Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Tarix” kafedrası tərəfindən “Azərbaycan tarixinin dövrləşməsi və dövlətçilik mərhələləri” layihəsi çərçivəsində “Atropatena adlı dövlətin yaranması və tarixi şəraiti” mövzusunda elmi seminar keçirilib.
Kulis.az xəbər verir ki, elmi seminarda ölkənin tanınmış tarixçi alimləri, deputatlar, hüquqşünaslar, psixoloqlar və digər aidiyyəti şəxslər iştirak edib. Elmi seminar iki hissədən ibarət olub və seminar Strabonun elmimizdə qüvvədə olan məlumatının müzakirəsi üzərindən həyata keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri dosent Firdovsiyyə Əhmədova elmi seminarı giriş sözü ilə açaraq günün mövzusu, eləcə də elmi seminarının gedişi barəsində ətraflı məlumat verib.
Mövzu üzrə məruzəçi tarix elmləri doktoru Həsən Həsənov 2004-cü ildən etibarən Atropatena dövləti barəsində araşdırmaya başladığını bildirib:
"Nəticəyə əsasən, Makedoniyalı İsgəndər gəldikdə artıq Atropatena dövləti bu ərazilərdə mövcud idi".
Tarixçi alimin sözlərinə görə, antik dövrə aid üç mənbə israrla Atropatena adlı dövlətin İsgəndərdən əvvəldən mövcud olduğunu yazıb. Həsən Məmmədov onu da əlavə edib ki, Azərbaycan tarixçilərinin bəhsi keçən mənbələrdən məlumatı olmayıb:
"Məsələn, akademik İqrar Əliyev Atropatena dövləti barəsində əsər yazsa belə, orada antik müəllif Kursiy Ruf, Psevdo Kalisfenin adını çəkmir. Eləcə də Suriya Xronikası anlayışı o zaman məlum anlayış olmasına rəğmən, əsərdə bu mövzu barədə heç bir işarə yoxdur".
O, həmçinin alman, fransız və rus alimləri tərəfindən Atropatenanın yaranması tarixini özündə əks etdirən tarixi-coğrafi xəritə də çap etdiklərini qeyd edib.
Məruzə əsasında "Atropatena yeni dövlət olaraq yaranıb, yoxsa əvvəllər nə vaxtsa mövcud olan dövlətin müstəqilliyi bərpa olunub?" və "Atropatena dövlətinin adı Atropatın şərəfinə verilib, yoxsa Atropat tərəfindən verilib?" kimi suallar ətrafında geniş fikir mübadiləsi aparılıb.
Həsən Həsənov məruzəsini ümumiləşdirərək Atropatena dövlətinin e.ə. 321-ci ildə deyil, e.ə. 612-ci ildə yaranması qənaətinə gəldiyini vurğulayıb:
"612-ci ildə isə fars deyilən millət olmayıb. Midiya dağlarında o zaman anşallar yaşayırdı ki, onlar elanların varisləri hesab olunur".
Tarixçi alim Armeniya adının isə e.ə. 612-ci ildən, yəni Atropatenanın dövlət kimi formalaşmasından 90 il sonra sadəcə Əhəmənilərin bir əyaləti olaraq yazıya alındığı fikrini müdafiə edib.
Məruzədən sonra elmi seminar qarşılıqlı diskussiya formatında davam edib. Müzakirədə çıxış edən professor Səməd Seyidov dünyada artıq türk dünyası adlı yeni bir fenomenin ortaya çıxdığını bildirib:
"Tarix boyu bu anlayışı qəbul etmək istəməyiblər. Hesab edirəm ki, Atropatenanın e.ə. 612-ci ildə yaranması faktı təkcə Azərbaycana və onun tarixinə təsir edəcək amil deyil".
Xalq şairi Sabir Rüstəmxanlı isə sözügüdən araşdırmanın Azərbaycan dövlətinin gələcəyini müəyyən edəcək məsələlərdən biri olduğunu deyib:
"Düzgün tarix olmadan milli ideologiyadan danışmaq olmaz".
Akademik Nizami Cəfərov tarixdən mütləq nəticə çıxarılmalı olduğunu vurğulayıb.
"Xalqın dərk etdiyi tarix, birinci növbədə, etnik tarixdir. Bu model, yəni Həsən müəllimin Atropatena tarixinə yeni yanaşması eposa əsaslanır".
Ümumilikdə tarixçi alim Həsən Həsənovun "Makedoniyalı İsgəndər və Atropat" adlı əsəri əsasında təqdim etdiyi məruzə iştirakçılar tərəfindən yüksək etimadla qəbul edilib.