Ömründən kəsib Kamil Zeynallıya calayanlar

Ömründən kəsib Kamil Zeynallıya calayanlar
19 may 2020
# 11:33

Sosial şəbəkələr cəmiyyətimizin nə qədər absurd olduğunu güzgü kimi bizə əks etdirir. Düzü, bundan əvvəl bu işi televiziyalar, bədii əsərlər görürdü. Amma sosial şəbəkələr heç bir təşbeh, metafora, bənzətmə etmədən absurdluğumuzu olduğu kimi ortaya qoyur.

Bu günlərdə də absurd bir video yayılıb. Belə ki, Kamil Zeynallının köməkçisi kasıb ailəyə azuqə gətirib. Çox sağ olsun, Allah payını artıq eləsin. Bu heç. Amma sonra nə olur? Azuqəni alan yaşlı qadın köməkçiyə deyir ki, Allah sənin ömründən kəsib Kamilin ömrünə calasın.

Adamın əli üzündə qalır. Bilmirsən, bu sözlərə güləsən, yaxud ağlayasan. Adam əziyyət çəkib, üzündə təbəssüm evinə yardım üçün gəlir. Qarşılığında heç bir şey ummadan. Əvəzində Allahın verdiyi ömürdən kəsməlidir! Ağbirçək özü də bilmir, nə danışır. Ancaq bir həqiqət var ki, oğlana qarğış edir. Xeyir-dualı qarğış.

Yasda əllərini dizlərinə çırpan yaşmaqlı arvadlar gözümün qabağına gəlir. Bir dəfə qohumlarımdan kimsə ölmüşdü. 12-13 yaşlarımda olardım. Qara paltarlı qadınların səsi üç məhəllə uzaqdan eşidilirdi. Elə bil, bəhsə girmişdilər ki, hansı daha ucadan ağlayacaq.

Yardım videosu sosial şəbəkələrdə gəzişir, çox baxılır. Bizə də gündə mövzu lazımdı axı. Kiməsə şəbədələr, lağlağılar qoşaq. Əslində, ağbirçəyin sözləri təhlükəlidir. Onun kasıbçılığı, ehtiyac içində yaşamağı və dediyi sözlər bir-birinə ziddir. Əminəm ki, o, nə dediyini bilməyib.

Biz tərəflərdə bir söz var: Allah balanı versin. Mən əvvəllər elə bilirdim, bu söz o deməkdir ki, yəni Allah sənə övlad nəsib eləsin. Sən demə, bəla, qarğış mənasındadır. Çaşıb qonşuluqda yaşayan üç uşaqlı arvada belə demişdim. Arvad əlinə çubuq alıb üstümə cummuşdu.

“Allah ömrümdən kəsib filankəsə calasın” elimizin deyiminə çevrilib. Bu sözləri cəmiyyətə sırıyan yaltaq adamlar olub. Allah yolunda ömürlərini kiməsə pay verən icra başçıları, məmurlar, deputatlar, sadəlövh yaşlılar...

Bu cür əhvalatlar, hadisələr artmaqdadır. Amma cəmiyyət öz içində düşüncə modeli yaratmalıdır.

Azərbaycan insanı bu gün ədəbiyyata, kinoya hər gün absurd komediya janrında onlarca xammal istehsal edir. Rejissorlarımız, yazıçılarımız gündəmi izləsələr bəsdir. Yaza bilən üçün bolluca material var. Vaqif Mustafayev kamerasını işə salsa, modern absurd filmlər izləyərdik.

Amma onun özü də...

Nə isə, qalsın gələn səfərə.

# 8790 dəfə oxunub

Oxşar xəbərlər

Həbs olundu, ruhi xəstəxanada yatdı, ən yaxın dostunun dəfninə getmədi - Rasim Balayev haqqında maraqlı faktlar

Həbs olundu, ruhi xəstəxanada yatdı, ən yaxın dostunun dəfninə getmədi - Rasim Balayev haqqında maraqlı faktlar

16:42 29 mart 2026
Baş konsulluq: "Rasim Balayevin cənazəsinin bu gün Azərbaycana göndərilməsi planlaşdırılır"

Baş konsulluq: "Rasim Balayevin cənazəsinin bu gün Azərbaycana göndərilməsi planlaşdırılır"

15:00 29 mart 2026
Rasim Balayev Turkiyədə vəfat etdi

Rasim Balayev Turkiyədə vəfat etdi

13:45 29 mart 2026
Belə bir ölkəyə altı qol vurub sevinmək utanc hissini itirməkdir... - Nihat Pir

Belə bir ölkəyə altı qol vurub sevinmək utanc hissini itirməkdir... - Nihat Pir

15:00 28 mart 2026
Şəhər sakinləri kərgədanlara çevriləndə... - İonesko faşizmi necə ifşa etmişdi?

Şəhər sakinləri kərgədanlara çevriləndə... - İonesko faşizmi necə ifşa etmişdi?

14:00 28 mart 2026
"Belə adamlara ziyalı kimi baxanlar da bambılıdır" - Ulucay Akif

"Belə adamlara ziyalı kimi baxanlar da bambılıdır" - Ulucay Akif

12:25 28 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər