"Atamı KQB öldürdü..." - "Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı?

"Atamı KQB öldürdü..."  - "Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı?
17 mart 2024
# 12:00

Bu gün yazıçı Fərman Kərimzadənin anım günüdür.

Kulis.az bu münasibətlə yazıçının həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Yazıçı Fərman Kərimzadə 1937-ci il martın 3-də Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olub. 12 yaşı olanda Qərbi Azərbaycandan deportasiya olunublar. Beyləqanda məskunlaşıblar. Fərman və bacı-qardaşları yarımçıq qalmış orta təhsili Beyləqan rayonunun Şahsevən kəndində başa vurublar.

****

“Son eksponat”, “Toy toğlusu”, “Mis qazan”, “Talada”, “Ümid”, “Xınalı” hekayələri, “Xallı maral”, “Toy dəvətnaməsi” povestləri böyük uğur qazansa da, yazıçını daha çox “Qanlı aşırım”, “Xudafərin körpüsü”, “Çaldıran döyüşü” kimi tarixi romanlar, “Təbriz namusu”, “Qoca qartalın ölümü” əsərləri məşhurlaşdırıb.

Atası İsmayıl Şeyx Əlioğlu hüquq işçisi, qatı kommunist, sovet ideologiyası daşıyıcısı olub. Deyilənə görə, Fərman Kərimzadə evlənəndən sonra bir dəfə gəlinini Teodor Drayzerin “Kerri bacı” əsərini oxuyan görən qayınata kitabı onun əlindən alıb, Marks və Engelsin həyatı ilə bağlı hekayələr toplusunu verib ki, bunu oxu.

***

Fərmanın anası Qəmər isə təhsilsiz qadın olub. Amma Azərbaycan bayatılarını, mahnılarını, folkloru gözəl bilirmiş. Fərman da, digər övladlar kimi, o nağıllarla və bayatıların avazı ilə böyüyüb.

Deportasiya olunandan sonra ağır günlər yaşayıblar. O, yazılarından birində yazır ki, Beyləqandan ayağımda qaloşla Bakıya üz tutdum, oxumaq üçün.

***

Orta məktəbdə yaxşı rəssamlıq qabiliyyəti olduğu üçün hamı onun rəssam olacağını zənn edirmiş. Yazıçı Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinə qəbul olunub. Rəssamlığı başa vurandan sonra 3 il İsmayıllıda, Beyləqanda orta məktəblərdə dərs deyib.

Bu dövrlərdə onun ilk hekayələri artıq müxtəlif qəzetlərdə çap olunmağa başlayır.

Üstəlik, Moskva Ümumittifaq Kinematoqrafiya İnstitutunun ssenari fakültəsini bitirir.

Həyat yoldaşı Xalidə xanımla Bakıda tanış olublar. Xalidə Tibb Universitetində təhsil alırmış. Fərman Tibb Universitetinə bir kəndçisi, orta məktəb yoldaşı olan qızın ziyarətinə gedib-gəlirmiş. Xalidəni də o zaman görüb. Görən kimi də vurulub. Heç ləngimədən, bir neçə günün içində elçilərini göndərib. Qız evi imkanlı olduğundan Xalidəni kasıb yazıçıya vermək istəməyiblər. Bəhanə gətiriblər ki, yemək bişirə bilmir, hələ uşaqdır. Fərman Kərimzadənin dostu Məmməd Aslan qızın “hə”sini alacağına boyun olsa da, elçilər evdən qovulur. Başqa yolu qalmayan Fərman qızı qaçırır...

***

Heç bir etiraz etmədən yazıçıya qoşulub qaçan qızın gözlərindən bircə damla yaş axır. Xalidə xanım o günləri belə xatırlayır: “Mən oxuduğum Tibb məktəbində Fərmanın kəndçiləri də vardı. Tez-tez gələrdi onları görməyə. Qızlar bizi küçədə tanış etdilər. Görürdüm, hər gün məktəbin qabağında dayanıb, bizə baxırdı. Elə bilirdim, rəfiqəm Gülçöhrəni istəyir. Bir dəfə mənə məktub verdi ki, Fərman sənə göndərib. Məktubu oxuyanda gördüm ki, mənə yazılıb.”

Ssenarisi əsasında çəkilmiş “Axırıncı aşırım” filmi ekranlara çıxandan sonra yazıçı xeyli əziyyət çəkib.

Qızı Yeganənin dediyinə görə, atasını öldürməklə hədələyirmişlər: “Bir dəfə bibimgilə getmişdim, bir kişi gəlib dedi ki, o uşaqları niyə bura göndərirlər, indi atalarının heyifini uşaqlarından alaq? Çox qorxdum. Sən demə, Qəmlonun qohumlarından imiş. Onlar deyirdilər, guya Qəmlonu qəsdən mənfi qələmə verib. Atam heç nəyi yalan yazmayıb. Qəmlo, həqiqətən, elə adam olub. Nənəmdən də eşitmişəm. Qəmlonu qadınlar yabayla öldürüblər. Kişilər güllə vurub, görüblər ölmür, özünü samanlığa vurur, qadınlar yabayla düşüblər üstünə. Amma erməniyə qarşı döyüşüb. Bizim babamızla bir yerdə vuruşublar. Mərdlikləri də varmış”.

Filmdəki Xəlil obrazı Fərman Kərimzadənin doğmaca dayısı oğlu olub. Deyilənə görə, yazıçının anası ölənə qədər Xəlil deyə-deyə bayatılar deyirmiş. Abbasqulu bəy isə yazıçının atasının ən yaxın silahdaşı, qohumu, dostu olub. Kərbəlayi İsmayıl da yaxın adamı olub.

***

Qəmlonun əsl adı Qəmbəralı imiş, Qəmlo deyirmişlər. Yaxın adamlar nə qədər israr etsələr də, yazıçı onun adını Qəmbəralı kimi yox, Qəmlo kimi yazır.

Nəsrəddin Tusi haqqında əsər yazıbmış. Yazıb bitirəndən sonra əsər yaşadığı evdən yoxa çıxıb. Andranik haqqında yazdığı əsər də eyni taleyi yaşayıb.

***

Bir gecə - hamı yatandan sonra evə naməlum qadın girir. Onu qızından başqa heç kim görmür. Səhəri gün bu əhvalatdan xəbər tutan valideynlər uşağa gülsələr də, bir neçə saatdan sonra məlum olub ki, yazıçının Andranik haqqında yazdığı əsər oğurlanıb...

Yuqoslaviya müharibəsi ilə bağlı yazdığı roman da 1993-cü ildə oğurlanıb. Fərman Kərimzadə sonradan yazıb ki, onların KQB tərəfindən götürüldüyünü öyrənib.

***

Qızı Yeganə xanım danışır ki, 1986-cı ildə Naxçıvana bacısının toyuna gediblər. Ordan da Vediyə baş çəkiblər: “Məni də apardı. Bir-bir ata-baba yurdumuzu bizə göstərdi. Dedi, ölüb qalmaq istəyirəm burda. Orda bir ağız da “Apardı sellər Saranı” mahnısını oxudu..."

***

Hər il ad günündə yazıçının qəbri üzərinə kimliyi məlum olmayan adam tərəfindən təzə-tər çiçəklər qoyulurmuş. Bir müddət sonra isə məlum olub ki, bu yazıçının oxucularından biridir.

***

“Qarlı aşırım” romanı Fərmana çox böyük şöhrət və təbii ki, pul gətirib. Təkcə “Xudafərin körpüsü”nə görə 32 min rubl alıb. Film çəkiləndən sonra ona kinostudiyanın binasından 5 otaqlı ev də veriblər. Həmin vaxt Şahmar Ələkbərovun iki qızı vardı, bölgüdə erməni ilə eyni kommunal mənzilə düşüb. Fərman Adil İsgəndərova deyir ki, mənim evim dörd otaqlı olsun, əvəzində Şahmara ayrıca ev verin.

***

1989-cu ilin martında Fərman Kərimzadə Tərtərdəki həmyerlilərinə yardım üçün gedəndə oradakı insanların acınacaqlı vəziyyətinə dözə bilməyib yıxılıb. Həkimlər gələndən sonra məlum olub ki, yazıçının beyninə qan sızıb. Elə həmin gün yazıçı dünyasını dəyişib.

Qızı müsahibələrinin birində atasının KQB tərəfindən öldürüldüyünü deyir: Sap-sağlam adam idi. Onu KQB öldürdü. Son hadisələrdə çox fəal idi. Anama da demişdi ki, məni izləyirlər, tutulsam, bilin ki, bunlar edib. Hətta bir dəfə çağırıb nəsə təklif də eləmişdilər, təbii ki, qəbul eləməmişdi. O, azad adam idi. Bu hadisələrlə bağlı Moskvaya getmişdi, ordan gəldi, heç evə dəymədən Tərtərə yollandı. O vaxt adamlar köçürülürdü Ermənistandan. Kəlbəcərə gedib, sonra təzədən Tərtərə qayıdıb. Orda iflic olmuşdu. Amma mən buna inanmıram. Daha doğrusu, içimdə ciddi şübhələr var”.

# 1336 dəfə oxunub

Oxşar xəbərlər

"İslamın ilahi bir din olduğunu tamamilə rədd etmişdim..." -  O niyə İslamdan imtina etmişdi?

"İslamın ilahi bir din olduğunu tamamilə rədd etmişdim..." - O niyə İslamdan imtina etmişdi?

18:33 27 noyabr 2024
Deputat:  "Məqalə və kitablara yazılan qonorarlardan vergini ləğv etmək lazımdır"

Deputat: "Məqalə və kitablara yazılan qonorarlardan vergini ləğv etmək lazımdır"

18:32 27 noyabr 2024
“Həyatı sevirsənsə, vaxt itirmə” - Brüs Linin qeydləri

“Həyatı sevirsənsə, vaxt itirmə” - Brüs Linin qeydləri

17:35 27 noyabr 2024
Əfsanəvi ifaçı karyerasını sonlandırdı

Əfsanəvi ifaçı karyerasını sonlandırdı

16:44 27 noyabr 2024
Azərbaycanlı alim beynəlxalq konfransda Qulu Ağsəsin şeirlərindən bəhs edib

Azərbaycanlı alim beynəlxalq konfransda Qulu Ağsəsin şeirlərindən bəhs edib

16:10 27 noyabr 2024
Sinə açılır, üz gərilir, dodaqlar şişir... - Müğənnilərimizdə nə baş verir?

Sinə açılır, üz gərilir, dodaqlar şişir... - Müğənnilərimizdə nə baş verir?

15:00 27 noyabr 2024
#
#
# # #