Vilayət Quliyev: "Heydər Əliyev Xameneinin sözlərinə əsəbiləşib dedi ki, a kişi..." - "TARİXİ ŞƏXSİYYƏT" layihəsi

Vilayət Quliyev:  "Heydər Əliyev Xameneinin sözlərinə əsəbiləşib dedi ki, a kişi..." - "TARİXİ ŞƏXSİYYƏT" layihəsi
6 mart 2026
# 10:00

Kulis.az "Tarixi Şəxsiyyət" layihəsinə başlayır. Bu layihədə Xalq yazıçısı Elmira Axundovanın tanınmış ziyalılarımız və dövlət adamları ilə Ulu Öndər, Ümumilli Lider Heydər Əliyev haqqında edilmiş söhbətlər, müsahibələr yayımlanacaq. Fərqli illərdə alınmış bu müsahibələr Elmira Axundovanın "Sizin aranızda ən böyük dissident mən idim" kitabında dərc olunmuşdur.

Müqəddimə.

Əziz oxucu, bu kitabın ilk səhifəsini açmazdan əvvəl Sizə bir neçə kəlmə demək istəyirəm. Bizim Ümumilli liderimiz – Heydər Əlirza oğlu Əliyev – barədə çox kitablar, monoqrafiyalar, elmi araşdırmalar işıq üzü görüb. Bu baxımdan 2023-cü il – Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ili çox məhsuldar oldu.

Amma oxuyacağınıza ümid etdiyim bu kitab unikaldır. Əvvəla, o, böyük liderin həm sovet dövründə, həm də müstəqillik zamanında yaradıcı ziyalılarla münasibətləri kimi az tədqiq olunmuş mövzuya həsr olunub. İkincisi, kitabda Heydər Əliyevlə şəxsən tanış olmuş, onunla ünsiyyət saxlamış, yaradıcılıqları prezident tərəfindən yüksək qiymətləndirilmiş, dövlət mükafatlarına layiq görülmüş ədəbiyyat və mədəniyyət xadimlərinin səsləri sanki qulaqlarımızda canlı səslənir. Bu söhbətlərin əksəriyyəti eksklüzivdir – nə Elçin, nə Şəfiqə Məmmədova, nə Rasim Balayev, nə Tahir Salahov və başqaları mətbuat təmsilçilərinə bu cür müsahibələr veriblər. Hesab edirəm ki, bu söhbətlərdə təkcə Heydər Əliyevin obrazı, yaxud bu və ya digər cəhəti deyil, elə müsahiblərin özləri də oxucu üçün bəzən gözlənilməz, naməlum tərəflərdən açılır. Onlar müəlliflə çox canlı, səmimi, bəzən çox məhrəm dialoq aparır, təkcə müsahibənin qəhrəmanı barədə deyil, həm də öz həyatları haqda danışırlar və quru rəsmiyyətdən uzaq söhbətlər oxucu ictimaiyyətində şəksiz maraq doğurur. Müsahibələrdən bəziləri saytlarda dərc olunub və çox geniş auditoriya toplayıb. Bundan başqa, təəssüf ki, müsahiblərimdən bəziləri indi həyatda deyillər, bu da bizim söhbətlərimizə xüsusi dəyər qazandırır…

Kulis.az Elmira Axundovanın Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, yazıçı, tərcüməçi Vilayət Quliyevlə müsahibəsini təqdim edir.

Elmira Axundova:Vilayət, sənin qismətinə 1990-cı illərin sonu, 2000-ci illərin əvvəlində xarici işlər naziri kimi böyük Heydər Əliyevlə birlikdə işləmək düşüb. Bəs onu ilk dəfə harada, nə vaxt görmüşdün?

Vilayət Quliyev: ‒ Böyük insanı həyatda ilk dəfə 1970-ci ildə, Universitetin 50 illik yubileyində görmüşdüm. Rəsmi hissədən sonra foyedə müəllim və tələbələr Azərbaycan KP MK-nin birinci katibinin başına toplaşmışdılar. Bilmirəm, necə alınmışdısa, o zaman mən – arıq, qarayanız, qıvrımsaç birinci kurs tələbəsi, Heydər Əliyevə lap yaxın dayanmışdım. Hətta deyəsən, arada çiyinlərinə də toxunmuşdum. Əgər həqiqətən belə olmuşdusa, bu çox simvolik idi. Çünki üstündən otuz il keçəndən sonra mənə bu böyük insanla həqiqətən çiyin-çiyinə dayanmaq, rəhbərliyi altında işləmək və dörd il ərzində bütöv bir həyat məktəbi keçmək müyəssər oldu. Və təbii ki, bunu taleyin ən böyük töhfəsi sayıram.

E.A. ‒ Heydər Əliyevlə ilk canlı ünsiyyətdən aldığın təəssüratla bağlı eşitmək istərdim. Bəs bu nə vaxt, harada, necə olmuşdu?

V.Q. ‒ Heydər Əliyevlə ilk canlı ünsiyyətim 1992-ci il sentyabrın 27-də Naxçıvanda olub. Tarixi dəqiq xatırlayıram, çünki bu görüş həyatımda çox diqqətəlayiq hadisə idi. O zaman böhranlı vəziyyətdən narahat olan, çıxış yolunu təcrübəli liderin hakimiyyətə qayıtmasında görən ziyalılar, ağsaqqallar, ictimai xadimlər Naxçıvana, Heydər Əliyevin görüşünə gedir, ondan kömək, məsləhət istəyirdilər. Təəssüflənməli də olsam, mənim səfərim belə missiya daşımırdı.

1992-ci ilin aprelində Ərzurum Atatürk Universiteti ilə müqavilə imzalamışdım. Bir il bu ali məktəbdə Azərbaycan dili və ədəbiyyatını tədris edəcəkdim. Dərslər oktyabrın 1-də başlayırdı. Ərzuruma quru yolla, Naxçıvandan getməyi qərara aldım. Həmin dövrdə Heydər Əliyevin təşəbbüsü ilə tikilən «Ümid körpüsü»nün inşası başa çatdırılmış, TC Cümhurbaşkanı Süleyman Dəmirəlin iştirakı ilə təntənəli açılış mərasimi keçirilmişdi. Körpü sayəsində Naxçıvandan Ərzuruma getmək daha asan olmuşdu. Qısa və ucuzluğuna görə mən də həmin yolu seçmişdim.

«Ümid körpüsündən» keçmək üçün nəzarət-buraxılış məntəqəsində 3000 rus rublu ödəmək lazım idi. Kiçik məbləğ deyildi. Lakin ezamiyyətə gedənlər üçün istisnaya yol verilmişdi. Onlar ödənişdən azad edilmişdilər. Elmlər Akademiyasından ezamiyyətlə bağlı məktub almışdım. Qaydaya görə, Naxçıvan rəhbərliyinin məktubun üzərində dərkənar qoyması tələb olunurdu.

Aeroportda məni qarşılayan aspirantlıq illərinin dostu, indi AMEA-nın prezidenti İsa Həbibbəyli ilə birlikdə Nazirlər Sovetinə getdik. Baş nazir Ş. Xanbabayev İranda imiş. Müavinlər isə səlahiyyətləri olmadığından imza atmaqdan boyun qaçırdılar.

İşi belə görən İsa Həbibbəyli: «Gəl Ali Məclisə, Heydər Əliyevin yanına gedək», ‒ dedi. Əfsanəvi liderlə görüşmək nə qədər maraqlı olsa da, dərhal etirazımı bildirdim: «Nə danışırsan, o boyda insanı belə xırda işə görə narahat etmək yersiz çıxar», ‒ dedim. Amma İsa müəllim təkid etməyə başladı.

Qəbula düşəcəyimizə ümidim az olsa da, Heydər Əliyevlə görüşüb bir neçə kəlmə danışmaq istəyi tərəddüdlərimə üstün gəldi. Amma köməkçi məlumat verəndən üç-dörd dəqiqə sonra bizi kabinetə çağırdılar. Heydər Əliyev iş masasının arxasında, ayaq üstə dayanmışdı. Salamımızı alıb əl görüşdü, oturmağa yer göstərdi. İlk dəqiqələrdən cəlbedici şəxsiyyətinin cazibəsinə, sehrinə düşdüyümü hiss etdim.
Heydər Əliyevlə hətta bir neçə dəqiqəlik ünsiyyətdə olanlar da onun dərhal inam və etimad aurası yaratdığını təsdiq edə bilərlər. Məhz belə xoş ovqat nəticəsində liderlə uzun illərin tanışı kimi çəkinmədən, səmimiyyətlə söhbət edə bilirdin.

İçəri girəndə görüşümüzün çox qısa çəkəcəyini düşünürdüm. Fikirləşirdim ki, ayaqüstü sözümüzü deyib müəyyən bir cavab alacaqdıq və audiensiya başa çatacaq. Amma Heydər Əliyev bizə yer göstərdi. Oturduq və bu minvalla Ali Məclis sədrinin kabinetində iki saatdan çox qaldıq. Vaxtın necə keçdiyi isə əsla hiss olunmadı.

Təbii ki, Heydər Əliyev Naxçıvanda yaşasa da, ölkədə cərəyan edən hadisələr haqda geniş məlumata malik idi. Amma bəzi məsələlərlə bağlı bizim də fikrimizlə maraqlandı. Hətta imzamı tanıdığını da öyrəndim. Əgər qəbul otağında gözləsəydik, bu məlumatı indi aldığını düşünmək olardı. Gəlişimizlə içəri girməyimizin arası isə cəmisi bir neçə dəqiqə çəkdiyindən belə düşünməyə əsas yox idi.
Heydər Əliyev gördüyü işlərdən, üzləşdiyi çətinliklərdən danışdıqca məni bura gətirən məqsədin kiçiklik və merkantilliyindən xəcalət çəkirdim. Ona görə də fürsət tapıb İsa müəllimə körpü məsələsini açıb-ağartmamağı çatdırmağa çalışırdım. Ancaq Heydər Əliyevin nüfuzedici baxışları altında bunu etmək imkansızdı.

Arada zəng elədilər. Deyəsən, cəbhədəki vəziyyətlə bağlı məlumat verirdilər. O, diqqətlə qulaq asır, qarşısındakı bloknotda qeydlər edirdi. Fürsət yarandığını görüb İsa müəllimin ayağına toxundum, «Körpü məsələsi barədə danışmayaq» – deyə pıçıldadım.

Amma ani hərəkətliliyimiz Heydər Əliyevin nəzərlərindən yayınmayıbmış. Söhbətini qurtarandan sonra üzünü bizə tutub xəfif təbəssümlə:

‒ Orada nə pıçıldaşırdınız? Yəqin, nə isə bir xahişiniz var. Çəkinməyin, deyin!

Artıq istəsək də, gizlətmək mümkün deyildi. İsa müəllim gəlişimizin səbəbini qısaca izah etdi. Heydər Əliyev kimi isə çağırıb göstəriş verdi.

O axşam İsanın mənzilində gecəyarısına qədər taleyimizə düşən qeyri-adi görüşdən, Azərbaycan xalqının tarixində Heydər Əliyev fenomenindən, üzləşdiyimiz həssas və insani münasibətdən xeyli danışdıq. Artıq Ərzurumdan təəssüratımı yazıb «Aydınlıq» qəzetinə göndərdim. Amma o qarışıq vaxtda nədənsə çap edilmədi.

Sual Heydər Əliyevlə ilk görüş və ünsiyyət haqda idi. Çərçivədən kənara çıxıb ikinci görüş barəsində də qısaca danışmaq istəyirəm.

1994-cü ilin yanvarında dövlət başçısının qardaş Türkiyəyə ilk rəsmi səfəri hazırlanırdı. O vaxt AXC hakimiyyətinin bəzi nümayəndələri burada qızğın «fəaliyyət göstərir», ara qarışdırmağa çalışırdılar. Gizli deyil ki, onların təsiri ilə qardaş ölkənin bəzi dairələri, xüsusən müxalif dairələr Heydər Əliyevi Azərbaycanın müstəqilliyinin qarantı olan milli ruhlu dövlət başçısından çox keçmiş «Politbüro üzvü» və KQB generalı, bir sözlə «Moskvanın adamı» kimi qələmə verməyə meyilli idilər.

Türk mediası ilə işləmək, yanlış təsəvvürləri dağıtmaq məqsədilə səfərqabağı bir qrup ziyalının Ankara və İstanbula ezam olunması qərara alınmışdı.

Yola düşməzdən bir gün əvvəl Prezident bizi qəbul etdi. Adlarımızı soruşub bloknota qeyd edirdi. Növbə mənə çatanda diqqətlə baxıb başını tərpətdi.

‒ Sizi tanıyıram, ‒ dedi. ‒ Ziyalı kimi ictimai fəallığınız xoşuma gəlir. Səhv eləmirəmsə, Naxçıvanda da yanıma gəlmişdiniz.
‒ Bəli, cənab Prezident, ‒ dedim. ‒ 1992-ci il sentyabrın 27-də Ali Məclisdə görüşmüşdük. Çox əlamətdar hadisə olduğundan gününü dəqiq xatırlayıram.
‒ Deyəsən, Ərzurum Universitetində işləməyə gedirdiniz? – deyə soruşdu.
‒ Bəli, cənab Prezident. İl yarıma qədər orada çalışdım. Həm də tək dərs deməklə kifayətlənmədim. «Türk ədəbiyyatları» seriyasından 4 cildlik «Azərbaycan ədəbiyyatı antologiya-ensiklopediyası»nın üç cildinin hazırlanmasında iştirak etdim. İcazənizlə, onları Sizin kitabxananıza hədiyyə etmək istərdim.

Prezident kitabları vərəqləyib baxdı. Sonra, yəqin ki, məndən başqa heç kəsin sezə bilmədiyi xəfif təbəssümlə:
‒ Görüşməyimiz yadımdadır, ‒ dedi. ‒ Deyəsən, bir körpü məsələsi də vardı...
‒ Bəli, cənab Prezident.

Mənasını ikimizin başa düşdüyümüz qısa dialoq Prezidentin fenomenal yaddaşı ilə bir sırada incə yumor hissindən, xeyirxahlığından xəbər verirdi.

Onun sifətindəki işıqlı təbəssümü görüb mən də gülümsədim.

E.A. ‒ Vilayət, hər ikimiz ədəbiyyat adamı olduğumuzdan səninlə Heydər Əliyevin yazıçılara səmimi münasibətindən, bütünlükdə ədəbiyyat və incəsənətə olan bağlılığından, məhəbbətindən danışmaq istərdim. İnanılmaz görünsə də, faktdır: MK-nın birinci katibi, sonralar isə Prezident işlərinin çox olmasına baxmayaraq, yazıçıların, bəstəkarların, rəssamların, teatr xadimlərinin bütün qurultaylarında iştirak edirdi. Həm də sadəcə rəyasət heyətində oturmurdu. Nitq söyləyirdi, müzakirələrdə çıxış edirdi, suallara cavab verirdi. Necə düşünürsən, ədəbiyyat və incəsənətə bu qeyri-adi bağlılıq nədən qaynaqlanırdı?

V.Q. – Sualın mənə Prezidentin yazıçıların X qurultayındakı çıxışını xatırlatdı: «Mən çox sevinirəm və çox xoşbəxtəm ki, ilk dəfə Azərbaycan yazıçılarının qurultayında 27 il bundan əvvəl nitq söyləmişəm. O qurultayın iştirakçısı olmuşam və ondan sonrakı qurultaylarda da daim iştirak etmişəm və yazıçılarımızla, şairlərimizlə, mədəniyyət xadimləri ilə bir yerdə olmuşam. Bu gün də sizinlə bir yerdəyəm. Bunun da səbəbi var. Birincisi, şəxsən mən ədəbiyyatı çox sevən adamam və gənc vaxtlarımdan, hətta uşaqlıqdan, məktəbdə ilk ədəbiyyat nümunələrini oxuyandan ədəbiyyatı sevmişəm. Bu gün sizə deyə bilərəm ki, şəxsən mənim bir insan kimi formalaşmağımda, təhsilimdə, əxlaqımda, mənəviyyatımda ədəbiyyatın, mədəniyyətin çox böyük rolu olmuşdur. Mən orta məktəbdə oxuyarkən Azərbaycan şairlərinin, yazıçılarının bütün əsərlərinin sevə-sevə oxumuşdum, onları bu gün də unutmamışam. Bəlkə, bəzilərini ondan sonra oxumamışam. Ancaq uşaqlıq, gənclik illərində onlar mənə elə təsir edib ki, onları unutmamışam. Bu «oxumuşam», «unutmamışam» sözləri sadə bir fikir deyil. Yəni onlar mənə təsir edib, mən onlardan bəhrələnmişəm, mənəvi qida almışam, ədəbiyyatla, mədəniyyətlə daim bağlı olmuşam. Mən 1971-ci ildə Azərbaycan yazıçılarının qurultayında ilk dəfə Azərbaycanın rəhbəri kimi iştirak edirdimsə, ondan əvvəlki qurultaylarda da kənarda olmamışdım. O zaman mən Azərbaycanın rəhbəri deyildim, başqa vəzifə tuturdum. Ancaq yazıçıların qurultayını daim izləyirdim və imkan olanda gəlib dinləyirdim. Mən hər dəfə yazıçılarımızın görüşlərinə gedirdim, bunu özüm üçün böyük bir hadisə hesab edirdim».

Mənə elə gəlir ki, Heydər Əliyev miqyaslı liderlər arasında ədəbiyyata bu qədər ürəkdən bağlı olan, yazıçılarla ünsiyyəti «böyük hadisə» sayan, bu haqda belə səmimi danışa bilən ikinci dövlət başçısına rast gəlmək qeyri-mümkündür. Bunu yalnız xalqının dilinə, ədəbiyyatına dərin, qırılmaz tellərlə bağlı olan bir lider edə bilərdi.

Yazıçılar Birliyinin X qurultayı (1997) zamanı iş vaxtının demək olar ki, 3 gününü qələm adamları ilə ünsiyyətə, onların fikirlərini dinləməyə, problemlərini çözməyə sərf etdi. Yaşlı və gənc yazıçılarla ayrılıqda görüşdü. Qurultayda əvvəldən axıra qədər iştirak etdi. Həm də bu üç günə çox mənalı şəkildə «Azərbaycanda Azərbaycan ədəbiyyatı günləri» adını verdi. XX əsrin son rübündə ədəbiyyatımızın keçdiyi böyük inkişaf yolu, klassiklərin tədqiqi, nəşri və təbliği, sənət adamlarımızın əməyinin, uğurlarının öz qiymətini alması ilk növbədə ölkə rəhbərinin adı, yorulmaz fəaliyyəti və böyük nüfuzu ilə bağlı idi. Nizami Gəncəvi, Nəsimi, Füzuli, Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Cəfər Cabbarlı, Hüseyn Cavid kimi klassiklərimiz də Heydər Əliyevin qədirbilənliyi sayəsində geniş təbliğ edildilər – külliyyatları çap olundu, ev-muzeyləri yaradıldı, abidələri ucaldıldı, əsərləri xarici dillərə çevrilib geniş yayıldı. Mübaliğəsiz demək olar ki, yaradıcı ziyalılar həm gündəlik həyatda, həm də ədəbi işlə bağlı məsələlərdə daim ölkə başçısının böyük diqqəti ilə əhatə olunmuşdular.

E.A. ‒ Elədir. Eyni zamanda böyük sənətkarımız Tahir Salahovun mənə danışdığı kimi, Heydər Əliyev heç vaxt ziyalıları öz tərəfinə çəkmək, yalnız başlarını sığallamaqla məşğul olmurdu. Meydana çıxan məsələlərin mahiyyyətinə varırdı, həll yollarını göstərməyə çalışırdı. Yazıçı və şairləri xalqın taleyi, sözün cəmiyyətdəki rolu ilə bağlı prinsipial, tələbkar olmağa çağırırdı. Yazıçıların VII qurultayı yadındadır? Füzulinin məzarı ilə bağlı ədəbiyyat «generallarına» necə dərs verdiyini xatırlayırsan?

V.Q. ‒ Üstündən illər keçsə də, o səhnəni unutmaq mümkündürmü? İndiki Şəhriyar adına sarayda gedən söhbətlər böyük sensasiyaya və ibrət dərsinə çevrildi. Yeri gəlmişkən, indiki nəslin də yaxın ədəbi keçmişimizin ibrətamiz hadisəsindən məlumat alması yerinə düşərdi. Heydər Əliyevi ədəbi mühitdə ilk dəfə o zaman dinləmişdim. Ədəbiyyat İnstitutunun aspirantı idim. Hələ İttifaq üzvü deyildim, amma dəvətnamə tapıb qurultaya getmişdim. Bakıda o vaxt hər kəsin heysiyyət və milli hisslərini təhqir edən şayiə dolaşırdı. Söhbət Kərbəlada dəfn olunmuş dahi Füzulinin məzarına hörmətsizlikdən gedirdi. Bir aydınlıq gətirən də yox idi. İndi düşünürəm ki, məgər şayiənin gerçəkliyini SSRİ-nin həmin ölkədəki səfirliyi, yaxud məşhur DTK vasitəsi ilə dəqiqləşdirmək mümkün deyildimi?

Doğrusu, bilmirəm. Amma çayxanalardan tutmuş elmi idarə və yaradıcılıq təşkilatlarına qədər hər yerdə danışırdılar ki, guya magistral yol çəkilişi zamanı şairin İmam Hüseyn ziyarətgahı yaxınlığındakı məzarı dağıdılıb, cənazəsinin qalıqları isə hansısa məscidin zirzəmisinə atılıb. Yazıçı və şairlər deyirdilər ki, bu barbarlıq aktına laqeyd yanaşmaq olmaz. Hökumət gərək tədbir görsün. Gərək İraq rəhbərliyinə sərt etiraz bildirilsin. Böyük şairin nəşi Azərbaycana gətirilib vətənində təntənəli şəkildə dəfn olunsun və s. və i.a. Mövzu qurultayda da diqqətdən kənarda qalmadı.

Çıxış edən tanınmış yazıçı və şairlərdən Mirzə İbrahimov, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, əslində, səhih məlumata malik olmadıqları məsələdən çox əsəbi şəkildə bəhs edib birinci katibdən kömək istədilər. Sonuncu natiq danışanda, deyəsən, Heydər Əliyevin hövsələsi lap tükəndi. Bəxtiyar müəllimin sözünü kəsib:
– Şairsiniz, alimsiniz, professorsunuz, ‒ dedi. – Təzəlikcə sizi Akademiyanın müxbir üzvlüyünə də seçmişik. Hər yerdə tanınırsınız. Gərək birinci katibdən kömək istəməmiş düşünəydiniz: mən özüm nə iş görmüşəm? Hara, hansı beynəlxalq təşkilata müraciət etmişəm? Kimə məktub yazmışam, teleqram vurmuşam? Siz, Mirzə İbrahimov, Asiya və Afrika Ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədrisiniz. Tez-tez dünyanın müxtəlif ölkələrində, yığıncaq və konfranslarda olursunuz, böyük auditoriyalarda çıxış edirsiniz. Nə zaman dünyanın diqqətini indi danışdığınız vandalizm aktına yönəltdiniz, tanınmış yazıçı və şairləri köməyə çağırdınız? Niyə İraq prezidentinə, alimlərə, mədəniyyət xadimlərinə birbaşa müraciət etmədiniz? Siz, Süleyman Rüstəm! Böyük vəzifəniz var. Ali Sovetin sədrisiniz. Niyə etiraz notası göndərmədiniz, xalqın səsini çatdırmadınız? Yazıçılar İttifaqı ilə İraq konsulluğunun arası 500 addımdır. Nə vaxt konsulun yanına getdiniz, yaxasından yapışıb cavab istədiniz? Olmaya, qorxdunuz? Qorxmayın, Heydər Əliyev sizi hər vəziyyətdə müdafiə eləməyə hazırdır. Amma siz də, əzizlərim, başa düşün: hər şey birinci katibdən asılı deyil. Hər şeyi partiya, hökumət həll etmir. Elə məsələlər var ki, onu yazıçılar, alimlər, mədəniyyət xadimləri – bir sözlə, ictimaiyyət, xalq qaldırmalıdır. Füzulinin sovet pasportu yoxdur ki, gedim İraq rəhbərliyinin yaxasından yapışıb deyim ki, niyə onun ruhuna hörmətsizlik edirsən? Qonşulara baxın, ermənilərdən nümunə götürün. Livanda ara qarışan kimi soydaşlarının müdafiəsinə qalxdılar. SSRİ rəhbərliyini, dünyanı ayağa qaldırdılar. Nəticədə istədiklərinə çatdılar. Bəs siz burada danışmaqdan, məndən kömək istəməkdən başqa nə iş görübsünüz?

Təbii ki, mən yarım saatlıq məntiqli, kəskin, yanğı dolu monoloqun sadəcə ümumi ab-havasını yaratmağa çalışdım. Yadımdadır ki, keçmiş SSRİ Yazıçılar İttifaqının katibi, köhnə bakılı Oleq Şestinski qurultayda iştirak edirdi. Deyəsən, rəyasət heyətində oturanlardan kimsə söhbətin nədən getdiyini izah edirdi. Çünki Heydər Əliyev sözünü qurtaranda Şestinski yerindən sıçrayıb var gücü ilə əl çalmağa başladı. Ardınca bütün salon ayağa qalxdı.

E.A. – Bildiyim qədər Heydər Əliyev o vaxt yazıçılara vətəndaş mövqeyi dərsi keçsə də, tezliklə özü məsələyə müdaxilə etmişdi. Sonralar Elmira Əmrahqızına müsahibədə həmin prosesi belə xatırlamışdı: «Hadisə mənə çox pis təsir etdi. SSRİ Xarici İşlər Nazirliyinin köməyi ilə məsələni gündəliyə çıxardım. Lazımi yerlərə məktublar göndərdik. Amma cavab almadıq. Süleyman Rüstəmi, Mirzə İbrahimovu, Rəsul Rzanı, Nəbi Xəzrini yanıma çağırdım. Xahiş etdim ki, bu işlə yaxından məşğul olsunlar. O zaman Bakıda İraq konsulluğu da fəaliyyətə başlamışdı. Bizə dedilər ki, məsələni dövlət səviyyəsində həlli çətindir. Amma yenə də İraq prezidenti Həsən əl-Bəkrə məktubla müraciət etdik. Sonra regionda İran – İraq müharibəsi başlandı. Vəziyyət çətinləşdi. Bütün səylərimizə baxmayaraq, Füzulinin cənazəsini Azərbaycana gətirmək mümkün olmadı».

V.Q. ‒ Bəli, bu sətirlərdə həqiqi Heydər Əliyevi görmək mümkündür. O, başladığı heç bir işi yarımçıq qoymurdu. Bilmirəm, bəlkə də, yazıçıların VII qurultayındakı məşhur çıxışının təsiri altında sonralar Heydər Əliyevin klassik və müasir sənətkarlara münasibətini öyrənməyə başladım. Zəngin irsində, fəaliyyətində ədəbiyyat və mədəniyyət məsələlərinin araşdırılması ilə məşğul oldum. Və dövlət başçısının Sovet dövrü ilə müqayisədə müstəqillik illərində ziyalılarla ünsiyyətə daha çox diqqət yetirdiyini gördüm. Bu da Heydər Əliyev üçün ədəbiyyat adamlarına, bütünlükdə mədəniyyətə maraq və qayğının hansısa direktivlərin icrası ilə bağlı olmadığını, öz təbiətindən, xarakterindən irəli gəldiyini göstərir.

1997-ci ildə ədəbi-mədəni tədbirlər, sənət adamları ilə görüşlərdəki çıxış və məruzələri, mətbuata müsahibələri əsasında tərtib etdiyim 500 səhifəlik «Ədəbiyyatın yüksək borcu və amalı» kitabı Milli Məclisin üzvü, ağsaqqal dostum Fəttah Heydərovun müqəddiməsi ilə çapdan çıxmışdı. Aradan bir neçə il keçəndən sonra, artıq nazir kimi işlədiyim dövrdə bir dəfə bu toplu haqda söhbət düşdü. Prezident zarafatla «İndi sən bu kitabı düzəldib ortaya qoymusan. Bunu götürüb oxuyanlar da elə fikirləşəcəklər ki, sovet vaxtı Heydər Əliyev bütün işini-gücünü atıb ancaq ədəbiyyat məsələləri ilə məşğul olurmuş» ‒ deyə gülümsədi.

SSRİ-nin süqutuna qədər elə düşünmək olardı ki, respublika rəhbərləri yaradıcı təşkilatların qurultaylarında, ədəbi-mədəni tədbirlərdə məcburi-könüllü şəkildə, Moskvanın göstərişi ilə iştirak edirlər. Amma müstəqilliyin ilk və çətin illərində Heydər Əliyevin «ədəbi sexdə» baş verən hadisələrlə yaxından maraqlanması, ölkənin üzləşdiyi iqtisadi problemlərə, müharibə vəziyyətinə baxmayaraq, Yazıçılar Birliyinin qorunub saxlanması, ədəbi jurnalların nəşri, yazıçılara qayğı kimi məsələlərdə ardıcıl mövqe tutması onun hər hansı direktivi yerinə yetirmədiyini, sadəcə ürəyinin səsinə qulaq asdığını, ədəbiyyata sevgisini nümayiş etdirdiyini göstərdi.

E.A. – Yalançı təvazökarlığı bir tərəfə atıb deməliyəm ki, Heydər Əliyevin yazıçıların 1991-ci il qurultayına dəvət edilməsinin «günahkarlarından» biri mən idim. Şübhəsiz, həmin çətin dövrdə Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın da prinsipiallığı və qətiyyəti mühüm rol oynadı. O zaman Heydər Əliyevlə sıx ünsiyyət saxlayırdım. Naxçıvandan Bakıya gələndə adətən qardaşı Cəlal müəllimin evində qalırdı. Orada dəfələrlə olmuşdum. Ali Sovetin 1991-ci ilin yaz sessiyasında Heydər Əliyevə qarşı böyük ədalətsizlik etmişdilər. Üzərinə haqsız hücumlar olmuş, yersiz ittihamlar səsləndirilmişdi. Odur ki, keçmiş silahdaşlarının etibarsızlığından çox incimişdi. Bunu mənə açıq söyləmişdi. O ərəfədə qurultaya hazırlıq gedirdi. Dəvətnaməmi götürmək üçün Yazıçılar Birliyinə gələndə Anarla görüşmək məqsədi ilə otağına keçdim. Söhbət əsnasında Heydər Əliyevə dəvət göndərib qurultaya çağırmağı təklif etdim. Dedim, qoy gəlib ruhən yaxın adamlar arasında mənəvi dinclik tapsın. Anar da sağ olsun, təklifimlə razılaşdı. Dəvətnaməyə adını yazıb elə həmin gün çatdırdım. Prezident özü də yazıçıların X qurultayında bu hadisəni yada saldı. Xatirində deyil?

V.Q. ‒ Elədir, tamam yadımdan çıxmışdı. Çoxları bilməsə də, mərhum dövlət başçısının sənə necə hörmətlə yanaşdığını yaxşı bilirəm. Xüsusən xarici səfərlər zamanı səninlə söhbət edirdi, fikirlərinlə maraqlanırdı. Rusiya mətbuatında Heydər Əliyevi haqsız hücumlardan qoruyan məqalələrini, «Azadlıq» radiosunun rus redaksiyasının verilişlərindəki reportaj və çıxışlarını yaxşı xatırlayıram. Təsadüfi deyil ki, mərhum dövlət başçısının rəsmi bioqrafı məhz sən oldun (bildiyim qədər bunu özü istəmişdi), onun zəngin ömür yolu, siyasi-dövlətçilik fəaliyyəti haqda çoxcildlik «Şəxsiyyət və Zaman» adlı sənədli tarixi epopeya yaratdın. Çox şadam ki, birgə səylərimizlə həmin əsər Budapeştdə macar dilində çap olundu. Böyük məhəbbətlə qələmə aldığın «Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət» kitabın mənim tərcüməmdə nəşr edilib geniş yayıldı. Üzərində işlədiyin yeni kitab da illərdən bəri davam edən bu iş birliyinin, səmərəli əməkdaşlığın başqa bir səhifəsi, başqa bir fəslidir.

Azərbaycan yazıçılarının yuxarıda haqqında söz açdığım X qurultayını yaxşı xatırlayıram. Orada nə qədər maraqlı çıxışlar, söhbətlər oldu! Necə faydalı fikirlər səsləndi! Yəqin ki, həmin günlərdə hər söz adamı «öz» Heydər Əliyevini kəşf etmək imkanı qazandı. Yadımdadır, Prezident vəzifə və nüfuzunun siqləti, ağırlığı ilə heç kəsi sıxıb əzmirdi. Əksinə, çıxış edənləri dialoqa, açıq fikir mübadiləsinə səsləyirdi.

Oktyabrın 30-da isə əvvəldən sona ‒ seçkili orqanlara səsvermə başlayana qədər qurultayın işində iştirak etdi. Müstəqilliyin ədəbi-mədəni platforması ilə bağlı proqram xarakterli nitq söylədi. Həm də Heydər Əliyev qurultaya tək gəlməmişdi. Yeni dövrün ədəbiyyatı, mədəniyyəti, ideologiyası üçün cavabdeh olanların hamısını gətirmişdi. Qurultayın məruzəçilərindən olduğum üçün rəyasət heyətində oturmuşdum. Yəni zalı diqqətlə müşahidə edə bilirdim. Ədəbiyyat və mədəniyyətə cavabdeh məmurların bəziləri mürgülədikləri (xüsusən də nahar fasiləsindən sonra!) halda, Heydər Əliyev bütün natiqlərə böyük maraqla qulaq asırdı. Hiss olunurdu ki, ədəbiyyat mühitində (son illərdə keyfiyyət baxımından sıralar xeyli zəifləsə də!, korifeylər aramızdan getsə də!) olmaqdan zövq alır.

Bu, Azərbaycan yazıçılarının qədirbilən dostu – Prezident Heydər Əliyevin iştirakı ilə keçirilən sonuncu yaradıcılıq hesabatı idi. Əslinə baxanda, ondan sonra qurultayların da dadı-duzu qalmadı. Heydər Əliyevin yoxluğu ölkə həyatının bütün digər sahələri ilə birlikdə yaradıcı sferada da (bəlkə də, hər yerdən daha çox) hiss olunmaqda idi. Çünki Azərbaycana rəhbərlik etdiyi dörddə bir əsr ərzində ədəbi həyatın ilham və istiqamətvericisi, ruhlandırıcı və qoruyucusu olmuşdu.

Mənə elə gəlir ki, o, ədəbiyyat və sənət adamları arasında ruhən dincəlir, zövq alır, hətta şənlənirdi. Bürokratik mühitin bozluğundan, bəzi məmurların darıxdırıcı yeknəsəqliyindən, dəyişməz protokol qaydalarından bir neçə saatlığa da olsa, uzaqlaşırdı. Təkcə elə Qabilin «Heydər müəllim, uşaqlar İnturistin Mramornı zalında yaxşı süfrə açıblar, qutab-filan da var, bizimlə adama yüz qram vurardınız» – sözləri, yaxud Sirus Təbrizlinin öcəşkən şəkildə söz güləşdirməsi (amma qarşısının inzibati-amirlik yolu ilə alınmaması!) dövlət başçısını sanki uzaq düşdüyü, darıxdığı adi, gündəlik həyata qaytarırdı. O biri tərəfdən ədəbiyyat əhli də başa düşürdü ki, Prezident məmurlarla müqayisədə onlara bəlli bir azadlıq, sərbəstlik, sözlərini demək imkanı verib. Həm də bu azadlıqdan şəxsi problemlərin həlli deyil, xalqın və dövlətin xeyrinə istifadə olunanda daha məmnun qalırdı. Eyni zamanda qayğıkeşlik göstərib şəxsi xahiş və istəklərə də heç vaxt laqeyd yanaşmırdı.

E.A. ‒ Vilayət, bir çox həmsöhbətlərim, xüsusi ilə də sovet Azərbaycanına rəhbərlik etdiyi, Moskvada çalışdığı dövrdə Heydər Əliyevlə birlikdə işləyənlər, çıxış və məruzələrini hazırlayanlar tələbkarlığından, Azərbaycan və rus dillərini mükəmməl bilməsindən çox danışıblar. Yəqin ki, sən də Prezidentin çıxışları üçün hazırlanan tezislər, hətta məruzə mətnləri üzərində işləmisən, birlikdə mühüm sənədləri gözdən keçirmisiniz. Bu barədə nə deyə bilərsən?

V.Q. ‒ Bilirsiniz ki, dövlət başçıları tez-tez xarici səfərlərə gedir, rəsmi şəxslər və heyətlərlə görüşür, yığıncaq və tədbirlərdə çıxış etməli, mətbuata və televiziyaya müsahibələr verməli olurlar. Dünyanın əksər ölkələrində onların xüsusi «spiçrayterləri» – nitq yazanlar komandası olur. Mükəmməl yazı bacarığına, analitik təfəkkürə, səlis və ifadəli dilə, üsluba malik olan bu adamların vəzifəsi rəsmi tədbirlərdən tutmuş qəbul və ziyafətlərdəki çıxışlara qədər hər yerdə dövlət başçısı üçün müxtəlif nitqlər, məruzələr, salamlama və təbrik mətnləri və s. hazırlamaqdan ibarətdir.

İndi düşünürəm ki, əgər Heydər Əliyev çoxsaylı məruzə və nitqlərini (rəsmi təbrik məktublarını çıxmaq şərti ilə 1993-cü ildən həyatının sonuna qədərki dövrü əhatə edən 46 cildlik «Müstəqilliyimiz əbədidir» külliyatındakı materialların hamısı Prezidentin öz yaradıcılıq nümunələridir) yazılı mətnə əsaslanmadan söyləməsəydi, qeyri-adi natiqlik məharətinə malik olmasaydı, onunla işləyənlər çox ciddi çətinliklərlə üzləşər, bəzən haqlı danlaq və məzəmmət eşidərdilər...

Təbii ki, Xarici İşlər Nazirliyi görüş, səfər və beynəlxalq tədbirlərlə əlaqədar Prezidentə arayışlar hazırlayırdı. Lakin bu, əsasən informasiya xarakteri daşıyan «çiy» material idi. O qeydlərdən yararlanıb əsasında ardıcıl və məntiqi nitq qurmaq, quru arayışı inandırıcı sözə çevirmək ağırlığını Heydər Əliyev heç bir «spiçrayterə» etibar etmirdi. Əksinə, məsuliyyət yükünü həmişə öz üzərinə götürürdü.

2002-ci il aprelin 30-da Trabzon şəhərində Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin zirvə görüşü keçirilirdi. Həm Əhməd Necdət Sezər, həm də Eduard Şevardnadze açılış mərasimi və toplantıdakı çıxışlarını, hətta ziyafət zamanı dedikləri sağlıqları yazılı mətndən, kağızdan oxudular. Heydər Əliyev hər üç halda heç bir qeydə, konspektə baxmadan parlaq nitqlər söylədi.

Tədbirdən sonra xoş əhvali-ruhiyyədə idi. Məni, Katibliyin rəhbəri Dilarə Seyidzadəni, Protokol xidmətinin rəisi Elçin Bağırovu yanına çağırdı. Gülə-gülə:
– Hərəniz nə qədər maaş alırsınız, – dedi. – Əvəzinizə də mən işləyirəm. Gərək bundan sonra maaş cədvəlinə qol çəkib pulları mənə gətirəsiniz. Görürsünüz, o biri prezidentlərin işçiləri çıxış hazırlamışdılar. Hətta lazım olanda gəlib vərəqi də çevirirdilər ki, çətinliyə düşməsin. Siz hamınız isə hazırın nazirisiniz. Hər işi mənim üstümə atmısınız. Ortada yeyib qıraqda gəzirsiniz.

Zarafatla deyilsə də, bu sözlərdə həqiqət vardı. Komandanın görməli olduğu işləri Heydər Əliyev çox vaxt öz üzərinə götürürdü. Amma başqa bir həqiqət də vardı ki, onun yaradıcı zəkasını, natiqlik istedadını, qeyri-adi yaddaş və improvizasiya bacarığını yazılı mətnlərin dar çərçivəsinə salmaq mümkün deyildi. Belə çərçivələri birinci qıran Prezidentin özü olurdu.

Eyni ilin iyul ayında Yaltada keçiriləm GUÖAM ölkələri dövlət başçılarının sammitində üzv dövlətlər arasında azad ticarət zonası yaradılması, habelə terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizədə təşkilat qarşısında dayanan vəzifələr müzakirə olunurdu. XİN-də Prezident üçün çıxış mətni hazırlanmışdı. Əvvəlcə hər şey yaxşı gedirdi. Digər həmkarları kimi Heydər Əliyev də mətni tələsmədən oxuyurdu. Amma dəbdə olan «paradiqma» sözünə çatanda duruxdu. Azərbaycan dilində: «Bu nə sözdür yazmısınız?» – deyə soruşdu. Sonra kağızları bir tərəfə qoyub:
– Давайте оставим эти ученые записки в сторону. А я попытаюсь внести ясность в обсуждаемые вопросы исходя из своих возможностей, – dedi və bundan sonra 20 dəqiqəlik ardıcıl, sistemli, ən başlıcası isə sadə və anlaşıqlı nitqində bütün məsələlərə sərrast, məntiqli münasibət bildirdi.

2002-ci ilin fevralında MM-də ilk və son dəfə Qarabağ münaqişəsi ilə bağlı açıq dinləmələr keçirildi. İclasda deputatlar, hökumət üzvləri, jurnalistlər, ictimaiyyət təmsilçiləri və b. iştirak edirdilər. İclasdan əvvəl Heydər Əliyevin tapşırığı ilə BMT TŞ-nin 4 məlum qətnaməsi Azərbaycan dilinə tərcümə olundu. Prezident tərcümənin dəqiqliyinə, «BMT dili və üslubuna» uyğunluğuna çox ciddi yanaşırdı. AzərTAC-nin ştatlı tərcüməçiləri dilimizə çevirmişdilər. Nazirlikdə də dönə-dönə baxmış, rus və ingilis orijinalları ilə tutuşdurmuşduq. Amma Heydər Əliyev mətnlərə özü baxmaq istəyirdi. Tapşırdı ki, rusca orijinalı və tərcüməni də götürüb yanına gəlim. İkilikdə diqqətlə gözdən keçirdik. Prezident əvvəldən zarafatla şərt də qoydu:
– Sən dilçisən, ədəbiyyatçısan. Mətnin düzgün Azərbaycan dilində olmasına sən, dəqiq siyasi məzmun daşımasına isə mən cavabdehəm.

Bəzi kiçik düzəliş və dəqiqləşdirmələr aparıldı. Bir daha inandım ki, Heydər Əliyev üçün dövlət idarəçiliyində, xüsusən də Qarabağ münaqişəsi ilə bağlı məsələdə yalnız siyasi deyil, dil və ifadə baxımından kiçik, əhəmiyyətsiz heç nə yoxdur.

Dördillik fəaliyyətim ərzində yalnız bir dəfə Prezidentə çıxış mətni hazırlamalı olmuşdum. 2002-ci ilin mayında Roma papası II İohann Pavel ölkəmizə səfər edəndə belə zərurət yaranmışdı. Heydər Əliyev məni çağırıb:
– Bilirsən, – dedi, – krallarla, prezidentlərlə, baş nazirlərlə, parlament sədrləri ilə çox görüşlərim olub. Amma ilk dəfədir ki, Papa ilə danışmalı olacağam. Düzünə qalsa, heç ona necə müraciət edildiyini də bilmirəm. Çünki kilsənin müraciət formaları da fərqlidir. Ona görə idarəndə tapşır, mövcud təcrübəni öyrənsinlər, həm qarşılama mərasimi, həm də toplantı üçün çıxış mətni hazırlasınlar, sonra birlikdə baxarıq.

Cəmisi iki gün vaxt vardı. Aydın məsələdir ki, işi hansısa attaşeyə tapşırmaq olmazdı. Çıxış mətnlərinin layihəsini özüm hazırladım. Ertəsi gün isə bu 4-5 səhifə üzərində iki saata yaxın işlədik. Filoloq olsam da, Heydər Əliyevin ana dilimizin incəliklərinə bələdliyini, uğurlu variant tapılana qədər hər söz üzərində düşündüyünü heyrətlə müşahidə edirdim. Vatikan başçısına müraciət forması «Zati-Əqdəsləri» ifadəsi üzərində dayandı. Belə olduğunu dəqiq bilib-bilmədiyimi soruşdu. Hətta tapşırdı ki, Dilçilik İnstitutuna zəng vurub bir də doğru-dürüst məlumat alaq.

Yüksək qonağı qarşıladığımız gün Prezident aeroportda məni yanına çağırıb dünən gecə çıxışda o qədər də yerinə düşməyən bir söz tapdığını deyəndə isə heyrətim daha da artdı. Başqalarının, bəlkə də, fərqinə varmadan oxuyub sonra unutduğu adi mətnə də o, həyatının mühüm işi kimi baxırdı.

E.A. ‒ Prezident xarici səfərlərində də imkan daxilində Azərbaycan dilində danışır və dövlət dilimizə ehtiramla yanaşılmasına diqqət yetirirdi. Yəqin ki, birlikdə işlədiyiniz müddət bunun da şahidi olmusunuz.

V.Q. ‒ Haqlısınız. Sizə maraqlı bir əhvalat danışım. Heydər Əliyevin İrana rəsmi səfərinin sonuncu günü ali dini rəhbər Seyid Əli Xameneyi ilə görüş nəzərdə tutulmuşdu. Onun – islam inqilabı liderlərindən birinin çox sayıqlıqla qorunan kiçik, sadə iqamətgahına gələndə artıq Prezident Xatəmi, xarici işlər naziri Xərrazi, Xameneyinin xarici siyasət məsələləri üzrə müşaviri Vilayəti, bəzi nazirlər İran adətincə ayaqqabılarını soyunub qəbul otağında gözləyirdilər. Amma bizim üçün istisnaya yol verdilər. Zala ayaqqabılı keçməyimizə etiraz etmədilər.

Ali dini rəhbər Heydər Əliyevi qapıda qarşılayıb səmimi görüşdü. Aralarında Azərbaycan dilində söhbət başlandı. Həm İran heyəti, həm də biz sakitcə dayanıb qulaq asırdıq. İranlıları deyə bilmərəm, amma biz danışılanları tam başa düşürdük. Ümumi hal-əhval sözlərindən sonra Heydər Əliyev Xameneyidən soruşdu:
‒ Yaxşı, Xamnədə (Xameneyinin doğulduğu kənd ‒ V.Q.) nə var, nə yox?
‒ Sən Xamnəni də bilirsən? ‒ deyə ali dini rəhbər heyrətləndi.
‒ Əlbəttə, bilirəm, tanıyıram. Xamnə məşhur yerdir. Həm də tək sizin vətəniniz kimi yox. Azərbaycanın böyük şəxsiyyətlərindən olan Mirzə Fətəli Axundzadə də əslən Xamnədəndir. Həmkəndlinizdir. Ümid eləyirəm ki, adını eşitmiş olarsınız.
‒ Bəli, haradasa eşitmişəm, ‒ deyə Xamneyi həvəssiz, ağızucu cavab verdi.

Onu başa düşmək mümkün idi. Yəqin ki, bütün həyatı boyu fanatizmə qarşı mübarizə aparan, müstəbid İran rejiminə qarşı biri-birindən kəskin ittihamlar irəli sürən bir şəxsin həmyerli olmasından o qədər də qürur duymurdu. Xamenei Heydər Əliyevin həyatının Moskva dövrü, keçmiş sovet rəhbərliyinin Azərbaycana münasibəti, Qarabağ danışıqlarındakı yeniliklər, Ermənistanın mövqeyi haqda bir neçə sual verdi. Prezident də öz növbəsində İranın region ölkəsi kimi mövqeyi ilə maraqlandı. Təbii ki, ali dini rəhbər ümumi sözlərdən uzağa getmədi. Mövzunu dəyişib Heydər Əliyevin səhhəti ilə bağlı sorğu-sual etməyə başladı. Sonra öz sağlamlıq durumundan danışıb 1980-ci ildə məsciddə törədilən terror aktı nəticəsində sağ qolunun yaxşı işləmədiyindən, ciyərinin zədələndiyindən şikayətləndi. İran – İraq müharibəsi zamanı cəsur səhra komandirlərindən biri kimi tanınan bu adamın ziyalı görkəmi və pianoçu əllərini xatırladan uzun, zərif barmaqları diqqətimi çəkdi. Yadıma düşdü ki, Xameneyi həm də poeziya bilicisi və şairdir. Vəzifəcə ölkə prezidentindən yüksəkdə dayansa da, yenə şeir məclislərində iştirak edir. Azərbaycan türkcəsində yetərincə səlis və axıcı şəkildə, təbrizlilər kimi şirin ləhcə ilə danışırdı.

Həmin anlarda düşünürdüm ki, başları sərvət toplamağa, eyş-işrətə qarışmış Qacarlar indi İran adlanan dövlətin hakimiyyət sükanını farslara verib tədricən özləri də farslaşmasaydı, nə qədər fərqli mənzərə yaranardı! O taylı – bu taylı Azərbaycan mühüm geosiyasi mövqeyi, zəngin sərvətləri, milli ruhlu və çağdaş fikirli vətəndaşları ilə Yaxın Şərqin Türkiyə qədər qüdrətli dövlətlərindən birinə çevrilərdi. Onda heç Şuşanı da, erməni-fars iş birliyinin tüğyan etdiyi Qarabağı da itirməzdik... Amma nə yazıq ki, tarix feilin şərt şəklini qəbul etmir.

Nəhayət, danışıqlar masasına keçdik və söhbətin rəsmi hissəsi başladı. Təbii ki, Xameneyi İranın rəsmi dilinə – farscaya keçdi. Burada təəccüblü bir şey yox idi: dövlət dilində danışmalı idi. Təəccüblü olan dediklərinin naşı, bisavad bir ruscaya tərcümə edilməsi idi. Mütərcim zahirən slavyana bənzəyən sarı saçlı, səliqəsiz və nimdaş geyimli bir nəfərdi. Çox güman İran Xarici İşlər Nazirliyinin əməkdaşı idi. Anlaşılmazlıq yaranmışdı. Farscanı bildik, bəs niyə Azərbaycan türkcəsinə deyil, rus dilinə çevirirlər? İlk cümlədən sonra Heydər Əliyev hökmlə «Podojdite!» ‒ deyib tərcüməçini dayandırdı. Üzünü İranın ali dini rəhbərinə tutub azərbaycanca:
‒ Ağayi Xameneyi, bir az əvvəl sizinlə ana dilimizdə danışırdıq. Başa düşürəm, bura İran dövlətidir. Siz də onun rəhbəri kimi rəsmi danışıqlarınızı farsca aparmalısınız. Amma tərcümənin nə səbəbdən ruscaya edildiyini başa düşmürəm.
‒ Bəs mən elə zənn eləyirəm ki, sizin dövlətin dili urus dilidir?! – deyə Xameneyi sadəlövh görkəm alıb guya özünün də təəccübləndiyini göstərməyə çalışdı.
‒ Ay kişi! ‒ Heydər Əliyev onun hərəkətindən açıq-aşkar əsəbiləşmişdi. – Heç şurəvi vaxtında da dövlət dilimiz rus dili olmayıb. O vaxt Konstitusiyamızda yazılmışdı ki, dövlətimiz dili öz ana dilimizdir. Biz Moskvanın təzyiqləri altında da onu qoruyub yaşatmışıq, inkişaf etdirmişik. Bu dildə nə qədər kitablar, məcmuələr, qəzetlər çıxıb. Məktəblər, institutlar, universitetlər fəaliyyət göstərib. İndi də göstərir. Doğrudur, o zamanlar Moskvadan gələnlər qarşısında rusca danışmalı olurduq. Amma ana dilini mühafizə etməyi, zəngin və gözəl bir dilə çevirməyi heç vaxt unutmurduq. Müstəqil olandan sonra isə hər yerdə ancaq bu dil işlənir. Başım çıxmır, ağlınıza haradan gəlib ki, dövlət dilimiz rus dili ola bilər? Mən rusca da çox gözəl bilirəm. Amma dövlət başçısı kimi hara getsəm, hansı ölkədə olsam, rəsmi danışıqları yalnız Azərbaycanın dövlət dilində aparıram.

Heydər Əliyevin kəskin etirazından sonra İran tərəfi əl-ayağa düşmüşdü. Deyəsən, əvvəldən tərcüməçi gətirmədikləri, yaxud dil məsələsinə belə kəskin reaksiya veriləcəyini düşünmədikləri üçün vəziyyətdən necə çıxacaqlarını bilmirdilər. Xameneyi də susub həmkarlarına baxırdı.
‒ Yaxşı, bu dəfə bizim səfir tərcümə eləyər. Amma Azərbaycan elə uzaq yer deyil ki, adi şeylərdən də bixəbər olasınız, ‒ deyə Heydər Əliyev yekun vurdu.
Görüşün sonunda isə Prezident İran protokolunun əslində siyasi məzmunlu naqolay hərəkətinə bir daha diqqət çəkərək Xameneiyə:
‒ Çox mətləblərdən danışdıq. Bilmirəm, hamısına müvəffəq olacağıq, yoxsa yox? Amma fikrimcə, görüşümüzün ən böyük faydası dövlət dilimizin rus dili olmadığını bilməyiniz oldu, – dedi.
Ali dini rəhbər düz hədəfə dəyən bu sözlərə:
‒ Əstəğfürullah! Əstəğfürullah! ‒ deməklə cavab verdi.

Səfərdəki başqa bir epizod da yadda qaldı. İran Prezidenti Xatəmi ilə görüşdə Xəzərin hüquqi statusu ilə bağlı məsələ müzakirə olunurdu. Xatəmi dilinin öyrəndiyi şəkildə, ya da bilərəkdən «Xəzər dənizinin problemləri» əvəzinə «müşkülati-dəryaçayi-Mazandaran» («Mazandaran gölünün problemləri» ‒ V.Q.) ifadəsini işlədirdi. Səfirimiz Abbasəli Həsənov da görünür İran tərəfinin belə söz oyunlarına öyrəncəli olduğu üçün ifadəni deyildiyi kimi yox, «Xəzər dənizinin problemləri» şəklində çevirirdi. Prezidentin fars dilini bir az bildiyimdən xəbəri vardı. Odur ki arada ani fasilə yarananda mənə tərəf çevrilib:
‒ Mazandarandan nə çox danışır? Mazandaranın nə dəxli var? ‒ deyə soruşdu.
‒ Cənab Prezident, iranlılar Xəzəri İranın daxili su hövzəsi sayırlar. Ona görə bəzən «Mazandaran gölü» ifadəsini də işlədirlər.
Prezident əsəbi şəkildə Abbasəliyə irad tutdu:
‒ Niyə düz tərcümə eləmirsən?
Sonra isə əlinin işarəsi ilə sözünə davam etmək istəyən Xatəmini dayandırıb:
‒ Ağayi Xatəmi, ‒ dedi. – Bildiyimə görə, qədim vaxtlardan Xəzər dənizinin çox adları olub. Amma ikisi daha geniş yayılıb. Sizinlə biz Xəzər, avropalılarla ruslar Kaspi deyirlər. İndi nə edək? Hərəmiz təzə bir ad tapıb qoyaq? Məgər bununla iş düzələcək? Əksinə, belə getsə, məsələni heç vaxt həll edə bilməyəcəyik!

Xatəminin üzrxahlıq etməkdən başqa çarəsi qalmadı. «Dəryaçayi-Mazandaran»ı bir tərəfə buraxıb söhbəti «dəryayi-Xəzər»lə bağlı davam etdirdi.

Amma görünür, xoşagəlməz söz oyunu Heydər Əliyevi çox hiddətləndirmişdi. Ona görə də birgə mətbuat konfransı zamanı yenidən bayaqkı söhbətə qayıdıb dedi:
‒ Mən istərdim ki, gələcəkdə belə səhvlər buraxmayasınız. Dünya xəritəsində Mazandaran gölü adlı göl yoxdur. Əgər belə göl İran ərazisindədirsə, mən hələ onu tanımıram və xahiş edirəm, tanıdasınız. Siz, İranda bəzi adamlar bu cürə yeni adlar icad etməklə bizim Xəzərlə bağlı danışıqlarımıza mane olursunuz. Amma İranın daxilindən bir az kənara çıxın də... Daxilində qalsanız, bir şey çıxmayacaq.
Xatəmi və İran heyəti Azərbaycan Prezidentinin sərt sözlərini başlarını aşağı salaraq dinləyir, bəziləri isə gülümsəməklə vəziyyətdən çıxmağa çalışırdılar.

E.A. – Heydər Əliyev Qərb liderləri, MDB prezidentlərindən kiminlə daha yaxın idi? Kiminlə münasibətləri daha məhrəmanə idi?

V.Q. – Müşahidələrim bu siyahıya Türkiyə Cümhurbaşkanı Süleyman Dəmirəli, Rusiya Prezidenti Vladimir Putini, Fransa Prezidenti Jak Şirakı və Gürcüstan Prezidenti Eduard Şevardnadzeni salmağa əsas verir. Təbii ki, siyahı tam deyil. Çünki bir çox digər liderlərin də Heydər Əliyevə ehtiramla yanaşmalarının şahidi olmuşam. ABŞ-nin sabiq prezidentləri Bill Klinton və Corc Buş, ABŞ-nin sabiq dövlət katibləri Madlen Olbrayt və Kolin Pauell, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Ukraynanın sabiq Prezidenti Leonid Kuçma, Polşanın sabiq Prezidenti Aleksandr Kvasnevski, İtaliyanın sabiq baş naziri Romano Prodi, İsrailin baş naziri Benyamin Netanyahu, mərhum Səudiyyə kralı Fəhd, Pakistanın keçmiş baş naziri Benazir Bhutto və digərləri bu sırada idilər. Ancaq Heydər Əliyev ilk dörd liderlə özünü daha rahat və arxayın hiss edirdi. Siyasətçi üçün bu mühüm amildir.

Heydər Əliyevlə Süleyman Dəmirəli çox səmimi münasibətlər bağlayırdı. Hərdən elə gəlirdi ki, bir-birilərini sözsüz də başa düşürlər. Siyasətdə böyük həyat yaşamış bu iki insan şəxsi münasibətlərdə də gözəl tandem yaratmışdılar, bununla türk dövlətləri başçılarına nümunə göstərirdilər. Amma Heydər Əliyevin səylərinə baxmayaraq Türkiyənin onuncu Cümhurbaşkanı Əhməd Necdət Sezərlə belə münasibətlər qurmaq mümkün olmadı. Təbii ki, burada şəxsiyyətlərin miqyasında və həyat təcrübəsində olan fərqlərdən də çox şey asılıdır.
2004-cü ilin fevralında Heydər Əliyevin məzarını ziyarət üçün Bakıya gələn Süleyman Dəmirəli müşayiət etmək tapşırığı almışdım. Dəmirəl şlyapasını çıxarıb təzə qəbrin önündə xeyli dayandı, sonra kədərli səslə: «İlk 1967-ci ildə görüşmüşdük. Qardaş kimi idik. Rəhmətlik Əliyevin ölümü son illərin ən böyük itkisidir. Onu yada salıb hələ çox acılar çəkəcəksiz. Azərbaycanın, Türkiyənin başı sağ olsun» ‒ dedi.

V.Putin Heydər Əliyevi həm xüsusi xidmət orqanlarının veteranı, həm SSRİ-nin görkəmli dövlət xadimi, həm də müstəqil dövlətimizin lideri kimi çox əziz tuturdu. Rusiya kimi fövqəldövlətin başçısı olsa da, özünü Heydər Əliyevlə «böyük qardaş» kimi yox, oğul kimi aparır, MDB sammitlərində bunu göstərməkdən çəkinmirdi.

Prezidentimizə xüsusi münasibət bəsləyən liderlər arasında Jak Şirakın da adını çəkmək istərdim. Yelisey sarayında iki maraqlı, səmimi söhbətinin iştirakçısı olmuşam. Hiss edilirdi ki, böyük həyat yolu keçmiş iki mötəbər insanın rəmzi mənada tərcüməçiyə ehtiyacı yoxdur, bir-birilərini sözsüz də başa düşürlər. Jak Şirak Qarabağ münaqişəsininin həllinə töhfə vermək istəyirdi. İstəyində nə qədər səmimi, obyektiv idi? İndi bunu demək çətindir. Amma Heydər Əliyevlə danışıqlarda onun «qızıl ortanı» axtarması özünü büruzə verirdi. Yeri gəlmişkən, Fransa Prezidenti əla danışıqçı idi, səlis və inandırıcı olmağı bacarırdı. Odur ki bu ustalıq qarşısında davam gətirmək asan deyildi. Jak Şirak ATƏT-in Minsk qrupunda həmsədr ölkə statusundan və şəxsi nüfuzundan istifadə edib Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü keçirməyə nail oldu. Tet-a-tet görüşündən sonra səhər yeməyi zamanı isə, demək olar ki, əsasən Heydər Əliyevlə söhbət edirdi. Tamam «unudulduğunu» görən Koçaryan bir neçə dəfə diqqəti özünə cəlb etməyə çalışsa da, məclis Heydər Əliyevlə Jak Şirakın dialoqu şəraitində keçdi. Onlar gec-gec görüşürdülər, lakin ünsiyyət zamanı özlərini komfort ab-havasında hiss edirdilər.

2000-ci ilin aprelində, Prezidentin Gürcüstana rəsmi səfəri zamanı təsadüfən elə açıqlamaların şahidi oldum ki, bu barədə nəinki mənim, heç Heydər Əliyevə ən yaxın adamların da xəbəri yox idi. Bilirdim ki, Qorbaçov Heydər Əliyevə qarşı «xaç yürüşü»nə başlayanda, Şevardnadze keçmiş münasibətləri və Qafqaz həmrəyliyini bir kənara qoyaraq özünü alicənab aparmadı. SSRİ xarici işlər naziri kimi yüksək post tutsa da, İlham Əliyevin sıxışdırılmasına, işlədiyi Beynəlxalq Münasibətlər İnstitutundan kənarlaşdırılmasına biganə yanaşdı. Lakin necə deyərlər, sən saydığını say... Bir neçə il sonra hər iki Cənubi Qafqaz ölkəsi – Azərbaycan və Gürcüstan üçün çox çətin vaxtda tale keçmiş liderləri yenidən siyasi arenaya qaytardı.

Təbii ki, Heydər Əliyev olub-keçənləri yada salmırdı: çünki mənəvi üstünlük onun tərəfində idi. Üstəlik, Gürcüstanın daim ölkəmizin dəstəyinə ehtiyacı vardı. Belə şəraitdə Eduard Amvrosiyeviçə köhnə məsələləri xatırlatmaq… Fikrimcə, Heydər Əliyevin alicənablığı heç vaxt bu addımı atmağa imkan verməzdi. Şevardnadze özünü o yerə qoymasa da, yəqin, çətin məqamda dəstək olmadığına görə vicdan əzabı çəkirdi. Hər halda belə düşünmək istərdim.

Məncə, bu etiraf 2000-ci ilin aprelində baş tutdu. Səfərin sonuncu günü Azərbaycan və Gürcüstan prezidentlərinin Zurab Seretelinin emalatxanasında birgə naharı nəzərdə tutulmuşdu. Şəhərin dağüstü hissəsində, böyük meşə massivində yerləşən emalatxana açıq səma altında əsl qəsr və muzey idi. Protokola görə naharda yalnız prezidentlər və ev sahibi olmalı idi. Lakin son anda xarici işlər nazirləri də dəvət olundu. Gürcü həmkarım İrakli Menaqaraşvili ilə birlikdə Seretelinin muzey-qəsrinə daxil olduq.

Süfrə arxasında səmimi ab-hava hökm sürürdü. Bir qədər aralıda gözəl skripkaçı qızlardan ibarət kvartet klassik Avropa musiqisi ifa edirdi. Əvvəlcə ev yiyəsi kimi Zurab Sereteli Heydər Əliyevin sağlığına badə qaldırdı. Sonra Eduard Şevardnadze Azərbaycan rəhbərinin şəxsiyyəti və xidmətləri haqda uzun bir nitq söylədi. Heydər Əliyev qısa, lakin dolğun cavab verdi. Gözləmədiyimiz halda Şevardnadze gürcü süfrəsi ənənələrini yada salıb xarici işlər nazirlərinə söz verdi. İrakli Menaqarişvili iki dövlət başçısının, iki xalqın şərəfinə sağlıq dedi. Mən də bir qədər fərqli şəkildə oxşar tost söylədim. Prezidentləri öz xalqlarını Misir əsarətindən xilas edib qırx illik sərgərdanlıqdan sonra həsrətində olduqları diyara gətirən Tövratdakı Moiseyə bənzətdim. Ümidvarlığımı bildirdim ki, onların müdrikliyi, təcrübəsi və nüfuzu sayəsində bizim tam müstəqillik və demokratiya yolumuz qırx ildən az çəkəcək.

Sözümü bitirib oturmağa istəyəndə Eduard Şevardnadze dedi:
‒ Bizim balaca Qafqaz üçün iki Moisey çox olar… Düzünü bilmək istəsəniz, mən həmişə Heydər Əliyeviçi regionumuzun lideri saymışım.
Naharın sonunda Şevardnadzenin kefi əla idi. İrakliyə və mənə tərəf dönüb:
‒ Uşaqlar, sizə mühüm bir sirr açmaq istəyirəm. Mənim siyasi Olimpin zirvəsinə yüksəlməyimdə əziz Heydər Əliyeviçin çox böyük rolu olub. Düzdür, o bu məsələdə təvazökarlıq edir. Amma mən sirri özümlə qəbrə aparmaq istəmirəm.
Söhbətin gedişindən məlum oldu ki, 1972-ci ildə Gürcüstandakı total korrupsiya səbəbindən L.İ.Brejnev respublika rəhbəri Mjavanadzeni işdən kənarlaşdırmaq qərarına gəlir. Onu kiminlə əvəz etmək barədə isə həmin vaxt artıq Azərbaycana üç ildən bəri uğurla rəhbərlik edən Heydər Əliyevdən məsləhət istəyir. Əliyev o vaxt Gürcüstanın daxili işlər naziri işləyən Şevardnadzenin adını çəkir. Şevardnadzenin namizədliyi SSRİ rəhbərliyində fikir ayrılığına səbəb olduğundan, Heydər Əliyev daha iki dəfə Baş katiblə görüşüb onu seçimin doğruluğuna inandırır. Yalnız bundan sonra Brejnev Şevardnadzeni «söhbət» üçün Kremlə dəvət edib: «Sizə Heydər Əliyev zamin oldu» – deyir. Bununla da yüksək vəzifəyə kimin zəmanəti ilə təyin olunmasının sirrini açır. Heydər Əliyev bu haqda heç bir şey demədiyindən, Şevardnadze yalnız bu sözləri eşidəndən sonra əsl xeyirxahının kim olduğunu başa düşür.

Heydər Əliyev etiraf-xatirəyə üzünə qonmuş sirli təbəssümlə qulaq asırdı və heç bir şey əlavə etmədən söhbətə yekun vurdu:
‒ Bəli, olub belə şey!
Şevardnadzenin sözləri mənə çox maraqlı və gözlənilməz göründü. Çünki o vaxta qədər bu barədə heç bir rəsmi, yaxud qeyri-rəsmi məlumat eşitməmişdim. Gürcü lider vəzifədən ayrılandan sonra memuarları üzərində çalışırdı. Görəsən, siyasi tərcümeyi-halında Heydər Əliyevin rolu ilə bağlı epizod memuarlarda əksini tapdımı?

O ki qaldı dövlət başçılarının hüzurundakı tostuma, deyəsən, ibarəpərdazlığım Heydər Əliyevin diqqətindən yayınmamışdı. Səhər məni görəndə təbəssümlə dedi:
‒ Sən də dostun Şevardnadzedən çox uzağa getməmisən…

Və təəccübləndiyimi görüb əlavə etdi:
‒ Lissabondakı məşhur sammitdə, Şevardnadzeyə söz veriləndə başladı Vasko de Qamadan danışmağa, daha doğrusu, kağızdan oxumağa. Mən sonra maraqlandım. Nə bizim, nə də gürcülərin çoxunun, ümumiyyətlə, təsəvvürü yox imiş ki, bu Vasko de Qama kimdir? Sən də onun kimi başladın Moiseydən dəm vurmağa…

E.A. ‒ Heydər Əliyevlə yaxın təmasda olanlar onun şux zarafatlarından, incə yumor hissindən, sərrast atmacalarından xəbərdardırlar. Belə zarafatların əksəriyyətinin əsasında yaxın çevrəsindəki adamlarda müşahidə etdiyi keyfiyyətlər dayanırdı. Siz də, yəqin, belə epizodların şahidi olmusunuz?

V.Q. ‒ 1997-ci ilin iyul-avqust aylarında Heydər Əliyevin ABŞ-yə on gün davam edən rəsmi səfərinin iştirakçıları arasında mən də vardım. Hyuston meri Azərbaycan Prezidentini mənzilinə dəvət etmişdi. Şəhər mərkəzindəki göydələnlərdən birinin 80-ci mərtəbəsində yerləşən mənzil bütöv mərtəbəni tuturdu. Mer qabağa düşüb iş otağını, yemək otağını, istirahət otağını, kitabxanasını, kiçik rəsm qalereyasını, geniş eyvandakı oranjereya, hədiyyələrin toplandığı otağı və s. Heydər Əliyevə göstərir, hər dəfə də özündən razı şəkildə uzun-uzadı izahatlar verirdi. Prezident arada ozamankı xarici işlər naziri Həsən Həsənova tərəf çevrildi:
‒ Həsən, – dedi, – bu, deyəsən, bizi avam yerinə qoyub. Day bilmir ki, Rəfailin (Bakı meri Rəfail Allahverdiyev – V.Q.) evi bununkundan heç də geri qalan deyil.

Xüsusən çətin danışıqlardan, yorucu görüşlərdən sonra Heydər Əliyev özünün də yorğun, bəzən isə əsəbi olmasına baxmayaraq, şuxluqla, zarafatla əzici atmosferi aradan qaldırır, ətrafdakıları stress və gərginlikdən qurtarırdı. Heydər Əliyevin atmacalarının, yumorunun arxasında həmişə dəqiq, həssas müşahidələr dayanırdı. O, ətrafındakı adamların təkcə qüvvətli deyil, zəif cəhətlərini, kimin nəyə meyil göstərdiyini, kimin intellektual cəhətdən hansı səviyyədə olduğunu yaxşı bilir və bir çox hallarda incə zarafatlarını da bunun üzərində qururdu.

E.A. ‒ Vilayət, yaxşı başa düşürəm ki, dövlət işlərinin çoxluğu nəticəsində Prezidentin kənar söhbətlərə, demək olar ki, vaxtı qalmırdı. Amma yenə də birgə işlədiyiniz dövrdə ədəbiyyat və incəsənət haqda, görkəmli sənətkarların yaradıcılığı barədə hər hansı söhbətiniz, fikir mübadiləniz olmuşdumu?

V.Q. ‒ İstər Bakıda, istərsə də xarici səfərlər zamanı yalnız iş haqqında deyil, tarix, ədəbiyyat, incəsənət, teatr haqqında da danışırdıq. Xüsusən də tarix və ədəbiyyatla bağlı məsələlərdən, yəqin ki, diplomatiya ilə müqayisədə (hərçənd əsl diplomat xalqının tarixini, ədəbiyyat və mədəniyyətini də bilməlidir) daha yaxşı baş çıxardığım üçün bu mövzuda söhbətlərimiz olurdu.

Təbii ki, nazir vəzifəsində çalışdığım dövrdə yaxşı alim yox, yaxşı məmur olmağım şərt idi. Görünür, bunu unutduğumdan 2001-ci ildə rus dilində çıxan və orientalist alimlərimizin irsindən bəhs edən «Rusiya şərqşünaslığında Azərbaycan məktəbi» kitabının bir nüsxəsini Prezidentə təqdim etmişdim. Bəlkə də, ani şöhrətpərəstlik hissi sağlam düşüncəyə qalib gəlmişdi. Hədiyyəmin xoş qarşılandığını deyə bilmərəm.

Əksinə, narazılıq ifadə edən sözlər eşitdim:
‒ Sənə etimad göstərib mühüm vəzifəyə irəli çəkmişik. İndi bütün vaxtını, enerjini öz işini layiqincə yerinə yetirməyə sərf eləməlisən. Kitab, roman, şeir yazmaq kimi məsələlərlə pensiyaya çıxandan sonra məşğul olarsan...

Kitabın on beş il əvvəl yazıldığını, indi istəsəm də, belə işlərə vaxt qalmadığını dedim. Amma Heydər Əliyevi inandıra bilmədiyimi hiss etdim. Bir məsələ var ki, Prezident sərt olduğu qədər də həssas idi. İradı qarşısında pərt vəziyyətə düşdüyümü görüb hədiyyəmi masanın üstündən götürdü, mündəricata, şəkillərə baxdı, annotasiyaya göz gəzdirdi. Sonra mənə müraciətlə:
– Bu Kazımbəylərdən biri Rusiyanın çox mühüm keşişi olub, ‒ dedi.

Mən professor Mirzə Kazımbəyin məşhur şərqşünas olmaqla yanaşı, həm də xristian dini kitablarının türk-tatar dillərinə tərcüməsi ilə bağlı Müqəddəs Sinoddakı fəaliyyətindən danışmağa başladım. Lakin Prezident sözümü kəsib:
‒ Yox, yox, mən son vaxtları, 1970-ci illəri nəzərdə tuturam, ‒ dedi. ‒ Yadımdadır ki, o vaxt Moskva Patriarxatlığında Kazımbəy familiyalı bir nəfər vardı. Deyəsən, kilsənin xarici əlaqələr məsələsinə baxırdı. Bir-iki dəfə Nazirlər Sovetində görmüşdüm. Həmişə fikirləşirdim ki, görən, şərqşünas Kazımbəylə qohumdurmu? Şəxsən tanış deyildik. Ona görə də özündən soruşmağa imkan olmamışdı. Gələcəkdə bu məsələ ilə maraqlanarsan. Amma indi yox, pensiyada olanda!

Sonralar maraqlandım və Mirzə Kazımbəyin oğlu xətti ilə nəticəsi, görkəmli ictimai-siyasi və dini xadim Lev Aleksandroviç Kazımbəy (1902-1977) haqqında «Kazımbəylər nəsli: 200 il Rusiya ilə birlikdə» adlı araşdırma çap etdirdim.

Bu epizodu niyə xatırladım? Özümü heç vaxt bacarıqlı məmur saymamışam. Hərdən fikirləşirəm ki, Heydər Əliyev yol verdiyim səhv və yanlışları necə deyərlər, «şairliyimə» bağışlayırmış. Çünki o, sözün gücünə və müdrikliyinə inanırdı. Həmişə söz adamları ilə qayğı və hörmətlə davranırdı, qəlblərinə dəyməməyə çalışırdı.

Azərbaycan tarixində tək rəhbərlik fəaliyyəti deyil, həm də bədii yaradıcılığı ilə tanınan dövlət başçıları az olmamışdı. Heydər Əliyev sırf bədii yaradıcılıqla məşğul olmasa da, üzərinə daha böyük missiya ‒ ədəbiyyatın həqiqi dostu, tələbkar oxucusu, çətin məqamlarda isə qoruyucusu, mühafizi olmaq vəzifəsini götürmüşdü. Və onilliklər boyu bu missiyanı şərəflə yerinə yetirmişdi...

Bir daha təkrar edirəm ki, 2003-cü il dekabrın 12-dən sonra Heydər Əliyevin fiziki yoxluğunu hamıdan çox yaradıcı insanlar – yazıçı, şair, rəssam və bəstəkarlar – bir sözlə, sənət adamları hiss etmişdilər. Bu gün də hiss etməkdədirlər.

E.A. – Tamamilə haqlısan, əziz dost. Əhatəli və maraqlı müsahibəyə görə sağ ol!

# 457 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər