Aydınlaşdırma - Alberto Moravianın hekayəsi

Aydınlaşdırma - Alberto Moravianın hekayəsi
8 iyun 2024
# 14:39

Kulis.az "Şənbə oxusu" layihəsindən görkəmli italyan yazıçı Alberto Moravianın "Aydınlaşdırma" hekayəsini təqdim edir.

Anyeze heç olmasa mənə xəbərdarlıq edə bilərdi, amma o, heç sağollaşmamış evdən getdi. Özü də həmişəlik. Mən özümü qəbahətsiz adam hesab etmirəm və o, nədən narazı olduğunu desəydi, biz bunu müzakirə edə bilərdik. Amma yox: iki illik evlilik dövründə bir kəlmə də demədi! Birdən-birə, gözəl bir səhər çağı, yoxluğumdan istifadə edib, özünə yeni iş yeri axtaran qulluqçu kimi, gizlincə sivişib getdi. Getdi, üstündən altı ay keçsə də, hələ də anlamıram niyə getdi.

O səhər bizim rayondakı kiçik bazardan lazım olan hər şeyi almışdım. Bazarlıq etməkdən xoşum gəlir: qiymətləri bilirəm, mənə lazım olanı tanıyıram, al-ver edib qiymət danışmağı sevirəm, hər şeyi yoxlayıb, əlimdə samballayıb almağı xoşlayıram; bifşteksi heyvanın harasından hazırlayacaqlarını görməliyəm, almanın hansı zənbildən alındığını bilməliyəm. Ərzaqları aparıb yenə evdən çıxdım. Qonaq otağının pərdəsini təzələmək üçün metrə-yarım baxrom parça almalıydım. Müəyyənləşdirdiyim məbləğdən artıq xərcləmək istəmədiyim üçün bir neçə dükan gəzdim. Axır istədiyimi Via dell Umiltadakı balaca dükandan tapdım. On ikiyə iyirmi dəqiqə işləmiş evə qayıtdım, qonaq otağına keçdim ki, aldığım parçayla pərdənin rəngini müqayisə edim, elə o dəqiqə gözümə masanın üstündəki mürəkkəb qabı, qələm və məktub dəydi. Açığı gözümə ilk dəyən məxməri süfrəyə düşmüş mürəkkəb ləkəsi oldu. Fikirləşdim ki: “Ay səliqəsiz… süfrəyə ləkə salıb”.

Mürəkkəb qabını, qələmi və məktubu yığışdırdım, süfrəni yığışdırıb mətbəxə keçdim, ləkəni limonla yaxşıca sürtüb çıxardım. Sonra qonaq otağına qayıdıb təzə süfrə saldım, ancaq bundan sonra məktubu xatırladım. Məktub mənə idi: “Alfredoya”.

Açıb oxudum: “Otaqları yığışdırdım. Naharı özün hazırlayarsan, sən bunu əla bacarırsan. Əlvida. Mən anamın yanına qayıdıram. Anyeze”.

Əvvəl heç nə başa düşmədim. Sonra məktubu yenə oxudum və nəhayət mənə çatdı: Anyeze həmişəlik gedib, iki illik evlilikdən sonra məni atıb gedib.

Adətim üzrə məktubu bufetin kvitansiyaları, abunə kağızlarını qoyduğum siyitməsinə qoyub pəncərənin qarşısındakı balaca kresloda oturdum. Bilmirdim nə düşünüm; mən qətiyyən belə şey gözləmirdim və hadisəyə inana bilmirdim. Beləcə fikir eləyərkən gözüm yerə düşmüş balaca, ağ lələyə sataşdı. Çox güman Anyeze toz alanda süpürgədən düşmüşdü. Lələyi götürüb pəncərədən çölə atdım. Sonra şlyapamı götürüb evdən çıxdım.

Tratuarın daşlarına adətim üzrə hər bir dənədən bir basmaqla addımlayarkən özümdən soruşurdum ki, görəsən Anyezeyə neyləmişəm axı? Axı o məni niyə açıq-aşkar təhqir etmək niyyəti ilə, belə qəzəblə atıb getsin? Əvvəl onu özümdən soruşdum ki, Anyeze məni hansısa xəyanətdə ittiham edə bilərmi, lap xırdasında da olsa? O dəqiqə də cavab verdim: xeyr. Qadınlar mənim demək olar ki, heç vaxt diqqətimi çəkməyiblər; mən onları anlamaqda çətinlik çəkirəm, onlar məni anlamırlar; evləndiyim gündən də onlar demək olar ki, mənim üçün yoxa çıxdılar. O dərəcədə ki, Anyeze özü hərdən məni dürtmələyirdi:

– Bəs indi başqa qadına vurulsan neyləyərdin?

Mən cavab verərdim:

– Mümkün deyil: mən səndən başqasını sevmərəm, bu, ömürlük məhəbbətdir.

Bu haqda düşünəndə xatırladım ki, bu “ömürlük məhəbbət” söhbəti Anyezeni sanki sevindirmirdi, əksinə, üzü sallanırdı, daha dinmirdi.

Başqa ehtimallara keçdim: bəlkə Anyeze məni pula görə atıb, ya da bizim həyat tərzimizə görə?

Ancaq bu dəfə də qərar verdim ki, vicdanım təmizdi. Biz heç də pis yaşamırdıq; özünüz baxın: həftədə iki dəfə kino, həftədə iki dəfə kafe – özü də mən o qədər xırdaçı deyiləm ha, onun dondurma, yoxsa sadə kofe sifariş verdiyinə fikir verim, ayda iki illyustrasiyalı jurnala abunəlik, hər gün qəzetimiz, qışda hələ hərdən operaya da gedərdik; yayda atamın Marinodakı bağına gedərdik. Bunlardı bizim əyləncəmiz. Pal-paltara qalanda Anyezenin heç bəhanəsi yoxdu. Ona nəsə alınası idisə, məsələn, byüstqalter, ya bir cüt corab, yaxud yaylıq, mən həmişə razılaşıb onunla mağazaya gedərdim, onunla bir yerdə seçərdim, gözümü də qırpmadan pulunu ödəyərdim. Dərzi, salon məsələsi də o cür. O, mənə deyəndə ki, “şlyapaya, ya dona ehtiyacım var”, heç elə olmayıb ki, mən “Gedək, alaq, mən də səninlə gələrəm” deməyim. Etiraf etməliyəm ki, Anyeze elə də tələbkar deyildi: evliliyimizin ikinci ilinə keçəndə o, artıq üst-başının qeydinə qalmamağa başladı. Mən özüm ona xatırladırdım ki, ona nəsə alınmlıdır. O da deyirdi ki, vacib deyil, keçən ildən qalan yaxşıdır. Mən hətta düşünürdüm, bu məsələdə Anyeze başqa qadınlardan fərqlənir, heç yaxşı geyinməyə can atmır.

Deməli könül və pul söhbətləri deyil. Əlimizdə vəkillərin “xarakter uyğunsuzluğu” dedikləri şey qalır. Bu zaman sual yaranır ki, iki illik evlilik zamanı bir dəfə də mübahisə etməyən şəxslər arasında hansı xasiyyət uyğunsuzluğundan söhbət gedə bilər? Vallah, bircə dəfə də! Biz bütün gün bir yerdə idik, əgər hər hansı uyğunsuzluq olsaydı, özünü nədəsə büruzə verərdi də. Anyeze mənə heç vaxt etiraz etməzdi; o, heç demək olar danışmazdı da. Bəzən bütün axşamı nə kafedə, nə evdə heç ağzını da açmazdı – ancaq mən danışardım.

İnkar etmirəm, mən danışıb özümü dinləməyi sevirəm, xüsusən mənə yaxın adamla danışıramsa. Səsim sakitdi, rəvandı – nə yüksək, nə alçaq səslə danışıram, məntiqli, axıcı nitqim var; hansı mövzuda danışıramsa, xırdalığına qədər hərtərəfli izah edirəm. Əsasən məişət məsələləriylə bağlı danışmağı sevirəm: qiymətlər haqqında, otaqlarda mebelin düzülüşü, yemək, istilik haqqında, qısası, belə xırda-para məsələləri danışmağı sevirəm. Bu şeylər haqqında danışmaqdan o qədər həzz alıram ki, hərdən görürəm mövzunu danışıb qurtarıb yenidən danışmağa başlamışam. Açıq danışaq da, qadınlarla bu haqda danışarlar; onlarla başqa nə danışasıyıq ki?

Özü də Anyeze məni diqqətlə dinləyərdi, ən azı mənə elə gələrdi. Yalnız bir dəfə – mən ona elektrik qızdırıcısının iş prinsipini izah edəndə o, birdən yuxuladı. Onu oyadıb soruşdum:

– Darıxdın?

O, tez cavab verdi:

– Yox, yox. Mən sadəcə yorulmuşam, bu gecə pis yatmışdım.

Adətən ərlərin başı ya işdə, ya ticarətdə qarışır, boş vaxtları olanda da dostları ilə gəzirlər. Amma Anyeze mənə hamını əvəz edərdi: o, mənim həm işim idi, həm ticarətim, həm dostum. Mən onu heç bir dəqiqəlik də tək qoymazdım; həmişə yanında idim, hətta – siz təəccüblənəcəksiniz – o, yemək bişirəndə də. Yemək bişirmək məsələsi məni vəcdə gətirir, ona görə də hər gün nahardan əvvəl mən önlüyümü geyinib mətbəxdə Anyezeyə kömək edərdim. Hər işdən bir az görərdim: kartof soyardım, lobya təmizləyərdim, əti kəsib hazırlayardım, qazın üstündəki qazanlara nəzarət edərdim. Mən ona elə yaxşı kömək edirdim ki, bəzən özü mənə deyirdi:

– Bilirsən nə var… özün elə… mənim başım ağrıyır, gedim uzanım.

Onda mən naharı tək hazırlayardım; yemək reseptləri kitabının köməyi ilə hətta yeni yeməklər də bişirirdim. Heyif ki, Anyeze elə də yeyən deyildi, axır vaxtlar da lap iştahı küsmüşdü, heç yeməyə dəymirdi. Bir dəfə mənə zarafatla dedi:

– Sən səhv doğulmusan… sən ki, qadınsan… hətta evdar qadın.

Etiraf etməliyəm ki, bu sözdə həqiqət var: həqiqətən də mən yemək bişirməkdən savayı yumağı, ütüləməyi, tikməyi, boş vaxtımda dəsmal kənarı tikməyi də sevirəm.

Dediyim kimi, mən Anyezedən heç vaxt ayrılmazdım – hətta anası, ya hansısa rəfiqəsi bizə gələndə də; hətta bilmirəm ağlına hardan gəlmişdi, ingilis dili öyrənməyə başlayanda da mən onunla birlikdə oxuyurdum. Mən ona o qədər bağlı idim ki, hərdən gülməli həddə çatırdı. Məsələn, bir dəfə kafedə asta səslə nə dediyini eşitməmişdim deyə arxasınca tualetə qədər getdim, orda xidmətçi məni saxlayıb dedi ki, ora qadın tualetidi, mən daxil ola bilmərəm.

Hə, mənim kimi ər tapmaq asan deyil. Anyeze tez-tez deyərdi:

– Mən filan yerə gedirəm, filankəslə görüşəcəm, sənə maraqsız olar.

Ancaq mən həmişə cavab verirdim ki:

– Mən də gedirəm.. onsuz da işim yoxdur.

– Yaxşı, gedək, amma əvvəlcədən deyirəm ki, sənə maraqsız olacaq.

Nəticədə elə olurdu ki, mən heç az da olsa darıxmırdım və axırda ona deyirdim:

-Gördün, heç darıxmadım.

Bir sözlə, biz ayrılmaz idik.

Bütün bunları götür-qoy edə-edə, Anyezenin niyə məni atmasını axtara-axtara gəlib çıxdım atamın dükanına. Bu, kilsə məmulatları dükanıdır, Minevra meydanına yaxın yerləşir. Atam hələ qocalmayıb, onun qara, qıvrım saçları, qara bığları, bığının da altında mənim heç vaxt baş aça bilmədiyim qəribə təbəssümü var. Bəlkə hər zaman kilsə xadimləriylə, ya dindarlarla danışmağındandı-nədi, o, həmişə çox mülayim, sakit və mədənidir. Ancaq anam onu yaxşı tanıyır və deyir ki, o, yaxşı rola girir.

İçəri keçib müxtəlif buxur qabları və ikonların düzüldüyü sıraların arasından keçib atamın arxadakı otağına getdim. Atam həmişəki kimi bığlarının ucunu çeynəyə-çeynəyə hesab-kitab işi görürdü. Başımı itirmiş halda ona dedim:

– Ata, Anyeze məni atıb getdi.

O, başını qaldırıb bığaltı qımışdı, ya da bəlkə mənə elə gəldi.

– Çox təəssüf – dedi, – doğrudan, çox heyif… Necə oldu ki?

Mən olanları danışıb əlavə etdim:

– Əlbəttə, mən pis olmuşam… Ancaq hər şeydən qabaq onun niyə belə etdiyini bilmək istərdim.

Qətiyyətsiz səslə soruşdu:

– Sən anlamırsan?

– Yox

Susub köks ötürdü, sonra dedi:

– Alfredo, mən də pis oluram, amma sənə nə deyəcəyimi bilmirəm… Sən mənim oğlumsan, mən səni çox istəyirəm, sənə həmişə baxacam… lakin arvadın haqqında sən özün düşünməlisən.

– Hə, amma o məni niyə atdı axı?

Atam başını buladı:

– Sənin yerinə olsam aydınlaşdırmazdım… Başını burax… Səbəbi bilmək bu qədər vacibdi sənin üçün?

– Çox vacibdi… hər şeydən vacibdi.

Bu an içəri iki keşiş daxil oldu, atam qalxıb onlara doğru gedərək dedi:

– Sonra gələrsən… Danışarıq… İndi məşğulam.

Ondan heç nə gözləməməli olduğumu başa düşüb çölə çıxdım.

Anyezenin anası yaxınlıqda – Viktor Emmanuel prospektində yaşayırdı. Düşündüm, bu gedişin sirrini mənə aça biləcək tək şəxs Anyezenin özüdür. Getdim onlara. Pilləkəni qaçaraq çıxıb qonaq otağına girdim. Ancaq Anyeze əvəzinə məni anası qarşıladı. Mənim ondan zəhləm gedir. O da ticarətlə məşğul olur. Rənglənmiş qara saçları və qırmızı yanaqları olan, hər zaman gülümsəyən, sirli, saxtakar qadındır. Xalat geyinib yaxasına qızıl gül taxmışdı. Görən kimi saxta qonaqpərvərliklə dedi:

– A, Alfredo, nə yaxşı gəlmisən?

– Ana, siz bilirsiniz niyə gəlmişəm – cavab verdim, – Anyeze məni atıb gedib.

Sakitliklə dedi:

– Hə, oğul, o, burdadır. Neyləmək olar? Həyatda belə şeylər də olur.

– Yəni doğrudan mənə deyə biləcəyiniz başqa söz yoxdur?

O, diqqətlə mənə baxıb soruşdu:

– Özünüzünkülərə demisən?

– Hə, atama.

– O, nə dedi?

Axı ona nə dəxli vardı atamın nə dediyinin?! Həvəssiz cavab verdim:

– Atamdı da… tanıyırsız.. Dedi ki, aydınlaşdırmaq lazım deyil.

– Atan düz deyib, oğul… Aydınlaşdırma.

– Əvvəl-axır, o, niyə gedib axı? – qızışmağa başladım, – Mən ona neyləmişəm? Mənə niyə demirsiz?

Qıcıqlanmış şəkildə bunu deyərkən gözüm masaya sataşdı. Masanın üstünə süfrə sərilmişdi, süfrənin üstündə ağ, toxunma örtük, onun da üstündə içində qırmızı lalələr olan güldan vardı. Amma örtük masanın ortasında deyildi. Qadın mənə baxıb gülümsədiyi vaxtda heç nə elədiyimi özüm də bilmədən masaya yaxınlaşıb güldanı qaldırdım, örtüyü ortaya çəkdim.

Bu zaman o, dedi:

– Afərin… İndi örtük tam ortadadı… Heç mən fikir verməmişdim, amma sən o dəqiqə səliqəsizliyi sezdin… Afərin… İndi isə getsən yaxşıdı, oğul.

O, ayağa qalxdı, mən də qalxdım. Mən Anyeze ilə görüşmək istəyirdim, ancaq başa düşdüm ki, bunu soruşmaq mənasızdı. Həm də qorxurdum ki, Anyezeni görsəm başımı itirib nəsə axmaq bir şey edərəm, ya da deyərəm. Eləcə də çıxıb getdim və o gündən arvadımı bir də görmədim. Bəlkə də haçansa mənim kimi ərin ələdüşməz olduğunu başa düşüb qayıdacaq. Lakin o, məni niyə atmağını izah etməyincə evimin kəndarından da keçə bilməyəcək.

“Roma hekayələri” kitabından

Rus dilindən tərcümə: Sənubər Heydərova

# 759 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanın Xalq artisti vəfat etdi

Azərbaycanın Xalq artisti vəfat etdi

00:10 26 noyabr 2024
“Casus uşaqlar”ın aktyoru zorakılıqda ittiham olunur

“Casus uşaqlar”ın aktyoru zorakılıqda ittiham olunur

18:49 25 noyabr 2024
Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

17:35 25 noyabr 2024
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

16:13 25 noyabr 2024
Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

15:55 25 noyabr 2024
İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

15:22 25 noyabr 2024
#
#
# # #