"Sehrbazlar dərəsi" tamaşasının məşqlərinə başlanıldı

"Sehrbazlar dərəsi"  tamaşasının məşqlərinə başlanıldı
26 sentyabr 2024
# 14:32

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb.

Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə, yaradıcılıq işlərinə başlanılan yeni səhnə əsəri Xalq yazıçısı Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı əsasında hazırlanan eyniadlı tamaşadır.

Akademik Milli Dram Teatrının Bədii rəhbəri, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə və Xalq yazıçısı, akademik Kamal Abdulla tamaşanın yaradıcı heyəti ilə görüşüb, yeni işdə kollektivə uğurlar arzu edib.

“Sehrbazlar dərəsi”nin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, rəssamı Gennadi Skaramoxov, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, səhnə hərəkəti və plastika üzrə mütəxəssisi Bəhruz Əhmədli, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Ceyran Başarandır.

Tamaşada Xalq artistləri Əli Nur, Kazım Abdullayev, əməkdar artistlər Füzuli Hüseynov, Rövşən Kərimduxt, Mətanət Atakişiyeva, Kazım Həsənquliyev, aktyorlar Elnur Qədirov, İlahə Həsənova və Tural İbrahimov çıxış edir.

İlk dəfə 2006-cı ildə Bakıda oxuculara təqdim olunan “Sehrbazlar dərəsi” romanı oxucuların və ədəbiyyat tənqidçilərinin böyük marağına səbəb olub. Mistik əhvalatların baş verdiyi əsər paralel dünyalar arasındakı ahəngdən, atası Cəlladbaşını axtaran Karvanbaşının taleyin hökmü ilə Sehrbazlar dərəsinə gəlib çıxmasından, burada ömr edən Ağ dərvişin və hər iki dünyada yaşayan Səyyah sehrbazın çağırdığı ruhla Karvanbaşının sonu faciəylə bitən sirli görüşündən bəhs edir.

“Sehrbazlar dərəsi” Türkiyədə, Rusiyada, Litvada, Qazaxıstanda, Fransada, Yaponiyada, İranda, ABŞ-da, İtaliyada, Rumıniyada və Almaniyada çap olunub, bu ölkələrdə böyük təqdimat mərasimi keçirilib.

Rejissor Bəhram Osmanov tamaşa haqqında bunları deyib:

"İnsan həqiqəti öyrənməyə çox can atır, çox tələsir. Amma unudur ki, bu yolun sonunda, mənzil başında onu fəlakət və bədbəxtlik də gözləyə bilər. Ümumiyyətlə, həqiqəti anlamaq istəyi nəyə gətirib çıxarır? İntiqam vacibdirmi? Biz bu suallara cavab axtarırıq".

# 1056 dəfə oxunub

Müəllifin son yazıları

# # #