Xudu Məmmədov onları alt-üst etmişdi

Xudu Məmmədov, Azərbaycanlı elm adamı, ictimai-siyasi xadim, professor

Xudu Məmmədov, Azərbaycanlı elm adamı, ictimai-siyasi xadim, professor

5 aprel 2022
# 10:00

Kulis.az Loğmanın “Dünyanın Xudu Məmmədov üzü” yazısını təqdim edir.

Böyük insan, böyük müəllim, böyük alim idi.

Böyük insan olduğundan böyük müəllim idi, böyük alim idi. Müəllimliyi də, alimliyi də insanlığının əsgəri idi, keşikçisiydi.

İnsanda insanı görürdü, insanı sevirdi, insanı dəyərləndirirdi, imkanı yox. Bilirdi ki, imkan insanı təsdiq eləmir.

İnsanda insanı sevdiyindən doğma idi. Hamının idi. Vətənin hər yerindən görünürdü.

Təbiətə münasibətində kəpənək çiçəyə qonan kimi incə və zərif idi.

Təbiəti elə sevirdi ki, yeriyəndə belə onu incidəcəyindən ehtiyat edirdi.

Səhər kimi doğmuşdu vətənin üfüqlərinə.

Sübut elədi ki, insan vətənləşə, vətənlə eyniləşə, vətənə bərabər tutula bilər.

Vətən boyda idi. Adı gələndə məmləkətimiz dururdu göz önündə.

Vətəni sevdiyindən vətənin idi. Özünü vətənə verib, vətəndə tapmışdı özünü.

Alimliyi ilə müəllimliyi bir-birini tamamlayırdı. Həm öyrənirdi, həm də öyrədirdi.

Ona görə öyrənirdi ki, insanı, dünyanı, Yaradanı sevmək üçün gərəkliydi.

Ona görə öyrədirdi ki, insanı, dünyanı, Yaradanı sevmək üçün gərəkliydi.

Elmə müştaq olmuşdu.

Elmə gözələ vurulan kimi vurulmuşdu. Aşiqlik məqamında idi. Elmin gözəllik mahiyyətini açırdı. Elmi gözəllik səviyyəsinə qaldırırdı.

Bu onun üçün böyük yol idi. Böyük yolun yolçusu idi, getdikcə gedirdi, getdikcə ucalırdı, getdikcə işığı artırdı. Çünki yaşamağın, yaratmağın bir mənası da işıq saçmaq idi, Xudu müəllim üçün.

Bəstə boyu vardı, şirin – danışığı. Bütün həyatı sovet dönəmində keçdi. Adı sovet elminin ən böyük nümayəndələri ilə bir cərgədə çəkildi. Amma heç vaxt sovet adamı olmadı.

O, bir başqa dünya idi. Adamlardan fərqli düşünürdü. Nəyə baxırdısa fərqli, bənzərsiz mənalar görürdü.

Azərbaycanın vurğunu idi. Xalçalarımızı kitab kimi oxuyurdu, ilmələrin, çeşnilərin mənasından söhbət açdıqca adam heyrətlənirdi.

İnsanla dünya arasında əlaqəyə, doğmalığa heyrandı.

İnsanı – dünyaya, dünyanı – insana bağlayan, gözlə görünməyən tellərə inanırdı.

Təbii idi. Bahar kimi çiçəkləyib, payız kimi qəmlənirdi.

Böyük insan idi, amma böyüklüyündən xəbəri yoxudu.

Böyüklüyündən xəbərsiz böyüklüyünü yaşayırdı. Çünki uşaq kimi saf idi.

Hər şeyə uşaq gözü ilə baxırdı. Hər şeyə uşaq marağı ilə boylanırdı. Sevgisi də uşaq sevgisi idi. Dünyaya, insana elə bağlanmışdı ki, elə bil uşaq nağıla qulaq asırdı.

İnanırdı ki, alma bağlarıynan uşaqlar qohumdurlar.

İnanırdı ki, yaz axşamları çaylar oxuyur.

İnanırdı ki, dağlar adamı səsləyir, çağırır.

İnanırdı ki, gülləri dərmək günahdır. Çünki bu, gözəlliyin ömründən kəsmək, qısaltmaqdır.

Təbiətlə qardaş idi. Çünki təbii idi.

Bahar kimiydi – gəlişi ilə hər yer çiçək açır, hər kəs sevinirdi.

O qədər şirin idi ki, sağlığında nağıllaşmışdı.

Həm də qeyri-adi idi.

Müdrikliyinə bərabər körpəliyi vardı.

Dahiliyinə bərabər sadəliyi vardı.

Möhtəşəmliyinə bərabər kövrəkliyi vardı.

Təpədən dırnağacan məmləkət adamıydı.

Deyirdi ki, insan özündən çox xalqındır.

Əslində, insan xalqın olanda daha çox özünün olur.

Hər insanın taleyi elə xalqın taleyidir.

Çünki hər insana yurda baxan kimi baxırdı.

Hər insanda vətənin bir parçasını görürdü. Hər insanı vətənin nişanəsi kimi sevirdi.

Bu onun insanı vətənləşdirmək missiyası idi.

Sözü əməlinə, əməli də sözünə tən idi. Çünki bütöv adam idi.

Heç vaxt xırdalanmadı.

Yaz mehi kimi mülayim idi.

Onunla təmasda olanda bahar kimi adamın qəlbinə dolurdu. Özünü unudur, onunla bir olurdun.

Sadəliyi o qədər gözəl idi ki, adamı utandırırdı.

Üzünün nurundan qütbünü yaratmışdı – Xudu Məmmədov qütbünü.

Dünyanın bir üzünü fəth eləmişdi.

Dünyanın üzünə yeni üz çəkirdi – Xudu Məmmədov üzü.

Dünyanı yeni ləyaqətlə üzləyirdi.

Səmt idi, yön idi, istiqamət idi. Ardınca getməkdən qürur duyurdun.

O qədər elm adamı dünyanın Xudu müəllim olan üzünə baxıb güzgülənmişdi ki...

Göründüyündən böyük idi. Yanında olmaq yetərdi ki, dəyişib yeni dəyər qazanasan, başqa adam olasan.

Onunla təmasda olanları yeniləməyi, təzələməyi bacarırdı.

Adamların içinə bahar təravəti, həyat sevgisi gətirirdi.

Xudu müəllimin yanında adamın içi yağışda ağac yarpağı kimi yuyulurdu.

Safa çıxırdın. Arınırdın.

Hər dəfə ondan ayrılanda, elə ayrılıq anındaca növbəti görüşün həsrətini çəkirdin.

Ondan uzaqlaşdıqca daha böyük görünürdü. Bu, çox nadir insanlara xas olan xüsusiyyətdir. Adətən, adilərdən uzaqlaşdıqca kiçilir, görünməz olur.

Kəşflərini, tapıntılarını qala kimi hörürdü vətən torpağına. Abidələşdirirdi. Əbədiləşdirirdi.

Tapdıqlarına hamını şərik edirdi. Hamınınkı edirdi, milliləşdirirdi.

Hər kəsi vətənin bir parçası edirdi. Hər kəsin də içinə vətəndən bir xışma səpirdi ki, içindən vətən cücərsin.

Kəşfləri üzümüz idi, nurumuz idi, həyamız idi, adımız idi, əxlaqımız idi.

Ruhumuzun rəsmini çəkirdi.

Elmi elə hala gətirirdi, elə biçimləndirirdi ki, onun bizə məxsusluğunda şəkk yeri qalmırdı. Yadın şərikliyinə yer qoymurdu.

Kristalların xassələri və qarşılıqlı əlaqələri sahəsində böyük kəşflərə imza atmışdı. Müasirləri, dünyanın ünlü elm fədailəri tərəfindən "Canlı və cansız təbiətin vəhdətini tapan böyük alim" adını almışdı.

Yapon, alman, ingilis, amerikan alimlərinin böyük səs-küy salan elmi kəşflərini alt-üst eləmişdi. Aldığı nəticələr dünyanı heyrətə salmışdı.

İngilis, fransız olsaydı, dünyanın ən məşhur və varlı adamlarından olardı.

Elmimizin vicdanı, milliliyin zirvəsi, dostluq nümunəsi idi.

Çoxşaxəli istedada malikdi.

Hansı sahədən yapışsaydı, urvata mindirirdi. Muğamlarımızın rəngli sözlərlə şəklini çəkirdi. Muğamlarımızı da xalçalarımız kimi sərirdi dünyanın üzünə – ruhumuzun ətri gəlsin deyə.

Memar idi, layihələrindən gözəl binalar tikilirdi. Dostlarının portretini çəkməyi sevirdi. Rəsmlərindən vətən baxırdı, vətən çağırırdı adamı.

Tələbələrinə qarşı qayğıkeş idi. Hamısı da onun adı gələndə ehtiram hissi ilə ayağa qalxırdı. Tələbələrinə ruhunu verirdi. Yaxın dost, sirdaş idi onlarla. Küləklər kimi, sular kimi qovuşub bir olurdu onlarla...

Mən o bəxtəvərlərdənəm ki, dəfələrlə bu səadət payı qismətim olub.

Vaxtı qızıldan qiymətli tutan Xudu müəllimin adi bir tələbəyə necə tay olduğunun, doğmalıqla yanaşdığının, vaxt ayırdığının heyrətini bu gün də yaşayıram.

İçi poeziya ilə dopdolu idi. Ağrı-acılarını yazdığı şeirlərə, bayatılara hopdururdu. Ağrı-acıları, sevinci, kədərindən də vətən ətri gəlirdi:

Bu qala bizim qala,

Qaldıqca bizim qala,

Qurmadım özüm qalam,

Qurdum ki, izim qala.

Anam ozan olubdur,

Dərdə dözən olubdur,

Dili Haqdan bağlanıb,

Naxış düzən olubdur.

Əlim köməyim olsun,

Elim köməyim olsun,

Elimə yük olarsam,

Ölüm köməyim olsun.

Dərdlərimi ələsəm,

Heyim çatmaz tələsəm,

Mən bir yetim quzuyam,

Kim eşidər mələsəm?

Təbiəti şərqi kimi dinləyirdi.

Sevinci də işıqlı idi, kədəri də.

Vətən içində vətən idi.

Bütün varlığını vətənə həsr eləmişdi – gözlərindəki son qığılcımlarına, dodaqlarındakı son təbəssümünə qədər.

Ölümə də qeyri-adi gözlə baxırdı: "Ölüm yolçunu saxlayır, yolçuluq isə davam edir..."

O, ölümə ucaldı...

Xudu müəllim kimi insanların ölümü ölümü də rövnəqləndirir, urvata mindirir.

Xudu müəllimin aramızda olmamasını ölümlə bağlamaq olmur.

Çünki onun yoxluğunu düşünəndə ölüm yada düşmür.

Ölüm insanları eyniləşdirir.

Amma Xudu müəllimi eyniləşdirə bilmədi, daha da bənzərsiz elədi.

O başqa dünyanın, başqa ölçülərin, daha doğrusu, ölçüyəgəlməzliyin adamı idi. Daha doğrusu, onun insanlığını, alimliyini heç bir vahidlərlə ölçmək olmurdu.

Yaxşı mənada heç bir miqyasa sığmırdı.

Çünki Xudu Məmmədov özü ölçü vahidi idi.

Yurdun dəyər simvolu idi.

İnanıram ki, özünü məmləkət adamı sayan, içində yurd sevgisi daşıyan hər kəs Xudu müəllimi yanında hiss edəcək, ruhunda yaşadacaq.

Xudu müəllim dönə-dönə qayıtmalı olduğumuz dəyərdir, ünvandır, yurdun heyrət dolu üzüdür.

Xudu müəllimin bütün yaradıcılığı və həyatı bir çağırışdır. Gözəlliyə, insanlığa, milliliyə, yaxşılığa, fədakarlığa, vətəndaşlığa çağırışdır.

Dünyanın çiçək üzünə, kəpənək üzünə, mələk üzünə çağırışdır.

Dünyanın Xudu Məmmədov üzünə çağırışdır.

Dünya o vaxt daha gözəl olacaq ki, insanlar dünyanın Xudu müəllim olan üzünə üz tutacaqlar...

Özümüzü və yurdumuzu xilas etməyin bir yolu da budur.

... 1927-ci ildə Ağdam mahalında, Mərzili kəndində dünyaya göz açmışdı. Bakıda, Moskvada, Leninqradda oxuyub öyrənmişdi. Dünyanın çox ölkəsində olmuşdu, dünyanın çox ölkəsindən dəvətlər almışdı. Amma Azərbaycanı heç yerə, heç nəyə dəyişməmişdi.

Çünki Vətəni balası kimi bağrına basmışdı...

# 4680 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #