"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?
5 dekabr 2024
# 12:00

Bu gün dahi Azərbaycan şairi Hüseyn Cavidin anım günüdür.
Kulis.az bu münasibətlə Rasim Əliyevin "Xatirələr" kitabından Hüseyn Cavidin məqbərəsinin tikiliş prosesi ilə bağlı hissəni ixtisarla təqdim edir.

…1996-cı ilin əvvəli idi. Bir gün səhər üçün məni Prezident aparatına dəvət etmişdilər. Böyük Azərbaycan şairi Hüseyn Cavidin Naxçıvanda ucaldılması nəzərdə tutulan Məqbərəsi müzakirə ediləcəkdi.

Vaxtından əvvəl gəlmişdim deyə Hüseyn Cavid Məqbərəsinin müxtəlib memar və heykəltəraş qrupları tərəfindən hazırlanmış layihələrinin təqdim olunduğu zala ötürdülər məni. Hələ heç kim yox idi. Hər bir işə diqqətlə baxandan sonra oturub gözləməyə başladım. Saat 10-a yaxın dəvətli qonaqlar, layihə müəllifləri görünməyə-gəlməyə başladılar. Bir qədər sonra isə Azərbaycan xalqının bütün dövrlər üçün böyük oğlu olan Heydər Əlirza oğlu Əliyev zala daxil oldu.

Deməliyəm ki, “Cavid mövzusu” mənim üçün doğma idi, çünki illər əvvəl heykəltəraş, Xalq rəssamı və akademik Ömər Eldarov, eləcə də əməkdar incəsənət xadimi, memar Yusif Qədimovla birlikdə biz Hüseyn Cavidin Bakıda ucaldılan heykəl və park kompleksini bərabər işləmişdik. Bilirsiz ki, Heydər Əliyev hələ Sovet İttifaqının mövcud olduğu o dövrlərdə Hüseyn Cavidin nəşinin Sibirdən Bakıya, Naxıçıvana gətirilməsinə və orda da yenidən doğma torpağa tapşırılmasına nail olmuşdu.

Ancaq Heydər Əliyevin indiki düşüncəsi belə idi ki, Naxçıvanda, Hüseyn Cavidin doğma yurdunda şairə Məqbərə ucaldılmalı, ev-muzeyi tikilməli idi. Bəs, o Məqbərə necə olmalı idi? Bu həmin gün o zala toplaşan insanların qarşısındakı əsas sual idi.

Heydər Əliyev öz məiyyəti- onu müşayiət edən köməkçiləri, digər dövlət xadimləri ilə birgə bütün layihələrə bir-bir diqqətlə baxdı və mən hiss elədim ki, nəsə onun ürəyincə olmadı, ola bilsin layihələr lazımi səviyyədə deyildi və ona görə də razı qalmamışdı. Heydər Əliyev əlavə bir söz söyləmədən yalnız bunu qeyd elədi ki, fikirləşərik, fikirimizi sizə bildirərik. Dedi və öz kabinetinə getdi.

Adamlar dağlışandan, zalda tək qalandan sonra mən dərhal Prezidentin qəbul otağına getdim. Köməkçiyə dedim ki, əgər Prezident Heydər Əliyev bu layihəni mənə həvalə edərsə, mən onu dinləyib, düşüncələrini öyrənib bu layihə üzərində işləməyə hazıram. Köməkçi bunu dövlət başçısına məruzə edəndən bir müddət sonra məni Heydər Əliyevin otağına dəvət elədilər. Çox məşğul olsa da nəzərlərini qaldırıb qayğılı baxışlarla üzümə baxdı və mənə ona yaxın oturmaq üçün yer göstərdi. - Gördün də layihələri- dedi. - Gördüm, bəli,- deyə cavab verdim. – Mən onların arasında tikintiyə yararlı bir şey görmədim, - dedi və qısa ara verib əlavə elədi:- Əgər bacararsansa bu layihə ilə sən məşğul ol, amma unutma ki, vaxt yoxdur, sənə üç gün vaxt verirəm...

“Üç gün azdı, çatdırmaram “ - etiraz eləmək istəsəm də Heydər Əliyevin xasiyyətini, mənə işləmək üçün, yəqin, imkan verəcəyini bildiyimdən eləcə “yaxşı” dedim. Və sağollaşıb getdim.

O vaxtlar heç yerdə işləmirdim, emalatxanam və hər hansı bürom yox idi. İşləmək üçün tələb olunan bütün vəsait və materialları- fasad cizigiləri üçün böyük planşetləri, rəngləri, sulu boyaları, çin tuşunu, qələm-karandaş və rəsmxətt dəstlərini, bir sözlə hər şeyi topladım. O saat dostum Ömər Eldarova zəng elədim. Dedim ki, mənə belə bir tapşırıq verilib, artıq işə başlayıram. Söylədim ki, şairin Bakıdakı heykəltəraşlıq kompozisiyasının müəllifisən və şükür Allaha, mövzu sənin üçün yeni deyil. Odur ki, Məqbərənin içində Hüseyn Cavidin büstünün olmasını nəzərdə tutmuşam və onu da sənin düzəltməni xahiş edirəm. Ömər Eldarov da o saat razılıq verdi.

Mən elə o gündən işləməyə başladım, hərçənd üç günə olmasa da bir həftəyə yaxın bir müddət ərzində ilkin variantı bitirdim. Həmin variantı Ömər Eldarova göstərdim. O işə baxan kimi o saat dedi ki, bu məqbərə Hüseyn Cavid üçün bir qədər böyükdür. Hərçənd, Məqbərənin ölçüləri o qədər də böyük deyildi, amma konfiqurasiya, kompozisiya belə bir duyğu yaradırdı.

Əlbəttə, Hüseyn Cavid böyük şairdi, amma o Nizami, Fizuli deyildi, görünür, bir qədər tarixilik, bir qədər də ədəbi iyerarxiyanı gözləmək, Hüseyn Cavidin yaradıcılığına müvafiq obrazını bir daha yenidən diqqətlə sərf-nəzər etmək, düşünmək gərəkdi. Beləcə ikinci variant üzərində düşünməyə, işləməyə başladım.Bu variant daha az vaxta ərsəyə gəldi və mən onu yenə əziz dostum Ömər Eldarova göstərdim.

Baxan kimi dedi ki, hə, bu artıq başqa işdir. Bu artıq Naxçıvan memarlıq məktəbidir. Onda mən Prezident Aparatına zəng elədim, dedim ki, layihə hazırdır və onu təqdim edə bilərəm. Bir müddətdən sonra mənə zəng elədilər və dedilər ki, layihəni Heydər Əliyevin qəbul otağına gətirim. Mən elə də elədim və sabahı gün səhər köməkçilər və bəzi dövlət xadimlərinin də iştirakı ilə layihəyə baxış keçirildi.

Layihə o saat bəyənildi, amma özümün də qəbul etdiyim bəzi kiçik qeydlər və tövsiyyələr də oldu ki, mən onları müəyyən korrektələrlə yerinə yetirdim.Heydər Əliyev çox tələsdiyindən və vaxt darlığı üzündən tikintiylə bağlı o saat göstəriş verdi. Təsəvvür edirsiz, bu texniki layihə idi, hətta işçi cizgilər belə yoxdu, amma Heydər Əliyev Naxçıvan Muxtar Respublikası rəhbərliyinə tikintiyə başlamaq barədə göstəriş verdi. Bir neçə gündən sonra biz Naxçıvandaydıq, artıq tikinti şirkəti müəyyənləşmiş və prosesə cəlb olunmuşdu. Layihə gerçəkləşməyə başlamışdı artıq.

Məqbərə üçün bir vaxtlar Hüseyn Cavidin yaşadığı və muzeyə çevrilmiş birmərtəbəli evin qarşısındakı yer müəyyənləşmişdi. Ordakı bütün əski tikililər söküldü, ərazi təmizləndi və bizim layihəyə əsasən həmin yerdə, mərkəzində Araza, cənuba istiqamət götürmüş Məqbərinin ucalacağı kiçik park salındı.

Məqbərənin memarlığı Əcəmi Naxçıvani, Naxçıvan memarlıq məktəbi ənənələri və bu ənənlərin müasir transkripsiyası əsasında qurulumuşdu.
Ulduzşəkilli şəbəkə ornamentlərinin işığı stilobat üzərindəki sərdabəni içəridən büsbütün işıqlandırır... Ağ mərmər bir Məqbərə... Pillələrlə stilobatın üst meydançasına çıxb Məqbərəyə, içəri daxil olanda aşağıda şüşə qapaq altında ən aşağı mərtəbədə yerləşən məzar, məzarüstü daş, sinə daşı görünür.
Şüşə qapağın oxu ilə isə taxça yerləşir ki, həmin taxçada da Hüseyn Cavidin Ömər Eldarovun müəllifi olduğu ağ mərmər büstü var.

Deyim ki, olduqca böyük ustalıqla hazırlanmış büstdür və memarlıq formaları ilə üzvü yaradıcı vəhdət təşkil edir.

Tikinti bir neçə ay çəkdi və təyin olunmuş vaxtda biz tikintini bitirdik. Bütün bu müddət ərzində biz Ömər Eldarovla Naxçıcanda qalırdıq. Və məncə, əgər səhv etmirəmsə 1996-cı il oktyabr ayının 29-da Hüseyn Cavid Məqbərəsinin təntənəli açılışı oldu. Mərasimə Azərbaycanın ictimaiyyətin tanınmış nümayəndələri, əksər görkəmli incəsənət və mədəniyyət xadimləri, siyasi rəhbərlik, həmçinin İran və Türkiyədən qonaqlar da dəvət olunmuşdu.

Hüseyn Cavid Məqbərəsinin qarşısındakı meydançada böyük bir mitinq təşkil olunmuşdu. Öz böyük olmayan ölçülərinə rəğmən Məqbərə möhtəşəm, nəhəng görünür, günəş ağ mərmərin üzərində bərq vurur,şüalar üç fasad üzərindəki rəngli və milli ulduz şəbəkə naxışlarının arasından süzülərək Məqbərəyə daxil olur, mərkəzi, büstü, bütün kompozisiyanı içəridən Azərbaycan bayrağının rəngləri ilə bəzəyirdi.Bu məkanın sirri-sehri, təəssüratı əlbəttə bir başqa idi.

Mitinqdə Heydər Əliyev öz tarixi nitqini elədi, görkəmli Azərbaycan şairi və mütəfəkkiri Hüseyn Cavidin nəşinin Sibirdən Azərbaycana gətiriləməsi, şairin öz doğma yurdunda dəfn edilməsi ilə bağlı öz düşüncələrini, bu məsələnin həqiqi tarixçəsini danışdı.

Və bu hadisənin Azərbaycan xalqı, Azərbaycan tarixi üçün nə qədər vacib olduğunu, xalqın Cavid kimi övladlarını həmişə xatırlamağa borclu olduğunu söylədi..

_______

Qeyd edək ki, Memar Rasim Əliyev 23 illik bir müddətdə paytaxt Bakının memarlığına rəhbərlik edib. Onun şəhərsalan kimi fəaliyyəti dövründə Bakı şəhərinin ötən əsrdəki sonuncu Baş planı, İçərişəhərin Regenerasiya planı hazırlanıb, Bakıda 8-ci və 9-cu mikrorayonlar, Əhmədli qəsəbəsi, Kiyev, Yeni Günəşli yaşayış massivləri salınıb, Bakı və Abşeronda, habelə respublikanın bir çox rayonlarında böyük memarlıq-tikinti layihələri həyata keçirilib.

Rasim Əliyevin layihələri əsasında xarici dövlət və hökumət rəhbərlərinin qəbulu üçün “Ulduz” sarayı, Televiziya və Radio Verilişləri qülləsi, Moskvada Azərbaycan nümayəndəliyinin binası , Heydər Əliyev Bakı Beynəlxalq Hava Limanı və Naxçıvan Hava Limanı, Hüseyn Cavidin Naxçıvandakı məqbərəsi və Bakıdakı Hüseyn Cavid Parkı, Azərbaycan Respublikasının Ankaradakı səfriliyinin binası, Heydər Əliyevin məzarüstü abidə kompleksi, Rixard Zorge və Koroğlu parkları, Qubada, Sabirabadda, İsmayıllıda və Xırdalanda mədəniyyət evləri, meydan və parklar, “Həzi Aslanov” və “Xalqlar Dostluğu” metrostansiyaları, onlarla inzibati, ictimai və fərdi yaşayış binaları tikilib, inşa edilib.

# 2685 dəfə oxunub

Müəllifin son yazıları

# # #