Atamın qorxaq olduğunu necə öyrəndim?

Atamın qorxaq olduğunu necə öyrəndim?
4 iyul 2020
# 16:40

Kulis.az Səddam Laçının “İt kimi qorxmaq” yazısını təqdim edir.

Bu söz dilimizə hardan və necə keçib bilmirəm amma ölkəmizin bütün bölgələrində qorxunun ən yüksək dərəcəsi kimi işlədilir. Hətta gənc nəslin şairləri bu yazıq, heç nədən xəbərsiz itdən fərqli məqsədlərə də istifadə edirlər. İt kimi darıxmaq, it kimi susamaq kimi ifadələri poetik hesab edib qələm nümunələrində əks etdirirlər. Əslində sıradan, mənasız bənzətmədən başqa bir şey deyil.

Biz uşaq olanda bu "İt kimi qorxmaq" ifadəsinin nə zaman işlətsək atam dərin köks ötürər, hətta elə ah çəkərdi ki, anam ahın dağlara demədən dura bilməzdi. Uşaq idik, bu mənasızlığa bir məna verə bilmirdik, sözün açığı heç buna çalışmırdıq da. Günlərin bir günü nə olmuşdusa bu söhbət yenidən açıldı və atam eyni səhnəni dərin üzüntü və təəssüflə yaşayanda dözmədim. Biz atamızı mərd kişi bilirdik. Qorxmaz, cəsur adam idi. Hərdən düşünürdüm ki, belə cəsur birinin bizim kimi hər şeydən qorxan, həm də it kimi qorxan oğulları var deyə dağları-daşları sızladan ah çəkir, pis olur. Düşünmək isə içimi parçalayırdı. Səbəbini soruşmalı idim və soruşdum. Adi bir sözə verdiyi yersiz reaksiyanın, çəkdiyi ahın, tökdüyü göz yaşının səbəbini soruşdum. Kaş ki, heç soruşmazdım. O günə kimi xəyallarımda canlandırdığım, hamının atasını döyər deyə fikirləşdiyim adamın qorxaq olduğunu, hətta itdən belə qorxaq olduğunu öyrəndim. Həmin gün atama da nə isə olmuşdu. Sanki, göz yaşlarına rəğmən danışmaq, danışdıqca qorxaqlığını hər kəsə bağıra-bağıra etiraf etmək istəyirdi. Atam sonucu dəfə o gün yenidən bir ah çəkdi və sözə başladı:

“1992-ci ilin may ayı idi. Laçına hər tərəfdən od yağırdı. Orduda xaos, dərəbəylik hökm sürürdü. Elə bu dərəbəylik bəyləri dəriyə, gədələri təpəyə qaldırmışdı. Artıq Laçın laçınlıların sağalmaz yarası olmaq üzərə idi. Göz görə-görə dəbə-baba torpaqlarımız, doğulub boya-başa çatığımız bu yerlər əlimizdən ömür kimi süzülüb gedirdi. Heç nə edə bilmirdik. Əlimizdən heç nə gəlmirdi. Elə canımızı da yandıran bu idi. Heç nə edə bilməmək. Amma yox, bir yol var idi. Ən asan yol da o idi, ən çətin də. Biz isə asanlqla ən çətin olanı seçdik, qaçdıq. Qeyrətimizi, ana dediyimiz yurdumuzu, anamızı qoyduq qaçdıq. Elə qaçırdıq ki, Hocaz dağının başına qalxanda birdən yadıma düşdü ki, itləri açmamımışıq. Geri qayıtmaqda tərəddüd edirdim. Lakin heç olmasa son dəfə kişi olmalı idim. Qorxmamalı, geri qayıdıb itlərinin zəncirini açmalı, elə özümü də onların yerinə zəncirləməli idim. Hərdən düşünürəm ki, kaş ki, heç qayıtmayaydım. Bəlkə də qayıtmasam, mənimlə bərabər qaçan laçınlılara baxar, təsəlli tapardım. Amma mən qayıtdım. Hoçaz yalının başından geri gəldim və itləri zəncirdən açdım. Elə nə oldusa bundan sonra oldu. Nə illah elədimsə biri də arxamca gəlmədi. İtlər bizdən cəsur çıxmışdı. Qaçmaq yerinə, ölməyi gözə almışdılar. Biz isə qorxmuşduq. Amma it kimi qorxma bilməmişdik. Biz heç it kimi ölə də bilmədik. Arxamıza belə baxmadan qaçdıq. Elə qaçdıq ki, adımızı qaçqın qoydular. O zirvəli dağlarda ən adi qonağına quzu kəsən, bir quzu ilə doymayan laçınlılar yardım növbəsinə düzüldü”.

Siz siz olun, bir də mənim yanımda it kimi qorxmaqdan danışmayın. Danışırsınızsa it kimi sevməkdən danışın, it kimi ölməkdən danışın, amma qorxmaqdan danışmayın. Qorxaq varsa o da bizik, mənəm.

# 4609 dəfə oxunub

Oxşar xəbərlər

Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
Füzuli Hüseynov niyə filmlərdə çəkilmir?

Füzuli Hüseynov niyə filmlərdə çəkilmir?

14:26 22 noyabr 2024
#
#
# # #