Kulis.az Zamin Hacının "Mən, Varis, Ayaz, Anar və yüz kişi" adlı yazısını təqdim edir.
Novruz bayramı günlərində Kulis.az AYB-nin orqanı “Ədəbiyyat qəzeti”ndən Varisin Anar haqda yazısını götürüb çap eləmişdi. Yazının başlığı bir qədər provokativ idi:
“Çoxumuz Anar kimi etməzdik”.
Tam səmimi yazıram, o başlıq məni həmin yazını oxumağa vadar elədi. Çünki həyatda nələri, hansı əməlləri Anar müəllim kimi etməyəcəyimi bilirəm, ancaq mövzuya kənardan baxmaq maraqlıdır.
Yazını oxuyanda isə belə məlum oldu ki, haçansa bir tədbirdə Anar müəllim Varisi tərifləyib. Bunu da etiraf edirəm, Varisin hər hansı bədii əsərini oxumamışam. O üzdən Anar müəllimin təriflərini qiymətləndirməyə nə informasiyam, nə də, bəlkə, haqqım çatır. Və bütün başlığa çıxarılan mərəkə də elə bu tərifin başında imiş, çoxumuz məhz başqalarını tərifləməyə can çəkirmişik. Halbuki, yalan olmasın, mən elə zənn etmişdim Anar müəllim Bakının mərkəzində Vəzirovdan aldığı mənzilini Ukrayna qaçqınlarına bağışlamışdır.
Ancaq mən ədalətsiz adam deyiləm, doğrudan da, Anar müəllim başqa yazarlar haqda çoxlu sayda tərifnamələr yazmışdır. AYB-nin 1500 üzvündən bəlkə 1000 nəfərini tərənnüm etmişdir. Hətta bir dəfə məni “uğursuz şair” deyə tərifləmişdir. Seymur Baycana Füzuli üslubunda alleqorik poema həsr etmişdir. Rasim Qaracanı plagiatlıqda suçlamışdır və sairə. Yəni, hörmətli sədr o qədər geniş qəlblidir ki, bəzən AYB üzvü olmayanları da öz şəfəqləriylə isindirir.
Varisin yazısına dönək, hər halda Anar müəllimin gənc nəslə nələri miras qoyduğu oxucularımız üçün daha maraqlıdır. Varis müəllim yazır:
“Kinoşünas Ayaz Salayev iddia edir ki, rejissor Nora Efronun çəkdiyi və baş rolda məşhur Hollivud kinoulduzu Tom Henksin oynadığı "You've Got Mail" ("Sizə məktub var") filminin ssenarisi Anarın "Mən, sən, o və telefon" əsəri əsasında qurulub. Ayaz Salayevin bu fikrə gəlməsinə adıçəkilən hekayənin Amerikada çap olunması da əsas verib. Və mən şübhə etmirəm ki, Anar yaradıcılığı dünyada neçə-neçə romanlara, filmlərə ideya verib, mövzu verib”. Sitatın sonu.
Doğrusu, Ayaz Salayevin belə iddiada olmasını ilk dəfə oxuyurdum və hörmətli kinoşünasımızın səhvinə təəccübləndim. Varisin şəxsi səhvi olsa, keçərdim, lakin “Retro” kino verilişinin aparıcısı belə yanlışa yol verməməlidir. O cümlədən, Habil Əliyevin sözü olmasın, “bunlar səhv edib edib, bəs sənə nə gəlib”, yəni, Anar müəllim özünün “Ədəbiyyat qəzeti”ndə belə kobud iddiaların, saxta təriflərin dərcinə gərək yol verməsin.
Söhbət nədən gedir? Ondan gedir ki, 1998-ci ildə çəkilən “Sizə məktub var” filminin Anarın yaradıcılığı ilə heç bir damcı əlaqəsi yoxdur. Bu film 1940-cı ildə Hollivudda çəkilən, ABŞ-da və dünyada olduqca populyar gözəl filmlərdən birinin – “Küncdəki dükan” (orijinal adı “Shop Around The Corner”) filminin remeyki, yəni, yeni versiyasıdır. “Küncdəki dükan” görkəmli estetik və tarixi keyfiyyətlərinə görə 1999-cu ildə ABŞ Milli film reyestrinə salınmışdır.
Gördüyümüz kimi, bu film çəkiləndə Anar müəllimin 2 yaşı varmış. (Görkəmli sənətkarımız 1938-ci ildə dünyaya gəlməklə bizi sevindirmişdir). Bəlkə, 1 yaşında körpə qığıltıları ilə “Küncdəki dükan”ın rejissoru Ernst Lyubiçə və ondan da qabaq bu filmin ssenarisini təşkil edən macar yazıçısı Mikloş Laslo-nun “Parfümer” pyesinə müsbət təsir göstərmişdir? Ola bilər. Həyatda hər şey mümkündür. Lakin Anar müəllimin həmin o sözügedən “Mən, sən, o və telefon” hekayəsi 1967-ci ildə dərc olunubdur.
Ta mövzu açılıb, Anarın xalqımız arasında çox populyar olan bir hekayəsi var: “Dantenin yubileyi”. Bu hekayənin az qala sözbəsöz formada böyük rus-sovet yazıçısı, 1970-ci illərdə SSRİ-də repressiyadan xaricə qaçan Anatoli Kuznetsovun “Mimans artisti” hekayəsinin plagiatı olduğunu bilirdinizmi? Lazım olsa bu temada geniş yaza bilərəm, ancaq kimin vecinədir? Uca millətimizə öz ədəbiyyat bütlərinə daha sıx sarılmağı arzulayıram. Allah başacan eləsin, xoşbəxt olsunlar...
Bu gün acı etiraflar günüdür, Anar müəllimin Ayaz Salayevi, Varisi və Qabriel Qarsia Markesi heyran qoyan “Mən, sən, o və telefon” hekayəsindən xəbərsizliyimi də boynuma alıram. Və bu səhvimi aradan qaldırmaq üçün hekayəni axtarışa verdim, yenə hörmətli Kulis.az dadıma çatdı. Bir neçə il qabaq bu əsəri “Ən yaxşı hekayəmiz” başlığıyla çap edibmişlər.
Hekayət Anar müəllimin başqa ünlü əsəri “Təhminə və Zaur”un necə deyərlər, həppi-end və layt variantı sayıla bilər, burada görkəmli yazarımız qəhrəmanlara daha humanist davranmış, axırda Seymurla Mədinəni ən azı öpüşdürmüşdür. (Spoylerə görə oxucular bağışlasın). Ancaq, siz Allah, bu necə Azərbaycan dili, nə cür hekayə mətnidir: “Bir neçə gündən sonra bizim məsul katib istehsalat müşavirəsində axmaq bir çıxış elədi. Mən söz aldım və onu birtəhər elədim... ?” Hələ çox matah filoloji kəşf imiş sanki, bir abzas sonra qız bunu təkrar edir: “Mən olmamışam, ancaq deyirlər məsul katibi birtəhər eləyib. Yaş yuyub, quru sərib”. Sanki rusdilli adamın hekayəsidir. Elə “yaş yuyub, quru sərib” cümləsi də Anar müəllimin dilimizə, folklorumuza nabələdliyini göstərir, çünki bu məsəl tam tərsinədir.
Hələ bu dialoqa baxın:
“O, kədərli səslə:
– Axı belə niyə danışırsan? – dedi. – Niyə sən onu sevmirsən?
– Ona görə ki, sən onu sevirsən. Mən də səni sevirəm.
– Çox gözəl. Hamımız bir-birimizi sevək də”.
Elə bil Ejen İoneskonun, Semuel Bekketin absurd pyesini oxuyursan. Ancaq guya bu realist hekayədir.
Başqa parça: “Ayrılanda onların dodaqları arasında məsafə yox idi, amma bilmirdilər ki, bu məsafə həyatla ölüm arasındakı məsafədir. Əbədi göylə, onun heç bir vaxt qayıtmayacağı əbədi göylə-yer arasında, Mədinənin onu daim gözləyəcəyi yer arasındakı məsafə. Təyyarə yerindən tərpənəndə Mədinə onun arxasınca su atdı. Yəqin, aviasiya tarixində ilk dəfə idi ki, müasir hava laynerinin ardınca, min il bundan qabaqkı adət üzrə su atırdılar”. Ayrılıq öpüşməsini “dodaqları arasında məsafə yox idi” kimi təsvir edən yazıçıya mən nə deyim... “Müasir hava layneri” nədir? Yox, bir, səsdən sürətli radarlara düşməyən təyyarə... Təyyarənin dalıyca su atmaq hissəsi isə təmiz komediyadır. Min il qabaq təyyarə varmış guya, onun arxasıyca su atmırmışlar... Bu nəyin kafası?
Nəhayət, hekayədən bu hissəyə güman edirəm anarsevərlərimiz heç fikir verməyiblər:
“– Yəqin, sən tək mənim yuxuma girmirsən...
– Yenə başladın?
– Yox, bilirsən, deyirlər Məhin Banu hər gecə yüz kişinin yuxusuna girirmiş. Sənin tirajın neçədir?”
Hansı sevən kişi öz sevdiyi qadına “sənin tirajın neçədir?”, “neçə kişinin yuxusuna girirsən?” sualını verər? Bu nə mərifətli üslubdur?
Yenə hekayənin adı “Mən, sən, o və yüz kişi” olsa, altında da, məsələn, hörmətli Əli Əkbərin imzası qoyulsa başa düşərdim.