Azərbaycan Teatrlarında Zəfər Günü qeyd olunacaq

Azərbaycan Teatrlarında Zəfər Günü qeyd olunacaq
3 noyabr 2023
# 10:55

Elə hadisələr var ki, tarixə qızıl hərflərlə yazılır. Minilliklər keçsə belə bu tarix dəyişilməz olaraq qalır. 2020-ci il noyabrın 8-i də Azərbaycan xalqı üçün belə tarixi günlərdəndir. 44 gün davam edən və 30 illik torpaq həsrətinə son qoyan İkinci Qarabağ müharibəsində qazandığımız tarixi qələbə artıq 3 ildir ki, ölkəmizdə Zəfər Günü kimi qeyd olunur. Xalqımız misilsiz qələbə sevinci, yüksək qürur, fərəh hissləri yaşadan bu əlamətdar tarixi gün ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunur. Sözsüz ki, Azərbaycan teatrları da bu əlamətdar günə öz töhfələrini verməyə çalışır.

Kulis.az xəbər verir ki, bayram ərəfəsində sənət ocaqlarımızda bir-birindən maraqlı tamaşalar təqdim olunacaq.

Qarabağın tarixindən bəhs edən “Qarabağnamə”

Akademik Milli Dram Teatrında noyabrın 8-də İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası təqdim olunacaq. Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən bəhs olunur. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur. Səhnə əsərində rolları Xalq artistləri Kazım Abdullayev, Firəngiz Mütəllimova, Rafiq Əzimov, Hacı İsmayılov, Əli Nurzadə, Əməkdar artistlər Elşən Rüstəmov, Məsmə Ağaverdiyeva, Kazım Həsənquliyev, Elxan Quliyev, Elşən Cəbrayılov, Elnar Qarayev, aktyorlar İlyas Əhmədov, Ramin Şıxəliyev, Nigar Güləhmədova, Ləman İmanova, Cavidan Novruz, Firuzə Balayeva, Nəzrin Abdullayeva, Məhsəti Tahirzadə, Corc Qafarov və Tural İbrahimov ifa edəcək.

Tamaşanın quruluşçu rəssamı İsmayıl Məmmədov, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Tamaşada Xalq artistləri Polad Bülbüloğlu və Vasif Adıgözəlovun əsərlərindən istifadə olunacaq.

Eyni zamanda teatrda Zəfər Musiqi və Teatr Festivalı Çərçivəsində Konsert proqramı təşkil olunacaq. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə təşkil olunan konsert proqramının dirijoru Mustafa Mehmandarovdur. Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbər: Azərbaycan Respublikasının Xalq artisti Gülbacı İmanovadır. Konsertin solistləri Azərbaycan Respublikasının Xalq artisti Azər Zeynalov, Azərbaycan Respublikasının Əməkdar artisti Tural Ağasıyev və Rauf Məmmədzadədir. Proqramda Azərbaycan bəstəkarlarının əsərləri səslənəcək.

“Yarımçıq qalmış” və “Balaca kişilər”

“Biz sizi unuda bilmərik. Sizin təmiz, cəsarətli ruhunuzu, işıqlı üzünüzü, sizin yarımçıq qalan arzularınızı... Biz sizi hər zaman xatırlayacağıq”- şəhid oğlunun məzarı üzərində çarəsiz ananın,atanın söylədiyi bu təsirli cümlələr Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında nümayiş olunacaq “Yarımçıq qalmış” tamaşasındandır. 2016-cı ildə dörd günlük Aprel döyüşlərində şəhid olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “heykəltəraşlıq” fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr olunmuş tamaşa Yefim Abramov və Leyla Bəyimin “Xəyalpərvər oğlanlar” əsəri əsasında Xalq artisti, mərhum rejissor Vaqif Əsədov tərəfindən hazırlanıb. Dörd günlük müharibə dörd ildən sonrakı 44 günlük müharibənin təməlini qoymaqla, böyük Zəfərimizin başlanğıcı olub. Bizim Qələbəmiz yarım qalmış xəyallar, arzular və böyük itkilər hesabına qəhrəmanlıq salnaməmizin ən gözəl səhifələrindən birinə çevrilib.

Tamaşada rolları Əməkdar artistlər Leyli Vəliyeva, Elnur Bəhramxan, aktyorlar Bəhram Əliheydər, Asya Atakişiyeva, Vahid Orucoğlu, Nuriyə Əliyeva, Aygün Fətullayeva, Xəyalə Qasımova, Gülbəniz Lətifova, Ramil Məmmədov, Elgün Yəhyayev, Mirzə Ağa Mirzəyev, Ramiq Nəsirov, Tahir İsmayılov, Xaliq Bəkirov ifa edir.

Gənc Tamaşaçılar Teatrında nümayiş olunacaq növbəti tamaşa isə yazıçı-dramaturq İlqar Fəhminin eyniadlı əsəri əsasında hazırlanan “Balaca kişilər” tamaşası İkinci Qarabağ müharibəsində baş verən real hadisələri əks etdirir. Əsərin ideyası xalqın şücaətindən, onların müharibənin fonunda qəhrəmana çevrilə bilmə bacarıqlarından bəhs edir. Quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov olan 44 günlük savaş və qələbəmizə ithaf olunan tamaşa vətənpərvərlik, insani dəyərlərin qorunması ilə yanaşı, həm də hər bir vətəndaşın istənilən vəziyyətdə torpağa bağlılığını, mənəvi və bəşəri dəyərlərə sadiqliyini təcəssüm etdirir. Tamaşanın quruluşçu rəssamı Vüsal Rahimdir. Döyüş və fəndlərin quruluşu İsa Əsədova, musiqi tərtibatı Zaur Rəşidova aiddir.

Şuşa Teatrının təqdimatında “Dəmir Yumruq”

Şuşa Dövlət Musiqili Dram Teatrı Zəfər Gününündə “Dəmir Yumruq” adlı ədəbi-bədii kompozisiya ilə çıxış edəcək. Qələbə ruhlu şeirlərdən ibarət olan kompoziyada bir sıra tanınmış şairlərin şeirləri ilə yanaşı, teatrın redaktorlarının yazdığı şeirlər də səsləndiriləcək. Tədbirdəki əsas qayə inkişaf etməkdə olan gənc nəsilə fəxarət hissini aşılamaq və eyni zamanda dövlətçilik ənənələrinin təbliğ etməkdir.

Şəhidlərinin əziz xatirəsinə həsr olunan “Yeddi nar çubuğu”

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi 2-ci Qarabağ Müharibəsində əldə olunmuş zəfərin 3-cü ildönümü ilə əlaqədar olaraq zəfər həftəsi adlı Musiqi- İncəsənət festivalı keçirir. Bu çərçivədə Kukla Teatrı noyabrın 8-də Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunan “Yeddi nar çubuğu” tamaşasını hazırlayıb. Azərbaycan xalq nağılının motivləri əsasında hazırlanan tamaşanın saat 12:00 seansı yalnız şəhid övladları üçün təşkil olunub. Tamaşanın səhnələşdirmə və mahnı mətnlərinin müəllifi publisist Zülfüqar Rüfətoğludur.

Pyes müəllifinin konflikt yaratması, məramı qüvvətləndirən hadisələr keçidini qurması və ən əsası vahid məqsədə - tamaşaçını nağılın mahiyyətindəki birliyə, bərabərliyə səsləyən ideyasını ustalıqla obrazlar və mizanlar üzrə bölüşdürməsi tamaşanın ümumi tempini yüksək saxlaya bilir.

“Bir nəfəs qədər” yaxın olanlar

44 günlük Vətən müharibəsində canından keçən şəhidlərimizə, yaralanmış qazilərimizə, bu ağrını yaşayan əsgər övladlarına və zəfərimizin əsas simasına çevrilən analarımıza həsr olunan "Bir nəfəs qədər" tamaşası Azərbaycan Dövlət Akademik Musiqili Teatrda Samir Qulamovun eyniadlı pyesi əsasında səhnəyə qoyulub.

Tamaşanın ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevdir. Tamaşada Fikrət Əmirovun musiqisindən, həmçinin, Prezident təqaüdçüsü, gənc pianoçu Kamil Həsənovun fortepiano musiqisindən istifadə edilib.

Səhnə əsərinin quruluşçu rejissoru Samir Qulamov, quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.

AZƏRTAC

# 898 dəfə oxunub

Oxşar xəbərlər

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
# # #