Anarın buna hamıdan çox haqqı çatır – Elnarə Akimova yazır...

Anarın buna hamıdan çox haqqı çatır – Elnarə Akimova yazır...
14 sentyabr 2022
# 10:40

Kulis.az tənqidçi Elnarə Akimovanın “Anarın əsərlərində Şuşa - etibarlı yaddaş mətnləri kimi” yazısını təqdim edir.

Şuşa Anarın yaradıcılığına yaddaş mətni kimi 14 yaşında daxil olub. Bəlkə bu səbəbdən, 1981-ci ildə müəllifi və rejissoru olduğu "Uzun ömrün akkordları" filmi ilə yaddaşındakı Şuşa obrazı - təbiət və landşaft əsrarəngizliyi ilə bir az da avtobioqrafik kod səciyyəsi daşıyır. Uşaqlığın, ilkinliyin yaddaşda buraxdığı təsir anını hər addımda hiss edirsən. Sonradan 1985-ci ildə "Ulduz" jurnalında çap olunan "Qarabağ şikəstəsi" yazısı ilə yaddaşın Şuşa lövhələri yenidən səhifələnir: "83-cü ilin bir iyul günü - Bakının istisinə, tüstüsünə, ağcaqanadlarına dözməyə daha taqətimiz qalmayanda qərara gəldik ki, Şuşaya gedək"... Burada yazıçı Şuşa və şuşalıların özünəməxsus xüsusiyyətlərini, davranış fərqliliyini, adət-ənənə və yaşam tərzlərini, mühit özəlliklərini təsvir edir.

Aradan keçən illər, Şuşanın işğalı, zədələnən xatirələr, itirilən keçmiş, boy verən nisgil və s., və i. Yazıçının yaddaşındakı Şuşa isə həmişə diridir. 1994-cü ildə yazılan "Otel otağı" əsəri bunun sübutuna çevrilir.

***

"Uzun ömrün akkordları" Şuşanı bəlkə də iri planda, böyük miqyasda təqdim edən yeganə filmdir. Həm də Xilas missiyalı yaddaş mətnidir. Ərsəyə gəldiyi müddətdə Anara öz şəxsi mənəvi ağrılarından qaçmaqda, Şuşanın işğal dönəmində isə bütöv xalqın içindəki nisgili ovutmaqda yardımçı olmaqla mənəvi mahiyyət daşıyıcısıdır: "O zaman çəkilən "Uzun ömrün akkordları" filmi, yəqin ki, həyatımı xilas etdi. Çünki mən onda valideynlərimi itirdim. Yüz günün içərisində ailəmiz, kəndimiz böyük faciələrlə üzləşdi. O film isə mütləq çəkilməli idi, çəkilişi saxlamaq olmazdı. O zaman mən məhz o filmə aludə oldum. O qədər problem çıxırdı ki, qismən başım qarışırdı. Həmin müddətdə roman, əsər, hekayə yaza bilmədim və filmin çəkilişi ilə məşğul oldum. Allaha şükür ki, o filmi çəkə bildik. Şuşa da, rəhmətlik Qədir Rüstəmovun səsi də elə o kadrlarda qaldı" (Anar).

Filmdə əsas kadrlar Cıdır düzündə çəkilib, demək olar ki, Şuşanın landşaftı ayrıca mətn olaraq təqdim olunur. Üzeyirin uşaqlığı ilə bağlı səhnələrdə, hadisələri nəql edən, aparıcı Tofiq Mirzəyevin təhkiyəsində, Xan qızı Natəvanla bağlı səhifələrdə Şuşa vizual olaraq daim iri planda görüntülənir. Cıdır düzü, çətirlənən nəhəng ağaclar, göydə süzən quşlar, axan bulaqlar, gözəl muğam, tütək səsi, Natəvanın qəzəlləri, film boyu az qala refren kimi səslənən Qarabağ şikəstəsi, Cabbar Qaryağdıoğlu nəfəsi, Xarıbülbül gözəlliyi - tamaşaçı bütün film boyu Şuşa estetikası ilə nəfəs alır. Şuşa filmdə yalnız balaca Üzeyirin doğulduğu məkan kimi verilmir, burada hər daş, hər qaya parçasının belə məna rəngləri incələnir. Anar Üzeyirin iç dünyasına da məhz, bu rənglərin güzgüsündə nəzər salır. Gələcəyin böyük bəstəkarının əsərlərinin ideyası, mövzusu da Şuşada doğulur, Şuşa onun ilham qaynağı, özünün zəngin təbiətinin sehrinə salıb yetişdirən poetik məkan səciyyəsi daşıyır.

***

"Özüm də bilmirəm Şuşanı niyə bu qədər sevirəm. Burda doğulmamışam, burda böyüməmişəm, əslim-nəslim bu şəhərdən deyil, qohum-əqrabam burda yaşamır. Söz yox, vətənin hər qarışı, hər bucağı əzizdir, müqəddəsdir, amma Şuşa elə bir yerdir ki, imkanım olsaydı bütün ömrümü burda keçirərdim və vəsiyyət də edərdim ki, öləndə məni burda basdırsınlar".

Bu fikirlər Anarın 1985-ci ildə yazdığı "Qarabağ şikəstəsi" məqaləsindəndir. Bu məqalə sadəcə, səfər təəssüratı deyil, bütün incəlikləri ilə vizual təfəkkürün bədii ifadəsidir. Hər zarafat, hər replika, əfsanə, hekayət bir yaddaş hadisəsidir, mifoloji çalarlarla, mistik aura ilə yüklüdür. Tarixi yaddaşın gizli canlı işarələri səciyyəsindədi. Şuşanı böyük mədəniyyət məkanı kimi xarakterizə edən bu məqalədə şəhər landşaftı ilə onun memarlıq abidələri arasında üzvi bağlar bir araya gətirilir. Əbdürrəhim bəy Haqverdiyevin Şuşa ilə bağlı maraqlı fikri var: "Abu-havasının şairanəliyi əhalisinin təbiətinə də sirayət etdiyi üçün o şəhər məşhur şairlərin, ədiblərin, musiqişünasların, xanəndələrin mədəni olmuşdur". Anar da yazısında eyni məqama vurğu salır: "Şahanə bir vüqarı var Şuşanın. Elə bil o ömrümüzü bütün adiliklərdən, xırdaçılıqlardan təmizləyir, ayırır, içəri dünyamızı arıtlayır, duruldur, bizi gündəlik həyatımızın, tanış dünyamızın fövqünə qaldırır.

Şuşanın ülviyyəti onun təkrarsız təbiətiylə, tarixiylə, taleyilə bağlıdır".

"Qarabağ şikəstəsi" məqaləsində Anar şəhərin abadlaşması, mədəniyyət mərkəzinə çevrilməsi üçün maraqlı təkliflər verir ki, bu təkliflər düşünürəm, bu gün də aktualdır, azad və abadlaşan Şuşanın yenidən qurulmasında ideya qaynağı ola bilər:

"Şairənin bağında yerləşən müxtəlif binalarda Natəvanın muzeyi, ədəbiyyat, musiqi, xalq sənətləri muzeylərini əhatə edən bütöv bir kompleks yaradılsın. Həmin kompleksə açıq və qapalı konsert-tamaşa salonları da daxil ola bilər. Müxtəlif yerlərdən gələn qonaqlara musiqi alətlərimizi, keçmiş və çağdaş müğənnilərimizin vallarını, lent yazılarını nümayiş etdirək. Natəvanın ev kompleksində kitabxana, sərgi qalereyası yerləşdirmək olar. Bakıda çıxan jurnal və qəzetlərin redaksiyaları buranı hamiliyə götürə bilər: müasir yazıçılarımızın avtoqraflı kitablarını bu kitabxanaya göndərmək, rəssamlarımızın mənzərələrinin hədiyyə verilməsini təşkil etmək olar.

Şuşanın qədim binalarının birində muğam evi yaratmaq, bura ölkəmizdən və xaricdən məşhur ifaçıları dəvət etmək olardı. Eyni zamanda klassik musiqinin təbliği məqsədilə Qazançesos kilsəsi üçün orqan sifariş vermək, burada mütəmadiən simfonik və kamera konsertləri keçirmək yaxşı iş olar. Bu işin başlanğıcını görkəmli sənətkarımız Niyazi qoymuşdur. Yay mövsümündə Natəvan bağında onun rəhbərliyiylə verilən simfonik konsertlər estetik tərbiyə baxımından nə qədər vacib və nəcib işdir. M.M.Nəvvabın evinin səliqəyə salınması, bu evin divarlarına çəkilmiş, indi üstü əhənglə örtülmüş şəkillərin bərpa edilib üzə çıxarılması da təxirəsalınmaz vəzifədir. Sadıqcanın, Cabbar Qaryağdıoğlunun adıyla bağlı evlərdən musiqi həyatının canlandırılması üçün səmərəli istifadə etmək olar. Şuşa təbiətin, tarixin bizə bəxş etdiyi gözəl, nadir muzeydir. Bu muzeyi qorumalı, zənginləşdirməli, dünyaya tanıtmalıyıq".

***

İstər "Uzun ömrün akkordları", istərsə də "Qarabağ şikəstəsi" yazısı Şuşa landşaftının tarixi, etnoqrafik lövhələrinin ehtivası baxımından etibarlı yaddaş mətnləridir. Mən etibarlı yaddaş deyərkən, qeyri-ixtiyarı "Otel otağı" əsərini xatırlayıram. Şuşa sevgisini içində gəzdirib, dolaşdığı hər yerdə onunla addımlayan Kərim müəllimi. Bu əsər həm də Şuşanın taleyini əks etdirdiyi, ona bənzədiyi üçün fərqli çalar kəsb edir. Anarın bir əsərində uşaqlığında Şuşanı qarış-qarış gəzən obrazları növbəti əsərlərində Şuşadan ayrı düşərək onun nisgili ilə qol-boyun dolaşırlar. Şuşa bu obrazların ancaq xatirələrində yer alır. Nöbvəti yaddaş mətni yaradır Anar.

"Otel otağı" povesti Qarabağ mövzusu fonunda Azərbaycan cəmiyyəti və ziyalısı probleminin bədii təcəssümünü verən dəyərli nəsr nümunələri sırasındadır. Əsərdə qəhrəmanın retrospeksiya vasitəsilə tez-tez keçmişə geridönümlər etməsi, yaddaşla əlaqəsi, oyanıq xatirələri, uşaqlıq illəri ilə bağlılığı təsirli bədii boyalarla əskini tapmışdır. Romanı müasir həyat hadisələrinin dairəsindən çıxarıb tarixin yaddaşın ən önəmli hadisə və məqamlarına bağlayan da elə bu xüsusiyyətdir.

Əsər boyu baş qəhrəman Kərimin mənəvi-psixoloji dünyasının təsviri yazıçının fokuslandığı əsas müstəvidir. Onun xəyala daldığı, ürəyinin sancdığı, qəribsədiyi, mütəəssir olduğu, qəhərləndiyi bütün yaddaş lövhələrində Qarabağ, Şuşa, yaralı vətən obrazı var. Yaddaş Kərimin istinad etdiyi ən müqəddəs ərazidir. Boya-başa çatdığı, erməni qəsbkarları tərəfindən işğal edilmiş doğma yurdunun xiffəti, daim Şuşanı, Xocalını - Qarabağı xatırlaması onun daxilində sarsıntılara, təbəddülatlara yol açır, aramsız nisgil içində əriyir sanki:

"Dad yaddaşıyla, qoxu yaddaşıyla bərabər uşaqlıq çağının ayrı-ayrı səhnələri, mənzərələri, sifətləri də bir-bir xəyalında canlanırdı. ...İstisuda üç yerdə su püskürüb yerdən çıxırdı, amma bu su yoldakı bulaqların suyu kimi soyuq, sərin deyildi, istiydi, hərarətiylə, tərkibiylə şəfalı idi... indi buraların yer adları - sanki kimsə qulağına bircə-bircə pıçıldayırmış kimi - yaddaşında səslənirdi: Yağlı bulaq, Qızıl qaya, Keçili dağı, Pəri çınqılı, Ayğır qayası, Şiş qaya, Daşlı yurd, Kotan qayası, Eyvazlı dağı, Novlu bulaq. İndi bütün bu yerlər emənilərin əlindəydi".

Anar bu adlarla yurd yerimizin etnoqrafik özəlliklərinə diqqət çəkir. İfadə olunan mətləblər - tarixi, sosial, əxlaqi, mənəvi-psixoloji planda işlənməyindən asılı olmayaraq - milli yaddaşın qatları üzərində kökləndiyindəndir ki, xalq ruhunun ifadəsi səviyyəsində ümumiləşə bilir. Ümumən, bütün ruhu və qayəsi ilə türk ziyalısının mənəvi aləminin saflığına, vətən duyğularının böyüklüyünə söykənən əsərdə bu məqamların yer alması, yəni obrazın yaddaşının məkan koordinatlarına söykənməsi onun kimliyinə, haradan gəlməsinə rəvac verən genetik kod kimi mənalanır.

Şuşa əsərdə Kərimin yaddaşının yanıq yerlərindən biri kimi mənalanmır, həm də qutsal məkan olaraq simvollaşır. Şuşanı yada salıb çarəsiz bir şəkildə ağlaması, həyatının son dəqiqələrində otel otağında köməksiz qaldığı anda belə itirdiyi torpağı ilə bağlı keçirdiyi iztirab, yaşadığı duyğusal anlar onun mənəvi dünyasının keçmişlə iç-içə nəfəs alması reallığından xəbər verir. Ankarada - böyük, güclü dövlətin arxayın şəhərində, yumşaq kürsülərlə, səsləri hopduran qalın xalılarla döşənmiş otaqda, alaqaranlıq torşerin işığında, bahalı Amerikan siqaretlərini bir-birinə calaya-calaya Şuşanı xatırlaması onun daxilindəki ağrının qatı boyalarla üzə çıxmasına vəsilə olur:

"Döyüşə bilmirdin ölməyə gedəydin Şuşaya. Haçansa vəsiyyət eləmişdi - öləndə məni Şuşada basdırın - demişdi - nənəmin, babamın yanında. Gedəydin, öləydin, basdıraydılar... Kim basdıracaqdı? Şuşa, onun Şuşası, babasının, nənəsinin, anasının Şuşası düşmən əlindəydi. Ermənilər buraxardılar onu Şuşaya? Ölməyə də buraxmazdılar heç...".

Kərim özünütənbehdən cəkinmir, iç dünyası ilə baş-başa qalır, Şuşasız keçirdiyi günləri, sürdüyü ömrü özünə çox görür, Vətənin yoxluğu ilə heç cür barışa bilmir, Vətənsiz "ölüm qoxan" bir otel otağında dünyasını dəyişmək hissi ona əzab versə də, qəfil haqlayan ölümdən yaxa qurtara bilmir.

***

Bu fikirlər Anarın doqquz il əvvəlki müsahibəsindəndir: "Bizim ən böyük dərdimiz Qarabağdır. Mən təsəvvür etmək istəmirəm ki, ömrümün axırına qədər bir də Şuşanı görməyəcəyəm. Ermənilərin icazəsi ilə işğal olunmuş Şuşaya getmək istəmirəm. Mən özüm, azad olunmuş Şuşaya getmək istəyirəm".

28 illik ayrılıqdan sonra yazıçı vətən oğullarının və Ali Baş Komandanın şücaəti sayəsində azad olunmuş Şuşanı görmək səadətini yaşadı. Bütün yaradıcılığı ərzində Şuşa adının ülviyyətinə tapınan, ən çətin məqamlarda belə yaratdığı etibarlı yaddaş mətnləri ilə onun poetik lövhələrini unudulmağa qoymayan yazıçının bu müqəddəs torpağa qürurla qədəm qoymağa bəlkə də hamıdan çox haqqı çatdı.

“Ədəbiyyat” qəzeti

# 2102 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
#
#
# # #