Ulucay Akif
Son günlər çox müzakirə edilən bir şeir və bu şeir ətrafında baş verən hadisələr barədə danışmaq istəyirəm.
Rəvan Cavidin “Mən qadın olsaydım” şeiri.
Birinci, şeiri təhlil edəcəm, daha sonra baş verənlərlə bağlı bir neçə kəlmə deyəcəm.
Bilməyənlər üçün qeyd deyim ki, Rəvan Cavid mənim çox yaxın dostum və əzizimdir, amma bu yazıda bütün şəxsi münasibətlərimizi bir kənara qoyacağıma əmin olun.
Şeirin analizi ilə başlayaq.
Bir kişinin “mən qadın olsaydım oğul doğmazdım” deməsi şairanə, gözəl səslənə bilər, amma məsələyə elmi cəhətdən yanaşsaq, Rəvanın buna görə narahat olmasına ehtiyac yoxdur. Çünki dünyaya övladın gətirilməsi prosesində kişiyə daha çox pay düşür. Uşaq genetikasının 60 faizinin atadan keçməsi buna sübutdur. Yəni, uşaq daha çox ataya bənzəyir. Bura görünüşdən daha çox xarakter və individual xüsusiyyətlər daxildir. Ona görə də uşağı demək, olar ki, elə biz kişilər doğuruq.
Bəli, uşağı elə biz kişilər doğuruq. Bu, elmi faktdır. Prosesin uşağı bətnində daşımaq və “doğmaq” tərəfi isə qadınların payına düşür.
Oğullar böyüyüb kişi olurlar
Kişilər aldadır qadınlarını.
Kaş bütün oğullar böyüyüb kişi ola biləydilər. “Kişi” sözünə sadəcə bir cinsiyyət anlayışı kimi baxmaq doğru deyil. Necə ki, “qadın” anlayışı da sadəcə cinsiyyət olaraq sərhədlənmir. Hər iki söz daha çox xarakteri təcəssüm etdirir.
Xəyanət isə hər iki cinsin nümayəndələrinə də xasdır.
Oğullar böyüyüb əsgər olurlar,
əsgərlər öldürür başqalarını.
Bu misralarla mən də razıyam. Kaş ki, dünyada müharibələr, savaşlar, silahlar olmazdı. Bu mövzuya mən də çox toxunmuşam.
İnsanların isə bu misralara hiddətlənməyə haqqı var. Çünki düşməni Ermənistan kimi şərəf və ləyaqətdən yoxsul olan bir ölkənin vətəndaşı silahını yerə qoymağı düşünməməlidir. Belə şeirləri Fransa, Almaniya, İtaliya, nə bilim Hollandiya kimi ölkələrin şairləri yaza bilər. Amma hamımız yaxşı bilirik ki, onlar da indiki dincliklərini vaxtilə yetərincə savaşmaqlarına, neçə-neçə müharibələrdən çıxmaqlarına borcludurlar.
Hətta İspaniya ilə savaşda hollandiyalılar arasında belə bir deyim yaranmışdı: “Biz, lazım gəlsə, sol əlimizi yeyib sağ əlimizlə vuruşacağıq”.
Biz isə hələ də bir xalq kimi bütünləşib həmin o savaşa girməmişik deyə bu gündəyik.
Üçüncü bəndlə razıyam. Amma kaş bütün yalanlar elə şairlərin yalanları kimi ola.
İndi isə keçək heç bəyənmədiyim, hətta məni və bir çox inanclı şəxsi hiddətləndirən son bəndə. Şeir mənfi reaksiyaları elə ən çox bu bənddəki fikirlərə görə aldı.
Mən qadın olsaydım Allah doğardım
“İxlas” surəsində də deyildiyi kimi, Allah nə doğmuş, nə də ondan kimsə doğulmuşdur. Bu misra həmin Quran ayələrində deyilənə ziddir.
Allahı azacıq uşaq doğardım,
qoy bir az anlasın ac uşaqları
Bu isə Allaha qarşı açıq-aşkar küfrdür.
Rəvanla din və ədəbiyyat mövzularında çox danışmışıq və ona həmişə demişəm ki, mənim üçün inancım ədəbiyyatdan üstündür. İnanclı biri olmaq günahsız olmaq demək deyil. Mənim də o qədər günahım var ki. Amma Allahı nədəsə ittiham etmək yolverilməzdir! Rəvanı hər məsələdə müdafiə edərəm, dəstəkləyərəm, amma Allaha qarşı küfr məsələsində heç vaxt.
Və bunu “Şeirdi dəəəə” deyib də edə bilmərəm.
Kaş şeirin bu bəndi heç olmazdı. Çünki Allah hamımızı anlayır! Onu bizi anlamamaqla ittiham etmək olmaz. Onun ədalətinə şübhə etmək olmaz.
Soruşa bilərsiniz, əgər Allah ədalətlidirsə, niyə aclıqdan, ya da müharibədə ölən günahsız uşaqlar var? Cavab sadədir. Allah ədaləti bu dünyada bərqərar edəcəyini deməyib. Ədalət o biri dünyada öz yerini tapacaq.
Aclıqdan ölən, müharibədə ölən uşaqların günahı isə bizim boynumuzadır. Demək, bəşəriyyət nələrisə səhv edir! Demək, insanlıq hələ də lazımi səviyyədə deyil.
Bunlar çox uzun məsələlərdi. Bəzi adamlar bunu mənsiz də bilir, bəziləri isə nə qədər desəm, bilməyəcəklər.
Şeir haqqında deyəcəklərim bu qədər. İndi isə qısaca şeir ətrafında baş verən hadisələrə fikrimi bildirim.
Şeir çox müzakirə olundu. Bu çox əladır!
Pis olan sadəcə bir şey var. Bizdə şeiri müzakirə edə biləcək, normal fikrini bildirə biləcək adamlar çox azdır. Çünki əksər adamlarımızın şeir və ədəbiyyatla heç uzaqdan da əlaqəsi yoxdur. Yalandan bir-iki şair, yazıçı adını bilməklərinə aldanmayın. Azərbaycanda adam başına oxunan kitab sayı bir olar, ya olmaz. İbadın “Tarix Nadir”i kimi...
Şeiri paylaşıb təhqir yazanlar var. Nə qədər də iyrənc bir şeydir bu.
Şeiri gənc aktrisa Sabirə Abdullayeva səsləndirib. Onu çoxdan tanıyıram. Hətta fəxrlə deyə bilərəm ki, ilk səsləndirdiyi şeir də mənim şeirim olub. Onda hələ məktəbli idi.
Rəvan bu şeiri təxminən iki ildir yazıb. Bir neçə dəfə də sosial şəbəkədə paylaşıb, amma heç vaxt belə reaksiya görməmişdi. Sabirənin qiraətindən sonra böyük reaksiya görməsi həm Sabirənin uğuru, həm də qiraətin gücüdür. Buna görə Sabirəyə böyük təşəkkür düşür.
Bu şeiri səsləndirdiyi üçün ona da nalayiq sözlər yazanlar var imiş. Nə Rəvan, nə də Sabirə bu şeylərə görə heç nə itirmir. Çünki şeirə aid bu cür “fikir” bildirənlər onsuz da “itirilmiş” adamlardı. Onların nəinki başqalarına, heç özlərinə də faydası olmaz.
Bizə sadəcə arzulamaq və ümid etmək qalır.
Arzu və ümid etmək ki, bir gün biz də məsələlərə düz-əməlli, təhqirsiz, insancasına fikir bildirə bilən bir cəmiyyətə sahib olacağıq.