Sən ağlama, bulaq səslim – Qismət Məsimin yeni şeirləri

Sən ağlama, bulaq səslim – Qismət Məsimin yeni şeirləri
22 sentyabr 2020
# 17:15

Kulis.az Qismət Məsimin yeni şeirlərini təqdim edir.

Belə alınır bəzən.
Əlini gülə uzadırsan payız çıxır.

Cocuqluğun günaha böyüyür,
Çiçəklər günaha açır.
Belə alınır bəzən,
tərəzidə 20 qəpiyə adamları çəkən,
dünyanın ən çəkici qarısı qız çıxır.

Bəzən belə olur,
Əlini cibinə uzadırsan qızının göz yaşı çıxır
Acı olur oğluna ala bilmədiyin şirni.
Qarşına ömrün ən şirin aldanışı çıxır...
Əlini qulağının dibinə qoyub,
palıd kölgəsində sahibsiz yorğunluq kimi
atıb gedirlər adamı...

Bəzən boş çay yatağı kimi qalırsan..
Bəzən ...
Gövdəsi getmiş ağacın yarpaqları kimi
ötəri yaşıllığa bükülüb qalır adam...
Bəzən belə alınır qardaşım,
Payız gəlməmiş avqustda tökülüb qalır adam.


***

Sən ağlama ,bulaq səslim...
Ağ əllərin bulud kimi,
tutanda o gül üzünü..
Gözlərindən yağış yağır,
su götürür yer üzünü..
Boğuluram....!
sən ağlama
bulaq səslim, sən ağlama..
Hər içini çəkdikcə sən,
çiçək-çiçək tökülürəm baharımdan
Uzun uzun fikrə dalır arzularım,
dağ çayı tək fınxırıram axarımdan
Dağılıram...!
sən ağlama
bulaq səslim,sən ağlama..

Sən bilməzsən göz yaşında,
sulandıqca bənövşələr
Qısqanıram ətrin qalxar,
yerlər bilər, göylər bilər.
Qayalara hər damcından
bir çat düşər.

Göz yaşınla gözlərimdən
öz həyatım min qat düşər..
O bənövşə nəfəsilə
O çayın zümzüməsilə
O qayanın nərəsilə
Çağırıram,
Bağırıram...
sən ağlama..
Bulaq səslim, sən ağlama.

***

Ürəyi min dəfə yerlərə vurub,
Baxma söyləmişdim gözümə guya..
Qapımı çırpırsan divarım uçur
Həyat düzəltmişəm özümə guya..

Sökür bu tənhalıq arzularımı
Hamısını hirsimdən çaxıram ömrə..
Bir divar saatı xoşuma gəlir
Başımı dik tutub baxıram ömrə..

Səni unutmuşam başım pozulub
Aptekdən başıma kül soruşuram.
Hansımız ölmüşük başa düşmürəm
Kimin qəbri üçün gül soruşuram?

Bədheybət tənhalıq, nəhəng darıxma
Mənəm o təpəgöz divin yerinə...
Hər səhər oyanıb yola düşürəm
Köhnə çarpayıdan evin yerinə.

Məni bağışlayarsan?
İliyimə işləyir tənhalıq bəzən,
durub qaçır adam
evdən də, həyətdən də.
Bir uçurum yaranır qəfil arzularınla aranda
Düşürsən ruhdan da,

Dostlardan da, məhəbbətdən də.
Məni bağışlasın minarələr,
Məni bağışlasın.

Ən çox onlar demişdi burda hər
şey günaha qaçdığını.

Çiçəklərin, körpələrin, sabahların günaha açdığıdı.
Sən də gözəl danışmışdın,
Gözəl demişdin sevmək məğlubiyyətdir!
Sən gözəl danışmışdın sözünə qurban.
Mən səhv susmuşdum
məni
bağışlayarsan!?

# 3597 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər