Aqil Abbas bunu bacarıb - Mahir N. Qarayev

Aqil Abbas bunu bacarıb - Mahir N. Qarayev
24 fevral 2025
# 18:32

Kulis.az Aqil Abbasın "Yoldaş nazir, mən bilirəm kimə şikayət edəcəm..." reportaj-xatirəsi haqqında Mahir N. Qarayevin yazısını təqdim edir.



Gecənin bir aləmi “Kulis”də qarşıma Aqil Abbasın Ağdam bazarından yazdığı bir yazı çıxdı. Elə ilk cümləsindən yazı məni tutdu. Birnəfəsə sona kimi oxudum.

Yazı nə hekayə deyildi, nə povest, nə roman. Müəllif oxucularla xatirələrini bölüşürdü. Amma ürəyindəki həsrəti, yaddaşındakı nisgili göz yaşı içində ah-vayla yox, göz yaşardan səmimiyyətlə bölüşürdü.

Nodar Dumbadzenin, Fazil İsgəndərin dadlı-duzlu yumoru, Şukşinin lakonik üslubu...

Bəlkə, bu səbdəndir ki, mən o yazını hekayə, yaxud roman kimi yox, bayatı kimi, nağıl kimi, lətifə kimi, ağı kimi oxudum.

Hə, vallah: ağını lətifə kimi danışmaq bir ayrı aləmdir. Tərsinə də yozmaq olar: şux, məzəli lətifənin içində acı bir nisgil – bir də heç vaxt geri qayıtmayacaq o illərin həsrəti...

“Köhnə xatirə, köhnə şərabtək – bir qurtum içsən, sərxoş edəcək...”

Mən bu sətirləri elə o xatirələrin bircə qurtumunun sərxoşluğu altında yazııram: “Ötüb keçmiş günlər, gəlin,

Rakı için, sərxoş olun – bu kədər öldürdü məni...”

Həqiqətən də, ötən günlərin sərxoşluğundan gözəl nə ola bilər?! Heç nə: nə şərab sərxoşluğu bu ləzzəti verəndi, nə rakı sərxoşluğu!

Adını unutduğum bir müəllifdən sittat gətirməsəm, olmayacaq: “Şəxsən məndən ötrü gələcək həmişə dumanlı anlayış olub. Nə qədər qəribə də görünsə, keçmişdə həyat var, gələcək sözünün bətnində isə sanki qarayaraya bənzər anadangəlmə bir əcəl sözü gizlənib – həqiqətən də, ölüm həmişə gələcəkdədir! Elə o vaxt "Moskva-Jeleznovodsk" qatarında birgə yol getdiyim qosqoca şair də eyni sözü demişdi: hər şeyin dadı keçmişdə qaldı, idbar qocalıqdan, xəstəlikdən, ölümdən başqa gələcəyin nəyi var ki?!”

Mən Aqilin sevə-sevə təsvir elədiyi o məşhur bazarı görməmişəm, orada heç vaxt olmamışam. Amma yazını oxuya-oxuya o bazarın hər yerindən keçdim, hər künc-bucağına baş vurdum: ət satandan ət aldım, göy satandan göy aldım, o adamların hər biri ilə tanış oldum, salam verib, salam aldım, əllərini sıxdım, hamısına isinişdm, biriylə çay içdim, biriylə nərd oynadim, birinə kəf gəldim, birinə uduzdum; hirsləndim, güldüm, onlarla bir yerdə yaşayıb sevinclərini, dərdlərini bölüşdüm...

İndi o adamların çoxu artıq həyatda yoxdur, amma müəllif onları unudulmağa qoymur, xatirələrini yazısında yaşadır.

Ədəbiyyatında vacib missiyalarından biri, bəlkə, elə birincisi məhz budur: uçub gedəni tutub saxlamaq, ölənə can vermək, yaşatmaq, daha doğrusu, ölməyə, ölübsə də unudulmağa qoymamaq...

Aqil bunu bacarıb.

# 3836 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
"Oskar"da "Ən yaxşı kastinq"  kateqoriyası üzrə təxminlər açıqlandı

"Oskar"da "Ən yaxşı kastinq" kateqoriyası üzrə təxminlər açıqlandı

11:30 9 noyabr 2026
"Gələcəyə miras" layihəsinin nəticələri - 32 mindən çox qədim tapıntı aşkarlandı

"Gələcəyə miras" layihəsinin nəticələri - 32 mindən çox qədim tapıntı aşkarlandı

10:40 9 noyabr 2026
Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər