Şaxsey-vaxsey vura-vura aş istəmək HEKAYƏ

Şaxsey-vaxsey vura-vura aş istəmək <span style="color:red;">HEKAYƏ
11 dekabr 2014
# 11:26

Kulis.az Səidə Haqverdiyevanın “Ümid dərgahı” hekayəsini təqdim edir.

Yay gələndən elə bil mənim də yuxum ərşə çəkilib. Heç cür dincələ bilmirəm. Görəsən, saat neçədir?! Yaxşısı budur, durum bir çay içim. Dünyada mənim kimi öz-özüylə danışan neçə nəfər var? Çox olar məncə...

Tənbəl-tənbəl mətbəxə keçirəm. Anam görünmür, yəqin, yenə namaz qılır. Əlbəttə, namaz qılır, başqa harda olacaq. Çaydanı qaz pilətəsinə qoya-qoya fikirləşirəm: “İndi anam çox böyük ehtimalla belə dua edir. “Allahım, sənə pənah gətirmişəm, sən mənim balama qapı aç, ev, uşaq sahibi et”.

Ehh, ay ana, ay ana... Nəysə, bəsdi öz-özümə danışdım, axırda dəli olacam. Sonra da dəli Jenya kimi yolda uşaqlar daşlayacaq məni.

Anam dualarını bitirib, yanıma gəlir. Masada mənimlə üzbəüz oturur. Çöhrəsində xəfif bir təbəssüm var. Bəlkə hələ də ürəyində dua edir.

- Ana, çay dəmləmişəm. İçirsən?

- Hə, qızım, içərəm. Ölənlərinin ehsanı olsun! Ehsan dedim, bu gün də Fatmanın anasının cümə axşamı idi. Gedə bilmədim, inciyəcək məndən. Molla da çağırmışdılar.

İki stəkan çayı masaya qoyub üzümü turşuduram:

- Elə yaxşı olub ki, getməmisən. Nə var orda? Bu yaxınlarda yasa getmişdik iş yoldaşlarımla. İnanırsan, ana, on beş dəqiqə otura bilmədim. Molla bir yandan ağladı, digər yandan yanındakı qadınla söhbət elədi. Hələ bu harasıdı, şaxsey-vaxsey vura-vura ölü yaxınlarından birinə “plov soyuğdu, mənim balam, get yaxçı-yaxçı istilət” də dedi. Həmən molla qadının müqəddəs kitabdan bir sürə belə oxuduğunu eşitmədim. Qəzəl dedi, hekayə danışdı, hələ kimisə yamısıladı da. Hərdən mənə elə gəlir ki, bəzi mollalar artistlərdən daha istedadlıdır.

Anamın üzündə mənə çox tanış olan həmin narazı ifadə yaranır.

- Rişğənd etmə, qızım. Allah cəzalandırar. Sənin dərdin məni öldürəcək... Bütün gecəni yatmamışam, dua etmişəm. Allah dualarımı yerdə qoymaz, inşallah. Sənə də bir qapı açar. Yaxşı yadıma düşdü, dünən Sədaqətin qızının "həri"si verildi.

- Onun iki qızı var. Hansını verdilər?

- Başı bağlı olan var ee, onu. Adı Ququşdu, nədir?

Gülmək məni tutur, anamın adlarla bağlı belə məzəli xasiyyəti var, xoşu gəlir adamlara ayama qoşmaqdan.

- Qumrudu , ay ana, məndən iki sinif aşağı oxuyurdu. Xoşbəxt olsun!

- Oğlan yaxşı ailədəndi. Qızı hicablı olduğu üçün bəyəniblər.

Adamın üstə Allah var, nə vaxt məscidə gedirdim, o qızı orda görürdüm.

- Niyə, orda işə düzəlib?- Pıqqıldayıram, az qalır çay ağzımdan süfrənin üstünə tökülsün. Anamı çox acıqlandırmayım deyə, qəfildən ciddiləşirəm.- Bir də ki, hicablı olmasaydı, bəyənməyəcəkdilər?

- Yox e, yəni, deyirəm, ibadət edir də. Nəyi pisdi?- anam incik-incik dillənir - Bəlkə, sən də dinə gələsən, namaz qılıb, oruc tutasan. Hə? Allaha da xoş gedər.

- Ana, bilirəm, mənim ateist olmağım sənin xoşuna gəlmir. Mən namaz qılmıram, oruc tutmuram, ancaq əvəzində yalan danışmıram, haram yemirəm, sizin dediyiniz kimi zinadan uzağam, heç kimin çörəyinə bais olmuram, imkanım olduqca hər kəsə əl tuturam, məncə, bunun özü ən yaxşı ibadətdi. Bilirsən, ana, mən bunların heç birini etməyib, gündə beş dəfə namaz qılsam, otuz gün oruc tutsam, daha imanlımı olacam? Eh, ana, mən sənə bir söz deyim. Sən çoxdan namaz qılırsan. İnancın var, buna hörmətlə yanaşıram. Ancaq, incimə, dinlər bir qrup adamın düz yola gətirilməsi üçün uydurulmuş bir şeydi. Ana, istər mən, istərsə də bacım, sənə həmişə yaxşı övlad olmağa çalışmışıq. Çünki, sən bizə düzgün tərbiyə vermisən. Biz sənə minnətdarıq. Məncə, ana üçün ən yaxşı ibadət, övladına verdiyi tərbiyədir. Həmişə fikirləşmişəm, iki universitet bitirən, savadlı, dünyagörmüş bir adam necə görmədiyi bir varlığa hər gün yalvarar, onu durmadan vəsf edər?

Son sözlərimi qalib ədasiyla, söhbətin bitməsinə işarə edirmiş kimi söyləyirəm. Amma anam səbirlə məni dinlədikdən sonra dikəlir, qarşısındakı boş stəkanı kənara qoyub, dirsəyini masanın üstündə rahatlayır. Bu da söhbətin hələ davam etməsinə işarədi:

- Mənə diqqətlə qulaq as! Sən balaca olanda bərk xəstələnmişdin. Həkimlər səndən ümidini üzmüşdü. Atan da, mən də çarəsizlikdən ancaq göz yaşı tökürdük. Qonşumuzda səksən yaşında Məşədi Pikəxanım yaşayırdı. Bir səhər o bizə gəlib ki, burda oturub ağlamaqdan nə çıxar, mən gəlinlərimlə məscidə gedirəm. Əziz bayramdı, sən də gəl bizimlə. Orda dua edərik. Allahdan ümid kəsilməz. Beləcə məni güclə məscidə apardı. İçəri girdim, adam elə də çox deyildi. Gedib bir kənarda oturub, gözlərimi bir nöqtəyə zillədim. O qadın yenidən mənə yaxınlaşıb: “Dua et, sidq ürəkdən dua et! Allaha inanıb dua et!”- dedi. Mən biixtiyar dua etməyə başladım. Sonra evə gəldim. Yatdım, bir də gördüm nənən başımın üstündə dayanıb məni oyadır ki, bəs Tiflisdə bir həkim var. Onunla danışıblar, uşağı müayinə etmək istəyir. Biz də hazırlaşıb, ora getdik. Nə uzadım, iki kurs müalicədən sonra sən sağaldın. Əslində, bu Allahın hikməti idi.

- Ay ana, demək siz savadlı həkimin yanına getməmisiniz,-deyə ayağa qalxıram,- Nəysə, mən gedim hazırlaşım, işə getməliyəm.

Söhbətimiz uzun çəkdi.

Anam əl çəkmir:

- Yox, bala, gəzmədiyimiz xəstəxana qalmamışdı. Sən özün bilərsən. Mən sənə heç nə demirəm. Amma bayaq sən mənə dedin ki, görmədiyin varlığa dua edirsən. Qızım, Alllah gözəgörünməzdi. Ancaq ətrafına bir bax, hər nə görürsənsə, bil, bunu Allah yaradıb. Bu gözəllikləri ancaq o, yarada bilər. Yeri, göyü, insanları gördüyümüz hər nə varsa ona aiddir. Quranı bir dəfə oxu, onda Allahın var olduğuna və nələrə qadir olduğuna əmin olacaqsan. Dünyada nə qədər ateist var, bilirsənmi, onların əksəriyyəti qocalanda Allahın var olmasını təsdiqləyiblər. Allah- təalanı tanımayanlar, sonda ondan imdad diləyiblər.

Bir ayağımı qaçaq qoyub az qala anamın sözünü kəsirəm:

- Əzizim, mən bu kitabı iki dəfə oxumuşam.

Anam bu dəfə təkid eləmir:

- Allah hidayət etsin! Başqa nə deyim, ay qızım, bu boyunbağını da götür, sənə almışam. Bu gün sənin mövludundu.

Duyğusallığım tutur. Mənim anam belədi, diqqətli, heç nəyi unutmayan.

- Çox saq ol,anacan. Nə yaxşı ki, varsan.

- Hə, qızım, var edən Allaha şükür olsun! Bunun üçün hər gün Allaha minnətdar olmalıyıq. Mən gedim, qəzalarımı qılım.

Anam gedir. Boyunbağını gözdən keçirirəm. Çox incə işlənib. Ortasında medalyon var. Medalyona bu sözlər yazılıb: "Gəl, gəl... Nə olursan, ol, yenə gəl. İstər kafir ol, istər məcusi, istər puta tapan ol, yenə gəl... Bizim dərgahımız ümidsizlik dərgahı deyildir. Yüz kərə tövbəni pozmuş olsan da, yenə gəl! Hz.Mövlanə".

# 1833 dəfə oxunub

Müəllifin son yazıları

# # #