Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aprelin 16-dan 30-dək repertuarını açıqlayıb.
Kulis.az sənət ocağının gələn ay üçün nəzərdə tutulan repertuar planını təqdim edir.
19 aprel - “Mən, sən, o və telefon”
Tamaşanın premyerası 2022-ci il oktyabrın 7-8-də olub.
Tamaşaya quruluş vermək üçün Sankt-Peterburqdan soydaşımız – istedadlı rejissor, Rusiya Dövlət Səhnə Sənəti İnstitutunun məzunu, artıq Azərbaycanda, Rusiyada, Qazaxıstanda tamaşalar qoymuş Ərşad Ələkbərov dəvət olunub. Bu tamaşanın quruluşçu rəssamı Kristina Danilinadır (Rusiya).
Yazıçı Anarın əsəri əsasında səhnələşdirilmiş tamaşa telefonun baş qəhrəmanlar arasında birləşdirici halqa olduğu hadisədən bəhs edir. Rüstəmlə Mədinənin sevgi hekayəsi bu telefonun ətrafında cərəyan edir. Ancaq sonradan başqa bir aşiq personaj - Seymur əlavə edildikdə, hər şey daha da qarışıq olur. Bu sevgi üçbucağı iştirakçılardan ikisinin eyni şəxs olması ilə diqqəti çəkir. Mədinə ikisindən hansını seçəcək?
20 aprel – “Artistin taleyi”
Azərbaycan dramaturqu Elçinin pyesi əsasında hazırlanan tamaşanın premyerası 2016-cı il mayın 20-də olub. Quruluşçu rejissor Azərbaycanın Xalq artisti İranə Tağızadədir.
Azərbaycan teatr sənəti tarixinə adı qızıl hərflərlə yazılan aktyor Ərəblinskinin faciəli və sirli taleyi dramaturq və rejissor İranə Tağızadə tərəfindən ətraflı tədqiq olunur. Onun müəmmalı şəraitdə ölümünün səbəblərinin üstü hələ də açılmayıb. Lakin bununla bağlı şayiələr, əfsanələr, variantlar çoxdur.
21 aprel - “Afina axşamları”
Petr Qladilinin ikipərdəli lirik komediyasının premyerası 2016-cı il yanvarın 17-də olub. Quruluşçu rejissor Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.
Pyesin süjeti ailənin atası Boris Oleqoviçlə onun qızı, pianoçu Nataşa arasında ixtilafa toxunur. Baxışların ziddiyyətini Nataşanın nənəsi – knyaginya Rastopçina özünəməxsus tərzdə aradan qaldırır.
26 aprel - “Kişi, qadın, pəncərə... məşuq”
Rey Kuninin pyesi əsasında hazırlanan tamaşanın premyerası Azərbaycanın Xalq artisti İranə Tağızadənin quruluşunda 2018-ci il mayın 4 və 5-də təşkil olunub.
Tamaşa çox qəribə vəziyyətlər kaleydoskopuna çevrilir ki, buraya pyesin bütün qəhrəmanları düşür. Hər şey isə ondan başlayır ki, mötəbər centlmen, Britaniya parlamentinin üzvü ser Uilli “Vestminster” beşulduzlu otelində otaq götürür. 13 nömrəli otağın pəncərələri Biq-Benə açılır. Məhz bütün gərginlik “nəhs rəqəm” ucbatından başlayır.
27 aprel - “Qürur və qərəz”
Ceyn Ostinin əsəri əsasında ikihissəli qadın romanı 2013-cü il aprelin 14-də tamaşaçılara təqdim olunub. Quruluşçu rejissor İlqar Safat, quruluşun rəhbəri Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.
Süjet xətti mister Darsi ilə Elizabet arasında yaranan, qürur və qərəz sınaqlarından keçən sevgi tarixçəsini açır.
28 aprel – PREMYERA – “Voytsek”
Tamaşa XIX əsr alman dramaturqu, alim və şairi Qeorq Büxnerin 1837-ci ildə yazılmış və 1879-cu ildə Karl Emil Frantsozun əhəmiyyətli dərəcədə adaptasiyası ilə nəşr edilmiş pyesi əsasında hazırlanıb.
Quruluşçu rejissor Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.
Süjet arvadını qısqanclıq zəminində öldürən və edam cəzasına məhkum edilən Leypsiq sakini Voytsek adlı bərbərin hekayəsi üzərində qurulub.
Tamaşanın əsasını real hadisə - ixtisasca həkim olan Büxnerin atasının əməkdaşlıq etdiyi tibb qəzetində ətraflı təsvir edilən cinayət işi təşkil edir. Müəllif onun iştirakçılarının xarakterlərini və sosial statusunu dəyişdirərək, kəskin sosial problemlərin qabardıldığı dramını səhnəyə çıxarıb.
“Voytsek” pyesi alman dramaturgiyasının ən böyük əsərlərindən biri kimi tanınıb və opera, musiqi və kino da daxil olmaqla bir çox interpretasiyalarda hazırlanıb.