-ci ilin əvvəllərində Rəşid Behbudovun İran səfəri yaddaqalan, maraqlı hadisələrlə zəngin idi. Belə hadisələrdən biri İranda baş verir. İranda böyük müvəffəqiyyətlə keçən konsertlərdən birindən sonra əslən Bakıdan olan ölməz bəstəkar Əli Səlimi dünyalar qədər sevdiyi müğənnini evinə dəvət edir.

Dəvəti qəbul edən Rəşid Behbudov bəstəkarın qonağı olur. Maraqlı söhbətlər zamanı Əli Səlimi yenicə bəstələdiyi "Sizə salam gətirmişəm" mahnısını sənətkara göstərir. Rəşid mahnını çox bəyənir və tezliklə ifa edəcəyinə söz verir.

***

Bir az keçəndən sonra bəstəkarın həyat yoldaşı Əli Səlimiyə işarə edərək onu yan otağa çağırır. Həmin otaqdan xanımın həzin səslə, tarın müşayiəti ilə oxuduğu başqa bir mahnının səsi gəlir. Rəşid elə ilk notlardan bu mahnıya vurulur və onlara qoşulub zümzümə etməyə başlayır. Mahnı bitdikdən sonra müğənni Əli Səlimidən bunun kimin mahnısı olduğunu soruşur.

***

Əli Səlimi bildirir ki, Rəcəb İbrahimi "Ayrılıq" adlı gözəl bir şeir yazmışdı. Mən də bir neçə gün bundan əvvəl həmin şeirə mahnı bəstələdim. Rəşid bəstəkara irad tutur ki, bəs nəyə görə "Ayrılığ"ı mənə təklif etmirsən. Əli Səlimi cavabında izah edir ki, qorxuram "Ayrılığ"ı oxumağa icazə verməsinlər. Sənə də baş ağrısı olmasın. "Sizə salam gətirmişəm"i oxusan, mənə dünyanı vermiş olarsan. Rəşid bəstəkarın da, onun xanımının da kövrəldiyini görüb qətiyyətlə bildirir ki, tezliklə hər iki mahnını mənim ifamda eşidəcəksiniz. Bakıya dönəndən sonra sevimli sənətkar, həqiqətən də, hər iki mahnını – "Sizə salam gətirmişəm" və "Ayrılıq" mahnılarını ifa edərək lentə yazdırır.

"Ayrılığ"ın şöhrəti İran və Azərbaycan sərhədlərini aşmağa başlayıb, sadəcə Azərbaycanın deyil, türk dünyasının ən məşhur mahnılarından biri kimi tanınıb.

***

1989-cu ildə Azərbaycanın məşhur müğənnisi Gülağa Məmmədov Almaniyaya gəlir və Yaqub Zurufçu ilə görüşür. Gülağa Məmmədov onun “Ayrılıq” mahnısına çəkdiyi klipi görüb heyrətə gəlir. Azərbaycanın Cənubi və Şimali Azərbaycana bölünməsinə həsr edilən klip Gülağa Məmmədov sayəsində Azərbaycan televiziyasında yayımlanır. Azadlıq hərəkatı zamanında “Ayrılıq” mahnısı milli-mənəvi dirçəlişə təkan verir.

Qəribədir ki, “Ayrılıq” mahnısını ifa edənlərin taleyində də ayrılıq olur. Yaqub Təbrizdən ayrılıb Amerikaya, Amerikadan da köçüb Bakıya yerləşir. Mahnının digər məşhur ifaçısı Ququş 1950-ci ildə Tehranda anadan olub. Azərbaycan mənşəlli valideynləri İrana Bakıdan köçmüşdülər. 1979-cu ildə İranda baş verən İslam inqilabından sonra bu ölkədə Ququşun həm müğənni, həm də kino aktrisası kimi fəaliyyətinə qadağa qoyulur. Ququş 2000-ci ildə ABŞ-a köçüb, sənətini orada davam etdirməyə başlayır.

***

"Ayrılığ"ın şöhrəti İran və Azərbaycan sərhədlərini aşmağa başlayıb, sadəcə Azərbaycanın deyil, türk dünyasının ən məşhur mahnılarından biri kimi tanınıb.

Azərbaycan veb səhifələrinin yaydığı məlumata görə, Tehran radiosunda yayımlanmazdan öncə mahnı fərqli sözlərlə səsləndirilir. Mahnının sözləri siyasi dəyərləndirildiyi üçün senzuraya məruz qalır və şair Fərhad İbrahimi mahnının sözlərini dəyişdirərək, onu bir sevgi şeiri şəklinə salır.

***

Əli Səliminin artan nüfuzu və millətçilik ruhu zaman-zaman onun başına bəla olur. Belə ki, bu səbəbdən bir müddət “Radio İran”da çalışdıqdan sonra onu, həyat yoldaşı Fatma Qənnadini və digər həmfikirlərini işdən çıxardılar.

Sovet dönəmində xeyli müddət “Ayrılıq” mahnısının bəstəkarının kim olduğu bəlli deyildi, ya gizli saxlanır, ya da anonim olduğu bildirilirdi. Səbəb isə bəstəkarın Arazın o tayından olması idi.

***

1988-ci ildə o, Şərqin görkəmli bəstəkarı kimi UNESCO-nun fəxri doktoru adına layiq görülüb.

***

Əli Səlimi “Ayrılıq” nəğməsi haqqında deyir:

“Vətəndən ayrı düşdüyü üçün Arazın hər iki tərəfində insanların arasında görünən ağrı və kədər məni bu mövzuda mahnı yazmağa sövq etdi. Nə Pəhləvi rejimi, nə də sosialist hökuməti bizə Arazdan o tərəfdəki əqrəbalarımızı ziyarət etməyə icazə vermədiyi üçün bu mahnı yarandı”.

1979-cu ildə Əli Səlimi Təbriz mərkəzinin Radio və Televiziya Orkestrinə dirijor seçilir və ölənə qədər bu vəzifədə çalışır. Televiziya orkestrində işləyərkən bir çox tələbənin musiqi təhsili aldığı özəl musiqi məktəbi yaradır.

***

Səlimi 1997-ci il mayın 2-də, 72 yaşında səhər vaxtı insult keçirərək dünyasını dəyişir. O, Təbrizin Qapı Qolzarı məzarında dəfn edilir.

***

2007-ci il, dekabr ayının ortalarında Ərdəbil şəhərində incəsənət mərkəzi tərəfindən tədbir keçirilir. Bu tədbirdə böyük hörmətlə qarşılanan Əli Səliminin bəstələdiyi mahnılar səslənir, Əli Səliminin xatirəsinə həsr olunmuş ilk Azərbaycan muğam festivalı keçirilir.

# 6578 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
#
#
# # #