Anamın mənə verdiyi 1 manat 60 qəpik

Vüqar Van, yazar

Vüqar Van, yazar

21 noyabr 2023
# 15:00

Kulis.az Vüqar Vanın “Macal” adlı yeni yazısını təqdim edir.

Vüqar Bakıda universitetə təzə girmişdi. O, universitetə girməmişdən qabaq şəhərə üç, ya dörd dəfə gəlmişdi. Amma bundan sonra Bakıda yaşayacaqdı. Hər şey ona çox maraqlı görünürdü. Metro, avtobuslar, çoxlu insanlar, metroların qabağında tərəzi işlədən qoca arvadlar, siqaret çəkən 100% qəşəng qızlar, zibil qablarında eşələnən adamlar, yediyi dadlı dönərlər, bahalı maşınlar və sairə. O çox xoşbəxt idi. Birdən-birə 325 bal yığıb azad olmuşdu. Atası öləndən sonra Lerikdə anası ilə qalırdılar. Bakıda da evləri vardı. Öz evlərində tək yaşayacaqdı. Əslində, tək yaşamağına da sevinirdi, amma az sevinirdi. Onun üçün fərqi yox idi. Qohum evində də qalardı, kirayədə də. Əsas odur Bakıda olsun. Anası çox əzazil, zəhmətkeş qadın idi. Vüqar anasından qorxurdu. İndi isə anasından qorxmağa ehtiyac yox idi. Nə istəsə, edə bilərdi. Çünki anası onu görmürdü.

Vüqarın evi universitetə uzaq idi. İki avtobus və metrodan istifadə edirdi. Dərslər saat 8-də başlayırdı. Vüqar da evdən 6-da çıxmalı idi ki, universitetə çatsın. Əslində, 7-nin yarısı da çıxa bilərdi. Amma qorxurdu ki, dərsə gecikər, qaib alar. Universitetin yolunu bilmədiyi üçün əvvəl-əvvəl anası ilə gedib-gəlirdi. Həmin vaxtlarda dəhşət utanırdı. Çünki siqaret çəkən 100% qəşəng qızlar ona gülür, kəndçi kimi baxırdılar. Anası onu universitetə salır, özü də çöldə oturub gözləyirdi. Anası da bilirdi ki, Vüqar ondan utanır. Ona görə Vüqara bərk-bərk tapşırırdı ki, tənəffüslərdə onun yanına gəlməsin, özünü elə aparsın ki, guya onu tanımır. Vüqar buna görə də vicdan əzabı çəkirdi. Onun anası heç olmasa, barmaqlarına lak çəksə, makiyaj eləsə, bahalı şeylər geyinsəydi, Vüqar daha az utanardı. Amma onun anası barmaqlarına lak çəkmir, makiyaj eləmir, bahalı şeylər geyinmirdi. Vüqar tənəffüslərdə bilmirdi ki, neynəsin. Çölə çıxmağa utanırdı, qızbibi kimi sinifdə də oturmaq istəmirdi. Ona görə çox vaxt tənəffüslərdə qaçıb tualetdə gizlənirdi. Nəhayət, bir müddət keçəndən sonra anasını razı sala bildi. Daha anası onu universitetə aparmayacaqdı. Çünki Vüqar özü gəlib-getməyi öyrənmişdi. Daha doğrusu, anası məhəllədə bir qadın tapmışdı. Həmin qadın da hər gün saat altıda şəhərə işə gedirdi.

Vüqar bir müddət də ona qoşuldu. Qadın təxminən 50-55 yaşlarında olardı. Heç vaxt Vüqarla danışmırdı. Hər gün səhər saat 6 tamamda qadın evdən çıxıb, dayanacağa gedirdi. Vüqar da onun arxasınca düşürdü. Sakitcə avtobusları dəyişir, başqa avtobusa minir, ondan da düşüb, metroya girirdilər. Vüqar heç qadının adını da bilmirdi. Amma buna görə narahat olmurdu. Əsas o idi ki, daha anası ilə universitetə getmirdi. Axır ki, özünü siqaret çəkən 100% qəşəng qızlara göstərə biləcəkdi.

Vüqar Bakıya öyrəşə bilmirdi. Heç cür tələbə yoldaşları ilə dostluğu alınmır, dərslərə cavab verməyə utanır, özünü zəif, mənasız, heç kimə lazım olmayan adam hesab eləyirdi. Leriki xatırlayırdı. Yağış yağanda, şehli payız aylarında, rayondakı dostları zəng vuranda, əsasən də, məhərrəmlikdə. Məhərrəmlik ayını Bakıda hiss eləmək olmurdu. Ona görə məhərrəmlik ayında telefonda mərsiyələrə qulaq asırdı.

O, daşürək deyildi. Anası üçün də hərdən darıxırdı. O, hər ayın əvvəli gəlir, üç-beş gün qalır, sonra rayona qayıdırdı. Anası Bakıya gələndə Vüqar narahat olurdu. İstəyirdi ki, anası rayona tez qayıtsın. Çünki anasından qorxurdu. Anası evdə olanda özünü azad hiss eləmirdi.

Vüqarın hər gün 1 manat 60 qəpik yol pulu çıxırdı. 80 qəpik o yana, 80 qəpik bu yana. Anası evdən hazır yeməklər göndərirdi deyə, bircə çörək almaq lazım gəlirdi. 40 qəpiyə də çörək alırdı. Anası da bunları hesablayıb hər ay ona 100 manat verirdi. 50 manat çörək və yol pulu, qalan 50 manat da əlavə xərclər. Vüqar yağ-bal içində yaşamasa da, acından ölmürdü. Çörək və yol pulundan başqa yerdə qalan 50 manatı öz kefinə xərcləyirdi. Dostları ilə “Playstation”a gedir, hərdən 1 manata dönər yeyirdi. Çox istəyərdi ki, hər gün dönər yesin. Amma hər gün dönər yemək 30 manat eləyirdi. 30 manat onun büdcəsinə ağır zərbə ola bilərdi. Buna görə, ayda on dəfə dönər yeyirdi.

Vüqar yavaş-yavaş belə yaşamaqdan bezirdi. Belə yaşayış onu qane etmirdi. Kirayədə qalan dostları siqareti “paçka”yla alır, şəhərdə çayxanada oturub domino oynayır, kimlərin bəxti gətirib sevgili tapmışdısa, sevgililərinə pul xərcləyirdilər.

Vüqar sevgili tapmaq haqqında qətiyyən düşünmürdü. Düzdü, müstəsna dərəcədə kiminləsə öpüşməyi arzulayırdı. Öpüşə bilməmək ona əzab verirdi. Amma nə etməli? Özünü əskik adam hesab edirdi. Ona elə gəlirdi ki, heç bir qız ona “hə” deməz. Axı onun xüsusi qabiliyyəti yox idi. Dəhşət ağıllı deyildi, super yaraşıqlı deyildi, nəinki super yaraşıqlı, heç adi yaraşıqlı da deyildi, bahalı şeylər geyinmirdi, kasıb və kəndçi idi. O, özünü qızların yerinə qoyur, özüylə sevgili olmaq üçün heç bir səbəb tapa bilmirdi. Bütün bunlara baxmayaraq, öpüşmək arzusu onu rahat buraxmır, ürəyini didib-dağıdırdı. Bircə dəfə kimləsə öpüşə bilsəydi, heç bir dərdi qalmazdı.

Vüqar get-gedə anasını da bəyənməməyə başlayırdı. Artıq ondan qorxmurdu. Anasının sevincləri, həyəcanları, narahatlıqları onu maraqlandırmamağa başlamışdı. O anasına kəndçi kimi baxırdı. Yavaş-yavaş anasının verdiyi pula da deyinirdi. Bu deyinmələr davaya da çevrilirdi. Vüqar istəyirdi ki, hər gün dönər yesin, metroya çatmayanda bir manat verib taksiylə gəlsin, bahalı şeylər geyinsin, bufetdə kofe içsin. Vüqarın gözü açılmış, qudurmuşdu.

Vüqar bir gün evdən çıxıb dərsə getməyə hazırlaşırdı. Anası da Bakıda, onun yanında idi. Stolun üstünə qoyulmuş 1 manat 60 qəpiyi görəndə hirsləndi. Anasına dedi ki, bir manat da versin. Anası da əsəbiləşdi, çünki əzazil qadın idi. Bir manat üstündə dava düşdü. Davanı təbii ki, Vüqar uduzdu. Məcbur qalıb, 1 manat 60 qəpiyi götürüb cibinə qoydu və evdən çıxdı.

O, dünyadakı hər şeyə nifrət edirdi. Hava da bir tərəfdən soyuq idi. Sübhün ala-qaranlığında gödəkcəsinin qabağını bağladı, əsəbi formada əllərini cibinə salıb dayanacağa getdi. Dayanacağa təzə çatmışdı ki, gördü anası arxadan gəlir. Başı açıq idi. Anası nə qədər əzazil qadın olsa da, həmişə çölə çıxanda başına yaylıqdan-zaddan atardı. İlk dəfə idi ki, Vüqar onu başıaçıq görürdü. Anası niyəsə gözünə yaylıqsız çox miskin göründü. Vüqarın yanına çatıb, ona bir manat verib getdi. Heç nə demədi. Vüqar pis oldu.

Avtobus gəldi. Bu vaxtlar dörd-beş nəfər olurdu deyə, avtobus boş idi. Vüqar keçib arxada əyləşdi. Birdən-birə Lerikdəki bir sinif yoldaşı yadına düşdü. Nə qədər elədi, adını yadına sala bilmədi. Məktəbi təzə qurtarmışdı, ola bilməzdi ki, sinif yoldaşlarının adını yadından çıxarsın. Amma bu oğlan dörddən beşə keçəndə bir neçə ay gəlib onlarla oxumuşdu, sonradan hara getmişdi, Allah bilir. Adı “Mir”lə başlayırdı. “Mir”nəsə. Arıq, sısqa, əyri-üyrü bir oğlan idi. Qəti danışmazdı. Kənddən gəlmişdi deyə rayonda utanırdı. Uşaqlarla qaynayıb-qarışmır, dərslərə cavab vermirdi. Müəllimlər belə onu danışdıra bilmirdilər. Oğlana baxanda adama elə gəlirdi ki, o daima nədənsə əziyyət çəkir. Universitetə çatana qədər onun adını yadına salmağa çalışsa da, təəssüf ki, oğlanın adı yadına düşmədi. Bu oğlan niyə Vüqarın yaddaşının qaranlıq yerlərindən birdən-birə boylanmışdı? Anasının səhərki hərəkətindən sonra niyə məhz o əyrü-üyrü, arıq oğlanı xatırlamışdı? Vüqar bu suallara cavab tapa bilmədi.

# 2369 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #