Paşinyanın arvadını neyləyəcəyik? – Sərdarın yazısı 

Paşinyanın arvadını neyləyəcəyik? – Sərdarın yazısı 
25 sentyabr 2020
# 13:10

Bütün hadisələri zarafata salmaq, lağlağıya çevirmək ictimai faciədir. İnsan güldüyü şeyi heç vaxt ciddiyə almır. Yəqin Azərbaycan cəmiyyətinin sosial şəbəkəyə adaptasiyası zamanı bu tendensiya bilərəkdən yaradıldı; bütün hadisələrə şəbədə qoşub gülə bilirik, hər şeyi lağ, yumor müstəvisində müzakirə edirik, özümüzü təlxəyə, ölkəni yumor meydançasına çevirib milləti güldürməklə məşğuluq.

Məsələn, Qarabağ mövzusu Azərbaycanın qara yarasıdır. Uzun illərdir bir sıra problemlərimiz bu ağrı fonunda öləziyib, əhəmiyyətini itirib, situasiya bizi inkişafdan saxlayıb. Bəs niyə, heç olmasa, bu müstəvidə ciddiliyimizi qorumuruq?

Uzun müddətdir sosial şəbəkədə Ermənistanla, erməni klaviatura ustaları ilə mübarizə olduqca bayağı müstəvidə sürünür, adını da qoyublar informasiya müharibəsi. Biri Ermənistan prezidentinin şəklinə uzunqulaq qulaqları montaj edir, biri qadın alt paltarı geyindirir, digəri şəklini hədəfə qoyub, alnına nişangah yerləşdirib yazır; bir like, bir atəş. Utanmırsız? Acımız üzərindən like, reytinq yığmağınız bir yana, ətimizi tökürsüz.

Böyük səhifələrin, saytların maymaqlıqlarını “unlike”, “blok” vasitəsilə birtəhər gözümüzdən iraq edirdik ki, başqa bir açıqlama gündəmə gəldi.

Azərbaycan ordusu Ermənistan baş nazirinin arvadının əsir götürüləcəyi günü səbirsizliklə gözləyirmiş!

Peşəkar ordu heç zaman mülki vətəndaşlarla, qadın, qoca və uşaqlarla müharibə aparmır. Döyüş hərbçilər arasında gedir.

Biz hansı dövrdə yaşayırıq? Bu cür fikirlərlə nəyə nail ola bilərik?

Düzdür, Paşinyanın həyat yoldaşı da bir vaxtlar Azərbaycan və Ermənistan analarına etdiyi sülh çağırışıyla yaratmaq istədiyi müsbət reputasiyasını əlinə silah almaqla yerə vurdu, amma Ermənistan düşmənimizdirsə, biz onlardan daha ağıllı davranmağa borcluyuq.

İnformasiya müharibəsi qarşı tərəfə təhqir üzərində qurulmur. Təhqir aqressiya yaradır və 99 faiz cavabı da təhqir olur. İnformasiya müharibəsi haqlı tərəfin ən güclü silahıdır. Bu müharibədə əsas hədəf qarşı tərəfin və dünya ictimaiyyətinin məntiqli insanlarına dəmir əsaslı həqiqətlərimizi çatdırmaq, onların düşüncəsini dəyişməkdir. XXI əsrdə informasiya ordu qədər effektli qüvvədir. Uzaqdan dayanıb bir ölkəyə girmək və həmin ölkəni qurd kimi içindən ovub tökmək olar.

Hazırda elə qlobal qüvvələr var ki, nəinki həqiqəti, hətta yalanı da informasiya silahına qoyub dünyanın istənilən nöqtəsinə atır, yalan da qəşəngcə ayaq açıb yeriyir. Biz isə həqiqətimizi şikəst qoymuşuq. BMT-nin qətnamələrini, tarixi faktları, faciələri kənara atıb Paşinyanın, Sarkisyanın fotolarını montaj edirik.

Təəssüf ki, bu günə qədər Azərbaycan tərəfdən düzgün aparılmayan informasiya siyasəti nəticəsində beynəlxalq müstəvidə Qarabağ mövzusunda ciddi uğurlarımız yoxdur. Dünya Azərbaycan ərazisini Qarabağ tərkibində olmaqla tanıyır, lakin Qarabağ erməni nəzarətindədir. Azərbaycanın ərazisi bütün nüfuzlu sənədlərdə 86.6 min kv.km qəbul edilib, lakin 30 ildir bu rəqəmin 20 faizinə ayağımız dəymir. Bu qədər yüksək avantaja malik olduğumuz halda ərazimizi niyə bərpa edə bilmirik?

Bütün bunların bir nömrəli səbəbi informasiya müharibəsində seçdiyimiz yanlış istiqamətdir. Təhqir, yumor, lağlağı ən yaxşı halda əyləncə, təsəlli ola bilir, həlledici qüvvə yox.

Dünya, xüsusən də qərb bu gün ayrı inkişaf pilləsindədir, onlar təhqirdən, şantajdan, pafosdan, yersiz əzələ nümayişindən bir əsr əvvəl iyrənib və bu mövzuları göy əskiyə büküb, qoyub qırağa. Biz rəğbət, etimad, ədalət gözlədiyimiz qurumların gözü qarşısında “Paşinyanın arvadını istəyirik” deməklə nə qazanacağıq?

Niyə dünyanı özümüzə güldürürük?

Axı bizə Paşinyanın arvadı yox, Qarabağ lazımdır!

# 3726 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
#
#
# # #