Əbu Bəkrin evi necə Hilton oldu? - ARAŞDIRMA

Əbu Bəkrin evi necə Hilton oldu? - <span style="color:red;">ARAŞDIRMA
28 iyul 2016
# 16:08

İslam dünyasının iki müqəddəs şəhəri Məkkə və Mədinə üçün xeyli söz deyilib, ancaq son vaxtlar bu cür şərhlər verilir: “Məkkə-Mədinə Las Vegas kimi olur”, “Məkkə Disneyləndləşir”, “Paris Hilton Məkkədə butik açmağı düşünür…” Bu iki şəhərin simasını dəyişdirən böyük proyektlər gələcək adına olduqca təhlükəlidir.

Dünyanın ən böyük əmlak bazarının olduğu yerlərin başında Monako gəlir. Qumarxanaları ilə məşhur kiçik krallıqda qiymətləri bir kvadrat metr üçün 43 min dollara qədər gedib çıxır. Ancaq son vaxtlarda müsəlmanların qibləsi Kəbənin yerləşdiyi Məkkə şəhərində kvadrat metri 200 min dollara qədər çıxan əmlak məbləğləri Monakoya rəhmət oxutdurar. Son peyğəmbər və səhabələrinin izlərinə, İslamın yaradılışı və inkişafına şahidlik etmiş Məkkədə nəhəng obyektlərin tikilişi son illərin ən öndəgedən şəhərləri sayılan Dubayı və Abu Dabini geridə qoyur.

Həzrəti Xədicənin evi tualet oldu

İslam dünyasının qəlbi Kəbənin 600 metr yaxınında yüksələn və 30 kilometr məsafədən görülə bilən, Londondakı Big Beni belə kölgədə qoyan dünyanın ən böyük saat qülləsi Abraj əl-Beyti və Kəbənin ətrafını çevrələyən lüks otellər və alış-veriş mərkəzlərindən qurulmuş dəbdəbəli proyektləri artıq eşitməyən qalmayıb. 2011-ci ildə sona çatan və 15 milyard dollara başa gələn bu proyektin hansı ehtiyacdan doğduğu müzakirə olunsa da, elə müzakirə olaraq qaldı. Kəbəyə təpədən baxan və bütünlüklə onu xəritədə kiçik bir nöqtə kimi göstərən nəhəng kompleks 1781-ci ildə Osmanlılar tərəfindən Məkkəni qorumaq üçün inşa edilən Ecyad qalasının yerində tikilib. Ecyad qalasının 2002-ci ildə Səudiyyə camaatı tərəfindən sökülməsi bütün dünyada təəssüflə qarşılanıb. Ancaq bu tarixi və mədəni mirasın sökülməsinə qarşı səslənən etirazlara Səudiyyə Xarici İşlər Naziri “Dövlətin qərarına kimsə qarışa bilməz” cavabı verib.

Məkkə torpaqları üzərində milyonlarla zəvvarı qonaq etmək üçün ard-arda proyektlər hazırlanır. İslamın ilk günlərindən bu günə qədər ayaqda qalmağı bacarmış simvolik və mədəni dəyər hesab olunan bir çox tikili də artıq yer qalması üçün sökülür.

Məsələn, Həzrəti Məhəmmədin xanımı Xədicənin evi ümumi tualetlərə yer açmaq üçün rahatlıqla fəda edilib. Peyğəmbərin böyük dostu və xəlifələrinin birincisi Həzrəti Əbubəkrin evinin yerində isə Hilton Oteli tikilir. Eyni zamanda peyğəmbərin nəvələrinin evlərinin əvəzinə krala aid saraylardan biri yer alır. Bunlar sadəcə mədəni miras olmaqla yanaşı dini baxımdan da önəmli, simvolik dəyəri olan, ancaq gəlir uğuruna fəda edilən saysız tikilidən yalnız bir neçəsidir.

Bu söküntüyə cılız etirazlar yalnız kənardan deyil, Səudiyyə Ərəbistanın içindən də gəlir. Məsələn, 30 ildir bu şəkildə yox edilən tarixi və dini yerlərə şahid olmuş Ciddə Həcc Araşdırma Mərkəzi belə düşünür: “Mübarək şəhər mədəni varlığı, mədəniyyəti, kimliyi və öz siması olmayan bir makinaya çevrilib”.

Səudiyyə rejiminin sələfiliyi əldə rəhbər tutaraq reallaşdırdığı bu nəhəng proyektə heç dağlar da duruş gətirə bilmir və hər şey bir-bir ortadan yoxa çıxır.

Məkkədə bir başqa milyardlıq proyekt də Cəbəl-i Ömər təsislərini hədəfə alıb. 100 min adamı qonaq etmək üçün hazırlanan bu böyük proyekt 26 lüks otel, dörd min mağaza və 500 restorandan ibarətdir. Bundan başqa daha bir proyekt Əl-Şamiyədə reallaşdırılır. 10 milyard dollara başa gələn və tamamlanması an məsələsi olan bu proyekt 400 min metrlik bir məscid əlavəsidir. Beləliklə, Kəbənin ətrafını çevrələyən Məscidi-Harama bir milyon 200 min adam üçün ibadət sahəsi təmin edilmiş olacaq. Məscidi-Haramın şimal bölgəsində əlavə olaraq tikilən bu ibadət sahəsi yalnız 10 milyard dollardan ibarət deyil. Çünki bu bölgə şəhərin ən tarixi hissəsində yer alır və əlavə kompleksin tikilməsi bu bölgədəki tarixi və simvolik nə varsa hamısının yıxılması anlamına gəlir.

Sələfilik mədəni dəyər tanımır

Məkkənin şərq təpələri üzərində inşası davam edən bir başqa proyektin böyük ehtimalla Həzrəti. Məhəmmədin doğulduğu səmti yox edəcəyi təxmin edilir. Bu təxmini irəli sürən isə Londonda İslami mədəni sərvətləri qorumaq üçün qurulan İslam Mirası Araşdırma rəhbəri İrfan Əl-Alevidir. Əl Aleviyə görə, bu nəhəng proyektlər uğuruna dini, simvolik yerlərin tar-mar edilməsi təsadüfi deyil, əksinə Səudiyyə Ərəbistan rejimi tərəfindən rəsmən mənimsənilən sələfilik anlayışından doğur. Bu anlayışa görə, simvolik və tarixi varlıqların müqəddəsləşdirilməsi, tabuya çevrilməsinin qarşısı alınır. Ancaq işin ironik bir tərəfi var: Səudiyyə Ərəbistan rəhbərliyi İslamın tarixi və dini yerlərini məhv edərkən, bir yandan da öz xanədanlarının beşiyi sayılan Dariyanın UNESCO-nun dünya mirası siyahısına alınması üçün böyük səy göstərir.

Məkkədə davam edən və tarixi, simvolik yerlərin məhv olunmasına təəssüflə baxanlara görə Məkkəni “Disneylənd” halına gətirən bu proyekt bir başqa prizmadan İslam tarixinin muzeyi olan Məkkənin yox edilməsi anlamına gəlir.

Məkkənin tam ticarət və lüks şəhər halına gətirildiyi vaxt tarixi, dini yerlərin sökülməsinin qarşısını almaq çox çətindir. Çünki artan tələblərlə bərabər şəhərin gələcək illərdə zəvvar sayının getdikcə artacağı görünür.

Mədinə də hədəfdə

Tarixi, simvolik, dini yerlərin hədəfi yalnız Məkkə deyil, işin içində Mədinə də var. Məkkədəki modern proyektlərin eynisi Mədinədə də reallaşdırılır. Məsələn, Məhəmməd peyğəmbərin vəfatından sonra müsəlmanların toplandığı və ilk xəlifəni seçdikləri Beni Saide kölgəliyi artıq yoxdur. Uhud döyüşünə səhnə olan Uhud Dağı yox olacağı günü gözləyir. Xəndək döyüşü sırasında peyğəmbərin dua etdiyi yerlərdə qurulan yeddi məscidin sökülməsi reallaşdırılacaq proyektin hədəfindədir. Üçüncü xəlifə Osmanın Mədinə camaatına su gətirmək üçün aldığı quyuların məhv edilməsinə də sayılı günlər yaşayır. Qısacası, İslam tarixinə aid sərvətlərin hamısı hədəf altındadır.

Mədinəni təhdid edən proyektlərdən biri isə Məscidi-Nəbəvinin genişləndirilməsi proyektidir. Təməli keçən il kral tərəfindən atılan proyekt yekunlaşdıqdan sonra Mədinənin hər hansı bir Qərb şəhərindən fərqi olmayacağı müzakirə mövzusuna çevrilib. Çoxlarına görə bütün bu çalışmalar “Məkkə və Mədinəni İslam kimliyi və tarixindən çıxarır”. İslam dünyasının iki müqəddəs şəhərinin qarşı-qarşıya qaldığı təhlükəyə aid bir çox münasibət irəli sürülüb. Ancaq bəlkə də bu təhlükənin xarakteri bu xəbərdə açılır: “Paris Hilton alış-veriş mərkəzlərindən birində öz dükanını açmaq istəyir”.

Mənbə: aktuel.com

# 2605 dəfə oxunub

Müəllifin son yazıları

# # #