Kulis.az tarix üzrə fəlsəfə doktoru Bayram Quliyevin yazısını təqdim edir.
İlk dəfə idi ki, Ağdamın mərkəzində yerləşən “İmarət” kompleksinə ayaq basırdım və Qarabağ xanları ilə üz-üzə dayanırmış kimi hiss edirdim. Bu, sözlərlə hislərin ifadə olunmasının imkansız olduğu anlar idi. Bildirim ki, Qarabağ videolardan göründüyü kimi deyil, bu səbəbdən də Qarabağ haqqında oraları görmədən əlindəki məlumatlarla ciddi və əhatə bir yazı yazmaq mümkün deyil. Ümumilikdə tarix toxunaraq və görərək yazılmalıdır. Bu səbəbdən də Azərbaycanın ən böyük xəbər agentliklərindən birinin təklifi ilə Ağdama getmişkən bir yazı yazmaq istədim. APA hər zaman alimə, elmə, ciddiyyətə və professionallığa üstünlük vermişdir və bu, Azərbaycanda çox az media subyektində mövcuddur.
Başlamamışdan öncə bir neçə məqamı nəzərinizə çatdırmaq istəyirəm. Heç şübhəsiz ki, “İmarət” kompleksi haqqında yekun sözü arxeoloji tədqiqatlar bitdikdən və müvafiq elmi nəticələr alındıqdan sonra demək mümkün olacaq. Lakin bu işdə, sadəcə, arxeoloji tapıntılar yetərli deyil, onun tarixi və mədəni baxımdan incələnməsi də önəmli sayılmalıdır. Bu baxımdan da bir mədəniyyət tarixçisi olaraq tarixi qaynaqlarda əks olunan bilgiləri də göz önündə tutub bu yazıda müəyyən fikirlər irəli sürmüşük.
“Qarabağ möcüzəsi”
Tarixdə “Yapon möcüzəsi” termini var. Tam əminliklə demək mümkündür ki, illər sonra tarixə daha bir termin keçəcək - “Qarabağ möcüzəsi”. Bəli, işğal altında olan şəhərlərin bir çoxu yer üzərində silinib ki, onlardan biri də Ağdamdır. Tamamən yox olunmuş şəhər artıq qurulur, yüksək sürətlə inşa olunur. Qarabağin bərpası eyni zamanda dövlətimizin gücünü göstərməkdədir. İşğaldan azad olunmuş bütün torpaqlarda artıq öz bayrağımız ucalır, Azərbaycanın hər qarış torpağına öz əsgərimiz nəzarət edir. Bu isə Ali Baş Komandan, 200 ildən sonra itirilmiş torpaqlarımızı bərpa edərək tariximizdin qızıl səhifələrini yazan, Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti və doğru həmlələri, eləcə də şəhidlərimiz və qazilərimiz sayəsində gerçəkləşir. Qarabağ və Şərqi Zəngəzur öncəkindən də gözəl olacaq, həyat öncəkindən də daha gur axacaq. Prezidentimizin öndərliyində Azərbaycanın artıq yeni və gözəl günləri başlayır.
Ümumi bir gözləmləmə və bir azca tarix
Adətən kitablardan oxuduğumuz “İmarət” kompleksinə daxil olarkən fikirlərin bir çoxu istər-istəməz dəyişir. Tarix, sadəcə, xronologiyadan ibarət deyil, tarix eyni zamanda praktiki elmdir. “İmarət”in həyətinə daxil olarkən ilk diqqətimizi çəkən şey kompleks daxilində bir-birinə perpendikulyar yerləşən iki bina, dörd kümbəz və qəbiristanlığın olmasıdır. Tarixi qaynaqlara baxdığımız zaman, buranın hündür hasarlarla əhatələdiyini, hasarların çölündən Orta Çağ gələnəklərinə uyğun şəkildə xəndəklər qazılaraq, içərisinin su ilə doldurulduğunu söyləmək mümkündür. Eyni zamanda buranı zəngin meyvələrin olduğu bağlar əhatə edirdi. Qaynaqlardan o da məlumdur ki, kompleksin içində bir hamam, kiçik bir məscid, yaxınlığında isə üstüörtülü bir bazar mövcud olmuşdur. Kompleksə daxil olan tikililər haqqında ümumi təsəvvür yaradacaq məlumatlar bu qədərdir. Çox təəssüf ki son saydıqlarımızı xatırladacaq heç bir nişanəyə rast gəlmədik. Kompleks Azərbaycanda XVIII-XIX yüzilliklər savaşlarının ən çox baş verdiyi yerlərdən biri olduğuna görə istər-istəməz bəzi tikililər tamamən dağılmış olar bilərdi.
Xatırlatmaq istərdik ki, Sovetlər Birliyi dönəmində bu kompleksin yanında iri bir stadion tikilmişdi. Bu, insanın ağlına iki şeyi gətirir. Birincisi, Sovetlər bu kompleksin hər hansı bir tikilisini dağıdıb yerində stadion tikməklə bunu ört-basdır edə bilərdilər. İkincisi, kompleksin kölgədə qalması üçün bu addımı ata bilərdilər. Bunu dəqiqləşdirmək üçün arxiv sənədlərinə nəzər salmaq lazımdır.
Niyə Qarabağ seçilmişdi?
“İmarət”ə daxil olduğum zaman sanki Qarabağ xanları ilə üz-üzə dayanırmış kimi hiss edirsən. İstər-istəməz insan Pənahəli xan və İbrahimxəlil xandan aldığı qərarların səbəbini soruşmaq istəyir.
“İmarət”i daha düzgün anlamamız üçün Qarabağ xanlarının mənsub olduqları Cavanşir və Otuzikilər tayfalarının niyə Qarabağı məskən seçdiyinə diqqət yetirməyimiz lazımdır. Öncə vurğulamaq vacibdir ki, Azərbaycan xanlarının çoxu ya kökən etibarı ilə, ya da qohumluq bağları ilə Qızılbaşlarla bağlıdırlar. Lakin Qarabağ xanlarının kökü Elxanlılara qədər uzanır. Mirzə Camal Cavanşir “Tarixi-Qarabağ” adlı əsərində Pənahəli xanın Cavanşir nəslindən olduğunu yazır. Əhməd bəy Cavanşir isə özünün “Qarabağ xanlarının 1747-1805-ci illərdə siyasi vəziyyətinə dair” adlı əsərində Pənahəli xanın atası, Sarıca Əlinin varisi olan İbrahimxəlil ağanın Hülakü xanın (1256-1265) nəvəsi Arqun xanın (1284-1291) nəslindən olması, Qarabağlı Mirzə Yusif isə “Tarixi-Safi” adlı əsərində Cavanşir tayfasının tatar elinə mənsubluğu haqqında məlumat verir. Xarici tarixçilikdə Moğol (Çingizlilər) imperatorluğuna daxil olan Türk tayfaları “tatar” adlandırılmışdır. Başda Fəzlullah Rəşidəddinin “Cameüt-təvarix” əsəri olmaqla bütün Orta Çağ qaynaqları Elxanlı hökmdarlarının vaxtlarının çoxunu Qarabağda keçirdiklərini yazırlar. Demək ki, Pənahəli xanın Qarabağı seçməsi və ən sevimli məkanlarından birinin “İmarət” olması gəlişigözəl bir durum deyildi.
“İmarət” kompleksinin həyətində dolaşarkən daha öncədən əldə etdiyimiz bilgilərin ziddiyyəti fonunda reallıq haqqında düşünür insan. Bu ərazilərin Azərbaycan Səfəvilər imperatorluğu zamanında Cavanşir nəslinə rəsmi qaydada verilməsinə dair bəzi məlumatlar mövcuddur. Çar Rusiyası dövründə bu yerlərin Mehdiqulu xana aid olması haqqında sənəd tələb olunan zaman Mehdiqulu xan İbrahim Sultan Budaq Sultan oğlu Cavanşirin adına Şah Abbas (Böyük ehtimal Şah II Abbas (1642-1666) nəzərdə tutulur) tərəfindən verilmiş sənəd təqdim edir. Sənədə görə, Mehdiqulu xanın ulu babası həmin Ağdam mülkü də daxil olmaqla, Cavanşir eli və Otuzikilər tayfa ittifaqının rəhbəri olmuş və yeddi yüz otuz nəfərlik süvari hərbi hissəsinə rəhbərlik etmişdi.
Türbələrin önündən keçib binalara doğru irəliləyərkən tarixi proseslər film səhnəsi kimi insanın gözünün önündən keçir. 1747-ci il iyun ayının 19-dan 20-nə keçən gecə Nadir şah öldürüldükdən sonra Azərbaycanda 20-yə yaxın müstəqil və yarım-müstəqil xanlıq təşəkkül tapdı. Belə bir şəraitdə Pənahəli xan da Qarabağ xanlığının əsasını qoydu. O, 200-ə qədər süvari tərəfdarı ilə birlikdə Qarabağa gəlib özünü xan elan etdi. Pənahəli xan öz hərəkətini özünün Elxanlılar sülaləsindən olası ilə əsaslandırmış ola bilərdi. Bəlkə də Bayat qalasına getmədən öncə buradan keçmiş və ya burada bir müddət qalmışdı. Lakin bunu təsdiq edən hər hansı bir fakt yoxdur.
Kompleksin həyətinin tam ortasında dayanıb gözləmlədiyimiz zaman gözümüzə çarpan ən əski bina əsas bina olur. Bəlli ki, müxtəlif ölçülü daşlardan inşa olunmuş, lakin bir kompozisiya yaradılmasına nail olunmuşdu. Sadəcə, tağların tikilməsində standart ölçülü daşlardan istifadə olunmuşdur. “İmarət”ə daxil olan ilk tikililər əlimizdəki rəsmi məlumatlara görə, XVIII əsrin 30-cu illərinə aiddir. Böyük ehtimal kompleksin yerində mövcud olan müəyyən tikililər Pənahəli xanın atası İbrahimxəlil Ağanın ölümünə qədər də mövcud idi. Bu haqda qaynaqlarda heç bir bilgiyə rast gəlinmir. Ehtimal etmək olar ki, savaşlar bu tikililərin dağılmasına səbəb olsa da, yerində daha möhkəm materiallardan yeni tikililər inşa olunmuşdur. Vurğulamaq lazımdır ki, o zaman saraylar və önəm kəsb edən binalar daşdan tikilərdi. Digər hallarda ağac və çiy kərpicdən tikilmiş olmalıdır ki, zamanımıza qədər gəlib çatmayıb və yerində yeniləri tikilib və ya mövcud binanın quruluşunda dəyişiklik edilərək təyinatı dəyişdirilib. Bu haqda yazının irəliləyən yerlərində daha geniş məlumat olacaq. Hələlik əlimizdə olan ən əski bilgilər 1738-ci ilə aiddir, yəni “İmarət”in adı məhz bu tarixdə ilk dəfə çəkilib. Heç şübhəsiz ki, bu haqda son sözü arxeoloji ekspertizanın rəyləri deyəcək.
“İmarət”in iki binası və açar nöqtəsi
Əsas binaya doğru irəlilədikcə binanın sadə olduğu qədər gözəl memarlıq həlli insanı valeh edir. “İmarət”ə daxil olan iki binadan kümbəzlərə perpendikulyar şəkildə yerləşmiş bəhs etdiyimiz bina əsas hesab oluna bilər. Bu bina digərinə nəzərən daha köhnədir və kompleks haqqında fikir söyləmək üçün açar nöqtəsidir. Kompleksin ana binası mərkəzi günbəzli zalın ətrafında qruplaşdırılmış tağ tavanlı üç otaqdan ibarətdir. Mərkəzi zalın sağ və solunda ondan xeyli kiçik olan iki otaq, mərkəzi zalın qabağında cənuba istiqamətlənmiş geniş və dəbdəbəli eyvan yerləşir. Kompleksin eyvanı üç aşırımlı tağ formasındadır. Oxvari tağlar bütöv ağ daşlardan yonulmuş iri sütunlar üzərində dayanır. Eyvanın solundan əsas otağa giriş qapısı yerləşir. İç divarlarında çoxlu dərin taxçaları olan mərkəzi salonun 50 kvadrat metrə yaxın olan sahəsi səkkiz tinli günbəzlə örtülüb. Günbəzin yuxarısında havalandırma dəliyi, onun üzərində isə kilsələrdə olan qüllə zənginə bənzər tikili yerləşir.
“İmarət”in əsas binasına nəzər saldıqca bir neçə məsələ haqqında düşünürsən. Bu kompleksi necə adlandırmaq olar və bura hansı təyinatla inşa edilirdi? Mətbuatda və bir çox yazılarda buranı saray olaraq adlandırırlar. Lakin ümumi kompleksdə, sadəcə, beş otaqdan ibarət iki kiçik bina var və birinin əski alban məbədi olduğunu ehtimal etmək olar. Saraylar isə çoxfunksiyalı otaqlardan ibarət tikililərdir.
Əsas binaya nəzər salsaq, burada kilsələrə xas elementləri müşahidə edə bilərik. Alban məbədlərinin memarlığına olan qüllə zəngləri binanın üzərində aydın görsənməkdədir. Lakin içəridə kilsəyə xas heç bir element yoxdur. Məbədlərin sarayın bir parçası olması faktına heç bir zaman rast gəlinməmişdir.
Digər bir məqam kompleksin adında gizlidir. Buna oxşar ada Şəki xanlarının tarixində rast gəlirik Şəki xanlığının yay və qış olmaqla iki sarayı var idi. Xatırladaq ki, hazırda ayaqda qalan qış sarayıdır. Şəki xanı Hüseyn xan bu sarayların yanında görkəmli şair Məhəmməd Zarinin “İmarət” adlandırdığı daha bir bina, köşk tikir. Burada “Məclis üş-şüara” və bu kimi ədəbi-bədii, eləcə də əyləncəli tədbirlər keçirilərdi. Bir sözlə, ciddi dövlət məsələləri saraylarda çözülərkən, siyasətdən uzaq məsələlər isə bu cür köşklərdə icra olunurdu. İrəvan xanlığında da Ov köşkü və ya Güzgülü köşkün olduğuna dair söyləntilər vardır. Qarabağda tikilən bu kompleks də vurğuladığımız bu tikililərin oxşarı ola bilər.
Sonuncu məsələ, adətən saraylar xanlığın mərkəzində yerləşirdi. Tarixdə Qarabağ xanlığının üç siyasi mərkəzi mövcuddur. Bunlar Bayat, Şahbulaq və Şuşa qalalarıdır. Bunlar içərisində isə “İmarət”in adı çəkilmir.
Qısa tarixə nəzər salsaq, Kəbirli mahalı içində tikilən Bayat qalası ilk siyasi mərkəz idi. Qısa bir zamanda möhkəm hasar və xəndək düzəldi, bazar, hamam və məscid tikildi. Xan bütün ailəsini, qohumlarını və el böyüklərini, əhli-əyalını oraya topladı. Təbriz və Ərdəbil vilayətlərinin bir çox əhalisi və sənətkarları belə öz ailələri ilə birlikdə gəlib Bayat qalasında yerləşdi. Cənubdan Qacarların, şərqdən isə Hacı Çələbi xanın yürüşləri daha möhkəm bir qalaya zərurətin yarandığını göstərdi. Buna görə də, Pənahəli xan Bayat qalasını dağıtdı və gəlib bir təpənin ətəyində, gur bir bulağın da yer aldığı Şah bulağı adı ilə məşhur olan Tərnəkütdə bir qala bina etdi. Mirzə Adıgözəl bəyin “Qarabağnamə” əsərində yazırdı ki, Pənahəli xan bu işləri 1751-1752 bitirərək oranı özünə məskən etdi.
Kaxetya çarı II İraklinin “Qızılqaya xəyanəti” adlanan hadisə ilə Gəncə yaxınlığında Azərbaycan xanlarını tələyə salması, Qacarların və Zəndlərin təzyiqləri Pənahəli xanın daha uca bir nöqtədə qala inşa etmək fikrinin yaranmasına səbəb oldu. Pənahəli xan Şuşakənd yaxınlığındakı, dağ zirvəsində yerləşən və otlaq kimi istifadə olunan ovalıq ərazini yeri qala üçün yer seçdi. “Qarabağnamələr”də yazılır ki, qalanın tikiləcəyi yerdə axar su və bulaq yox idi. Pənahəli xan sadəcə olaraq orada su quyusu olarsa qala tikəcəyi əmrini verdi. Qazılan quyulardan su çıxandan sonra 1752-ci ildə inşa olunan, Pənahabad, sonradan isə Şuşa adlanan qala xanlığın mərkəzi oldu. İbrahimxəlil xanın və Mehdiqulu xanın zamanında mərkəz dəyişmədi.
Digər bir fikir isə ondan ibarətdir ki, “İmarət” Pənahəli xanın yay evi, yəni yaylağı olmuşdur. Bu fikri doğru adlandırmaq olmaz. Çünki yaylaq kimi Şuşa qalası daha münasib idi, Ağdam, əsasən də Şahbulaq qalası qışda yaşamaq üçün əlverişli idi. “İmarət” isə qala deyildi. Ehtimal etmək olar ki, 1763-cü ilə - Pənahəli xanın ölümünə qədər köşk kimi fəaliyyət göstərən “İmarət” bu ildən sonra qəbiristanlığa çevrilir və burada ilk Pənahəli xan dəfn olunmuşdur. Bu haqda dəqiq bir fikir isə ancaq arxeoloji tədqiqatlardan sonra deyilə bilər.
Əsas binadan çıxıb ondan xeyli fərqlənən digər binaya doğru hərəkət edirik. Günbəzlər ilə eyni cizgidə yer alan ikinci bina ağ daşlardan tikilib və digər binaya nisbətən kiçik ölçülüdür. Bu bina iki otaqdan ibarətdir və hər otağın ayrıca qapısı mövcuddur. Bu binada hökmdarın hərəminin qaldığını ehtimal etmək olar. Bunu otaqdakı irili-xırdalı taxçaların olması ilə izah etmək mümkündür. İri taxçalar yorğan-döşək, əşyalar və ləvazimatlar, kiçik taxçalar isə şam, çıraq və bu kimi işıqlandırma vasitələri üçün istifadə olunardı. İstənilən halda, kompleksə və onun infrastrukturuna nəzər salaraq xanların burada daimi məskunlaşmadığı qənaətinə gəlmək mümkündür.
Kompleksin müəmmalı türbələri
Kompleksin digər hissəsinə çınqıl daşları ilə örtülmüş həyət ilə irəliləyirik və bəlkə də əsil tarix ilə qarşı-qarşıya qaldığımızın indi fərqinə varırıq. “İmarət” kompleksində ilk nə zaman dəfn icra olunduğunu söyləmək mümkün deyil. Burada ikisi tam, biri yarımçıq, biri isə qismən sağ olmaqla dörd türbənin olduğunu müşahidə edirik. Türbələrdən biri xaric, digər üçü səkkiz bucaqlı divarlarla hörülmüşdür. Digəri isə dairəvi formadır və qalıqlarını görmək mümkündür. Səkkiz bucaqlı divarları olan türbələrin ikisinin eyni formalı konusabənzər dam örtüyü vardır. Ortada yerləşən türbə isə dağıdılmışdır. Bütün türbələrin tağvari quruluşa malik giriş qapısı var.
Türbələrdə Pənahəli xanın, İbrahimxəlil xanın, Mehdiqulu xanın, Xurşudbanu Natəvanın və xan nəslindən olan digərlərinin qəbrinin olduğu ehtimal edilir. Bizim fikrimizcə, binalara yaxın olan türbə Pənahəli xana məxsusdur. Çünki bu türbə digər türbələrə nisbətən daha iridir. Binalardan ən uzaqda olan nisbətən kiçik türbənin isə Mehdiqulu xana məxsus olduğunu ehtimal etmək olar Zənnimizcə, Qarabağ xanlığının əsasını qoyan Pənahəli xanın türbəsi daha iri olmalı idi, nəinki, rus işğalından sonra Qarabağı qısa zamanda idarə edən Mehdiqulu xanın. Ortada isə İbrahimxəlil xanın dağılmış türbəsinin yerləşdiyi təxmin etmək olar. Lakin bütün bunlar məzarlardan tapılan skeletlərin DNT analizlərindən sonra daha dəqiq anlaşılacaq. Böyük ehtimal, mütəxəssislər sümüklərin qohumluq əlaqələrini müəyyən edəcək, ondan sonra hansı skeletin daha öncə vəfat etdiyini aydınlaşdıracaq. Bu isə ölüm xronologiyasının hazırlanmasına kömək edəcək. Beləliklə, tam olmasa da, qismən hansı türbənin kimə məxsus olması haqqında bilgiyə sahib olacağıq.
Qaynaqlar Pənahəli xanın məhz Ağdamda (“İmarət”də) dəfn olunduğunu birmənalı şəkildə təsdiq edir. Belə ki, Fətəli xan Əfşar 1763-cü ildə Kərim xan Zənd tərəfindən Fətəli xanın Kərim xanın qardaşı İsgəndəri qətlə yetirdiyi Qəmşə adlı yerdə öldürüldü. Ardından Azərbaycan xanları Şiraza dəvət olundu və orada əsir saxlanıldı. Əsirlikdən qurtulmaq üçün Pənahəli xan 1763-cü ildə dərman içərək Qarabağa gəlmək istəyirdi. Lakin bu hiylədən xəbər tutan Kərim xan Zənd dərman içərək yuxuya getmiş Pənahəli xanın diri-diri içalatını çıxartdırdı və cənazəsini Qarabağa göndərdi. Pənahəli xanın cənazəsini Qarabağa gətirib Ağdamda dəfn etdilər. Xanın “İmarət”də dəfn olunduğunu “Qarabağnamə”lər təsdiq etməkdədir.
Türbələrin 1970-ci illərdə əsaslı şəkildə tədqiqi həyata keçirilib. Türbədə qəbir üzərində olan başdaşı 1974-cü ildə Bakıya gətirilib, Azərbaycan Tarixi Muzeyinə təhvil verilib. 2022-ci ildə Pənahəli xana məxsus olduğu deyilən baş daşı bərpa edilib. Lakin başdaşı üzərində yazılan yazı hələ də oxunmayıb. Əlimizdə olan yeganə başdaşının kimə məxsusluğunu arxeoloji araşdırmalardan sonra dəqiq söyləmək mümkün olacaq.
Natəvanın məzarı isə mövcud türbələrin yaxınlığında bir az şərqə doğru olmaq şəkildə yerləşir. 1982-ci ildə məzarın üzərində qəbirüstü memorial xatirə abidəsi ucaldılıb: Mərmərdən yonulan heykəl Misir stellalarını xatırladır, qabartma xarakterli idi. Erməni vəhşiliyi nəticəsində dağılan stella artıq dövlətimiz tərəfindən bərpa olunub.
Son olaraq
Ən qısa zamanda Azərbaycan Milli Akademiyasının arxeoloq heyəti bütün məmulatları incələmiş, hər bir qalıq inventarlaşdırılmışdır. Əminik ki, ən qısa zamanda müvafiq elmi nəticələrə əldə olunacaq və hələlik boşluqların olduğu elmi mülahizələrimiz tamamlanacaq. Ağdamdan gözəl təəssüratlar və gələcək üçün gözəl ümidlərlə ayrılarkən təkrar-təkrar qələbəni bəxş edənlərə şükranlıq hiss duymamaq əldə deyil.
Qarabağ Azərbaycandır!