Müharibədən qayıtmayanların uşaqları

Müharibədən qayıtmayanların uşaqları
24 iyul 2013
# 10:29

Mən doğulanda valideynlərimin, qohumlarımın dünyaya göz açdıqları, böyüyüb boya-başa çatdıqları torpaqlar işğal olunmuşdu. Onların təkcə torpaqları deyil, həm də uşaqlıqları, gənclikləri işğal edilmişdi. Artıq iyirmi ildir ki, o yerlərə əlləri çatmır. Keçmişi yalnız xatirələrində qoruyub saxlayır, əllərində olan üç-dörd köhnə foto ilə təsəlli tapırlar.

Fikirləşirəm... fikirləşirəm ki, qolsuz kişilərin siqaretini başqalarının yandırmasını, arvadların ayaqlarını müharibədə itirmiş ərlərini kürəklərində daşımağını, uşaqlarını saxlamaq üçün gecəsini gündüzünə qatıb işləyən Sürəyyaların kişi əlləri kimi kobudlaşmış, qabar bağlamış əllərini hansı sözlə ifadə edim...

Biz onda hələ çox şeydən xəbərsiz idik. Ölümün nə demək olduğunu başa düşmürdük. Ölüm bizim üçün uzaq bir ölkə kimiydi. Ora gedənlərin bir gün nə vaxtsa qayıdacağına bütün qəlbimizlə inanırdıq. Hər səhər yol kənarında oturub uzaqlara getmiş atamızın bizə şokolad, velosiped və daha nələr alıb gətirəcəyini gözləyirdik. Hər axşam Allah babadan atamızın tez qayıtmasını diləyir, bütün parabüzənləri atamızın arxasınca göndərərdik: “Uç, uç, qarı nənə, bizə atamızı gətir”...

Gecələr anamız bizə “Cırtdan”ın, “Məlikməmməd”in nağılından yox, atamızın qəhrəmanlıq dastanlarından danışardı. Özümüzü kino ulduzlarına, müğənnilərə yox, atamıza oxşatmağa çalışardıq. Oğlanlı-qızlı bircə arzumuz vardı: böyüyəndə atamız kimi əsgər olmaq!

Onların böyükölçülü ayaqqabılarını geyindik, ancaq biz hələ ayaqqabının iplərini bağlamağı belə bacarmırdıq. Bağlaya bilmədiyimiz ayaqqabının ipləri ayaqlarımıza dolaşdı və üzü üstə yıxıldıq. Bunu adicə bir yıxılmaq kimi anlayırdıq, daha həyatın bizi yıxdığını ağlımızın ucundan belə keçmirdi. Həyatın adamı yıxmağının nə demək olduğunu təbii ki, uşaq ağlımız hələ kəsmirdi...

Qisasımızı almaq üçün taxtadan tapançalar düzəldərdik, döyüş təcrübəsi qazanmaq üçün komandalara bölünüb dava-dava oynayardıq. Elə bilirdik ki, müharibə də bir oyundur, böyüklərin oynadığı bir oyun. Düşünürdük ki, onlar da bizim kimi iki-üç saat oynayacaqlar, sonra yorulanda evimizə qayıdacaqlar. Amma onlar yorulmadılar. Bu oyun o oyundan deyildi, bu tapançalar o tapançalardan deyildi, bu ölümlər o ölümlərdən deyildi...

O uşaqların içində Nazlıdan başqa hamımız oğlan idik. Nazlı digər qızlardan çox fərqliydi. Məhəllədəki qızların hamısı evcik qurar, qumdan xörək hazırlayar, gəlinciklərinə analıq edərdilər. Kasıbçılıqdan valideynlər uşaqlarına oyuncaq ala bilmirdilər. Onların gəlincikləri müharibədən qayıdan kişilər kimi idi – mütləq bir yerinə zərər dəymişdi, ya başları itkin düşmüşdü, ya da ki, ayağının, qolunun biri yoxuydu. Nazlı ana olmaq istəmirdi. Çünki atasızlıq ona zəifliyini, qız olduğunu, evcik-evcik oynamağı unutdurmuşdu.

Hə, düz eşitdiniz, adı Nazlı idi, amma nazın nə olduğunu bilmirdi. Adı Nazlıydı, ancaq onun yamaqsız, təzə, rəngli paltarları, gözəl çəkmələri, gəlincikləri olmadı ki, nazlansın. Ancaq adı Nazlı idi, Naz-lı! Bizimlə birlikdə oynayan, yol kənarında oturub atasını gözləyən uşaqlardan biri də o idi. Həmişə üstündə ağ-qara bir şəkil gəzdirər, tez-tez çıxardıb şəkildəki kişini öpərdi...

Bir dəfə əyilib səssizcə yanağından öpdüm. Üzü qıpqırmızı oldu, heç nə demədən evlərinə qaçdı. Mən uzun müddət əlimlə dodağımı gizlədirdim. Çünki qorxurdum, elə bilirdim evdəkilər dodağıma baxsalar, Nazlını öpdüyümü biləcəklər...

Nazlını öpəndən sonra onunla bir kəlmə belə kəsmədik. Bir payız səhəri qapılarını döydüm. Sürəyya xala qapını açdı (onun faciəli həyatından danışmaq istəmirəm). Nazlını soruşdum, çağırmasını xahiş etdim. Yəqin ki, Nazlı onu öpməyimlə bağlı nəsə deyəcəyimi gözləyirdi. Amma indi bunun vaxtı deyildi, mən ona daha vacib bir söz deməliydim və dedim də:

– Mən gedirəm!

İndi sizə çox sadə görünə bilər, amma bu iki sözü demək üçün mən dünəndən bəri yüz dəfə məşq eləmişdim.

– Hara gedirsən? – Nazlı məsum-məsum soruşdu.

– Bakıya, – dedim.

Bir az fikirləşəndən sonra həmişə üstündə gəzdirdiyi ağ-qara şəkli çıxardıb

öpdü, sonra isə mənə uzadıb dedi:

– Bakıda atamı taparsan?

Mən həmin vaxtı bu sözün ağrısını başa düşmürdüm. İçimdə qəribə bir hiss vardı. Bu hissin adı qorxuydu – Nazlını, məhəllədəki uşaqları bir daha görməmək, bir də heç vaxt dava-dava oynamamaq, qurbağaları daşlamamaq, cırcıramaların quyruğuna ip bağlamamaq qorxusu.

– Yaxşı, – dedim, – atanı tapacam.

Nazlını atasını tapacağıma inandırdım. Ancaq atasını tapmaq bir tərəfə, beş-altı ildən sonra kəndə qayıdanda Nazlının özünü belə tapa bilmədim. Kimdən soruşdumsa, ancaq bircə söz dedilər:

-Getdilər!

Hara? Kimlə? Nə üçün? Niyə? – bu sualların cavabını heç kim bilmirdi. O vaxtı ağlıma belə gəlməzdi ki, bu mənim Nazlı ilə sonuncu danışığımdır. Sən demə, mən onun qapqara gözlərini, upuzun hörüklü saçlarını bir daha görməyəcək, onun atası haqqında nağıllarını eşidə bilməyəcəkdim.

İndi o vaxtdan on üç-on dörd il keçib. Məhəlləmizdəki müharibə əlillərinin çoxusu ölüb. O adamlar müharibənin dəhşətlərini göstərən canlı eksponatlar idi. Nazlının harda olduğu haqqında məlumatım yoxdu. Bilmirəm, onun yadında qalmışam, yoxsa yox. Amma mən onu unutmamışam. Bakıda atamı taparsan? – deyəndə mən Nazlının atasını tapacağıma inanırdım, çünki biz onda hələ ölümün nə demək olduğunu anlamırdıq. İndi yəqin ki, Nazlı ölümün nə demək olduğundan, atasının başına gələn faciələrdən xəbərdardır. Bəlkə də, Nazlı o vaxtlar olduğu kimi yenə yol kənarında dayanıb atasını gözləyir, Allah babadan atasının qayıtmasını diləyir, tez-tez atasının şəklini cibindən çıxardıb öpür və yenə parabüzənləri atasının arxasınca göndərir: “Uç, uç, qarı nənə, mənə atamı gətir”...

525.az

# 2409 dəfə oxunub

Müəllifin son yazıları

# # #