Lütfəli Abdullayevi “Sovetski”də öldürəcəkdilər... - XATİRƏ

Lütfəli Abdullayevi “Sovetski”də öldürəcəkdilər...  - <span style="color:red;">XATİRƏ
2 iyun 2016
# 13:05

Kulis.Az yazıçı Kamil Əfsəroğlunun “Sovet küçəsinin serenadası” yazısını təqdim edir.

Şəhərdə hər kəsin yaşadığı, sakini olduğu öz küçəsi var. Küçə də var, orda heç vaxt yaşamamısan, amma o, sənin də küçəndir. Və nədənsə hərdən adama elə gəlir ki, şəhər elə bu küçədən başlayır – heç vaxt yaşamadığın, sakini olmadığın küçəndən.

Bu günlərdə yolumu el arasında «Sovetski» kimi tanınan küçədən saldım. Küçədən deyəndə, indi o küçə yoxdur, köhnə tikililər, qır damlı yastı-yapalaq evlərin hamısı sökülüb.

Tezliklə burada göydələnlər ucaldılacaq, parklar, xiyabanlar salınacaq. Bu, küçənin gələcəyi, sabahkı simasıdır. Sabahı, gələcəyi olduğu kimi, onun dünəni, keçmişi də var, yalnız bu günü, indisi yoxdur. İndisiz, bugünsüz küçə... İstər-istəməz nisgil bürüyür adamı. «Sovetski» neçə-neçə insanların həyatına bir tale qisməti, tale ünvanı kimi yazılıb. İndi olmayan bu küçədə də bir vaxtlar şənliklər qurulub, toy çalınıb, gəlinlər köçüb. Nəsillər bir-birini əvəzləyib, dəyişməyən isə ab-havası, mənzərəsi olub. Öz ab-havası, öz ritmiylə yaşayıb bu küçə – heç bir küçəyə bənzəməyən ab-havası, ritmiylə. Şəhərin kiçik bir parçası olan bu məkan insanların qəlbində, xatirəsində yenə də köhnə adı, ünvanıyla yaşayır – «Sovetski».

Soyuq bir gizilti keçdi vücüdumdan – yarıuçuq divarda iri hərflərlə yazılmışdı: «Əlvida, Sovetski!». Deyəsən, divarı bu yazıya görə uçurmamışdılar, heç kəsin əli qalxmayıb, əlbət. Ürəyimdən bir istək keçir, deyirəm, kaş bu divarı elə beləcə saxlayaydılar, burada tikiləcək gözəl, yaraşıqlı binaların arasındaca keçmiş «Sovetski»nin nişanəsi kimi.

Mən bu küçədə heç vaxt yaşamamışam, tələbə diliylə desək, buranın kvartirantı da olmamışam. Amma yolum bu küçədən çox düşüb və həmişə içimdə bir hiss, duyğu baş qaldırıb, elə bilmişəm «Sovetski» mənim də küçəmdi. Və təsadüfi deyil ki, məhrəm hisslər, duyğular «Sovet küçəsinin serenadası» povestimdə öz təcəssümünü tapıb. Kitaba köçüb «Sovetski»: qır damlı yastı-yapalaq evləri, darısqal həyətləri, qırmızı tramvayları, müxtəlif xarakterli, fərqli sakinlərilə. Quşbaz Ağarəhim, Dama-dama Səftər, Şakalad Oqtay, Dəli Əbə, Şinyamayan Balağa, Fətəli, cibgir Çestni Jəmşid, qırbasan Lüt Kərim, daha kimlər, kimlər… Hər kəsin də, məhlə cayılları demiş, öz vesləri, öz muşğulatları, bir də öz tinləri vardı. Bu insanlar xətir-hörmət saxlayan, böyük-kiçik yerini bilən, məhlə qadınlarını ana-bacı gözündə görən, öz adət-ənənələrini qoruyan insanlar idi. Və bir də maraqlı olan buydu ki, «Sovetski» sovet «zakonlarıyla» yox, öz qayda-qanunlarıyla yaşayırdı. Bu küçənin öz qayda-qanunları, öz tələbləri, öz əxlaq normaları, hətta öz ləhcəsi vardı. Şəhər içində şəhər idi «Sovetski», necə deyərlər, alayı şəhər. Və bu alayı şəhərlə nəsə bir təəssüratı, xatirəsi olmayan paytaxt sakini tapmaq çətindir.

Maşından enirəm. Gözüm nəsə gəzir, axtarır. Yolayrıcında svetoforun rəngli işıqları sayrışır. Nədənsə mənə elə gəlir ki, işıqlar svetoforların gözyaşlarıdı – gilələnib üzüaşağı axdıqca rəngdən rəngə düşür. Bu rənglərin çalarında gözlərim qarşısındakı mənzərə hovur-hovur əriyib dəyişir. Qulaqlarıma inanmıram. Hə, tramvay səsidir, 11 nömrəli tramvayın səsi... Küçəni onurğa sütunu təki uzununa, dümdüzünə ikiyə bölən relslər üstündə zəng çala-çala şütüyür qırmızı tramvaylar. Adi həyatını, adi bir gününü yaşayır «Sovetski» - qırx altı il əvvəlki adi həyatını...

- Alə, kəttim! Məhlə uşağı! - arxadan gələn boğuq səsə çöndüm. İyirmi-iyirmi beş yaşlarında bir oğlan idi, tində dayanıb şaqqaşaq təsbeh çevirirdi. Zolaqlı parçadan tikilmiş iri kepkasını gözünün üstünə endirmişdi. Tramvay dayanacağında bir kimsə olmadığından, gün kimi aydın idi ki, kepkalı oğlanın dediyi "kəttim", "məhlə uşağı" mənəm. Ancaq hər ehtimala qarşı yenə soruşdum:

- Mənimləsən?

- Yox! Aleksandr Serqeyeviç Puşkinlə! Alə, «koneçno» səninləyəm. Başqa kim var bəyəm? Bəlkə var, mən görmürəm?

- Yox, mən də görmürəm, - dedim.

- Heç görə də bilməzsən!.. Qədeş, mən gəlib rayonda tininizdə diyanıb sənin günəşinin qənşərini kəsirəm? Yox! Alə, sən nöş gəlib kəsmisən mənim qənşərimi?

Bir şey anlamadığımdan lal-dinməz yerimdəcə qalmışdım, suluq udmuşdum elə bil. Bilmirdim aerodrom kepkalı oğlana nə cavab verim.

- Elə istidi, millət günəşdən gizlənir, sən isə... – özümə gəlib dilləndim.

- Günəşdən gizlənən yarasalardı! – Oğlan söz altda qalmadı.

Dedikləri öz sözü deyildi, məşhur bir əsərdən idi. Hər halda, onun hazırcavablığı mənə maraqlı gəldi. Maraqlı oğlana oxşayırdı. Sözümüz tutdu. Və söhbətdən özünü Bəybala kimi tanıdan bu oğlan sevdirdi mənə «Sovetski» deyilən küçəni. Gördüyüm mənzərə bir yana, Bəybalanın duzlu-maraqlı söhbətlərindən öyrəndim ki, bu küçə şəhərdə, yerli sakinlərin dililə desək, yedinkadı və bu yedinka küçənin insanları da yedinkadırlar. Dostum demiş, nöşün ki…

Təzə dostumun ləhcəsi fərqliydi, odur ki, dediyib-danışdıqlarını tamam-emal anlamırdım. Nöş, yedinka, alayı, qədeş… Anlamadığım sözlərin mənasını soruşurdum. Belə sözlər isə çox idi, bir deyildi, iki deyildi... Marağım, daha doğrusu, uc-uca düydüyüm suallar Bəybalanı təngə gətirmişdi, deyəsən. Dedi, qədeş, sən «Sovetski»də belənçik baş aça bilməzsən Özüvə lüğət dəftəri düzəltginən.

Əla təklif idi, dostumun ağlına heyran qaldım. Cibimdən qələm, kağız çıxartdım. Bəybala qələmi alıb zənn elədi.

- Kitayskidi, - dedi, - zolotoe pero. Qədeş, sap nöş sarımısan? Maraqlandı.

- Qırağı çatlayıb.

- Həri? Heyf! Malın qiyməti avtomatik düşdü, söhbəti yoxdu. – Qələmi qaytardı.

O dedi, mən yazıdım.

nöş - nöşün

nöşün – niyə

yedinka - yeganə

yaxçı – yaxşı

cayıl – oğlan

qədeş – qardaş…

Bəybalanın, özü demiş, şəhərşünaslıq dərsi bununla bitmir. Onun sözündən-söhbətindən çox şeylər öyrənirəm. Tramvaya minəndə pulu hansı cibdə saxlamalısan ki, çıxartmasınlar, qolunu necə tutmalısan ki, saatını aça bilməsinlər. Bir sözlə, küçə gözlənilməz hadisələrlə doludur.

- Qədeş, fikir verginən, - Bəybala dedi. - «Sovetski»nin bu başından baxırsan o bir başı görünür. Dümdüzünə uzanıb gedir özüçün. Özü dümdüzünədi, amma həyatı krivoydu, əyri-üyrüdü "Sovetski"nin, heç şeytan da baş çıxartmaz. Kinoda necə deyir? Bura Bombeydi, qədeş, Bombey! Burda yıxılana gülürlər...

- Bombey yox, Bakıdı bura, - oğlanın səhvini düzəltdim.

- Alə, Bakı da elə Bombeydi də, bircə Qanq çayı çatışmır. Zato bizim də dənizimiz var – Kaspiyskoe more... Suyu çirkab olsa da, min bərəkət. Allaha qurban olum, dəniz olmasaydı, millət neyniyərdi? Batardı, Aşqabat batan kimi, mən ölüm... Qədeş, həyatın hər üzünü görə-görə gəlmişik, uşaq deyilik...

Deyəsən, yavaş-yavaş bəzi şeyləri öyrənirdim və bu öyrəndiklərim hələlik dəryada bir damla olsa da, tələbə həyatının birinci günü üçün heç də pis deyildi. Min bərəkət. Bilməmək yox, öyrənməmək eyibdi. Ancaq bir məsələ vardı - mən bu öyrəndiklərimi auditoriyada eynəkli professorun dilindən yox, damı qır döşənmiş yastı-yapalaq evlərin sıralandığı, iki cüt tramvay relsinin uzunnama ikiyə böldüyü "Sovet" küçəsinin tinində təsbeh çevirən iyirmi beş-otuz yaşlı oğlanın dilindən eşidirdim. Nigaranlıq əl götürmürdü məndən, belə görürdüm ki, şəhər həyatı mənim gözlədiyimdən də qəlizdi.

- Hara gedəcəksən, qədeş? - oğlan maraqlandı.

Cavab verməyə tələsmədim, doğrusu, hara getdiyimi özüm də bilmirdim.

- Ayaqlarım hara, başım da ora... - dedim. Əslində, bu mənim sözlərim deyildi, kinodan yadımda qalmışdı.

Bəybala gülümsədi.

- Bu sözləri "Əhməd hardadı" filmindən çırpışdırmısan, deyəsən? – soruşdu. - Amma qiyamətli filmdi, düz on dörd kərə baxmışam. "Azərbaycan"da gedir, meylin çəksə, baxarsan. Lütfəli də şikarnı oynuyur eyy... Xalaya deyir: "Bağışlıyın, sizin Əlibaba adlı əriviz olub?" Yapışıb yaxasından çəkəsən tinə, soruşasan ki, qədeş, nə işivə qalıb, olub, ya olmuyub, özü bilər. Nöş ilişirsən arvada? Anam, bacım olsun, qadın xeylağına elənçik söz demək yaxçı döyül axı... Filmin o yerini bizim "Sovetski"də çəksəydilər, qan tökülərdi Ətağa. Baxmazdılar ey, bu Lütfəlidi, Zülümovdu... O kinoya həmişə yüz-iki yüz vurub, bir dənə də kazbek çəkib gedirdim . Bilirsən də nöşün siqaret yox, Kazbek çəkirdim?

- Yox.

- Hardan biləsən, poyuzdan indi düşmüsən. Birinci kurssan. Üçüncü-dgrdüncü kursda bilərsən. Həri, onu deyirdim – kinoya gedəndə gərək kayfın yerində olsun, belə necə lazımdı. Kino başlamamış məni gülmək tuturdu; gəl saxla Bəybalanı, görüm necə saxlıyırsan? "Filmin sonu" yazılanadək gülürdüm özümçün, necə lazımdı...

Söhbətin gözlənilmədən sənət üstünə gəlməyindən öyrəndim ki, Bəybala yalnız kino həvəskarı yox, həm də teatr azarlısıdı və özü demiş, ayda bir kərəm arvad-uşağı yığıb aparır operaya, “Leyli-Məcnuna” baxıb ağlaşırlar.

Təzə dostumun sənətə belə qiymət verməyindən ürəyim açılır. Düşünürəm ki, beləsilə dostluq etməyə dəyər, bizimki yaxşı tutar.

- Baletə necə? - Soruşdum.

Mənim bu sualım dostumu açmadı, deyəsən. Üzünü turşutdu.

- Qədeş sööbət dögül ki… Belənçik suallar verməginən «Sovetski»də. Alə, baletə arvad-uşaq apararlar, bəgəm? Eyibdü.

Mən də dil boğaza qoymadım.

- Səni deyirəm ee. Baxıram ki, sənətə maraqlısan. Balet də sənətin bir…

Bəybala sözümü kəsdi:

- Qədeş, baletə baxınca, gedərəm plyaja – Şıxova. Əsl balet plyajdı, mən ölüm - besplatnı balet. Baxginən özünçün nə qəndər istiyirsən…

Təzə dostumun duzlu-maraqlı söhbətlərinə heyran olmuşdum. Əslində, mən onun söylədiklərini maraqlı mühazirə kimi qəbul edirdim. Belə söhbəti çətin ki, universitetdə eləsinlər.

Bəybalanın dediyindən belə çıxırdı ki, iyirmi beş yaşındadır və həyatının çoxu bu tində keçib. Gündə neçə tramvay yola salır. Dediyinə görə, possajirlər onu tanıyırlar.

- Pəncərədən əl yelliyirlər qədeşinə, - dostum özünü dartdı. -Soruşurlar, Bəybala, işlər necədi? Deyirəm necə lazımdı - fısqırıq. Arada ki, iki-üç ay işsiz qaldım, kefim qaydasında olmurdu. Yüz faiz dilxorçuluq idi. Ona görə də biri qəyidib soruşanda, Bəybala, necəsən? Deyirdim, necə olacam, qədeş, ərəbədən düşmüş qarpız kimi. Əvvəllər bu tində məninən bir məhlə cayılı da dururdu - Dama-dama Səftər deyirdilər adına. Yamanca xoşu gəlirdi kletkalı parçadan. Şalvarını, köynəyini, hətta papağını da elənçik parçadan tikdirirdi. Baxırdın, elə bil şahmat taxtasıdı. Yazıq keçən il rəhmətə getdi. Sən deyən, elə yaşı da yox idi. İkimizin tiniydi bura. Rəhmətlik yaxçı da quşbaz idi, quş dilini bilirdi. Neçə kərəm «Baksirk»dən onu işə çağırmışdılar, getməmişdi. İşləyə bilməzdi elənçik yerdə, quşlar kimi sərbəst, azad olmaq istiyirdi ki, hara gəldi uçsun. Bircə qanadları yox idi, qalxsın göyün yeddinci qatına... Başıvı ağrıtmıram, qədeş? - Söhbətin şirin yerində Bəybala yenə haşiyə çıxdı.

- Yox, yox! - Tez cavab verdim.

- Həə! Yaxçı quşlar bəsləyirdi, göyərçinləri şəhərdə məşhur idi. Ətlik quş da saxlayırdı. Əli aşağı olanda on-on beşini kəsib təmizləyir, bildirçin adıynan oformut eləyirdi restoranlara. Əsas poçtovıy, bir də pavlin sortuydu onunkular. Öyrətmişdi, Çəmbərəkənddən, Bayıldan quşlar çəkib gətirirdi göyərçinləri. Sahibi gəlib çıxırdı, çox minnət-sünnətdən sonra Səftər pul alıb qaytarırdı. Belənçik başını dolandırırdı. Bir kərəm quşları həyətə yad bir göyərçin endirdi. Qədeş, sənə göyərçin deyirəm ağzımda, gözəlliyindən, duruşundan-baxışından az qalırdı adamın ağlı başınnan çıxsın. Quşda nə qədər naz-qəmzə olarmış? Pavlin sortuydu, ağappaq rəngdəydi, döşündə qəhvəyi xalı vardı. Ayağında da qızıl üzük.

- Quşun ayağında qızıl üzük? - Mən heyrətləndim.

- Nöş təəccüblənirsən, qədeş? Alə, nə qızıl üzük, brilyant boyunbağı asırlar boğazınnan, eləsi hər quşun tayı döyül eyy. Bəyəm, sizin kəndin cayılları quş uçurtmullar?

- Bilmirəm, zər-zibalı, daş-qaşlı göyərçin görməmişəm, sənnən eşidirəm.

- Şəhərdə moddu. Alayı aləmdi quşbazlıq, xəstəlikdi - tuberkulyoz kimi - tutdun, sağaldı yoxdu, heç nə kömək eləmir, nə iynəsi var, nə dərmanı… On-on beş dənə də mən saxlıyıram. Bu işə ki, mehr saldın, qurtardı getdi, oldu sənin ömürlük peşən. Sənətdi quşbazlıq.

- Bəybala, onların əmək kitabçalarında işlərinin, peşələrinin adı elə "quşbaz" yazılır?

- Qədeş, yadında qalsın, Şura hökuməti sonu "baz"nan qurtaran peşə sahiblərinin adına əmək kitabçası açmaz, açsa da, iş açar – cinayət işi. Var belənçik peşələr, məsələn, "arvadbaz", "kələkbaz", "qumarbaz"...

Bəybala mənim maraqla qulaq asdığımı görüb, bayaqkı söhbətini xatırlamağa çalışdı:

- Huş-baş qalıb ki... Həə, harda qaldım? - soruşdu.

- Deyirdin bir göyərçin uçub gəldi, ayağında da qızıl üzük.

- Həri... Qədeş, alayı həngaməydi. Yerişinə, duruşuna baxanda adamın ağlı başından çıxırdı, şəhərdə yedinkaydı. Dama-dama Səftər dedi, alə, səsivizi çıxartmayın, mal alayı maldı, bunu elənçik qaytardı yoxdu, annam canı. Yarım saat keçməmişdi, gördük kofe s molokom rəngdə bir "Pobeda" dayandı doqqazın ağzında, iki cayıl düşdü. Dedilər, sizin quşlarınız bizim göyərçini endiriblər, dallarınca düşüb gəlmişik. Səftər istədi ağzını açsın, ona aman vermədilər, oğlanlardan biri "Pobeda"nın açarlarını atdı stolun üstünə. Dedi, qədeş, bazarda döyülük ki, alver eləyək, götür maşının açarlarını, qaytarginən quşumuzu... Baxdım ki, maşın nə maşın, təptəzə "Pobeda"dı, amma təkərləri yalağdı. Məhlə cayılları yığıldı, yaxçı kataskə elədik özümüzçün. Axşam üstüydü, gördük milislər töküldü həyətə. Dama-dama Səftəri "Pobeda"ya basıb apardılar qorotdelə. Səhərisi Səftəri buraxdılar payi-piyada. Sən deməginən, maşın oğurluqmuş... Həə, hərdən belənçik şeylər də olur "Sovetski"də...

Mən eşitdiklərimin sehrinə düşmüşdüm. Kepkalı oğlanın sözünü kəsməyim deyə, ağzımı açmır, kirimişcə qulaq asırdım. Onun danışdıqları mənə o qədər maraqlıydı ki, indi tramvayın gəlməyini belə istəmirdim. Gəlsə də, minməzdim, hara tələsirdim ki?

- Qədeş, biletin var? - Bəybalanın səsinə nəzərlərimi bayaqdan baxdığım səmtdən ayırdım.

- Tramvay bileti? - Suala sualla cavab verdim.

- Alə, mən konduktor-zadam bəyəm? – Bəybala narazı halda başını buladı. - Tələbə biletini soruşuram.

Mən yanlışımı anlayıb, əlimi köynəyimin döş cibinə saldım, göyüzlü tələbə biletini çıxarıb Bəybalaya uzatdım. O, bileti ora-bura çevirib, oxumadan mənə qaytardı.

- Rəngi zaydı, - dedi,- qırmızı, ya da bordovı olsaydı, qiyamət olardı. Bazarda alverçilərə "xox" gələrdin, elə bilərdilər uçastkovısan.

O, alnında puçurlanmış tər damcılarını əlinin arxası ilə sildi, köynəyinin yaxasındakı düyməni açdı, elə bil havası çatmırdı.

- Günəş də od əliyir, semiçka qovurur elə bil, - mızıldandı, - gedim, kor Ələsgərin yanında radiatoruma bir-iki krucka pivə boşaldım, yoxsa, bu nədi, alə, nəfəs almaq olmur!.. - Nəsə fikirləşib əlavə etdi: - Qədeş, bəlkəm gedəsən məninən, uzaq döyül, iki tin o yandadı. Mən pivə içərəm, sən də marojna yeyərsən. Rayon uşaqları ölür marojna üçün, poyuzdan düşən kimi, boğazları angina olanacan tıxırlar plombirdən...

Bəybalanın bu sözü mənə toxundu, tutuldum. O, özü də bunu hiss eləmişdi.

- Qədeş, xətrüvə dəydi sözüm? - soruşdu. - Sən özüvə götürməginin, elə-belə, sözgəlişi dedim. Bir də, sən uşaq döyülsən ki, maşallah... Neçə yaşın var?

- On yeddi, - dedim.

- Alə, vsyo də, evivəcən səni, marojna yemək zakonnan 16 yaşa qədərdi, tem bolee pasportun da var... Çətini metrikaynan üzlüşməkdi, yoxsa adama maloletka kimi baxırlar, nə içki içə bilirsən, nə siqaret çəkirsən. Bunlar bir yana dursun, meylin istəyən qıza eşqnamə də oxuya bilmirsən. Elə ki, pasportu alıb qoydun cibişdana, qorxusu yoxdu, svetoforun işıqlarının üçü də yaşıl yanacaq səninçün. Milislər ilişəndə pasportu çıxarıb pryamoyuna dürtürsən gözlərinə, deyirsən alə, get qarnıvı qaşı, ya qarjdanin Sovetskoqo Soyuza! Tak çto, sənin dondurma yeyən vaxtın çoxdan keçib.

Qəribədi, heç ağlıma da gəlməzdi ki, dondurma yeməyin də qayda-qanunu, yaş həddi varmış. Tezdən hamamda camadar Qəribağa və müharibə veteranı İvan Petroviç Semyonovla içdiyim tut arağının dəmi çəkilsə də, yanğısı hələ qalmışdı. Bəybalanın iştahoyadan söz-söhbətindən sonra bu yanğı daha da artdı elə bil, közə-alova çevrildi.

- Sərin olsa, elə mən də pivə içərəm, - təpərə gəldim.

- Alə, buz kimi, Ətağa. Aysberq! - Bəybala sevincək dilləndi. - Molodes, xoşum gəldi sənnən, belə cayılı söhbətlər eliyirsən eyy. Sənin marojna yeyən vaxtın döyül axı. Marojnanı uşaq-muşaq yeyər...

...Svetoforun işıqları sayrışır, göz yaşıtək üzüaşağı axıb rəngdən rəngə düşür. Bu rənglərin çalarında bir andaca şirin xəyaldan ayrılıb qayıdıram bu günə. Mənə elə gəlir qırx altı illik uzun bir yol gəlib yorulmuşam. Fikirli olmağım, deyəsən, yoldan ötənlərin diqqətini çəkmişdi. Biri isə marağını boğmayıb soruşdu:

- Qədeş, fikrə getmişdin. Bağışlaginən. Əlbət, nə vaxtsa bu küçədə kvartirant qalmısan?

Cavb gözləmədən əlavə elədi:

- Mənimsə ömrüm burda keçib, burdakı dalanlarda, tinlərdə. Yadında olar, beş-on addım o yanda hamam vardı, «Sovetski» hamamı deyirdilər. Bizim həyətimiz də hamamdan o üzdəydi. Şəhərdi tikilməlidi, qurulmalıdı. Dövran dəyişib, alayıdır. Proyektini görmüşəm, buralar cənnət olacaq deyirlər. Olsun, kim istəməz. Buraları sökəndə yaxçı ev verdilər bizə, rahat, gen-bol. Amma, qədeş, açığını deyim, «Sovetski»siz dura bilmirəm, Allahın var günü burdayam. Çoxları gəlir, yığışıb söhbət eləyirik, ötənləri xatırlayırıq. Nisgil var e, o adamı heç vaxt tərk eləmir.

Maşını yerindən tərpədirəm, ehmal-ehmal. Burdan belə tez ayrılmaq istəmirəm. Uçuq divardakı yazıdan gözlərimi çəkmirəm: «Əlvida Sovetski!»

İrəlidə, yolayrıcındakı svetoforda yaşıl işıq yanırdı…

# 4048 dəfə oxunub

Müəllifin son yazıları

# # #