Azər Paşa Nemətovun çökdürdüyü milli teatrımız

Azər Paşa Nemətovun çökdürdüyü milli teatrımız
19 fevral 2020
# 12:03

Maraqsız, mənasız heç bir zövq vəd etməyən tamaşalarda bir qayda olaraq ya yuxulayıb gözümün acısını alıram, ya da teatrın tavanına zillənib nəhəng çilçırağa, gipsdən tökülmüş heykəllərə tamaşa edirəm. Bu əyləncəni ilk dəfə səhv etmirəmsə, Opera və Balet Teatrında “Aşıq Qərib” operasını izləyəndə kəşf etmişdim. Xanəndə xanımın yorucu zəngulələri mürgüləməyə imkan verməyəndə, operanın sonuna qədər tavana boylanıb oradakı heykələ dönmüş mələklərə, onların yaxınlığındakı tənək kolların baxdım.

Dəhşətlidir deyilmi, ilin, günün bu vaxtında istirahət adına üz tutub getdiyin teatrda adamı ya yuxu basır, ya da mənasız müşahidələr etməli olursan.

Akademik Milli Dram Teatrında da tez-tez belə məzəli vəziyyətə düşmüşəm. Məsələ burasındadır ki, hansı tamaşa olduğunu unutsam da, sonuncu dəfə özümə dram teatrına getməyi qəti şəkildə qadağan etmişdim. Bilmirəm necə oldu, nə baş verdi ki, mən yenə bu teatra getməli, “Ah bu uzun sevda yolu” adlı keyfiyyətsiz, heç bir sənət əhəmiyyəti kəsb etməyən tamaşaya baxmalı oldum. Həm də sona qədər. Yenə tavanı, döşəməni, zaldakı tamaşaçıları izləyə-izləyə ona görə sonacan əyləşdim ki, bu yazını yaza bilim.

“Ah bu uzun sevda yolu” tamaşası barədə müfəssəl nəql edəcəyəm, amma ilk olaraq bu teatrda baş verən başqa problemlərdən söhbət açmaq istəyirəm.

İş burasındadır ki, son on ildə teatrın aktiv tamaşaçılarından biri olsam da, çox az sayda maraqlı tamaşa izləyə bilmişəm. Son beş ildə isə bu say o qədər azalıb ki, bir əlin barmaqlarına belə əziyyət verməyə dəyməz.

Dram teatrı hər il bir az da dala gedir, gözümüzün qarşısında yaşı ortadan keçmiş aktyorlarımızın müsahibələrində dönə-dönə məbəd adlandırdıqları ünvan sürətli çöküş dövrünü yaşayır. Ölkənin ən qabaqcıl teatrının rəhbəri Azər Paşa Nemətov çoxdan, lap çoxdan akademik, dram, teatr sözlərini yadırğayıb. Səsi qulaqlarımızdan getməyən böyük sənətkarlarımızın sovet dövrünün ən çətin vaxtlarında qurub yaratdıqları, qoruduqları teatr indi əhəmiyyətini itirmiş, yalnız bayağı tamaşaların sayını artıran məkana çevrilib.

Gallery

Adil İsgəndərovun, Mehdi Məmmədovun, Tofiq Kazımovun səylə, inamla çalışdığı, uğrunda min bir cəfaya qatlaşdığı teatr indi öz tənəzzül dövrünü yaşayır. Bu ustadların yetişdirdiyi tələbələr artıq yavaş-yavaş qocalır. On ildən, iyirmi ildən sonra onlar da olmayacaq. Azər Paşa Nemətov da yəqin uzun ömür yaşayandan sonra haqq dərgahına qovuşacaq. Bəs onda bu teatrın həqiqi Xalq artistləri, korifeyləri kimlər olacaq? Azər Paşa Nemətovun istedad yox, sədaqət və mütilik amili ilə seçilən iki cüt, bir tək tələbəsi?

Axı Azər müəllim kifayət qədər teatr savadı, intellekti olan, bu mühitdə böyüyən insandır. O, teatrın nə demək olduğunu çoxumuzdan yaxşı bilir. Elə isə qəsdi nədir?

Teatrın döşəmələrinə neçə illərdir cavan və istedadlı rejissor ayağı dəymir. Hanı Mehriban Ələkbərzadə, Mikayıl Mikayılov, Ərşad Ələkbərov, Kamran Şahmərdan kimi rejissorlar? Niyə dram teatrının qapılarından içəri keçə bilmirlər?

Gallery

Bu teatrda bayaq qeyd etdiyim kimi barmaqla sayılacaq bir neçə yaxşı tamaşaya baxmışam ki, onlar da adını çəkdiyim rejissorlar tərəfindən hazırlanıb. “Afət” - Mehriban Ələkbərzadə, “Xanuma”, “Müfəttiş” - Mikayıl Mikayılov, “Müsyö İbrahim və Quran çiçəyi” - Ərşad Ələkbərov, “Teleskop” - Kamran Şahmərdan... Nə baş verdi ki, bu uğurlu tamaşaların ardı gəlmədi?

Repertuara nəzər salanda görürük ki, tamaşaların böyük əksəriyyətində ikinci rejissor Anar Sadıqovdur. Artıq xeyli müddətdir Azər Paşa müəllimlə çiyin-çiyinə çalışan Anar Sadıqovun imzasını qoyduğu tamaşalar olduqca uğursuz, orta statistik tamaşaçı düşüncəsindən də aşağı səviyyəlidir. “Almaz”, “Ah, bu uzun sevda yolu”, “Sinif yoldaşları” tamaşalarında ikinci rejissor kimi fəaliyyət göstərən Anar Sadıqovun bədii rəhbər olduğu "Manqurt" tamaşası da uğursuz taleyə məhkum oldu. Ona görə ki, o tamaşada Anar Sadıqovun yox, Azər Paşa Nemətovun əl izləri vardı. Teatrda bir müddət fəaliyyət göstərən gənc rejissor Əlif Cahangirlinin də adını çəkmək olardı. Onun quruluşunda bir neçə maraqlı tamaşa izləsəm də, təəssüf ki, qısa zaman ərzində teatrdan uzaqlaşdı. Azər Paşa müəllimin teatrın səhnəsində yox, administrativ idarəçiliyində qurduğu oyunlara dözə bilməyən Əlif Cahangirli başını götürüb lap uzaqlara qaçdı.

Gallery

Məsələ burasındadır ki, Azər Paşa Nemətov dram teatrına qədəm qoyan gündən az sonra əsl istedad düşməninə çevrildi. İllərdir teatrla bağlı yaradıcılıq yeniliklərindən xəbərsiz olan Azər Paşa Nemətov son dövrlərdə düzüb qoşduğu, ortalığa qoyduğu “Almaz”“Ölülər” tamaşaları oldu ki, onlar da heç bir peşəkar təhlilə gələsi deyil. Onun bu neçə ildə edə bildiyi yenilik ondan ibarət oldu ki, “Ölülər” kimi dramatik məzmunlu pyesi komediyaya çevirdi. “Ölülər” tamaşası kimi bərbad səhnə quruluşları onun rəhbəri olduğu dövrdə teatr tarixində istənilən qədərdir. Daha dərinə gedərək konkret başqa tamaşaların adlarını sadalayıb ortalığa bundan artıq qanqaraçılıq salmaq istəməsəm də bir neçə aktyor adı çəkərək, az qala hamının bildiyi, amma heç kimin dilə gətirib demədiyi bir həqiqəti tirajlamaq istəyirəm. Xalq artisti Nurəddin Mehdixanlı bütün tamaşalarda özünü təkrar etməkdən təngə gəlib. Aktyorun bütün fakturasından yorğunluq və bezginlik yağır. Həsrətlə rol gözləyən aktyorlara nə yazıq ki, axırda bundan əvvəl ifa etdikləri rolların eynisi verilir. Halbuki Nurəddin Mehdixanlı daha geniş yaradıcı imkanlara və enerjiyə malikdir. N.Mehdixanlının Rövşən Almuradlının quruluşunda səhnələşdirilmiş “Yaşlı xanımın gəlişi” tamaşasındakı Bürqomister obrazı heyrətamiz idi. Və yaxud da elə adını çəkiyim tamaşada İl rolunu ifa edən Xalq artisti Ramiz Novruz da ömrünün 70-ci baharına yaxınlaşsa da, eyni rollardan birtəhər olub. Yaradıcılığını böyük maraqla izlədiyim Xalq artisti Bəsti Cəfərovanın aktrisalıq potensialından da yetəri qədər istifadə olunmadı. Eləcə də digər aktyorlarımız teatrdan yoxa çıxdılar. Daha doğrusu, yoxa çıxmayıblar. Evlərində otuzdurulublar. Zemfira Nərimanova, Firəngiz Mütəllimova, Hicran Nəsirova, Ramiz Məlik və s. və i. a. Bunlar hamısı Mehdi Məmmədovun, Adil İsgəndərovun, Tofiq Kazımovun yetirmələri idilər. Elə teatrla da ən xoş günləri deyəsən müəllimlərinin sağlığında yaşadılar.

Gallery

Aktyoru başqa rollarda sınamaq, onlardan sözün məcazi mənasında plastilin kimi istifadə etmək nə Azər Paşa Nemətovun, nə Mərahim Fərzəlibəyovun, nə də Bəhram Osmanovun ağlına gəlir. Daha doğrusu, özlərini zəhmətə salmaq istəmirlər. Bu səbəbdən, uğursuz tamaşalara baxan kimi ilk nəzərə çarpan aktyorlarla iş prosesinin ölgünlüyü olur.

Aktyorlardan söz düşmüşkən qeyd edim ki, Azər Paşa Nemətov da pedaqoq kimi fəaliyyət göstərib. O da teatra öz tələbələrinin daxil olmasında həlledici rol oynayıb. Amma necə tələbələrin?

Onun tələbələrindən biri Anar Heybətov teatrda tamaşaya qoyulan bir çox klassik, sanballı əsərlərdə baş rollarla çıxış edir. Minimal istedad malik, dram teatrının estetikasına cavab verə bilməyən bir aktyor Cəfərqulu xan, Kefli İsgəndər, Mikayıl Müşfiq kimi xarakterik rollar ifa edir. Lakin ondan qat-qat istedadlı Rövşən Kərimduxt, Rəşad Bəxtiyar, Şəhla Əliqızı sönük, ikinci, üçüncü plan rolları ilə kifayətlənir. Mehriban Xanlarova kimi istedadlı bir aktrisa illərdir normal bir tamaşada baş rol ifa etmir. Onun içindəki güclü yaradıcılıq eşqi Zaurun, Xoşqədəmin verilişindəki çığır-bağırlarda itib-batdı. Əvəzində isə Azər Paşa Nemətovun daha bir tələbəsi - Məsmə Aslanqızı baş rollarda gülməli ifalar sərgiləyir. “Almaz” tamaşasında Almaz rolunu ifa edən Məsmə xanıma tamaşaçılar tamaşanın sonuna qədər gülmüşdülər.

Davamlı olaraq İncəsənət Universitetinin diplom tamaşalarını izləyirəm. Onlarla istedadlı tələbə universiteti bitirən kimi həyatın qaranlıq girdabında, maraqsız seriallarda məhv olub gedirlər. Bu tələbələrin heç biri dram teatrının qapısından içəri keçə bilməz. Üstəlik, onlar da daxil heç bir aktyor, heç bir rejissor, ümumilikdə heç bir teatr işçisi öz dərdini kiməsə deyə bilməz. Azər Paşa Nemətov həm də Teatr Xadimləri İttifaqlının rəhbəridir axı. Əli hər yerə çatır. Ölən yeri Hikmət Rəhimov kimi adamı, heç nəyi nəzərə almadan teatrdan uzaqlaşdıra bilər. Yeri gəlmişkən, Azər Paşa Nemətovun sözü gedən ittifaqdakı uzunömürlü sədrliyi də başqa bir və daha geniş yazının mövzusudur.

Gallery

Azər Paşa Nemətov bir dəfə də olsun tələbələrin diplom tamaşalarını izləməyib. Bunu heç lazım da bilməyib. Elə isə bu nəhəng yaradıcılıq məkanları nəyə lazımdır? Əgər istedadlı tələbə universitetin aktyorluq fakültəsini bitirib hardasa fəhləlik edib, çörək satacaq, daş yonacaqsa, onda niyə bu gənclər ömürlərinin ən gözəl illərini hədər yerə sərf edirlər?

Dəfələrlə gördüyüm yaraşıqlı, fakturalı tələbələr indi hardasa çox uzaqlarda teatr sözünü unutmaqla məşğuldurlar. Azər Paşa Nemətov isə boyu bir metrdən 20, 30 sm hündür olan istedadsız aktrisaları teatra doldurmaqla.

Gallery

Adil İsgəndərov bölgələri gəzərək istedadlı gəncləri Bakıya gətirirdi, Tofiq Kazımov İncəsənət Universitetində oxuyan tələbələri dram teatrına cəlb edirdi. Bu səbəbdən onların adı ilə bağlı məktəblər yarandı. Lakin ilk baxışdan əksi görünsə də Azər Paşa Nemətov adlı teatr məktəbi heç vaxt olmayacaq. Zaman belə məsələlərdə çox ayıqdır.

Nəhayət gələk bu yazını yazmağıma səbəb olan “Ah bu uzun sevda yolu” tamaşasına. Başınızı çox ağrıtmadan bircə kəlmə deyim: biabırçılıqdır! Əli Əmirlinin çox maraqlı, həqiqi faktlarla zəngin olan səhnə əsəri Azər Paşa Nemətovun quruluşunda bərbad və bayağı tamaşaya çevrilib.

Aktyor ansamblı zövqlə təyin olunmayıb. Xüsusilə aktyorlarla zəif iş prosesi dərhal hiss olunur. Səhnənin tərtibatından tutmuş mizanlara qədər hər şey çiy vəziyyətdədir. Əlinin papağı Vəlinin başında, Vəlinin papağı əlinin başındadır. Səhnə dekorasiyasındakı səliqəsizlik və zövqsüzlük tamaşaçının gözünü yağır edir. Rejissor ötən əsrin əvvəllərindəki atmosferi, məişəti heç cür verə bilməyib.

Gallery

Müşfiq rolunun ifaçısı Anar Heybətov Müşfiqi o qədər yazıq, miskin və əsəbi təqdim edib ki, şəxsən mən Müşfiqin şəxsiyyəti haqqında şübhələrə düşdüm. Anar Heybətov yüzlərlə işıqlı şeirlərin müəllifi olan Müşfiqi ağlını itirmiş sərsəmə bənzədib. Başqa bir şair obrazını canlandıran Elnar Qarayev həm faktura, həm zahirən Mikayıl Müşfiqə bənzədiyi halda bu rolun Anar Heybətova verilməsi sadəcə olaraq təəccüb və gülüş doğurur. Tamaşa zamanı üçüncü sırada əyləşsəm də səhnədəki Müşfiqin danışdıqlarını eşitməkdə çətinlik çəkirdim. Mən onun yalnız lazımsız yerə hayqıranda eşidirdim. Bir neçə səhnədə Münəvvər Əliyevanın koloritli ifası belə tamaşanı fiaskodan xilas edə bilmədi. Dilbərin dəli olma səhnəsindən sonra dramatik musiqilərin köməyi ilə bir azca yuxudan ayılan zal, sona qədər elə oxşar musiqilərin əsarətində saxlanıldı.

Bu qədər biabırçılığın ardınca Azər Paşa Nemətov tərəfindən dəfələrlə səhnəyə itələnən könülsüz, yorğun aktyorların simasına baxanda düşündüm ki, Milli Dram Teatrının süqutu yaxın beş-on ildə yox, bəlkə də bir neçə ildə baş tutacaq.

# 16556 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #