Müharibə keçmiş aktyorların Xatirələri: Nikulin, Papanov, Hüseynağa Sadıqov...

<span style="color:red;">Müharibə keçmiş aktyorların Xatirələri:  Nikulin, Papanov, Hüseynağa Sadıqov...
9 may 2019
# 14:06

Sovet, eləcə də Azərbaycan kinosunda aktyorlar Böyük Vətən müharibəsi döyüşçüsünün, veteranının yadda qalan obrazlarını yaradıblar. Həm də aktyor oyununun sayəsində Böyük Vətən Müharibəsi haqda təsəvvürlərimiz formalaşıb. Amma xeyli sayda sevdiyimiz aktyor var ki, onlar müharibəni tək oynamayıb, həm də yaşayıblar.

Kulis.az Böyük Vətən Müharibəsindən keçmiş bəzi aktyorları xatırladır.

Anatoli Papanov

Ən azı “Nu poqodi” cizgi filmindən canavarın səsi ilə xatirələrimizə hopan Anatoli Papanov müharibənin ilk günlərindən döyüşməyə gedib. Zenit artileriyasında döyüşən gələcək aktyorun lap yanında faşist snaryadı partlayıb. Ağır yaralar alan Papanovun ayağını amputasiya etmək istəsələr də, gənc bir həkim iki barmağını kəsərək, “gəlin yaxşıya ümid edək” deyib. Yarım il xəstəxanada yatan Papanov evə müharibə əlili kimi qayıdır. Dövlət Teatr institutuna da əynində əsgər şineli, axsaya-axsaya gəlir. Zamanla axsamağından və əlil ağacından qurtulsa da, ömrünün sonunadək ağrılar ona müharibəni xatırladıb..

Yevgeni Vesnik

Vesnik müharibədə dəfələrlə yaralanıb. 1945-ci ildə lap Keniqsberq yaxınlığında Vesnik kontuziya alır. Müharibədən ona bir neçə çapıq və aıman kəndlərindən birindən götürdüyü Reks adlı cins it qalır. “O mənim ən yaxşı dostum idi”deyə Vesnik iti haqqında danışıb. Aktyor sonradan itə dükandan əzaq almağı öyrədibmiş. Sonralar iti yedirib saxlaya bilməyəcəyindən qorxan Vesnik onu Leninqradda buraxır.

Vladimir Etuş

Həmkarlarına olduğu kimi Etuşa da müharibənin əvvəlindən bron verilib. O, səhnəyə insanlara necə olsa güc, sevinc vermək olar fikri ilə çıxıb. Lakin bir dəfə səhnəyə çıxanda baxıb ki, zalda cəmi 13 adam var. Səhəri gün Etuş Hərbi Komitəyə gedib. Aktyorun alman dilini yaxşı bidiyini nəzərə alaraq onu kəşfiyyat rotasına götürüblər. 1943-cü ildə Etuş ciddi yaralar alır. Qospitaldan evə buraxılan Etuş doğma Şukşin məktəbinə əlil kimi gəlir.

Boris İvanov

İvanov da döyüşdən aldığı yarailə amputasiya olunmalı imiş. “Mən aktyoram. Əlsiz necə oynayaram?” deyə həkimlərə yalvaran, müqavimət göstərən aktyoru tibb işçiləri “Axmaq” deyərək özbaşına buraxır. İvanov evə sinəsində böyük çapıq, amma əlləri saqğlam vəziyyətdə, yeni rollara ümidlə qayıdır.

Aleksey Smirnov

“Opeatsiya I”, “Müharibəyə ancaq “qocalar” gedir” filmlərindən tanıdığımız Smirnov cəbhədəki uğurlarına görə Qırmızı ulduz və şöhrət ordenləri, “Cəsurluğuna görə” medalı qazanıb. Aktyor müharibədə bir neçə faşisti əsir götürə bilib. Qələbədən sonra Oder çayı yaxınlığında növbəti lokal döyüşdə ağır yara və kontuziya alan Smirnov evə qayıdan kimi müharibə boyunca məktublaşdığı sevgilisi ilə münasibətləri kəsir. Və ondan sonra heç bir qadınla münasibət qurmur.

Mixail Puqovkin

Obrazlarını gülüşlə xatırladığımız aktyor Mixail Puqovkin müharibədə kəşfiyyat bölməsində döyüşüb. Voroşilovqrad yaxınlığında ayağından yaralanıb. Amma müalicə aldığı hərbi qospitalda tibb personalı çatışmadığı üçün vəziyyəti ağırlaşıb. Ayağı qanqrena versə də kəsilməyib. Qospitala yaralıların əl ayaqlarını mümkün qədər qorumaq, kəsməmək haqda əmr gəlir. Bu əmr Puqovkinin ayağını xilas edir.

1943-cü ildə artıq aktyor çəkiliş meydançasında idi. “Toy” filmində Puqovkinin rəqs etdiyi səhnənin çəkilişi zamanı rejissor qəfil kameranı dayandırır. Bir anda hamı mənzərənin fərqinə varır: Rəqs edən Puqovkin ardınca qanlı iz buraxır – köhnə yara açılıb, Puqovkinsə buna əhəmiyyət vermirmiş.

Yuri Nikulin

Əfsanəvi Nikulin müharibəni xatırlamağı sevmirmiş. Lakin ömrü boyu yaxınlarının, dostlarının, polk yoldaşlarının ölümünü unutmadığını deyirmiş. Xüsusən yemək üçün bir süfrəyə oturduqları zaman snaryad partlayışının başını qopardığı gənc əsgər yoldaşını heç vaxt unuda bilməyib.

Leninqrad yaxınlığında Zenit batareyasında döyüşən Nikulin Leninqrad blokadasını öz gözləri ilə görüb. “Tramvaylar şəhərin içində donub qalmışdı. Nə su, nə kanalizasiya xətti işləmirdi. Küçədə meyitlər qalırdı və bu heç kimi təəccüblıəndirmirdi. Baxırdın, adam küçədə gedir və qəfil yıxılıb ölürdü...” - deyə o, mühasirədə olan şəhəri təsvir edib.

Leninqraddan Qırmızı Bora aparılan Nikulin orada güclü kontuziya alır. Qospitaldan onra Nikulini kəşfiyyat komandiri təyin edirlər. O döyüşçüləri ilə birgə Leninqradı mühasirədən çıxarmaqda iştirak edir. 1945-ci ilin 9 mayını isə, aktyor Pribaltikada qarşılayır.

Hüseynağa Sadıqov

“Babamızın babasının babası” filmindən qıvraq qoca kimi tanıdığımız aktyor Hüseynağa Sadıqov müharibədə iştirak edib. Döyüşlərdən macal tapan kimi əsgərləri toplayıb tamaşalar düzəldən Hüseynağa iki dəfə ağır yaralansa da Berlinə kimi gedir. Cəbhədən “Qırmızı ulduz” ordeni ilə qayıdır.

Süleyman Ələsgərov

“Bizim Cəbiş müəllim” filmində müharibə dövrünün ziyalısı obrazını yaradan Süleyman Ələsgərov özü də müharibədə iştirak edib. Arxa cəbhədə vətənə yararlı olmaq istəyən Cəbiş müəllimin müəllifi ön cəbhə təcrübəsi yaşayıbmış.

Ən gənc nəslin “Arxadan vurulan zərbə” filmində Qurd Cəbrayıl obrazı ilə tanıdığı kino və teatr aktyoru Yusif Vəliyev də Böyük Vətən müharibəsində iştirak edib. Cəbhəyə könüllü yollanan aktyoru daha sonra Şəkiyə, işlədiyi teatra geri çağırırlar. Həmçinin müharibə iştirakçısı olmuş Tofiq Kazımovun da adını çəkməliyik.

Və səhnədən cəbhəyə gedən indi heç bir rolunu sizə xatırlada bilməyəcəyimiz müharibədən qayıtmayan aktyorlar...Musa Hacızadə, Ağabala Dadaşov, Fərəc Süheyli, Hidayət Qasımov, Hüseyn Kazımov... Hətta iki eyni ad familiyada müxtəlif teatrlarda işləyən aktyorlar var ki, onlar eyni taleni də yaşayıblar. Müharibədən qayıtmayan hüseynbala zeynalovlar kimi. Onlardan biri Gənc Tamaşaçılar teatrının, o biri Akademik Milli Dram teatrının aparıcı rollarda oynayan aktyorları olub.

# 5087 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #