Ayşad Məmmədov: "O rola görə həyat yoldaşım məni..." - Müsahibə

Ayşad Məmmədov:  "O rola görə həyat yoldaşım məni..." - Müsahibə
15 mart 2023
# 17:00

Kulis.az Əməkdar artist Ayşad Məmmədovun APA-ya müsahibəsini təqdim edir.

– Ayşad müəllim, böyüdə bilmədiniz, hə, o şam ağacını?

– Fazil Salayev demişkən, qoyursunuz ki (gülür)?

(“Mozalan”ın məşhur bölümlərindən birinə işarə edir. – N.P.)

– Amma istəyərdiniz, böyüsün?

– Əlbəttə... (Bir qədər duruxur) Amma eləcə ağac kimi böyüməsini istəyərdim. Hə, ağac kimi. Onu bəzəmək üçün. Sadəcə bəzəmək üçün.

Ayşad Məmmədovla müsahibəmiz elə beləcə başladı. Akademik Milli Dram Teatrının həyətində. Mən Ayşad Məmmədovu ilk dəfə kitab təqdimatlarının birində görmüşdüm. Onda özümdən asılı olmadan qəribə sevinc hiss eləmişdim. “Söyün daha içkiyə tövbə edib, yəqin” – deyə düşünmüşdüm. “Bəxt üzüyü”nün sonu da ümid işartıları ilə bitir axı...

Ən azından, mənim üçün.

– Başınız yaman qarışıq idi. Bir müddət müsahibəni alındıra bilmədik. Əslində, aktyorlarımızı belə görəndə sevinirəm. Düz edirəm?

– Düz edirsiniz. (Gülür) Aktyor daim işləməlidir. Hazırda paralel olaraq, iki film üzərində işləyirik. Biri haqqında danışmaq olar, amma biri haqqında yox. (Gülür)

– Biz danışa bildiyimiz barədə danışaq.

– Danışa bilmədiyimizin adını deyim: “Tam məxfi”. Elə deyiblər, məxfi qalsın. O biri isə serialdır. Vətən Müharibəsi qazisindən bəhs eləyir. Ümumiləşdirilmiş bir qazi obrazıdır. Əslində, ssenarisi mənim çox xoşuma gəlib. Maraqlıdır. Demək, mən serialda qonşu rolundayam. Mənim qızım həmin qaziyə müəyyən köməkliklər edir, qulluğunda durur. Mən də zamanla görürəm ki, münasibətləri istiləşir və üstəlik, qazini də tək qoymaq olmaz. Nəticə etibarilə, bir ata olaraq, qızımı qaziyə ərə verirəm. Yəni maraqlıdır. Həqiqətən, maraqlıdır.

– Çəkilişlər nə vaxta yekunlaşar?

– Hələ ki çəkilişlər davam edir. Əslində, martın sonuna bitirmək istəyirdik, amma uzandı. İnşallah, xeyirlisi.

– Ayşad müəllim, nənəniz alman olub.

– Bəli, doğrudur. Ana tərəfdən ulu nənəm almandır. Babam Hacı Zeynalabdin Tağıyevin yanında işləyirmiş. Elə olub ki, tapşırıqla dəzgahlar almaq üçün Almaniyaya gedib. Dəzgahları alıb qayıdanda onunla birgə buraya bir mühəndis də gəlib. Dəzgahları quraşdırmaq üçün, müəyyən təcrübələrini bölüşmək üçün. Babam da bu əsnada onun qızını görüb, aşiq olub. Amma qızın atası narazı imiş. Babam Tağıyevdən xahiş edib və Tağıyev onun üçün elçi gedib. Nəticədə, evləniblər: Amaliya Albrant. Sonralar adını dəyişdirib. Adını unutdum, xatırlaya bilmirəm...

Amma onu bilirəm ki, burada basdırılıb. Müharibə vaxtı isə onu Sibirə sürgün ediblər. O vaxtkı vəziyyət məlumdur.

– Sizin həyat yoldaşınız İlqarə xanım da səhnə adamıdır.

– Hə, xanımım sizi jurnalist kimi yaxşı tanıyır (gülür).

– Nə gözəl, sağ olsun. Maraqlıdır, iki yaradıcı insan və evlilik.

– Hə... (Bir qədər düşünür) Bizdə o cəhətdən azad düşüncə hökm sürür. Ümumiyyətlə, ailəmiz sənətə bağlıdır. Qızım da rəssamdır. İndi dizayner işləyir. Mən ona da sərbəstlik vermişəm. Özü azad düşünür.

Həyat yoldaşıma gəlincə isə, ona qətiyyən sənəti üçün maneə olmamışam, sərhədlər qoymamışam. Heç vaxt. Heç bir şeydə! Hətta mənə bəzən sual verir ki, filan rolda bu səhnəni, səncə, necə edim? Ona belə müdaxilə etmirəm. Deyirəm, rol sənindir. Bu sənin işindir. Mən tamamilə ayrı düşünə bilərəm, sən ayrı. Ona görə də ancaq özün…

– Ayşad müəllim, çöldə də teatr və yaradıcılıq, bir növ, evdə də eyni situasiya. Heç yorulduğunuz olubmu?

– (Gülür) Evdə eyni situasiya deyil axı.

– O da yaradıcı insandır.

– Bunun nəyi pisdir ki? Əksinə, daha da maraqlı olur. Müəyyən fikir mübadilələri aparırıq, yeri gələndə mübahisə edirik. Tamaşalardan, rollardan danışırıq. Bu yaxınlarda Gənc Tamaşaçılar Teatrında çox maraqlı bir tamaşa səhnəyə qoydular: “Kod adı: V.X.A”. Mehriban Ələkbərzadə plankanı elə yüksəyə qaldırıb ki... Çox yaxşı idi.

– Amma, mənə elə gəlir ki, tamaşanın xronometrajı bir qədər uzundur: 4 saat...

– Olar. İnanın ki, hiss edilmir.

– (Zarafata salıram) Hətta bir dostumuzla razılaşdıq ki, gedək iki saatına birimiz baxaq, növbəti iki saatına o birimiz, sonra bir-birimizə danışarıq.

(Gülür). Mövzu çox maraqlıdır. Adətən, teatr adamları tamaşaya sona qədər baxa bilmir, çünki doymuş olurlar, amma mən oturub sona qədər maraqla baxdım. Zövq aldım.

– İlqarə xanımın ən uğurlu obrazı, sizcə, hansı olub?

– Mən elə düşünürəm ki, elə bu “Kod adı:V.X.A”dakı obrazıdır.

– Amma mən belə düşünürəm ki, tamaşaçı İlqarə xanımı daha çox “Bala başa bəla”dan tanıyır.

– Özünüz bilirsiniz, televiziya özü böyük reklamdır. Məsələn, məni, demək olar ki, hamı “Bəxt üzüyü”ndən tanıyır. Siz belə müsahibəyə o cür başladınız. Amma mənim bu boyda teatr karyeram var: 300-dən çox rolum olub. Şəki Teatrı, Gənclər teatrı, Akademik Milli Dram Teatrı – hamısında can qoymuşam. Amma tamaşaçı məni Hüseyn kimi tanıyır.

– Yaxşı oldu elə, bu mövzu açıldı. Sizcə, niyə sizi daha çox Hüseyn kimi tanıyırıq?

– Vallah, nə deyim? Düşünürəm ki, televiziya... (bir az düşünür və gülərək əlavə edir) televiziya adamı ala itdən məşhur edir...

– Sizdə Hüseyndən qalma nəsə var? Həyatınızın hansısa dönəmində məhz Hüseyndən özünüzdə nəsə hiss etmisiniz?

– Yox, yox! Olmayıb. Yalan deyə bilmərəm. Olmayıb.

– Bəs həmin obraza çəkilmək təklifi gələndə tərəddüd yaşamışdınız?

– Rəhmətlik Vaqif Səmədoğlu ilə dost olduğum üçün, onu yaxından tanıdığım üçün razılaşdım. Bilirsiniz, o pyes ilk dəfə Şəkidə səhnəyə qoyulmuşdu, sonradan Sumqayıt Teatrında. Mən o pyesin içində sanki bişmişdim. Mən Vaqifin ağrılarını öz ağrılarıma çevirmişdim. Yaşaya bilirdim. Ümumiyyətlə, hər bir rol ağrıdır. Mən bunu dəfələrlə demişəm: istər komediya olsun, istər dram, istər faciə, hər biri özlüyündə ağrıdır.

Mən Vaqif Səmədoğlunun, ümumiyyətlə, bir neçə pyesində rol almışam.

– Yəni sizin ruhunuza yaxın idi.

– Bəli. Vaqifi özümə çox yaxın hiss edirdim. “Bəxt üzüyü”ndəki Hüseyni də hiss edərək yaratmışdım. Hətta bir dəfə bir iranlı rejissor demişdi ki, sən çəkilişdə içkili idin? Yəni hətta rejissor da elə hiss edib ki, guya mən orada həqiqi mənada içkiliyəm. Çünki, həqiqətən də, obrazın içində idim.

– Amma sizin film karyeranız, demək olar ki, Hüseynlə başladı, onunla da bitdi.

– Hə, film olaraq, ən uğurlusu elə “Bəxt üzüyü”dür.

– Səhv eləmirəmsə, bu yaxınlarda “Çılpaq” filminə də çəkildiniz.

– Hə, oradakı obraz da xoşuma gəldi və çəkildim. Mən sizə bir şeyi deyim, özümə qarşı çox qəddaram. Bəzən çəkiləndən sonra deyirəm, kaş filan şey filan olardı. Bu baxımdan, sənət nöqteyi-nəzərindən teatr mənə daha dəyərlidir, nəinki kino.

Teatr canlıdır. Bu gün bir səhv edirsən, növbəti dəfə onu düzəldirsən, daha etmirsən. Amma filmdə elə deyil. Elədin. Vəssalam. Qaldı. Əbədi.

Teatr mənim həyat tərzimdir. Teatr mənim üçün hər şeydir.

– Ayşad müəllim, bayaq həyat yoldaşınızın da yaradıcı adam olduğunu qeyd etdik. Mənə maraqlıdır, nə vaxtsa hansısa bir roluna görə onu qısqandığınız olubmu?

– Olub, olub, hiss eləmişəm ki var, amma büruzə verməyib. O da sənət adamı olduğu üçün, yəqin, hiss etdirməyib. Ukraynada bir filmə çəkilmişdim, orada açıq-saçıq səhnələr var idi. Hiss eləmişdim ki, qısqanıb. Amma deməmişdi.

Aha, çox maraqlı məqam oldu. Mən sualı sizin üçün vermişdim, sizsə xanımınızın adına cavab verdiniz. Bir güllə ilə iki dovşan vurmuş oldum. (Gülürəm) İndi deyin görək, bəs siz özünüz onu qısqanmısınız?

– Şükür Allaha, yox, olmayıb. Amma... (Bir az düşünür) ...onun ilk rolu Gənclər Teatrında olmuşdu. Onda onunla münasibətimiz yox idi. Amma mənim ona qarşı hisslərim var idi. Məhz onda onu qısqanmışdım. (Gülür)

– Hansı roluna görə?

– Yüngül xasiyyətli bir qadın obrazını canlandırırdı. Dediyim kimi, onun mənimlə münasibəti yox idi. Amma mənim ona qarşı hisslərim var idi. O obraz məni əməlli-başlı qısqandırmışdı.

– Sonralar etiraf elədiniz?

– Yox, heç vaxt deməmişəm.

– İndi oxuyacaq, yəqin ki. (Gülürəm)

– Hə, oxuyar, olsun. (Gülür) Amma belə başqa heç vaxt olmayıb. Yəni o mərhələni keçmişəm. Çünki mən sənətin mahiyyətini bilirəm, dərk edirəm.

– Ayşad müəllim, bu sualı sizə ona görə verdim ki, Azərbaycan kişisi hələ də qadının iş həyatının olmasını qəbul edə bilmir. Hətta bu inadkarlıq cinayətlərə qədər aparıb çıxarır.

– Bilirsiniz, sadəcə olaraq, həyat yoldaşına hörmət etməlisən. Vəssalam. Hörmət hər şeydir. Hörmət anlayışının altında hər şey var. Hər şey.

– Bir yerdə oynamısınız?

– Hə, Gənclər Teatrında olub. Özü də sırf bizim ikimizə aid tamaşa idi. Tamaşaçılar səhnədə otururdu, biz isə zalda oynayırdıq. Belə qəribə bir tamaşa idi. Əsərin adı... (Bir xeyli düşünür) ... Elçin Hüseynzadənin pyesi idi, iki nəfərlik... Bir az qəribə süjet xətti var idi. Təəssüflər olsun ki, o tamaşa sonlar oynanılmadı. Hətta o tamaşada geyindiyimiz paltarlarımızı saxlamışdım. (Gülür) Təqribən, kloun paltarına oxşayırdı. “Burun”umuzu da uzun müddət saxladım. Klounlara xas burun. Şlyapanın özü belə indiyə qədər qalır. Zarafat gəlməsin, 20 ildən çox zaman keçir. Onda artıq münasibətimiz var idi. Hüseynağa müəllim də elə ona görə bu tamaşanı bizim üçün hazırlamışdı...

Mən elə o vaxtdan özümü teatrda rahat hiss etmişəm. Bəzən özümə acıyıram ki, mənim teatrdan başqa həyatım yoxdur: mən bütünlüklə teatram. Teatrı məndən alsalar, bəlkə də, ölərəm. Nə vaxtsa pensiyaya çıxacağımı düşünəndə dəhşətə gəlirəm, dərd alır məni.

– Yaranıza duz basmaq kimi çıxmasın, yaşlı nəsli yavaş-yavaş teatrlardan uzaqlaşdırmaq bir ara gündəm olmuşdu.

– Elə sənət növləri var ki, oradan insanı yaşına görə uzaqlaşdırmaq, ayrı salmaq olmaz. Teatr üçün canından xərcləmirsənsə, heç nə. Mən hiss eləsəm ki, hansısa tamaşada canımdan can getmir, elə bilərəm ki, tamaşaçıya xəyanət edirəm.

– Ayşad müəllim, bir az da teatrda ən uğurlu rollarınızdan danışaq.

– Uğurlu demək bir az təvazökarlıqdan uzaq olur. Sevimli rollarım çox olub. Elə axırıncı dəfə öz yazdığım pyes var idi...

– “İuda”...

– Ay sağ ol. Bolqarıstanda, Qazaxıstanda mükafat aldı.

– O tamaşa, səhv eləmirəmsə, Azərbaycanda nümayiş olunmayıb.

– Hə, olunmayıb.

– Niyə?

– Nə bilim, şərait elə gətirdi ki, burada nümayiş olmadı. Tamaşada əsas motiv şagirdin ustada xəyanətidir.

– Bəs başqa pyeslər yazmısınız?

– Hə. Gənclər Teatrında işləyəndə də yazmışdım. Pantomima hazırladığım da olub. Ölümə aid idi: “Həzrəti Ölüm”. Sonra “Korlar” pantomimim də var idi. Pantomim festivalında onu oynayanda gürcülər elə bilmişdilər ki, biz pantomim teatrıyıq. Yəni o dərəcədə keyfiyyətli alınmışdı. Rafael və Coşqun da orada rol almışdı. Mən sizə deyim ki, onlar ikisi də çox ciddi aktyorlardır. Sadəcə onlardan istifadə olunmadı.

– Onları elə “Bu şəhərdə” məhv edib.

– Çox-çox istedadlı aktyorlardır. Ciddi rolları da olub. Sadəcə zamanın axınına düşdülər, yaxşı yaşamaq istədilər və belə oldu.

– Siz yaxşı yaşamaq istəmirsiniz ki?

– İndi hərə bir cür düşünür də. Adamlar başqa-başqa olur axı.

– Ayşad müəllim, məncə, sənətə qiymət vermək. Məsələ budur.

– Yox, yox, mən sizinlə razılaşa bilmərəm. Onlar, bəlkə də, bu sənəti məndən də çox sevirlər. O vaxtlar hamımız həddindən artıq pis dolanırdıq.

– Bizim aktyorlarımız həmişə dolanmaq-dolanmaq deyir. Heç kəs aktyor kimi maddi baxımdan qane deyil.

– Lap belə əla da dolanmırıq. Amma belə... yaşayırıq da. Bizim sənət elə sənətdir ki, camaatın arasına çıxmaq çətin olur. Adam istəyir ki, şəxsi maşını olsun, ayrıca gəzə bilsin, adamların içində olmasın. Tamaşaçı səni ancaq səhnədə görsün. Yəni lap yaxşı yaşasaydıq, gözəl olardı.

– Toylar, Ayşad müəllim. Aktyorlarımız yaxşı yaşamaq üçün toylara gedir.

– Yenə də deyirəm, hərə bir cür düşünür və bu, hər kəsin öz şəxsi işidir. Mən getmirəm. Buna görə heç kimi mühakimə etmək olmaz. Yaxşı bir ifadə var: mühakimə eləmə, sonra səni mühakimə edərlər. Ümumiyyətlə, toylar aktyorlara həddindən artıq zərər vurur. Elə olur ki, onlarda, üzr istəyirəm, zamanla boşboğazlıq yaranır. Yəni onu o formaya toy salır. Onlarla dil tapmaq çox çətindir. Ümumiyyətlə, hər adam toya gedə bilməz, tamadalıq edə bilməz. Mən qətiyyən bacarmıram. Mənim sinif yoldaşlarım musiqiçidirlər. Neçə dəfə dəvət ediblər, demişəm, yox, mənlik deyil, mən bacarmaram.

– Ayşad müəllim, Azərbaycanda teatr-kino sahəsində vəziyyət barədə nə düşünürsünüz? Yeni nəsil olsun, tamaşaçı marağı olsun və digər məsələlər...

– Yaxşıdır. Yeni nəsildə yaxşı gənc aktyorlar var, yetişir. Ümidvericidir. Tamaşaçılar da, sağ olsunlar, gəlirlər. Şükür Allaha, teatrımızda vəziyyət yaxşıdır.

– Gəlin Akademik Milli Dram Teatrını ölçü vahidi kimi götürməyək. Başqa teatrlar da var.

– Doğrudur. Özəl teatrlar üçün müəyyən çətinliklər var. Yavaş-yavaş onlar da, hesab edirəm ki, tamaşaçılarını qazanır. Məsələn, “M teatrı”. İşləyirlər. Müəyyən tamaşaçısı olur. Hər şey yaxşı olar. Zaman lazımdır. Mən ümidliyəm.

– Oynadığınız rollarda rejissorlarla münasibəti necə qurursunuz? Konfliktləriniz olubmu?

– Rejissor mənimlə dil tapa bilməzsə, zənnimcə, dəvət eləməz. Nə qədər tamaşada rejissorlar üçün təkliflər vermişəm, razılaşıblar, hesablaşıblar. Məsələn, axırıncı tamaşada –“Xurşudbanu Natəvan”da qala rəisini oynayırdım. Orada bir səhnədə rejissora maraqlı təklif verdim. Dedi, səhnəyə çıxaq, baxaq, yarasa, edərsən.

– Nə idi ki?

– Himn oxuyurdum. (Başlayır həmin himni oxumağa) İmperiyanın himnini oxudum. Bu, əsərdə yox idi. Amma alındı. Uğurlu alındı.

– Mən o tamaşaya baxdım. Açığı, Xalq artisti Məleykə Əsədovanın rolunu çox da bəyənmədim. Ümumiyyətlə, tamaşadan sonra xeyli tənqidlər oldu. Natəvan obrazı sanki Natəvanlıqdan çıxmışdı.

– Bəlkə də, zamanla əlaqədardır. İkincisi isə, Məleykə xanım mənim sənət yoldaşım, tərəf müqabilimdir. Onun barədə fikir bildirmək, nə bilim, düşünürəm, nəyisə yanlış demiş olaram.

– Siz bəyəndiniz Natəvan obrazını?

– Onu tamaşaçı deməlidir.

– Yaxşı. Tamaşaçı kimi Natəvan obrazını bəyəndiniz?

– (Gülür) Mən axı tamaşaçı deyildim, həmin tamaşada aktyor idim.

– Bu yaxınlarda isə...

Ayşad müəllim sualdan qabaq bayaqkı fikrini davam etdirir.

– Mənə elə gəlir ki, Məleykə xanım istədiyini edə bilmişdi.

– Bəlkə də, sualım çox da uğurlu deyil, amma verməsəm, ürəyimdə qalacaq: həyat yoldaşınız və siz. Sizcə, teatr sənəti üçün hansınız daha uğurlusunuz?

– Bizdə “hansımız” deyə bir şey yoxdur. Mən ona, o mənə müəyyən dəstək, təkliflər verir. Bütün bunlar hamısı qarşılıqlı olaraq həyata keçirilir. Biz evdə də, teatrda da bir ailəyik. Əgər uğurlu olmuşamsa, onun sayəsində olmuşam. O uğurlu olubsa, orada mənim də payım olub. Yəni daima bir olmuşuq.

– Bir-birinizin rollarını tənqid edirsiniz?

– Mənim ən böyük tənqidçim İlqarə olub. İndi də odur. (Gülür) Özü də çox sərt və çılpaq şəkildə. Birbaşa, açıq formada üzümə deyir. Amma, istənilən halda, yaxşı ki teatr var və yaxşı ki bizi həm də teatr birləşdirir.

Nə hikmətdirsə, Ayşad müəllimlə söhbət edə-edə “Azdrama”nın qarşısındakı şam ağaclarının yanına çatdıq. Ayşad müəllimin “Bu da şam ağacı” deməsi ilə artıq müsahibəyə yekun vurmalı olduğumu anladım. Amma müsahibənin əvvəlindən fərqli olaraq, daha mən də şam ağacına məhz ağac kimi baxırdım.

# 10960 dəfə oxunub

Oxşar xəbərlər

“Casus uşaqlar”ın aktyoru zorakılıqda ittiham olunur

“Casus uşaqlar”ın aktyoru zorakılıqda ittiham olunur

18:49 25 noyabr 2024
Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

17:35 25 noyabr 2024
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

16:13 25 noyabr 2024
Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

15:55 25 noyabr 2024
İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

15:22 25 noyabr 2024
Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

15:00 25 noyabr 2024
# # #