Kulis.az sənətşünaslıq elmləri doktoru, professor İsrafil İsrafilovun "Rok in roll kralı Akademik Musiqili Teatrın səhnəsində" yazısını təqdim edir.
XX əsrin ortalarında, İkinci Dünya müharibəsindən sonra həmin müharibəyə cəlb edilmiş başqa ölkələr kimi ABŞ-nin siyasi-iqtisadi, ictimai-mədəni həyatında ciddi dəyişikliklər müşahidə edilirdi. Əslində, müharibənin fəal cinahlarını təmsil edən Almaniya, İtaliya, Yaponiya, Fransa, SSRİ, Polşa və Balkan ölkələri ilə müqayisədə ABŞ bir o qədər sarsıntı keçirməmişdi. Ən azı ona görə ki, həmin fəlakətlər gətirən müharibə ABŞ-nin ərazisindən minlərlə kilometr uzaqlarda, okeanın o biri sahillərində baş vermişdi.
Topların atıldığı üçün muzaların susduğu bayaqkı ölkələrdən fərqli olaraq ABŞ-də bəzi irili-xırdalı siyasi, iqtisadi, ictimai anlaşılmazlıqları nəzərə almasaq, hər şey qaydasında idi. Yəni J.P.Sartrın bir qəhrəmanının dediyi kimi, restoranlar, kazinolar tüstülü və içkili başlarla dolu, heç kəs heç nəyin hayında deyildi.
Mədəniyyət özünün bütün resurslarını işə salıb, az-çox xiffət çəkənləri ovundurmaqda, əyləndirməkdə idi. Teatr səhnələrində müxtəlif janrlarda tamaşalar göstərilir, kommersiya məqsədilə çalışan truppalarla əsl sənət naminə yaradıcılıq işi görən Devid Belasko, Alan Şnayder kimi sənətçilər arasındakı rəqabətin coşması ilə sanki canlılığını təsdiq edən Brodveyin teatr həyatı cəmiyyətin nəbzini tutmaqla ictimai sifarişin tələblərini ödəməkdə idi.

Bu dövrün Amerikasında kino nəhənginə çevrilən Hollivudun öz fəaliyyət ritmi diqqət çəkirdi. Burada “Gild”, “Qrup” teatrlarından çəkiliş meydanlarına üz tutan Elya Kazan, Con Barrimor və b. sənət adamları B.Şou, Y.O`Nil, A.Miller, T.Uilyams, O.Klifford kimi dramaturqların pyeslərinin ekran versiyalarını yaratmaqla ölkənin kino sənayesinə öz yaradıcılıq paylarını verirdilər. Bu, vəhşi qərb mövzuları da daxil olmaqla öz inkişaf yoluna üz tutan, rəngli, mürəkkəb süjetli filmlərin rəqabət ambisiyalarında A.Hiçkok kimi bəzilərini əməlli başlı çaşdıran usta sənətkarlar diqqət çəkirdi ki, onların içərisində ən parlaq və birmənalı qəbul edilən, sağlığında belə dahi hesab edilən Ç.Çaplin xüsusi mövqeyə malik idi.
ABŞ-nin mədəni həyatının ötən əsrdəki müvafiq dövründə Florenz Zeqfeldin özünəməxsus koloritli zənci folklorunun işləmələrlə süslənmiş səhnə təcəssümündə tamaşaçı üçün çoxcəhətli estetik maraq yaratmaq səyləri öz işini görürdü. Bu tamaşaların gözqamaşdırıcı əlvanlığı başqalarının rəqabət iddialarını puç edir, ABŞ səhnəsində yeni janrların yaranmasını labüdləşdirirdi. Yəni müxtəlif ifa təqdimatları ilə diqqət çəkən revyularla yanaşı, müzikl janrı addım-addım irəliləyir, tədricən tamaşaçı rəğbəti qazanmağa iddialı görünürdü. Zənci folklor sənəti ənənələrinin nümunəsi olan “minstrel” ilə “burlesk”in ahəngdar birləşdirilməsi ilə yaranan yeni janr törəməsi kimi müziklin ərsəyə gəlməsi özlüyündə sənət hadisəsi kimi əlamətdar idi. Amma bu da var ki, hər iki musiqili janr öz mahiyyəti, estetik təşəbbüsləri baxımından ciddi sənət nümunəsi kimi qəbul edilmirdi. Burada ən başlıca səbəb onların, xüsusilə müziklin kommersiya təbiəti, onun əsl sənət yaratmaq yox, qazanc əldə etmək niyyəti ilə bağlı idi.
ABŞ cəmiyyətində hər cür bayağılığa, çərçivələnmiş qaydalara stereotip düşüncələrin məhsulu olan sənətə qarşı gəncliyin etirazı get-gedə artmaqda olduğu bir zamanda ciddi musiqi, ədəbiyyat, təsviri sənət nümunələri ilə bərabər revyu, müzikl janrlarının aktual törəmələri meydana gəlirdi. Həmin janrların bilavasitə ifaçılarının fanatları əsasən gənclər idi və bu faktın özü ölkənin ictimai-mədəni həyatında tələb və təklifin konkret sənət ifadəsində özünü bariz göstərirdi.
Cəmiyyətin əyləncədən daha çox yüksək əyarlı sənət nümunələrinə meyli teatr səhnələri ilə bərabər, musiqi ifaçılığı sahəsini də əhatə edirdi və bu zaman skifflom, trad, blyuz, ritm ənd blyuz və rok-n-roll pərəstişkarları sosial sifarişin vətəndaş təmsilçiləri kimi yaradıcı insanlar qarşısında konkret tələblər qoyurdular.
Yeni, XXI əsrə adlamaqla sənət statusunu qoruyub saxlayan müzikl bir janr kimi çağdaş dövrün usta sənətkarlarını öz cazibəsində saxlayıb, dünyanın müxtəlif səhnələrinə yol tapa bilmişdir. Yəni ötən əsrin sənət tarixi vərəqlərində qalmayıb növbəti əsrdə də aktuallığı ilə seçilən müzikl onu ciddi janr kimi qəbul etməyə tələsməyən bütün skeptikləri inandırmışdır ki, o, oynaq janr olsa da, yüngül deyil və ona ehtiramla yanaşılmalıdır.
Məhz bu illərdə öz ifaları ilə istər kiçik auditoriya qarşısında, istərsə də geniş tamaşaçı kütləsinin diqqətini və rəğbətini cəlb edən ifaçılar içərisində bir gənc xüsusilə seçilirdi və bu, sonralar öz qeyri-adi ifa tərzi ilə kimsəyə bənzəməyən Elvis Presli idi.

O, yaraşıqlı görkəmi, səs tembri, ifaçı ədası ilə liverpullu gənclərin (“Bitls” qrupunu nəzərdə tuturam) şöhrətini kölgədə qoymağı bacarıb, milyonların sevimlisi olmuşdu. Söz yox ki, şöhrətin Olimpinə aparan bu yol asan və rahat deyildi. Onun dostluq etdiyi və həmin dövrün məşhur ifaçılarından olan Tom Consun xatırladığı kimi, həmin yolda tərəddüdlər də, büdrəmələr də, ilk baxışda qınaq hədəfi olmaq da var idi. Bu qeyri-adi istedad və tale sahibi olan Elvis Preslinin qəhrəman olduğu Akademik Musiqili Teatrın təqdim etdiyi “Sən kralsan” tamaşası bütün mənalarda aktual və maraqlı bir səhnə işidir.
Tamaşa salonunda işıqların sönməsi ilə orkestr uvertürasayağı musiqi ilə seyrçiləri gələcək hadisələrə hazırlayır. Bundan sonra təbii olaraq pərdə açılır və səhnənin mərkəzində əlində gitara, oturmuş vəziyyətdə bir gənc diqqət çəkir. Maraqlıdır ki, onun Elvis Presli olduğu həmin andaca bəlli olur və o, hazırkı vəziyyətilə tamaşaçıların gələcək hadisələrin başlıca fiquru olacağı ehtimallarını təsdiqlənmiş olur.
Tamaşanın quruluşçu rejissoru Ələkbər Tağızadə (o həm də librettonun müəllifidir) əsas etibarilə peşəkarlardan ibarət olan yaradıcı heyəti səfərbər etməklə kifayət qədər mürəkkəb bir musiqili səhnə əsərinin ərsəyə gəlməsinə nail olmuşdur. Bu tamaşada o, istedadlı bir şəxsin həm yaradıcılıq, həm də fərdi, özəl təbiətinin formalaşmasını, sənətçi və cəmiyyət, istedad və zaman kontekstində bədii ifadəsini nəzərdə tutan estetik məramını təqdim edir. Beləliklə, tamaşanın ekspozisiyasında onun maraqlı davamı olacağı haqda rejissorun verdiyi vədin təsirilə oyunu izləyirik.
Göründüyü kimi, aktual mövzunun musiqili teatrın bədii imkanlarını ehtiva edən estetikada təqdimatı söz yox ki, ciddi və məsuliyyətli niyyətdir. Burada təkcə səhnə təcrübəsi yox, yaradıcı heyətdən yüksək bədii-estetik zövq, dünyagörüş, hərtərəfli bilgilər tələb olunur ki, teatr sənətinin sinkretikliyini də əlavə etsək, uğurun, yaxud irili-xırdalı yaradıcılıq qüsurlarının səbəblərini aşkar etmək olar.
Bəlli həqiqətdir ki, istənilən tamaşanın ərsəyə gəlməsi rejissorun ideya-estetik niyyətinin yaranması, həmin təcəssüm işi ilə bağlı rəssamın, ifaçı aktyorların simasında həmfikirlərini öz ideyası ətrafında səfərbər etməsi ilə birbaşa bağlıdır. Bu baxımdan quruluşçu rejissor Ə.Tağızadə bütövlükdə uğurlu seçim etmişdir. Yəni mövzunun aktuallığına etibar edən rejissor rəssamla işində daha çox səhnə minimalizminə istinad etməklə ifaçı aktyor üçün əlverişli oyun meydanı yaratmağa nail olmuşdur. Amma bu da var ki, qeyd etdiyimiz həmin minimalizm passiv səhnə tərtibatı elementlərilə maraqlı görünsə də, ehtiyac hiss edilən mənalı səhnəqrafiya funksionallığı ilə seçilmir. Rəssamın tələb edilən estetik-tətbiqi ixtiraçılıq ustalığı çatışmadığı üçün, ya nədənsə rejissor niyyətinin daha ifadəli işlənməsinə fayda vermir, çünki burada rəssam tərəfindən tamaşanın ideya-bədii obrazı tapılmamışdır. Buna baxmayaraq, tamaşanın kompozisiya həllindəki rejissorun estetik tapıntıları onun tamaşaçı tərəfindən qavrayışını təmin edə bilir.
Müzikl janrında hazırlanmış “Sən kralsan” tamaşası istedadlı bir gəncin həyat və yaradıcılıq yolunu təqdim edir. Bu, bayaq qeyd etdiyimiz kimi, irili-xırdalı üzüntülər, həyəcanlar, tərəddüdlər və s. ilə dolu bir yoldur.
Ehtimal etmək olar ki, quruluşçu rejissor hələ libretto üzərində işlədiyi zaman qəhrəmanın müxtəlif hadisələrlə zəngin həyat yolunun yığcam şəkildə, bir-iki mərhələsini əsas götürməklə, səhnə intriqasını məhz həmin mərhələlər kontekstində qurmaqla çərçivəni müəyyən edib. Amma söz yox ki, E.Preslinin həyat macəraları tamaşada göstərilənlərdən daha dolğun, daha mürəkkəbdir.

Tamaşanın başlanğıc hadisəsi kimi uğursuzluq hissi ilə özünəinamı itirmiş gənc Preslinin çıxılmaz vəziyyəti verilir. Buradakı “təklif edilmiş şərait” aktyor üçün maraqlı oyun materialı olsa da, həmin rolun ifaçısı bunu dürüst mənimsəyib dəyərləndirə bilmədiyi üçün, yaxud hansısa başqa səbəbdən tamaşaçı ilə ilk görüşdə çarəsiz duruma düşür. Onun Merilin, yaxud Stiv ilə olan səhnələri də ifa baxımdan estetik enerjidən məhrumdur. Sonrakı – anası ilə ilk görüşü səhnəsində də o özünü toplaya bilmir, əməl xəttini tam şəkildə realizə etməkdə açıq-aşkar çətinlik çəkir. Odur ki, əsas qəhrəmanının səbatsız oyunu nə az, nə çox rejissor niyyətinin başlıca hədəfi olan seyrçinin estetik qavrayışına təsirini zəiflədir.
Maraqlıdır ki, Preslinin anasının rolunu ifa edən aktrisanın tərəf müqabil kimi səyləri də onların qarşılıqlı münasibətlərinin ahəngdarlığına əhəmiyyətli təsir göstərmir. Yeri gəlmişkən, aktrisa Olqa Georgiyevanın oyunu öz peşəkar ifa səviyyəsi ilə kifayət qədər uğurludur. Aktrisa istər dramatik səhnələrin, istər vokal partiyaların ifasında quruluşçu rejissorun onun qarşısında qoyduğu yaradıcılıq məqsədlərini ustalıqla yerinə yetirir.
Eyni sözləri Mayor Braun rolunun ifaçısı Leonid Klets haqqında da söyləmək olar. Səhnəyə ilk gəlişində bir qədər adi, sıradan bir ifaçı təsiri bağışlayan aktyor tamaşanın sonrakı səhnələrində öz səhnə obrazının mürəkkəb xüsusiyyətlərini açır, tamaşanın novellavari süjet döngələrində rolunun bədii inkişaf dialektikasını yığcam, amma mənalı üslubda təqdim edir, oyunun əməl xəttini məntiq və ardıcıllıqla əsaslandırır. Rejissorun estetik məramının ali məqsədin səhnə realizəsinə xidmət edən yozum prinsiplərini fərdi oyun tərzində təqdim edən aktyor obrazın başlıca xarakterik cizgilərini, ilk baxışda soyuq məntiqini, təmkinli ədalarını ustalıqla çatdırır.
“Səs” adı ilə tamaşanın ədəbi-bədii strukturunda yer alan obrazın az qala mistik mahiyyətinə uyğun səhnə oyunu ilə yadda qalan aktyor Mübariz Nağıyevin ifa tərzi, vokal imkanlarının yerli-yerində istifadəsi onun səhnə qəhrəmanına tamaşaçı təəssüratında xüsusi rəğbət qazandırır.
Başqa obrazların, o cümlədən Merilin (Aydan Həsənova), Stiv (Sübhan Rüstəmov) rollarının səhnə ifasında uğurlu cəhətlər, məqamlar olsa da, bütövlükdə onlara ayrılan mövqedən, yaxud tamaşanın ümumi estetik ovqatından asılı olaraq kifayət qədər təsir enerjisi ilə görünə bilmirlər.
Qəribədir ki, “Sən kralsan” tamaşası janr etibarilə müzikl kimi müəyyən edilsə də, klassik müzikl nümunəsi təsiri bağışlamır. Burada çoxsaylı musiqi parçaları, vokalizlər, rəqslər, plastika, improvizələr yer alsa da, bəzi hallarda onların ifaları ustalıq və məharət baxımdan qüsurlu olub, tamaşanın bədii bütövlüyünə xələl gətirir. Bunu da əlavə edək ki, bəhs etdiyimiz tamaşanın musiqi partiturası ilə rejissor partiturası sanki biri-digərinə uyuşmur, nəticədə estetik qavrayışı əngəlləyir. Elə təəssürat yaranır ki, istedadına, dünyagörüşünə, estetik zövqünə, teatr bilgilərinə bələd olduğum quruluşçu rejissor Ə.Tağızadə yaradıcı heyəti öz fərdi sənət məramına yönəltməkdə çətinlik çəkmişdir. Belə ki, truppanın ifasında tərəf müqabillə oyun, niyyətin əsaslandırılması, mətnin vurğulanması və s. qəbildən olan əlifba həqiqətlərinə bəzi ifaçılar tərəfindən əhəmiyyət verilmir. Bir sıra səhnələrdə fraqmentarlıq səbəbindən aktyor oyununun konkret məqsədləri bəlli olmur.

Tamaşadakı rejissor fikrinin konseptual səhnə həllində, o cümlədən ifaçılıq məsələlərində diqqət çəkən qüsurların aradan qaldırılması onun repertuardakı yerini müəyyən etməsi üçün olduqca vacibdir. Çünki hazırkı halında konsepsiya natamam olduğu üçün hadisələr xətti qırılır, aktyorların səhnə mizanları onların sadəcə fiziki yerdəyişməsi kimi qavranılır. Səhnə mizanları “təklif edilmiş şəraitin” məntiqindən doğmadığı, bəzi ifaçılar tərəfindən ustalıqla ifa edilmədiyi üçün “danışan mizanlar”a çevrilmir və nəticədə rejissorun nəzərdə tutduğu ideya-bədii məram öz estetik mənasını tam şəkildə realizə edə bilmir.
Akademik Musiqili Teatrın bu mövzudakı tamaşanın öz repertuarına daxil etməsini sıradan bir fakt hesab etmək olmaz, çünki teatr öz repertuar siyasətinə kifayət qədər həssaslıq və tələbkarlıqla yanaşır. Bu zaman teatrın başlıca istinad meyarı aktuallıq, ideya-estetik məzmun, professionallıq olduğu anlaşılır. Odur ki, ötən əsrin musiqi ifaçılığı sahəsində yaradıcılıq Olimpinə yüksəlmiş, müəyyən mənada milyonların sevimlisinə çevrilib əfsanələşmiş bir sənətçinin səhnə taleyini əks etdirən bir tamaşanın hazırlanması ideyasının özü teatrın ən ciddi məramından xəbər verir.
Əvvəldə qeyd etdiyimiz kimi, teatrın əsər seçimi, başda quruluşçu rejissor və libretto müəllifi Ələkbər Tağızadə olmaqla yaradıcı heyətin seçilməsi də həmin ciddi məramın konkret bədii səhnə realizəsinə olan ümidlərlə birbaşa bağlıdır.
Ədalət xatirinə, sözü gedən tamaşanın kifayət qədər uğurlu səhnələri, ifa nümunələri ilə zəngin parçaları da qeyd edilməlidir. Yəni rejissor yozumunun uğurlu cəhətlərinin, yaradıcı heyətin ayrı-ayrılıqda vokal məharəti, ifadəli plastika ustalığı da ayrıca təqdir edilə bilər. Burada bədiilik, biçimli estetik zövq diqqət çəkir, bir qisim ifaçıların səhnə məlahəti, uğurlu oyun tərzi tamamilə haqlı olaraq tamaşaçı alqışları ilə dəyərləndirilir.
Bir küll halında götürsək, demək lazımdır ki, “Sən kralsan” tamaşası Akademik Musiqili Teatrın repertuarı üçün müəyyən əhəmiyyət kəsb edir. Amma tamaşanın istər ədəbi mətni, istərsə də bədii oyun prinsipləri üzərində yaradıcı rekonstruksiya aparılmasını vacib hesab edib, bunun konkret səmərəsinə inanmaqla bərabər, bütövlükdə onun repertuardakı yaradıcılıq ömrünü artıracağı şübhəsizdir.