Südüm sənə halal olsun, Şaiq Vəli!

Südüm sənə halal olsun, Şaiq Vəli!
18 mart 2014
# 14:46

Təsəvvüf şerimizin dev ismi idi Şaiq Vəli. Qoca sufi Şaiq Vəli. Mən Onu tanıyandan qurd ağızlı, yovşan qoxulu şerlərinin sərxoşu olmuşam. Akif Səməddən sonra Aşıq Nazim Əsədoğlunu, Aşıq Nazimdən sonra da Şaiq Vəlini tapmışdım. İçimə çəkmişdim. Bütövlükdə bir eşq idi Şaiq Vəli.

Eşq nə eşq - qəm!

Qəm nə qəm - mey, mey!

Ömrü həvəs idi, həvəsi nəfəs idi, nəfəsi səs idi, səsi ney idi Şaiq Vəlinin. Zülümü zülmət idi, zülməti zühur idi, zühuru nur idi, nuru ay idi Şaiq Vəlinin.

Bir şairi öldürdülər

Bir ölkənin ortasında

Ölkə bilmədi-bilmədi.

Çox sevdiyim Eldar Baxışın dediyi o şair Akif Səmədiydi, Nazim Əsədoğluydu, Şaiq Vəliydi. Yox Şaiq ölmədi. Şaiqə öldü demək naşılıq olardı. Şaiq sadəcə ayrıldı bizdən. Ayrıldı, ayrılanda-ayrılıqdan getdi, öldü, öləndə-ölümdən getdi. Yaraları cismini yerə çəksə də, eşqi ruhunu göyə apardı Şaiqin. Şaiqə “oxxaayy!” məqamı yaşatdı.

Ölümündən çox olsa bir həftə qabaq olardı – son görüşümüz. Zavodda zəhərli iş şəraitində işlədiyim üçün yenə də 3-4 paket süd norması vermişdilər. Yanına əliboş getməmək üçün onları da əlimə alıb İbrahim İlyaslının bələdçiliyi ilə bacısıgildə görüşünə yollandım. Yol yoldaşım Rüstəm Kamalla Məmməd Dəmirçioğluydu. Gedişimizə çox sevindi. Müalicəsindən, başına gətirilənlərdən, yeni kitabının hazırlanmasından danışdı… Zarafatından da qalmırdı. Üzünü mənə tutub özünəməxsus qurd ağızlı avazı ilə dilləndi:

- Südünü halal elə Həmid ORMANLI …

Dostlarla xeyli gülüşdük. O zaman qarşılıq verəmməmişdim Şaiqin atmacasına. Şaiq ölüm ayağında da mərdi-mərdanə, kişi xarakteri ilə, şux zarafatı ilə öz əzəmətini itirmirdi. Yaxın dostu Murad Köhnəqalaynan Şaiqin görüşü isə dəhşət oldu. Murad içəri girən kimi - hanı ə Şaiq, Şaiq hanı, hanı Şaiq deyə Şaiq olan otağa cumanda inanılmaz bir hadisə baş verdi. Şaiq yerindən qalxaraq Muradın üstünə cumdu. Sarışdılar nə sarışdılar! Mələşmə başladı nə başladı! Murad Şaiqdən aralananda özünü toplayıb Şaiqin sinəsinə bir yumruq tutuzdurdu:

- Ölürsənmi, əəə Şaiq? Sən hara ölürsən əəə! Məni qoyub ölmə nə olar? Şaiq qurban olum ölmə. Ölmə əəə, oğraş gədə! Birdən ölərsən haaa. Möhkəm oool. Bax belə (Şaiqin üstünü-başını səhmana saldı), oldumu?

Muradın halı Şaiqdən betər idi. Bunu görən Şaiq dilləndi:

- Hara ölürəm əəə, axmax-axmax danışma, mən ölsəm Səni kim basdırajax?

Heyif Səndən Şaiq Vəli!

Sən qırımda, sən xarakterdə, sən nəfəsdə şair görəsən bir də yetişəcəkmi?

Elə ən böyük sual da budur.

Ruhun şad olsun!

Qorxun ölüm idi – yoxdu,

Mübarək, mübarək!

# 1755 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #